Məhkəmə qərarları › İş №2(078)-1650/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1650/2025

06.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1650/2025 06.03.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: pul tələbi) Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 16000 (on altı min) manat pulun və ödəniş etdiyi 138 (yüz otuz səkkiz) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş axtardığı zaman sosial şəbəkələrdə Cavabdeh "X6 Mərkəzi" uşaq bağçasına iş vakasiyaları paylaşmış, evinə yaxın, həmdə işə ehtiyacı olduğundan 15 yanvar 2024-ci il tarixdə Naxçıvan şəhəri 11-ci məhəllədə yerləşən "X6 Mərkəzi" uşaq bağçasına gedərək Cavabdeh ilə görüşmüş, söhbət əsnasında onu aşbaz olaraq işə qəbul edəcəyini və bunun müqabilində 4000 (dörd min) manat pul alacağını bildirmişdir. 15 yanvar 2024-ci il tarixdə Naxçıvan şəhəri 11-ci məhəllədə yerləşən "X7 Mərkəzi" uşaq bağçasına gedərək 4000 (dörd min) manat pulu Cavabdeh əlbəəl vermişdir. 17 yanvar 2024-ci il tarixdə həmin uşaq bağçasında aşbaz olaraq işə başlamışdır. Günay Məhərrəmovla qısa zamanda münasibətləri çox yaxşı olmuş və Cavabdeh güvənilər və sirdaş olaraq bildiyi üçün Bakı şəhərində toy mərasiminə getdiyi üçün evdə olan (bacısı X2 pulu idi. Həmin pul atalarından qalan miras torpaq satılmışdır) 14000 (on dörd min manat) pulu 05 sentyabr 2024-cü il tarixində Cavabdeh vermiş, 06 sentyabr 2024-cü il tarixində Bakı şəhərində toy mərasiminə getmişdir. 08 sentyabr 2024-cü il tarixində Bakı şəhərindən qayıtmış həmin tarixdən işə başlamış, elə həmin gün yəni təxminən 8-9 sentyabr 2024-cü il tarixində pulu Günaydan istəmiş, Günay isə bildirmişdir ki, pulu Eminə vermiş, o da qoyub kassaya Emin gəlsin kassadan pulunu verər. Eminin gəldiyini görmüş yenə pulunu istəmiş, bu gün sabah deyərək pulu qaytarmamışdır. 05 oktyabr 2024-cü il tarixdə vatşap üzərindən ona yazaraq salam Sara xala necəsən Sara xala mənim sənə işim düşüb başqa kimsə ağlıma gəlmədi mən qida təhlükəsizliyinə pul verməliyəm bağçanın hesabatıda ay sonu deyil deyə bağlıdır. Mənə üçüncü günəqədər 2000 (iki min) manat verə bilərsən deyə mesaj atmışdır.

3. Həmin gün bacısı X1 2000 (iki min) manat pul almışdır. Cavabdeh ona qızı Selcanı göndərdiyini, pulu ona verməsini demişdir. O da dayanacaqda 2000 (iki min) manat pulu Selcana vermişdir. Bir neçə gündən sonra Cavabdeh pulu istəmiş hərdən bir bəhanə ilə bu gün sabah deyərək pulunu qaytarmamışdır. Cavabdeh barəsində Naxçıvan Şəhər Polis İdarəsində cinayət işi başlanmış, həmin zaman işə düzəlmək adı ilə verdiyi 4000 (dörd min) manat pulu etraf etmiş 14000 (on dörd min) manat və 2000 (iki min) manatı etiraf etməmiş və ittiham aktında öz əksın tapmamışdır.

4. Bundan sonra Cavabdeh vatsap üzərindən yazaraq bildimişdir ki, bəs evində yatanda durquzub pul istəyən sən deyildin deyə mesaj atmış, Cavabdeh mesaja cavab olaraq bildirmişdir ki, “Sara xala istəmişəm sizdə Selcana verdiniz astonofkada düzdü 2000 (iki min) manat pulu verdiyini bildirmişdir. Bundan sonra 14000 (on dörd min) manat pulu başqa yolla sübut edə bilmədiyini gördüyündən məcbur qalıb Cavabdeh işlətdiyi bağçaya gedərək telefonda səs yazısı yazmışdır. Həmin zaman 14000 (on dörd min) manatə etiraf etmişdir. İddiaçı və oğlu Azər Hacıyev getmişdir. İddia ərizəsinə Flaş kartda səs yazısı və mesajlar əlavə olunmuşdur. Həmin pula böyük ehtiyacı var məcbur qalıb məhkəməyə müraciət etmişdir.

5. Əlavə olaraq qeyd etmək istəyir ki, Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə Naxçıvan Şəhər Məhkəməsində 1(078)- 72/2025 nömrəli cinayət işi davam edir.

6. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2, 1092-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

7. 14.01.2026-cı il tarixli məhkəmə iclasında İddiaçı bildirdi ki, Cavabdeh 2024-cü ilin sentyabr ayının 5-i toya getdiyinə görə bacısının 14000 manat əmanət pulunu vermişdir. 2 günlük də işdən ondan icazə almışdır. Qayıtdığı zaman isə cavabdeh bu gün-səhər pulu verəcəyini demişdir. 5 oktyabr tarixində Günay müəllimə ona zəng etmişdir ki, təcili 2 min manat pul lazımdır, heç kimdən ala bilmir. Tək ondan istəyə bilmişdir. Həsənova Südabədən 2 min manat almış və Günay müəlliməyə vermişdir. Günay 3 gün ərzində verəcəyini demiş, lakin bu günə kimi geri qaytarmamışdır.

8. 14.01.2026-cı il tarixli məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir və vəkilin iştirakı olmadan izahat vermək istəmir. Vəkillə müqavilə bağlayacaqdır.

9. 04.03.2026-cı il tarixli məhkəmə baxış iclasında İddiaçı bildirdi ki, bağçaya getmiş və Günayın özü ilə danışmışdır. Aylıq 400 manat alacağını, uşaq sayı çoxaldıqca isə maaşı artmalı idi. Yanvar ayından noyabr ayına kimi orada işləmişdir. 14000 vermə səbəbi, bacısının əmanət pulu onda idi, ailəlikcə hamısı Bakıya toya getdiklərindən, evə oğru girər deyə aparıb 2 günlük ona vermişdir. Qohumlarının hamısı da toya Bakıya getdiyindən verə bilməmişdir. Bakıdan qayıdanda isə Eminin kassaya qoyduğu demişdir. Lakin Bakıda olduğunu demişdir. Məhəllədə Emini görmüş, buna görə müəlliməyə zəng etmiş, o da bu gün-səhər alacam demişdir. Eminin özündən də soruşmuş, o da ona pul verilmədiyini demişdir. Anası da demişdir ki, bu pulu o verəcəkdir. Atası ilə də evlərinə gedib danışmışdır. Noyabr ayının 14-də saat 5 olanda qızların arxasınca getmiş, binanın qabağında isə polis demişdir ki, Günay itmişdir. Səhəri gün də gedib ərizə yazmışdır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

10. 04.03.2026-cı il tarixli məhkəmə baxış iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

Sübutların tədqiqi:

11. İş materiallarında olan səs yazısından(14.35-ci saniyə) görünür ki, Cavabdeh 16000 manat borcu qəbul etmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

13. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə.

14. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 15.Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 16.Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya (1092.1.1.); əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə (1092.1.2.).

Tətbiq edilən prosessual hüquq normaları:

Mülki Prosessual Məcəllə

17. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

18. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

19. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

25. Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir.

26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:

31.Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. 32.Məhkəmə ilk növbədə qeyd edir ki, prosessual qanunvericilikdə “Jura novit curia”, yəni “Məhkəmə qanunları bilir” prinsipi tətbiq olunur ki, iddiaya baxan məhkəmə iddia tələbinin əsaslandırılmasından asılı olmayaraq təqdim olunmuş sübutlara əsasən tərəflər arasında yaranmış hüquq münasibətlərini müəyyən etmək və Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən həmin münasibətlərə uyğun olaraq maddi hüquq normanı tətbiq etməklə, mübahisəni həll etməlidir. 33.Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalı olması təsbit edilmişdir. Hazırki iddia tələbində isə tərəflər arasında olan münasibətlərdə borcla bağlı yazılı müqavilə bağlanmamışdır. 34.Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddianın hüquqi əsasını Mülki Məcəllənin 1091 və 1092-ci maddələri yəni, əsassız varlama ilə bağlı müddəaları təşkil edir. 35.Məhkəmə qeyd edir ki, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. 36.“N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı). 37.İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. 38.Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. 39.Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. 40.Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə 16000 (on altı min) manat pulun(12000+2000) verməsi barədə votsap yazışması və cavabdehin həmin məbləği etiraf etməsi barədə səs yazısını məhkəməyə təqdim etmişdir. Cavabdeh məhkəmə iclasında həmin pulların ona verilmədiyini bildirsə də, qeyd edilən halı təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. 41.Məhkəmə qeyd edir ki, Mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı təcrübəyə əsasən şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. 42.Məhkəmə hesab edir ki, qeyd edilən səs yazısı cavabdehin xəbəri olmadan yazılsa da, həmin sübut qanunsuz deyil və tərəflər arasında mövcud danışıqlar, həmin tərəflər üçün sirr deyil və hazırkı mübahisənin hüquqi həllinin əsas sübutudur.

43. MPM Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir.

44. Məhkəmə həmçinin hesab edir ki, ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı tərəfindən "xxxx" ASC-nə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 138 (bir yüz otuz səkkiz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır.

45. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3-cü maddələrini rəhbər tutaraq

qətetdi:

İddia təmin edilsin. Cavabdeh 16000 (on altı min) manat pul və 138 (bir yüz otuz səkkiz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar