Məhkəmə qərarları › İş №2(078)-1418/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1418/2021

13.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1418/2021 13.12.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva X1 MR Kənd Təsərrüfatı Nazirliyinin dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, müəyyən e t d i m: Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyi iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Şəhər Dövlət Yol Polis İdarəsinin 16.04.2021-ci il tarixli inzibati xəta haqqında tərtib etdiyi protokola əsasən dəymiş ziyanın ödənilməsi barəsində onlara müvafiq köməklik göstərilməsini və iş üzrə müvafiq sənədlərlə tanış olub qanunauyğun olaraq məsələnin icrasını təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Mülki prosessual qanunvericilikdə şəxsin məhkəməyə nümayəndə vasitəsi ilə müraciət etmək imkanı da nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-ci maddəsi ilə müəyyən olunur ki, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Nümayəndə vasitəsi ilə məhkəməyə müraciət edildikdə isə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş bir sıra tələblər yerinə yetirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Qeyd olunan iddia ərizəsinə iddia ərizəsini imzalayan şəxsin Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin işçisi olmasını təsdiq edən sənəd həmçinin ona iddia ərizəsini imzalamaq üçün səlahiyyət verilməsi barədə etibarnamə əlavə edilməmişdir. Belə olan halda iddia ərizəsini imzalayan şəxsin həmin ərizəni imzalamağa səlahiyyəti olub-olmamasını müəyyən etmək olmur. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.2-ci maddələrinin tələbinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə həmçinin məhkəmə iddiaçının diqqətinə çatdırır ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa riayət edilmədən verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddələrinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə iddiaçının cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi konkret tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. İddiaçı tərəfindən məhkəməyə müraciət olunarkən hər bir halda tələb iddia ərizəsində konkret ifadə olunmalıdır. Həmçinin qeyd olunananlardan da göründüyü kimi iddia tələbi iddiaçının öz xeyrinə cavabdehdən istədiyi tələbdir. Hazırki iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olunmuşdur ki, iddia ərizəsində iddiaçının tələbi konkret göstərilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsinin xahiş hissəsində kimdən hansı məbləğdə ziyanın ödənilməsini tələb etməsini qeyd etməmişdir. Həmçinin iddia ərizəsində iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı göstərilməmişdir. Həmçinin iddia ərizəsində iddiaçı, cavabdeh onların poçt ünvanları göstərilməmişdir. Halbuki ayrı-ayrılıqda həm iddiaçı, həm cavabdeh, onların poçt ünvanları iddia ərizəsində göstərilməli idi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2 və 149.2.2-ci maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinə izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar