Məhkəmə qərarları › İş №2(078)-151/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-151/2025

05.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-151/2025 05.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2000 (iki min) manatdan qalıq qalmış 800 (səkkiz yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh işlətdiyi divar kağızı dükanından alqı-satqı müqaviləsi üzrə 2000 manat dəyərində olan divar kağızı və digər məhsullarını sifariş edərək Naxçıvan Şəhərində Gənclər Şəhərciyi ünvanında yerləşən evini təmir etməsi üçün vermişdir. Müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinə rəsmi olaraq müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsi məktub göndərərək Cavabdeh izahatının alındığını bildirmişdirlər. Cavabdeh 500 və 700 manat olmaqla ayrı-ayrı pulunu geri qaytamış, 800 manat qalıq qalmışdır. 800 manatında geri qaytarılmasını tələb etdiyini iddia ərizəsində qeyd etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı bildirmişdir ki, divar kağızı aldığını və pulu verdiyini, divar kağızlarını gətirmədiyini, pulu verəndən sonra başqalarının cavabdeh barəsində pulu qaytamayacağını dediyini, polisə verdikdən sonra 500 manat verdiyini, sonra hissə-hissə 800 manat verdiyini, 1200 manat qalığı qaldığını, 1 ildir ki, pulun ödənmədiyini bildirmiş və məhkəmədən cavabdehdən alınaraq pulun ödənilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh 1972-ci ildə Zaqatala rayonunda anadan olduğunu, hal-hazırda Naxçıvan şəhərində qeydiyyatda olduğunu, qarşı tərəfin düzgün danışmadığını, 2000 manat ona pul verdiyini, usta pulu barədə danışılmadığını, işlədiyi firmanın onun üçün aylıq limitlər açdığını, mal verəcəyini, 8-9 gün çəkdiyini, hər şəhərdə firmanın filialı olduğunu, malın gələcəyini, şikayət etməməsini dediyini, lakin şikayət etdiyini, 800 manat borc pulu qaldığını, bir dəfədə bank borcu ilə əlaqədar pensiya kartından tutulduğunu, borca düşdüyünü, maddi imkanın olmadığını, hissə-hissə ödəyə biləcəyini, möhlət istədiyini, işlərinin yaxşı olmadığını və məhkəmədən qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə cavabdehin izahatını, iddiaçının ərizəsini, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh İddiaçı 800 (səkkiz yüz) manat borcunun olduğunu qəbul etmişdir. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə, əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 575.1 və 575.2-ci maddələrinə, əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Həmin məcəllənin 614.1-ci maddəsinə, əsasən, pərakəndə alqı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 614.3-cü maddəsinə, əsasən, fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. Həmin Məcəllənin 425.1-ci maddəsinə, əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 441.3-cü və 441.4-cü maddələrinə, əsasən, əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər və əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə, əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə, əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə, əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında alqı-satqı müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, alqı-satqı müqaviləsində müəyyən edilmiş divar kağızını iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliyi lazımınca yerinə yetirməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də müvafiq məsuliyyəti yaranmışdır. Cavabdeh 1200 manat borc pulu qaytarmış, 800 manat pul isə qaytarmamışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh alqı-satqı müqaviləsi üzrə 800 (səkkiz yüz) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 27747 rüsum nömrəsi ilə "xxxx" ASC vasitəsilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. İş üzrə Cavabdeh alqı-satqı müqaviləsi üzrə 800 (səkkiz yüz) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilsin. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 27747 rüsum nömrəsi ilə "xxxx" ASC vasitəsilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar