Məhkəmə qərarları › İş №2(078)-146/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-146/2021

25.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-146/2021 25.08.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, İddiaçı Məhəmməd qızının vəkili və nümayəndəsi Vəkil, cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X1, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh1 və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Məhəmməd qızının cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı özbaşına tikiliyə mülkiyyət hüququnun tanınması və payının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Məhəmməd qızı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhəri, Xətai məhəlləsi 35/26 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi üzərindəki tikilmiş fərdi yaşayış evinə-özbaşına tikiliyə birgə mülkiyyət hüququnun tanınması və həmin tikilinin ½ hissəsinə İddiaçı Məhəmməd qızının payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə baxılaraq iş üzrə məhkəmə tikinti-texniki ekspertizası və əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və müvafiq rəylər alınmışdır. 02 iyul 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında İddiaçı Məhəmməd qızının vəkili və nümayəndəsi cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə təqdim etmiş və ərizə nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Cavabdeh1 ilə əvəz edilmişdir. Cavabdeh1 cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Mülki işə məhkəmə iclasında baxılarkən müəyyən edilmişdir ki, iddia ərizəsi ilə bağlı məsələnin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydasına əməl edilməmişdir. Belə ki, iş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 11 aprel 2019-cu il tarixli 2(078)-279/2019 nömrəli qətnaməsi ilə Naxçıvan şəhəri Xətai məhəlləsi 35/26 ünvanında yerləşən 500 kv.metr torpaq sahəsi Cavabdeh1 və İddiaçı Məhəmməd qızının bir nikah dövründə əldə edilmiş mülkiyyəti sayılmaqla paylar bərabər qaydada müəyyən edilmiş, ½ hissə Cavabdeh1 mülkiyyətində saxlanılmaqla, ½ hissə İddiaçı mülkiyyətinə verilmişdir. Bundan əlavə Naxçıvan Şəhər Məhkəməsinin 11 aprel 2019-cu il tarixli 2(079)- 279/2019 nömrəli qərardadı ilə yuxarıda qeyd edilən torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə münasibətdə qeydiyyatdan keçirilməyən fərdi yaşayış evi baxılmamış saxlanılmışdır. Mülki işə əlavə edilmiş məktubdan aydın olur ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edilmiş, 02 mart 2020-ci il tarixdə 87 nömrəli cavab məktubunda göstərilmişdir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş tikinti layihəsinin təqdim edilməməsi əsası ilə tikilinin qeydiyyata alınmasından imtina edilmişdir. Bundan sonra iddiaçı özbaşına tikilinin birgə nikah dövründə inşa edilməsini qeyd edərək həmin tikilinin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi və tikili üzərində ½ hissədə payının müəyyən edilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən 18 iyun 2019-cu il tarixdə verilmiş ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan aydın olur ki, Naxçıvan şəhəri Xətai məhəlləsi 35/26 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin ½ hissədə payı Cavabdeh1, ½ hissədə payı İddiaçı adına rəsmiləşdirilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 16/1 nömrəli reyestr kitabının 140 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeyd etmək lazımdır ki, bəzi kateqoriya işlər üçün mübahisənin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydası müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə görə həmin əsasla ərizənin baxılmamış saxlanılmasına yalnız o hallarda yol verilir ki, bu ya qanunvericilikdə, yaxud da tərəflər arasında bağlanılmış müqavilə ilə həll edilmiş olur. İddia ərizəsindən, eləcə də iş materiallarında olan sənədlərdən aydın olur ki, İddiaçı Məhəmməd qızının adına Naxçıvan şəhəri Xətai məhəlləsi 35/26 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin ½ hissəsində mülkiyyət hüququ tanınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Göründüyü kimi qanunun həmin norması özbaşına inşa edilmiş tikiliyə o şəxsin mülkiyyət hüququnun tanınmasına imkan verir ki, tikilinin inşa edildiyi torpaq sahəsi onun mülkiyyətində olsun. Hazırki vəziyyətdə Naxçıvan şəhəri Xətai məhəlləsi 35/27 ünvanında 0.05 ha torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin yerləşdiyi torpaq sahəsinin məhz iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsinin ½ hissəsində inşa edilməsinə dair hər hansı sənəd iş materiallarınə əlavə edilməmişdir. Belə ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin naturada ayrılması tələbi ilə əlaqədar məhkəməyə müraciət etməmiş və bununla bağlı hər hansı məhkəmə aktı qəbul edilməmişdir. Belə olan təqdirdə iddiaçı öz mülkiyyətində olan torpaq sahəsinin naturada bölgüsünü aparmadan-yəni onun coğrafi koordinatlarını dəqiqləşdirmədən sözügedən özbaşına tikilinin məhz onun mülkiyyətində olan torpaq sahəsində yerləşməsini əsas göstərərək həmin tikiliyə birgə mülkiyyətin tanınmaqla ½ hissədə payını tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin naturada bölünməsi ilə bağlı müvafiq məhkəməyə müraciət etməli, bundan sonra özbaşına tikiliyə mülkiyyət hüququnun tanınmaqla payının müəyyən edilməsi barədə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı Məhəmməd qızı tərəfindən “Kapital Bank” Naxçıvan filialına 9.10.2020-ci il tarixli 35313 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Məhəmməd qızının cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı özbaşına tikiliyə mülkiyyət hüququnun tanınması və payının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya mülkiyyətində olan torpaq sahəsinin naturada bölünməsi ilə bağlı müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı Məhəmməd qızı tərəfindən “Kapital Bank” Naxçıvan filialına 9.10.2020-ci il tarixli 35313 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar