Məhkəmə qərarları › İş №2(078)-14/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-14/2021

02.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-14/2021 02.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı çəkilən xərcin alınıb verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh adına olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində tikdiyi tikililərə çəkilmiş 27259 (iyirmi yeddi min iki yüz əlli doqquz) manat xərcin və məhkəmə məsrəfi olan 450 (dörd yüz əlli) manat vəkil xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, 1939-cu ildə Bulqan kəndində doğulmuşdur. 1963-cü ildə Ukrayna Respublikasına köçüb orada yaşamışdır. 2009-cu ildə doğulduğu Bulqan kəndində yaşamışdır. Qardaşının ölümündən sonra Ukrayan Respublikasına qayıtmaq istəsə də qardaşının arvadı İmmi xanım demişdir ki, “qayıtma qal burda sənə şərait yaradarıq qalarsan”. Qardaşının oğlu Elxan ona demişdir ki, “mənim torpaq sahəm var, qal orada ev tik yaşa”. Sonra isə həmin torpaq sahəsinin qardaşının digər oğlu Elşənə məxsus olması məlum olmuşdur. Elşənin razılığı ilə ünvan 2 ünvanında ev tikmişdir. İlk öncə 2 otaq, bir aynabənd, aynabəndin altında zirzəmi və hamam-tualet tikmişdir. Sonra evin qarşısında əl damı, toyuq damı, hovuz və bir neçə xırda məişət tikilisi tikmişdir. Dəfələrlə qardaşı oğu Elşənə evi adına keçirtməsinə dair razılaşmaq istəsə də, qəbul etməmişdir və demişdir ki, həmişəlik həyətdə qalcaqdır. O da inanmışdır. Bir neçə ay bundan əvvəl Elşənin arvadı qaz borusunun yaxınlığında od yandırdığı üçün gedib etirazını bildirmiş, demişdir ki, od yanğın salar və partlayış baş verə bilər. Bu sözün üstündə Elşən onunla mübahisə etmiş və həyətdən çıxmasını bildirmişdir. Ona həyətdən çıxmaq üçün 2020-ci ilin mart ayına kimi vaxt vermişdir. Halbuki o 10 ildir ki, həmin həyətdə ev tikib yaşamışdır. Hazırda ailə qurmuş və arvadı da orada yaşayır. Ukraynadan gələrkən özünün iki ədəd brilyant daşı və 4000 ABŞ dolları pulu ollmuşdur. Həmin brilyant daşların birini 4000 manata, birini də 5000 manata satmışdır. Onun brilyant daşları və pulu olduğunu qardaşı arvadı və Elşən bildiyi üçün ona ev tikmək üçün torpaq vermişdirlər. Həmçinin Miqrasiya İdarəsində bağban işləyir, 240 manat əmək haqqı alır. Bundan əlavə məktəbdə mühafizəçi işləyir və 158 manat əmək haqqı alır. Bütün pulların topayıb özünə ev tikmişdir. 81 yaşı vardır. Cavabdehin həyətindən bir şərtlə çıxacaqdır ki, cavabdeh evin tikilməsinə çəkdiyi xərci hesablasın versin və həmin pulla özünə bir otaqlı ev alıb arvadı ilə yaşasın. Onun evin tikilisinin aparılmasına nə qədər xərc çəkildiyini sübut edəcək şahidləri vardır. Həmin vaxt işləyən ustalar onun xərc çəkdiyini sübut edə bilərlər. Ev tikilərkən qohumlar ona kömək etmişdirlər. Qardaşı qızının yoldaşı himə tökmək üçün blok daşı vermişdir, qardaşı arvadı-Elşənin anası 1000 ədəd tuğla hədiyyə vermişdir, əlavə həyətdə olan kubik, köhnə yararsız qapı-pəncərələr ona verilmişdir ki, ev tikilsin. Bütün bunlar ona pay verilmişdir. Cavabdehin onun çəkdiyi xərcləri ödəmək imkanı vardır. Çünki son vaxtlar Bakıda yeni tikili binalardan özünə ev alıbdır. Maşını vardır. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi İddiaçı izahatını təsdiq etdiyini bildirib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının dedikləri və iddia ərizəsində yazdıqları yalandır. İddiaçı onun əmisidir. 56 il Ukraynada yaşamışdır. Əmisi Naxçıvana gəldikdən bir neçə ay sonra atası rəhmətə getmişdir. Əmisi Naxçıvana gələnə qədər onun Vəli adlı əmisi olduğunu bilməmişdir. Çünki o heç vaxt nə valideynlərini və qardaş-bacılarını axtarmamışdır. Heç vaxt onlara əmi qayğısını göstərməmişdir. İddiaçı burada yaşamaq istəmişdir. Qardaşı Elxan onu razı salmışdır ki, yaşlı adamdır, qoy özü üçün şərait qurub yaşasın. İddiaçının yaşadığı torpaq sahəsi onun adına olmuşdur. Həmin torpağı dayısı oğlu Heydər Abbasovun torpağı ilə dəyişmişdir. Torpaq sahələrini dəyişəndə sənədləri də qanuni yolla dəyişdirmiş və sənədləşdirmişdir. İddiaçı həmin torpaq sahəsində ev tikəndə kolonlar onun tərəfindən basdırılmışdır. Evin bünövrəsi açılanda 4000 tuğlanı öz pulu ilə gətirtmişdir. Evi qaldırıb damı şiferlə örtmüşdür. Əmisinin qalması üçün bir otağını hazırlayıb ona təhvil vermişdir. Qalan işlərini də özünün görəcəyini ona bildirmişdir. Hətta ona istifadə üçün ev əşyalarısoyuducu, qaz plitəsi, televizor vermişdir. Sonra da əmisi ailə qurub evdə yaşadıqdan sonra özü hissə-hissə tikinti aparmışdır. Ancaq son vaxtar adi bir söz-söhbətin üstündə ona kənd icra nümayəndəsinə şikayət edir. İddiaçının onun evində yaşamasını istəmir. Evin tikintisinin 60 faizini o aparmışdır. Hətta fəhlə pullarını da o vermişdir. Əgər iddiaçı razı olarsa ölənə qədər evdə yaşaya bilər. Lakin o vəfat etdikdən sonra evə o sahiblik edəcəkdir və arvadı həyətdən çıxacaqdır. Çünki torpaq onundur, iddiaçıya tikili aparmaq üçün icazə verməyibdir. Evin bünövrəsindən tutmuş dam örtüyünün vurulmasına qədər tikinti xərci o çəkmişdir. Bir otağın gəcini çəkdirib evdən çıxmışdır. Qalan əlavə nə vardırsa Vəli kişi özü tikibdir. Hətta əmisi evin bünövrəsini ensiz qazdırmaq istəmiş, özü kranı gətirdib geniş qazdırmışdır. Himə tökülən blok daşları bacısı əri vermişdi. Biri 32 qəpikdən hesablanmaqla 4000 tuğla almışdı və evə 3600 tuğla istifadə olunubdur. Onun iddiaçıya çəkdiyi xərcə görə pul ödəmək fikri və imkanı yoxdur. Cavabdeh sonda qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iddiaçı tərəfindən təqdim edilmiş şahid X7 ifadəsində göstərmişdir ki, təxminən 4 il əvvəl Vəli əminin evində Nəsrəddin kişi ilə birlikdə usta işləmişdir. Vəli əmi ilə danışıb razılaşmışdır. Evə paduqa, gəc, çöldən şkaturka, döşəmənin və tavanın gəcini vurmuşdur. Divarlara alçı vurmuşlar. İki otağa şkaturka çəkmişdir. 20-25 gün evdə işləmişdir. Pulu onlara Vəli əmi vermişdir. Cavabdehi qonşu olaraq bilmişdir. Şkaturkanın kvadrat metrini 3 manatdan, alçıpanın kvadrat metrini 3 manatdan hesablamışdır. Konkret Vəli əmidən nə qədər pul aldığını xatırlamır. Məhkəmə baxışı iclasında iddiaçı tərəfindən təqdim edilmiş şahid X2 ifadəsində göstərmişdir ki, 5-6 il əvvəl Vəli əminin evində işləmişdir. Çoxdan Vəli əmi ilə tanış olmuşdur. Vəli əminin soyuducusu xarab olanda onu təmir etmişdir. Vəli əminin tikdiyi evin istilik sistemini çəkmişdir. Bütün materialları Vəli əminin özü almışdır. O da işləmişdir. Qarşılığında Vəli əmi ona 200 manat pul vermişdir. Məhkəmə baxışı iclasında cavabdeh tərəfindən təqdim edilmiş şahid X12 ifadəsində göstərmişdir ki, İddiaçı neçə illər Ukrayna Respublikasında yaşamışdır. 9-10 il əvvəl Naxçıvan şəhərinə gəlmişdir. Elşən ona köməklik edərək ev tikmək qərarına gəlmişdir. Torpaq Elşənin olubdur. O da Vəli kişinin tikilisinə kömək məqsədilə ona 7-8 qələmə ağacı , özünə məxsus köhnə 2 pəncərə və 1 qapı vermişdir. Bildiyinə görə Elşən də tikintiyə kömək etmişdir. Elşənin həmin tikili üçün hansı işləri gördüyünü konkret bilmir. Məhkəmə baxışı iclasında cavabdeh tərəfindən təqdim edilmiş X3 ifadəsində göstərmişdir ki, İddiaçı nüçə illər Ukraynada yaşamışdır. Evin tikintisində Elşən də iştirak etmişdir. O həmin evdə usta və fəhlə olaraq işləməmişdir. Tərəflərin qonşusu olduğundan gördükləri bundan ibarət olmuşdur. Məhkəmə baxışı iclasında cavabdeh tərəfindən təqdim edilmiş şahid X18 ifadəsində göstərmişdir ki, qardaşı ilə birlikdə Vəlinin evində işləmişdir. Bir otağın gəcini vurmuşdur. Bildiyinə görə Vəli Elşənin torpağında ev tikibdir. Otağın ölçüsü 40 kv.m idi. Pul məsələsini Vəli qardaşı ilə danışıb həll etmişdi. Təxminən onların evdə işlədiyi 10 il olar. Ona pul verilməmişdir. Pulu Vəli qardaşına vermişdir. Bildiyinə görə təxminən 120-130 manat pul verilmişdi. Məhkəmə baxışı iclasında iddiaçı tərəfindən təqdim edilmiş şahid X15 ifadəsində göstərmişdir ki, Vəli dayı və Elşənlə eyni kənddə yaşayır. İkisini də tanıyır. Vəli dayının balkonuna taxta aparmışdır. Toyuq damına su xətti çəkmişdir. İstilik xətlərini işləmişdir. Pulunu da Vəli dayı vermişdir. Məhkəmə baxışı iclasında iddiaçı tərəfindən təqdim edilmiş şahid X19 ifadəsində göstərmişdir ki, tərəflərin hər ikisini tanıyır. Vəli dayının Elşənin əmisi olduğunu bilir. Vəli dayının evində fəhlə olaraq işləmişdir. Əsas işi İslam usta etmişdir. İş qutardıqdan sonra pulunu İslam ustadan almışdır. Balkonda və hamam-tualetin təmirində iştirak etmişdir. Məhkəmə baxışı iclasında cavabdehin vəsatəti əsasında çağırılaraq ifadə vermiş X8 göstərmişdir ki, ilk dəfə Cavabdeh usta kimi onu çağırmıdır. Vəli kişinin evinin hörgü işinə baxmışdır. Hörgü bitəndə Elşən ona 300 manat pul vermişdir. Sonra Vəli əmi onu çağıraraq toyuq damı, əl damı, hamam-tualetdə usta kimi işini gördürüb. Onların pulunu Vəli əmi özü veribdir. Təxminən 3-4 dəfə Vəli əmi ona pul veribdir. Məhkəmə baxışı iclasında cavabdeh tərəfindən təqdim edilmiş şahid X9 ifadəsində göstərmişdir ki, xalası oğlu Elşənin həyətində neçə illər bundan əvvəl 250 ədəd kubik tökmüşdür. Elşən ona demişdir ki, “həyətdə əmimə ev tikirik bizə həmin kubikləri verəsən istifadə edək əvəzində nə vaxt istəsən sənə alıb qaytararam”. O da demişdir ki, götür işlət, qaytarmaq lazım deyil”. Kubikləri Elşənə pulsuz vermişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Mülki iş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 07.02.2014-cü il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən məlum olmuşdur ki, Naxçıvan şəhəri, Bulqan kəndi 1-ci küçə döngə 4-də 0.0598 ha torpaq sahəsində yerəşən 1 mərtəbəli 2 otaqlı 41.71 kv.metr yaşayış, 15.87 kv.m köməkçi sahədən ibarət 22 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh Vəli oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 18/17 nömrəli reyestr kitabının 3308 nömrəli vərəqində qeydiyyata alınmışdır. Müki işin materiallarına əlavə edilmiş daşınmaz əmlakın texniki pasportunda yaşayış evlərinin göstəricilərindən aydın olur ki, otaqların sayı 2, ümumi sahə 57.58 kv.metr, yaşayış sahəsi 41.71 kv.metr, köməkçi sahə 15.87 kv.metr, tikinti altı sahə 70.95 kv.metr, mərtəbənin sayı 1, tikilldiyi il 2009-cu ildir. Eyni zamanda həyətyanı tikililərin və qurğuların texniki göstəricilərində aydın olur ki, hamam, wc-ümumi sahəsi 10.23 kv.metr, tikinti altı sahə 14.17 kv.metrdir. Texniki pasportda qeyd edilən tikililər yaşayış evi 2, mətbəx, hamam, açıq eyvan, naves, yan damı, hamam, tualet, hasar, qaraj, səki, otmoska, darvaza, mansard və zirzəmidən ibarətdir. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz Məhkəmə mülki qanunvericiliyin norma və tələblərini iddia tələbi ilə əlaqəli şəkildə araşdırıb qeyd edir ki, İddiaçı hazırki vəziyyətdə çəkilən xərci tələb etmək hüququna malik olmaqla bu cür subyektiv hüququn daşıyıcısı hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, istər iddiaçının, istər cavabdehin izahatlarından, istərsə də şahid ifadələrindən aydın olmuşdur ki, cavabdehin mülkiyyətində olan və dövlət qeydiyyatına alınan fərdi yaşayış evi İddiaçı tərəfindən və onun vəsaiti ilə tikilmişdir. Belə ki, cavabdeh iddiaçı tərəfindən evin iki otağının tikilməsini, gəcinin vurulmasını, dam örtüyünün vurulmasını mübahisələndirərək öz etirazının əsası kimi şahid ifadələri məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəfindən məhkəməyə dəvət edilərək dindirilən şahidlər X1 tikintidə nə usta, nə fəhlə olaraq işləmədiyini bildirməklə Cavabdeh həmin evdə hansı işləri gördüyünü konkret bilmədiyini göstərmişdir. Həmçinin Vəli kişinin tikilisinə kömək məqsədi ilə qələmə ağacı və köhnə qapı-pəncərə verdiyini, qarşılığında heç bir əvəz almadığını və tələb etmədiyini də göstərmişdir. X9 ifadəsində cavabdehin həyətinə tökdüyü 250 kubikdən istifadə edilməsinə icazə verdiyini bildirməklə, onun qarşılığında pul və ya kubik alınmasını istəmədiyini, Elşənə həmin kubikləri pulsuz verdiyini göstərmişdir. X20 ifadəsində bir otağın gəcinin vurulduğunu təsdiq etmiş, gördüyü işin haqqının İddiaçı onun qardaşına verdiyini bildirmişdir. X8 ifadəsində evin hörgü işinin aparılmasına Elşənlə danışaraq razılaşdığını və gördüyü işə görə Elşəndən 300 manat haqq aldığını bildirmiş, qalan gördüyü işlərə görə pulunu iddiaçıdan aldığını göstərmişdir. X3 ifadəsində ümumi məzmunlu məsələləri bildirməklə eyni kənddə yaşadıqlarını, cavabdehin torpaq sahəsində iddiaçının ev tikdiyini göstərmişdir. Məhkəmə qeyd edilən şahid ifadələrini ümumiləşdirərək hesab edir ki, həmin ifadələrdən X4 ifadəsi və X11 ifadəsi cavabdehin bildirdiyi halları təsdiq edən sübut hesab edilməklə evin hörgüsü üçün əl haqqı olaraq ödənilmiş 300 manat və cavabdehə pulsuz şəkildə verilmiş 250 kubikin ekspert rəyi ilə qiymətləndirilmiş dəyəri iddiaçı tərəfindən evə çəkilən xərcin hesabından çıxılmalıdır. Qalan hissələrdə cavabdeh bildirdiyi halların təsdiqi üçün mötəbər sübutlarını məhkəməyə təsdiq etməmişdir. Belə ki, iddiaçı izahatından evin himinə tökülmüş kolonkaların-blok daşların qardaşı qızının əri tərəfindən ona hədiyyə verildiyini bildirmiş, cavabdeh isə izahatında həmin daşların bacısı əri tərəfindən ona hədiyyə edildiyini bildirmişdir. Cavabdeh bildirdiyi həmin halın təsdiqi üçün məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evinin iddiaçı tərəfindən və onun vəsaiti ilə inşa edilməsi iş üzrə toplanmış sübutlarla təsdiq edilmişdir. Belə olan halda məhkəmə həmin evin tikilisinə kömək məqsədi ilə İddiaçı hədiyyə verilən hər hansı tikinti materialını (iddiaçının izahatına əsasən qardaşı qızının əri tərəfindən verilən kolonkaları-blok daşları, qardaşı arvadı tərəfindən verilən 1000 ədəd tuğlanı, şahid ifadəsinə əsasən 7-8 qələmə ağacını, köhnə pəncərə və qapını) iddiaçının çəkdiyi xərcin sırasına daxil edilməsini qanuni və əsaslı hesab edir. Cavabdeh Vəli oğlu evin tikintisinə 4000 ədəd tuğla aldığını bildirsə də həmin tuğlanın onun tərəfindən alınmasına dair hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, işə məhkəmədə baxılarkən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək evin tikilməsinə nə qədər vəsaitin cəlb edilməsi barədə ekspertin 12 avqust 2020ci il tarixli 121/2020 nömrəli rəyindən aydın olur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində və onun həyətyanı torpaq sahəsində aparılmış müxtəlif növ tikintiquraşdırma və təmir işlərinə sərf edilən vəsaitin bugünki bazar qiymətlərinə uyğun olaraq ümumilikdə təqribi dəyərinin 21464.77 (iyirmi bir min dörd yüz altmış dörd manat yetmiş yeddi qəpik) manat məbləğində olması müəyyən edilmişdir. İş üzrə cavabdehin vəsatəti əsasında təyin edilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının 21 may 2021-ci il tarixli 10/3803 nömrəli rəyindən aydın olur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində və onun həyətyanı torpaq sahəsində aparılmış müxtəlif növ tikinti-quraşdırma və təmir işlərinə sərf edilən vəsaitin bugünki bazar qiymətlərinə uyğun olaraq ümumilikdə təqribi dəyərinin 21664.77 (iyirmi bir min altı yüz altmış dörd manat yetmiş yeddi qəpik) manat məbləğində olması müəyyən edilmişdir. Məhkəmə iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizasının rəyini sübut kimi qiymətləndirir və hesab edir ki, ekspert rəyində qeyd edilən briket kubik daşın bir ədədinin qiyməti 0.50 (əlli qəpik) manat olaraq qeyd edildiyindən 250 ədəd kubik daşın qiyməti (250x0.50=125) manat və 300 (üç yüz) manat evin hörgüsünə çəkilən xərc ümumi çəkilmiş xərcdən çıxılmaqla qalan xərcin (21664.77-425=21239,77) Cavabdeh alınaraq İddiaçı verilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində İddiaçı tərəfindən tikilmiş fərdi yaşayış evinə çəkilən xərcin dəyəri olan 21239,77 (iyirmi bir min iki yüz otuz doqquz manat yetmiş yeddi qəpik) manat pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına 13.04.2020-ci il tarixdə 36124 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 23.40 (iyirmi üç manat qırx qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə məhkəmə məsrəfi ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edildiyindən vəkilə hüquqi yardım üçün 06 mart 2020-ci il tarixdə verilmiş 003728 nömrəli qəbzlə ödənilmiş 450 (yeddi yüz əlli) manat xidmət haqqının 350 (üç yüz əlli) manat Cavabdeh alınaraq iddiaçıya qaytarılmalı, tələb vəkil xərcinin qalan hissəsinə münasibətdə rədd olunmalıdır. Məhkəmə ekspert xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, təkrar məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 100 (bir yüz) manat bu barədə vəsatət vermiş Cavabdeh alınaraq X5 Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir (Kod: 210005 VÖEN: **********, Müxbir hesab № AZ41NABZ********************). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddiaçı Cavabdeh qarşı çəkilən xərcin alınıb verilməsi tələbinə dair iddia tələbi qismən təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində İddiaçı tərəfindən tikilmiş fərdi yaşayış evinə çəkilən xərcin dəyəri olan 21239,77 (iyirmi bir min iki yüz otuz doqquz manat yetmiş yeddi qəpik) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına 13.04.2020-ci il tarixdə 36124 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 23.40 (iyirmi üç manat qırx qəpik) manat hissəsi, vəkilə hüquqi yardım üçün 06 mart 2020-ci il tarixdə verilmiş 003728 nömrəli qəbzlə ödənilmiş 450 (yeddi yüz əlli) manat xidmət haqqının 350 (üç yüz əlli) manat Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Tələb vəkil xərcinin digər hissəsinə münasibətdə isə rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 100 (bir yüz) manat Cavabdeh alınaraq X6 Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. (Kod: 210005 VÖEN: **********, Müxbir hesab № AZ41NABZ********************). Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar