Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1302/2025 17.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4500 (dörd min beş yüz) manat pulun və ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 02 dekabr 2024-cü il tarixdə mərhum atası X4 qəbir daşı sifariş vermək üçün bu işlə məşğul olan Cavabdeh müraciət etdim. Cavabdeh tərəfindən qəbir daşının düzəldilməsi üçün 3000 (üç min) manat qiymətə razılaşdıq. O 3000 (üç min) manat pulu sifariş veriləndən sonra müxtəlif vaxtlarda cavabdehin təqdim etdiyi kart hesablarına atırdı. Lakin Cavabdeh öz öhdəliyini yetirməyərək onun sifariş verdiyi qəbir daşını düzəltmədi. Əlavə olaraq bildirmişdir ki, mərhum anasının qəbir baş daşına şəkil vurulması üçün baş daşının sökülərək yenidən bərpa olunub yerinə qoyulması üçün işin sonunda 250 (iki yüz əlli) manat qiymətə razılaşmışlar. Cavabdeh yenə də öhdəliyini yerinə yetirmədi, hətta mərhum anasının qəbir baş daşını satıb özü üçün qazanc əldə etmişdir. Cavabdeh ödədiyi 3000 (üç min) manat pulu və mərhum anasının qəbir baş daşının onun tərəfindən sökülməsi nəticəsində onun baş daşının yenidən alınması və üstünə qoyulması üçün çəkdiyi xərc olan 1500 (min beş yüz) manat pul olmaqla, cəmi 4500 (dörd min beş yüz) manat pulun ödənilməsi üçün dəfələrlə cavabdehə müraciət etsə də cavabdeh tərəfindən bugünədək ödədiyi pulu ona geri qaytarmamışdır. Hətta bunula bağlı aramızda vatçap yazışmaları da mövcuddur və həmin vatçap yazışmalarında bir bank vasitəsilə ödənilən ödənişlərin şəkili skan edilərək cavabdehə göndərilmişdir. Mən bununla bağlı Naxçıvan şəhər polis idarəsinə şikayət ərizəsi ilə müraciət etdim. Naxçıvan şəhər Polis idarəsinin 25 iyun 2025-ci il tarixli cavab məktubunda cinayət xarakterli olmadığından material üzrə qərar qəbul olunduğu bildirilmişdir. Mən də məcbur qalaraq pozulmuş hüquqlarımın bərpası üçün məhkəməyə müraciət etməli oluram. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında cavabdehin ondan pul aldığını lakin sifarişini yerinə yetirmədiyini, ara-ara vaxtlarda hissə hissə 3000 manat pul ödədiyini, cavabdehin onu aldatdığını, başqa qəbir daşlarını göstərdiyini, başqa sifarişləri göstərərək onu aldatdığını, günü günə satdığını, qəbir daşını hazırlamadığını, əlavə olaraq anasının qəbir daşını sökdürüb şəkil vurdurmaq istədiyini, cavabdehin o daşı aparıb 450 manata satdığını, yerinə yeni daş gətirmədiyini, yeni daş hazırlamadığını, şəkil də vurdurmadığını, heç bir öhdəliyini yerinə yetirmədiyini, satdığı daşın 450 manatını ona qaytarmadığını, ona nə daşı nə də pulu vermədiyini, yerinə yeni daşı da hazırlamadığını, anasının daşı üçün 1500 manat, atasının daşı üçün 3000 manat pul xərc çəkdiyini, özünün cavabdehə 3000 manat pul verdiyini, digər daşa zərər verilməsi ilə bağlı, daşın sğkülüb səkil saldırmasını istədiyini lakin cavabdehin həmin daşı aparıb satdığını, nə daşı nə də pulu ona qaytarmadığını, anasının qəbir daşının bərpası üçün 1500 manat xərc çəkdiyini, mədaxil qəbzini məhkəməyə təqdim etdiyini bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında cavabdehin podrat müqaviləsindən irəli gələn öhdəliyi yerinə yetirmədiyini, təqdim etdiyi mədaxil qəbzində 1500 manat iddiaçının anasının sökülən daşının bərpa edilməsi ilə bağlı çəkilən xərcin qəbzi olduğunu, cavabdehin iddiaçının atasının qəbir daşının hazırlanması üçün 3000 manat, anasının qəbir daşını söküb aparıb satıb, daşı və pulu geri qaytarmadığı üçün 1500 manatlıq zərər vurduğunu, o səbəbə daşın bərpası üçün 1500 manat xərc çəkildiyini bildirərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaçının atası vəfat etdikdən sonra qəbir daşı düzəltmək üçün danışdığını, 800 manat ödəniş etdiyini, ilk daşı bəyənmədiyini, sonra qranit daş sifariş etdiklərini, sonra onu bəyənmədiyini, anasının daşını 350 manata satdıqlarını, sökülmə daş olduğu üçün bütün çıxarılmadığını, gördüyü işləri bəyənmədiyini, ona ümumilikdə 2800 manat pul verdiyini, 1 daşa 10 dənə şəkil işlədiklərini, o səbəbdən işin yarımçıq qaldığını, pulların karta atıldığını, bir dəfə 250 manat nağd əldən verildiyini, yazışmalarda olanları qəbul etdiyini, 2800 manat olduğunu, iddiaçının 3000 manat olduğunu iddia etdiyini, özünün də yaxşı 3000 olsun dediyini, 1500 manat digər daşın xərci olmadığını, özünün bu işin içində olduğunu, o daşın o qədər baha olmadığını, anasının qəbrini sökməkdə səbəb düzəltmək məqsədli olduğunu, qəbirin çökəkdə olduğunu, iddiaçının heç bir işi bəyənmədiyini, o səbəbdən yarımçıq qaldığını, daşlara pul verdiklərini, daşların ziyana getdiyini, 3000 manatı etiraf etdiyini, pul almasını danmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 izahatında iddiaçıya qəbir daşı düzəldiyini, iki məzar üçün düzəltdiyini, hər biri üçün 1500 manat düzəltdiyini bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarına əlavə edilmişdir: İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziya ərizəsinə əsasən Cavabdeh bildirilmişdir ki, 02 dekabr 2024-cü il tarixdə mən mərhum atam X8 üçün Qəbir daşı düzəltdirmək üçün Sizə müraciət etmişdim. Həmin qəbir daşının düzəldilməsi üçün sizə 3000 manat pul ödənilmişdir. Həmin pulu mən müxtəlif vaxtlarda sizin mənə təqdim etdiyiniz kart hesablarına ödənilmişdir. Siz mənim ödədiyim 3000 (üç min) pulun qarşılığında sizə tapşırılan öhdəliyi yerinə yetirməməklə mərhum atamın qəbir daşını düzəlmədiniz. Eyni zamanda mərhum anamın baş daşına şəkil vurulması üçün daşın sökülərək yenidən bərpa olunub yerinə qoyulması üçün işin sonunda 250 (iki yüz əlli) manata məbləğində pula razılaşmışdıq. Siz yenə öhdəliyi yerinə yetirməyərək hətta mərhum anamın qəbir baş daşını sataraq özününz üçün qazanc əldə etmisiniz. Mənim sizə öhdəliyi yerinə yetirməyiniz üçün müxtəlif vaxtlarda ödədiyim 3000 (üç min) manat pulu və əlavə olaraq mərhum anamın baş daşına şəkil vurulması üçün satdığınız baş daşının mənim tərəfimdən yenidən alınması və üstünə qoyulması üçün çəkdiyim 1500 (min beş yüz) manat pulu bugünədək ödəməmisiniz. Tərəfimdən dəfələrlə öhdəliyin yerinə yetirilməsi üçün ödədəiyim pulu ödənilməsi üçün sizə müraciət etsədəm də siz həmin məbləği ödəməkdən boyun qaçırırsınız. Sizin mənə ödəyəcəyiniz cəmi 4500 (dörd min beş yüz) manat pulu 5 gün müddətində mənə ödəməyinizi Sizdən xahiş edirəm. Əks təqdirdə məsələnin həlli ilə bağlı məhkəməyə müraciət olunacaqdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli yaşayış yeri haqqında arayışa əsasən İddiaçı Babək rayon, Şıxmahmud kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli yaşayış yeri haqqında arayışa əsasən Muradov X6 Şəhəri, Xətai məhəlləsi, döngə 14, ev 7 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli 165008 nömrəli mədaxil orderindən aydın olur ki, İddiaçı X2 qəbir daşının yenidən alınıb bərpa edilməsi üçün 1500 azn məbləğində pul ödəmişdir. İş materiallarına Whatsapp yazışmaları görüntüləri fotoşəkil formasında və iddiaçının şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. Nəzərə almaq lazımdır ki, tələbin qanuni əsası kimi bir neçə normanın yoxlanması istisna deyil. Nəticə etibarı ilə onların hər birini dispozisiya şərtləri yoxlanmaqla iddianın əsaslılığına qiymət vermək olar. Hazırki halda iddia tələbinin qanuni əsası podrat müqaviləsində irəli gələn münasibətlərdir. Podrat müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 769-cu maddəsinə görə əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə görə podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 762.3-cü maddəsinə görə podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Həmin Məcəllənin 760.1-ci maddəsinə görə əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 755-ci maddəsinə görə podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. İşə məhkəmədə baxılarkən tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, İddiaçı vəfat etmiş valideyni üçün qəbir daşını düzəltmək Cavabdeh müraciət etmişdir. İddiaçının cavabdehlə olarn razılaşmasına görə cavabdeh müvafiq haqq müqabilində qəbir daşı hazırlayıb təhvil verməli idi. Pulun cavabdehə verilməsi iddiaçının təqdim etdiyi sənədlərlə təsdiqini tapır, eləcə də pulun məhz 3000 manat məbləğində verilməsi təqdim edilən vatsapp yazıları və cavabdehin etirafedici izahatı ilə sübuta yetirilir. Cavabdeh podratçı olaraq ona sifariş verilən işi yerinə yetirməmiş, nəticədə sifarişçiyə ziyan vurulmuşdur. Həmçinin iddiaçı ilə cavabdeh arasında olan digər şifahi razılığa əsasən cavabdeh iddiaçının anasının məzar daşını götürüb yerinə yeni məzar daşı qoymalı olubdur. Lakin işə baxılan zaman müəyyən edilmişdir ki, cavabdeh öhdəliyini icra etməmişdir. Bunun nəticəsində iddiaçı ziyana düşmüşdür. O anasının qəbir daşını düzəltmək üçün hansı miqdarda xərc çəkdiyini sübut etmək üçün şahid ifadəsi təqdim etmişdir. Şahid ifadəsindən görünür ki, iddiaçı anasının qəbir daşını düzəltmək üçün 1500 manat xərc çəkmişdir. Buna görə də məhkəmə yekunda belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli Cavabdeh, 4500 (dörd min beş yüz) manat pul alınıb İddiaçı ödənilməlidir. Məhkəmə cavabdeh tərəfindən izahatında bildirdiyi sübutlar təqdim edəcəyi, işin görüldüyü lakin iddiaçı tərəfindən bəyənilmədiyi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə dəfələrlə məlumat verilmiş, sonuncu iclasdan başqa digər məhkəmə iclaslarında iştirak etməmişdir. Həmçinin işin hansı hissədə yetirilməsi, sifarişçinin işi bəyənməməsi barədə bildirdiyi halları təsdiq edən sübutlarını cavabdeh təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan pulun qaytarılması barədə tələbi əsaslıdır. Beləliklə, məhkəmə belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə 11907 nömrəli qəbzlə ödənilən 65 (altmış beş) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı 4500 (dörd min beş yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə 11907 nömrəli qəbzlə ödənilən 65 (altmış beş) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1302/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1302/2025
17.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver