Məhkəmə qərarları › İş №2(078)-1524/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1524/2025

14.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1524/2025 14.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: pul tələbi) Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1700 (bir min yeddi yüz) manat pul məbləğlinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, Sirab kəndində yerləşən Sirab dəyirmanından Teyyub adlı şəxsdən un məmulatları alaraq satış etmişdir. Aldığı məhsulların ödənişini çox vaxt Teyyubun sürücüsü Rufinin kart hesabına ödəmişdir. 2024cü ilin oktyabr ayından Rufi ona zəng edərək Teyyubun adından istifadə edərək guya Teyyub iddiaçıdan 1700 manat pul istədiyini bildirmişdir. Həmin vaxt o Teyyubla əlaqə saxlamaq istədikdə onun telefonlarına zəng çatmamışdır. İddiaçı da Rufinə inanaraq ona 1700 (bir min yeddi yüz) manat pul vermişdir. 1700 (bir min yeddi yüz) manat pulu Rufinin kart hesabına atmışdır. Pulu verən zaman Rufi 1700 (bir min yeddi yüz) manat pulu səhərisi gün ona qaytaracağını bildirmişdir. Həmin hadisənin üzərindən bir neçə gün keçdikdən sonra Rufinə zəng edərək pulu qaytarmağını xahiş etmişdir. Rufi onu aldadaraq pulun onda olduğunu, geri qaytaracağını bildirmişdir. Həmin vaxt ona aydın oldu ki, Rufi pulu Teyyuba vermiş, Teyyubun adından istifadə edərək özü üçün 1700 manat pul almışdır. Rufinə dəfələrlə telefon və vhatsap vasitəsi ilə müraciət edərək ona olan borcunu ödəməsini bildirsə də o hər dəfəsində iddiaçını aldadaraq ona olan borcunu ödəməkdən boyun qaçırmışdır.

3. 2024-cü ilin dekabr ayı Rufinin qardaşı Məhəmməd iddiaçıya zəng vuraraq qardaşının ona olan 1700 manat borcunu qaytaracağını bildirmiş və kart hesabı atmağını xahiş etmişdir. Məhəmmədə özünə məxsus olan kart hesabını göndərmiş ki, borcu qaytarsın. Lakin Məhəmməd də həmin borcu iddiaçıya qaytarmamışdır.

4. Bu hadisədən sonra o 2025-ci ilin may ayında Babək rayon Polis idarəsinə müraciət etmişdir. Orada onun və Rufinin izahatı alınmışdır. Həmin vaxt Rufi ona 1700 manat borcu olduğunu boynuna alaraq həmin pulu az-az ödəcəyini bildirmişdir. Lakin bundan sonra da Rufi heç bir ödəniş etməmişdir.

5. Artıq qərara gəlmişdir ki, cavabdehin pulu hələ də ona vermək fikri yoxdur. Cavabdeh bu günədək borcunun qaytarılması ilə bağlı heç bir addım atmır və hər dəfəsində müxtəlif bəhanələrlə ona ödəməli olduğu pulu geri verməkdən boyun qaçırdır. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

6. Hesab edir ki, artıq pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ona ödənilməli olan pul ilə bağlı tələbi təmin edilməli, tələb etdiyi 1700 (bir min yeddi yüz) manat cavabdehdən alınaraq ona verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir.

7. Əlavə olaraq qeyd edir ki, cavabdehin qeydiyyat yeri barədə arayış əldə edə bilməmişdir. Məhkəmədən bu barədə köməklik göstərməsini xahiş etmişdir.

8. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 443.1, 448.1, 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi şərh olunmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il qərarına, Azərbaycan Respublikasının "Dövlət rüsumu haqqında" Qanunun 9.1.20-ci maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

9. 17.12.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh 30 dəqiqə əvvəl zəng etmiş və indi ödəniş edə bilmədiyini, yanvar ayında qardaşının köməklik göstərəcəyini bildirmişdir.

10. 17.12.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında Cavabdeh iddia tələbini qəbul etmiş və bildirmişdir ki, 1700 manat iddiaçıya borcu vardır. İddiaçıya aylıq 450 manat məbləğində maaş aldığını bildirmiş və ayda 100 manat ödəniş edə biləcəyini bildirmişdir. Əlində olduqda isə artıq ödənişlər edə bilər.

11. Məhkəmə baxış iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, dəfələrlə pulu cavabdehdən istəmişdir. 1700 manatı müdirin adından istifadə edərək, Ordubada un gətirən zaman pulu verəcəklərini bildirmişdir. Teyyuba zəng etmiş, lakin o zəngə cavab verməmişdir. Pulu cavabdehə göndərmiş, lakin cavabdeh onu aldatmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

12. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsi barədə məlumat verməmişdir.

13. Məhkəmə işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

14. İş materiallarında olan 221680 nömrəli, 21 iyun 2011-ci il tarixli vəsiqədən görünür ki, İddiaçı İİ qrup “hərbi xidmət dövri ilə əlaqəli” əlildir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

16. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə.

17. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 18.Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 19.Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya (1092.1.1.); əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə (1092.1.2.). Tətbiq edilən prosessual hüquq normaları:

Mülki Prosessual Məcəllə

20. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

21. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

22. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

28. Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir.

29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

34.Məhkəmə iddiaçı və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. 35.Məhkəmə ilk növbədə qeyd edir ki, prosessual qanunvericilikdə “Jura novit curia”, yəni “Məhkəmə qanunları bilir” prinsipi tətbiq olunur ki, iddiaya baxan məhkəmə iddia tələbinin əsaslandırılmasından asılı olmayaraq təqdim olunmuş sübutlara əsasən tərəflər arasında yaranmış hüquq münasibətlərini müəyyən etmək və Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən həmin münasibətlərə uyğun olaraq maddi hüquq normanı tətbiq etməklə, mübahisəni həll etməlidir. 36.İddiaçı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin borc münasibətlərini tənzimləyən müddəasına istinad etsə də, həmin Məcəllənin 739.2-ci maddəsində borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalı olması təsbit edilmişdir. Hazırki iddia tələbində isə tərəflər arasında olan münasibətlərdə borcla bağlı yazılı müqavilə bağlanmamışdır. 37.Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddianın hüquqi əsasını Mülki Məcəllənin 1091 və 1092-ci maddələri yəni, əsassız varlama ilə bağlı müddəaları təşkil edir. 38.Məhkəmə qeyd edir ki, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. 39.“N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı). 40.İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. 41.Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. 42.Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. 43.Məhkəmə qeyd edir ki, iddiaçının izahatı və cavabdehin etirafı ilə təsdiq olunmuşdur ki, iddiaçı cavabdehə 1700 (bir min yeddi yüz) manat məbləğində pul verməsi barədə cavabdehlə aralarında şifahi formada müqavilə bağlanmış, həmin razılaşmaya əsasən iddiaçı tərəfindən cavabdehə 1700 (bir min yeddi yüz) manat pul verilsə də, cavabdeh şifahi müqaviləsinin şərtlərinə əməl etməyərək, verilmiş pulu iddiaçıya ödəməmiş, beləliklə də öhdəliyini yerinə yetirməmişdir.

44. Məhkəmə hesab edir ki, iddiaçı tələbinin əsasını sübut edə bilmiş və qeyd edilən məbləği tələb etməkdə haqlı olmuşdur.

45. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3-cü maddələrini rəhbər tutaraq

qətetdi: İddia təmin edilsin. Cavabdeh 1700 (bir min yeddi yüz) manat pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar