Məhkəmə qərarları › İş №2(078)-1615/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1615/2025

25.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1615/2025 25.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: pul tələbi) Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 11700 (on bir min yeddi yüz) manat məbləğində borcun, 3000 manat dəymiş ziyanın və 135 (bir yüz otuz beş) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh 4 il bundan əvvəl Kapital Bankda olan kreditini bağlaması üçün ondan 11700 manat pul almışdır. Cavabdeh təxminən 4 il keçməsinə baxmayaraq 11700 manat pulu geri qaytarmamışdır. Cavabdeh pulunu ödəmir, nə qədər zəng vursa da telefonlarına cavab vermir. İddiaçı məcbur qalaraq bankdan pul götürmüşdür ki, həmin ona verdiyi pulu başqasına geri qaytarsın. Cavabdeh borcunu vaxtında ödəmədiyindən o da məcbur qalaraq bankdan pul götürdüyündən 3000 min manat bank faizi ilə birlikdə ona 14700 manat ziyan dəymişdir. Cavabdeh borcunu bank faizi ilə birlikdə ödəyəcəyini bildirmişdir. Lakin heç bir ödəniş etməmişdir.

3. Bununla bağlı iddiaçı Naxçıvan şəhər Polis İdarəsinə müraciət etmişdir. Naxçıvan şəhər Polis İdarəsi onun Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmək hüququnun olduğu bildirildi. Cavabdeh ona olan borcunu qaytarmadığına görə məcbur qalaraq məhkəməyə müraciət etməli olur. Cavabdehin yaşayış yeri barədə arayış əldə edə bilmədiyindən məhkəmədən bu barədə köməklik göstərməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 739.1 və 740-cı maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

5. Məhkəmə baxış iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehin borcu var idi. Banka 9 min manat borcunu, 2 min manat isə iş qurmaq üçün almışdır. Borcu bağladıqdan sonra bankdan pul götürüb borcunu ödəyəcəkdi. Krediti alması üçün 6 ay gözləməli olduğu bildirilmiş, 6 ay sonra cavabdeh ondan xəbərsiz bankdan pul götürmüş və həmin pulu xərcləmişdir. 3 min manat isə kreditə faizin ödənilməsi ilə bağlıdır. Evini satmış banka ödəmişdir ki, faiz gəlməsin. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə baxış iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirdi ki, İddiaçı dediyi doğrudur. İddiaçı onun 9800 manat bank borcunu bağlamış lakin o ödəməmişdir. Maddi vəziyyəti pis olduğundan ödəniş edə bilməmişdir. 3-4 ay ödəniş etmiş, sonra maddi vəziyyəti yaxşı olmadığından ödəniş edə bilmir. Ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi.

Sübutların tədqiqi:

7. İş materiallarında olan 13 avqust 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, HKpi-1062/25 saylı cinayət işi üzrə cinayət işinin başlanılması rədd edilmişdir.

8. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli İK1025451 saylı kredit müqaviləsinə əlavədən görünür ki İddiaçı 48 ay müddətinə, illik 14.90 faiz dərəcəsi olmaqla 8000.00 manat məbləğində kredit götürmüşdür.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi

9. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

10. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə.

11. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 12.Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 13.Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya (1092.1.1.); əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə (1092.1.2.).

Tətbiq edilən prosessual hüquq normaları:

Mülki Prosessual Məcəllə

14.Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

15. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

16. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

22. Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir.

23. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

26. Maddə 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

27. Maddə 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.

28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

31.Məhkəmə iddiaçı və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. 32.Məhkəmə ilk növbədə qeyd edir ki, prosessual qanunvericilikdə “Jura novit curia”, yəni “Məhkəmə qanunları bilir” prinsipi tətbiq olunur ki, iddiaya baxan məhkəmə iddia tələbinin əsaslandırılmasından asılı olmayaraq təqdim olunmuş sübutlara əsasən tərəflər arasında yaranmış hüquq münasibətlərini müəyyən etmək və Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən həmin münasibətlərə uyğun olaraq maddi hüquq normanı tətbiq etməklə, mübahisəni həll etməlidir. 33.İddiaçı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin borc münasibətlərini tənzimləyən müddəasına istinad etsə də, həmin Məcəllənin 739.2-ci maddəsində borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalı olması təsbit edilmişdir. Hazırki iddia tələbində isə tərəflər arasında olan münasibətlərdə borcla bağlı yazılı müqavilə bağlanmamışdır. 34.Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddianın hüquqi əsasını Mülki Məcəllənin 1091 və 1092-ci maddələri yəni, əsassız varlama ilə bağlı müddəaları təşkil edir. 35.Məhkəmə qeyd edir ki, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. 36.“N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı). 37.İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. 38.Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. 39.Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. 40.Məhkəmə qeyd edir ki, iddiaçının izahatı və cavabdehin etirafı ilə təsdiq olunmuşdur ki, iddiaçı cavabdehə 11700 manat məbləğində pul verməsi barədə cavabdehlə aralarında şifahi formada müqavilə bağlanmış, həmin razılaşmaya əsasən iddiaçı tərəfindən cavabdehə 11700 manat borc verilsə də, cavabdeh şifahi borc müqaviləsinin şərtlərinə əməl etməyərək, verilmiş borcu iddiaçıya ödəməmiş, beləliklə də öhdəliyini yerinə yetirməmişdir.

41. Məhkəmə hesab edir ki, iddiaçı tələbinin əsasını sübut edə bilmiş və qeyd edilən məbləği tələb etməkdə haqlı olmuşdur.

42. MPM Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir.

43. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı tərəfindən "xxxx" ASC-nə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 135 (bir yüz otuz beş manat) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır.

44. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3-cü maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 11700 (on bir min yeddi yüz) manat borc 3000 (üç min) manat dəymiş ziyan olmaqla ümumilikdə 14700 (on dörd min yeddi yüz) manat borc və 135 (bir yüz otuz beş manat) manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar