Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1658/2025 13.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və iddiaçının vəkil və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 34700 (otuz dörd min yeddi yüz) manat borc məbləğinin, vəkil xərcinə görə ödədiyi 300 (üç yüz) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 195 (bir yüz doxsan beş) manat pulların alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh onun qonşusudur, onunla qonşu kimi münasibətləri vardır. Cavabdeh Fətulla keçən ilin payız aylarında ona məxsus olan ərzaq mağazasına gələrək ona pula ehtiyacı olduğunu bildirərək ondan 5000 manat borc istəmişdir. O, ilk başda ona borc verməyə tərəddüd etmiş, lakin sonradan Fətulla ona inanmağını, vermiş olacağı pulu qısa müddət ərzində qaytaracağını bildirmişdir. Özü də həmin vaxt onun çox çarəsiz olduğunu görüb ona inanaraq 5000 manat borc pul vermişdir. Lakin üstündən bir müddət keçdikdən sonra Fətulla öncədən verdiyi 5000 manatı qaytarmamış və yenidən ondan borc pul istəmişdir. Bakı şəhərində evi olduğunu həmin evi satmağa qoyduğunu, satılan kimi ona olan borcunu qaytaracağını bildirmişdir. O, qısa zaman ərzində Bakıda olan evin ən qısa vaxta satılaraq pulunu ona qaytaracağına inanaraq müxtəlif vaxtlarda ona 4000 manat, 8000 manat bir, 5000 manat, 2000 manat borca pul vermişdir. Ümumilikdə Fətullaya 39.700 manat borca pul vermişdi. Fətulla həmin məbləğdən yalnız 5000 manatını ona geri qaytarmışdır. Hazırda Fətullanın ona olan borcunun ümumi məbləği 34700 (otuz dörd min yeddi yüz) manatdır. Qeyd edilən məbləğdə pulu Fətullaya verməyinə səbəb isə Fətullanın onu aldadaraq Bakı şəhərində evinin olduğunu, həmin evi satıb onun borcunu verəcəyini deməsi olmuşdur. O, Fətulladan dəfələrlə ona olan borcunu qaytarmağını istəsə də o hər dəfəsində onu aldadaraq “bu gün-səhər ödəyəcəyəm” demişdir. Özü həmin pulları başqa şəxslərdən borc alaraq ona vermişdir. Fətulla borcu gecikdirdikcə həmin şəxslər də ondan borcu ödəməyini tələb edirdilər. Ən son olaraq o, çox çarəsiz vəziyyətdə qalaraq öz canına qəsd etmək qərarına gəlmiş və ən sonunda Fətulladan borcunu qaytarması üçün onun evinə getmişdir. Fətulla yenə həmişəki kimi yalan vədlər verərək borcunu ödəyəcəyini bildirmişdir. Həmin vaxt çox çarəsiz olduğundan sirkə içərək intihara cəhd etmək istəmişdir. Bu hadisədən sonra onların Naxçıvan şəhər Prokurorluğunda izahatları alınmışdır. Cavabdeh da həmin izahatlarda ona 34700 manat borcu olduğunu etiraf etmişdir. Bu hadisələrdən sonra o, dəfələrlə cavabdehdən ona olan 34700 manat borcunu geri qaytarmasını tələb etsə də cavabdeh borcunu geri qaytarıb vermir və müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmaqdadır. Cavabdeh bu günədək borcunun qaytarılması ilə bağlı heç bir addım atmır və hər dəfəsində müxtəlif bəhanələrlə ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırdır. Artıq bu səbəbdən də o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, artıq pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ona ödənilməli olan pul ilə bağlı tələbi təmin edilməli, tələb etdiyi 34700 (otuz dörd min yeddi yüz) manat və vəkil xərcinə görə ödədiyi 300 (üç yüz) manat və 195 (bir yüz doxsan beş) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir. İddiaçı 13 yanvar 2026-cı il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək Cavabdeh 34700 manat borc məbləğinin ona qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, cavabdeh tərəfindən 2000 (iki min) manat ona ödənildiyindən həmin hissədə iddiasından imtina etdiyini, iş üzrə icraata həmin hissədə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 13 yanvar 2026-cı il tarixli, 2(078)-1658/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçının iddia tələbinin Cavabdeh 2000 (iki min) manat pulun alınıb ona verilməsinə dair hissəsindən imtinası qəbul olunmuş və iddiaçının iddia tələbinin Cavabdeh 2000 (iki min) manat pulun alınıb ona verilməsinə dair hissəsinə münasibətdə iş üzrə icraata xitam verilməsi və iddia tələbinə borc məbləği olan 32700 (otuz iki min yeddi yüz) manatın, vəkil xərcinə görə ödənilmiş 300 (üç yüz) manatın və dövlət rüsumu kimi ödənilmiş 195 (bir yüz doxsan beş) manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi həddində baxılması qərara alınmışdır. 13 yanvar 2026-cı il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə baxış iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında cavabdehin ondan ilk olaraq 5000 manat istədiyini, özünün verdiyini, sonra da dəfələrlə pul istədiyini, özünün də başqalarından borc aldığını, cavabdehə borc verdiyini, cavabdehin evi olduğunu, satıb onun pulunu qaytaracağını dediyini, bir dəfə də borcun əvəzində qızıl gətirdiyini, ancaq özünün bunu götürmədiyini, borcun 35000 manata qalxdığını, borcu təxminən cavabdehin atasının ölümündən beş-altı ay əvvəl verdiyini, 2023-cü ilin dekabr ayı olmalı olduğunu, tam olaraq xatırlamadığını, özünün faizə pul vermədiyini, cavabdehin ona yalan danışdığını, bir il səkkiz ay yalan danışdığını, may ayından bu günə qədər ümumiyyətlə ödəniş etmədiyini, evlərinə getdiyini, cavabdehin həyat yoldaşına da bu məsələni danışdığını, 35000 manatdan artıq pul olduğunu, cavabdehin ona evi satacağını dediyini, üç-dörd ay çəkdiyini, yenə də pulu ödəmədiyini, pulu verəcəyini dediyini, yalanlar danışdığını, özünün ancaq stress yaşadığını, başına döydüyünü, özünə döydüyünü, hətta az qalsın özünə qəsd edəcəyini, sonra cavabdehin ondan ev satmaq üçün makler nömrəsi istədiyini, evi satmaq üçün istədiyini dediyini, evi 90000 manata satacağını dediyini, evi satıb borcu qaytaracağını dediyini, sonra cavabdehin yoldaşının evi satmadıqlarını dediyini, sonra cavabdehin ona məhkəməyə getməməsini, pulunu ödəyəcəyini dediyini, evin satılmadığını, ancaq ödəyəcəyini dediyini, pulu ödəmədiyini, özünün problemlər yaşadığını, cavabdehin ona dekabrın 28-dək pulu ödəyəcəyini dediyini, ancaq ödəmədiyini, sonra özünün dəfələrlə əlaqə saxladığını, cavabdehin onun kartına 1000 manat pul atdığını, “ayın 1-nə bütün pulu ödəyəcəyəm” dediyini, yenə də ödəmədiyini, özünün onun evinə getdiyini, onlara “məhkəməyə də getməyəcəyəm, burada oturacağam, heç yerə getməyəcəm, pulu ödəsin” dediyini, sonra ayın 5-i 1000 manat daha kartına atdığını, “iki gün sonra bütün pulu ödəyəcəyəm” dediyini, yenə də ödəmədiyini, sonra ona 1000 manat pul verdiyini, ancaq cavabdehin həmin pulu başqa borca görə, torpaq satmaq üçün ondan aldığı pula görə ödədiyini, bunun həmin 34700 manat pula aidiyyatı olmadığını, həmin pulun əvvəldən iddia tələbinə daxil olmadığını, cavabdehin də bunu təsdiq etdiyini, cavabdehin ona məhkəmədə qaldırdığı iddia tələbinə münasibətdə, yəni 34700 manata münasibətdə cəmi 2000 manat ödəniş etdiyini, qalan puldan heç bir ödəniş etmədiyini, 32700 manat məbləğində pulun cavabdehdən alınaraq ona qaytarılmasını istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkil və nümayəndəsi Vəkil izahatında iddia ərizəsinə və iddiaçının qeyd etdiklərinə əlavəsi olmadığını, iddia tələbinin əsaslı olduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 23 dekabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaçının qeyd etdiklərinin düzgün olduğunu, özünün iddiaçıdan pul aldıqca həmin məbləğləri qeyd etmədiyini, iddiaçının 34700 manat borcu olduğunu deyirsə, düz dediyini, özünün 35000 manat borcu olduğunu bildiyini, ancaq iddiaçı 34700 manat deyirsə, doğru olduğunu, iddia tələbini qəbul etdiyini bildirmişdir. İddiaçının cavabdehə borc olaraq verdiyi 32700 (otuz iki min yeddi yüz) manat (cavabdehin etdiyi ödəniş nəticəsində iddiaçının iddia tələbinin 2000 (iki min) manat hissəsindən imtinası nəzərə alınmaqla həmin hissədə iş üzrə icraata xitam verilməsi nəzərə alınaraq (34700-2000=32700)) pul məbləğinin Cavabdeh alınıb verilməsini tələb etməsi işin mübahisəli halıdır. Cavabdeh 23 dekabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək ərizədə iddia tələbini qəbul etdiyini, İddiaçı 34700 (otuz dörd min yeddi yüz) manat borcu olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin tələblərinin ona izah olunduğunu və aydın olduğunu qeyd etmişdir. Məhkəmə işin mübahisəli halının həlli ilə bağlı cavabdehin etirafını nəzərə alaraq bildirir ki, iddiaçının cavabdehə borc olaraq verdiyi 32700 (otuz iki min yeddi yüz) manat pul tələbi cavabdeh tərəfindən etiraf olunduğundan onun tələbi həmin hissədə əsaslı sayılaraq təmin olunmalıdır. Həmçinin məhkəmə onu da qeyd edir ki, cavabdehin etiraf ərizəsi 34700 (otuz dörd min yeddi yüz) manata münasibətdə olsa da, iddianın etirafı barədə ərizə verdikdən sonra onun etdiyi ödəniş nəticəsində iddiaçının iddia tələbinin 2000 (iki min) manat hissəsindən imtinası nəzərə alınaraq iddia tələbinə həmin hissədə xitam verildiyindən və qeyd edilən hal cavabdehin etiraf etdiyi məbləğin azaldılması ilə nəticələndiyindən onun etirafı nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin məzmununa görə cavabdeh ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Cavabdeh iddiaçıya olan borcuna dair iddianı etiraf etməsinə dair verdiyi ərizəni müzakirə edərək belə nəticəyə gəlir ki, işdə etirafın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İddiaçının digər tələbi isə vəkil xərci üçün ödənilmiş 300 (üç yüz) manat hüquqi yardım xərcinin və ödənilmiş 195 (bir yüz doxsan beş) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0 və 115.0.6-cı maddələrinin tələbinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən ödənilmiş 195 (bir yüz doxsan beş) manat məbləğində dövlət rüsumunun və vəkilə hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat xidmət haqqının əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -32700 (otuz iki min yeddi yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməli; -iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 195 (bir yüz doxsan beş) manat məbləğində dövlət rüsumunun və vəkilə hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat xidmət haqqının əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 32700 (otuz iki min yeddi yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 195 (bir yüz doxsan beş) manat məbləğində dövlət rüsumunun və vəkilə hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat xidmət haqqının əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1658/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1658/2025
13.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver