Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1669/2025 03.03.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 506 (beş yüz altı) manat pulun və ödəniş etdiyi 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq qeyd etmişdir ki, o, 15 ildən artıq müddətdir ki, xalça və qarışıq malların satışı ilə məşğuldur. Bununla bağlı vergi ödəyicisidir. 2023-cü ilin avqust ayında Naxçıvan şəhər sakini Seyidova X3 şəhəri Cahan Ticarət Mərkəzində yerləşən mağazasına gəlib, Naxçıvan əsəb Dispanserində həkim işlədiyini, nağd yolla ala bilmədiyindən nisyə yolla xalça, stul və digər məişət əşyaları almaq istədiyini bildirmişdir. Onunla hər ay əmək haqqı alarkən 100 manat ödəniş edəcəyi barədə şifahi razılığa gəldikdən sonra, ona ümumilikdə 506 manat dəyərində xalça, 6 ədəd stol və digər əşyaları ona satmışdır. Ay tamam olduqdan sonra ona zəng etmişdir. Lakin, əmək haqqılarının verilmədiyini bildirmişdir. Artıq iki ildən artıq müddətdir ki, Cavabdeh müxtəlif bəhanələrlə ona olan borcunu verməmiş, əksinə onu, bununla bağlı məhkəməyə verməyimi tələb etmişdir. Özü də bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülki iş üzrə məhkəmə baxış iclasının vaxtı və yeri barədə Cavabdeh mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında Cavabdeh 2024-cü ildə gəlib birinci dəfə koridor üçün 6 metr uzunluğunda metri 30 manatdan olmaqla 180 manat dəyərində yolluq, 25 manat dəyərində 2x3 ölçüdə xalça, hər biri 16 manatdan 6 ədəd stul götürdüyünü, stol da götürəcəyini, sonra götürmək istəmədiyini, ümumilikdə 345 manat etdiyini, həmin vaxt cavabdehin 39 manat pul ödədiyini, 306 manat borcu qaldığını, bir müddət keçdikdən sonra yenidən gəldiyini, əşyalar götürmək istədiyini, əmək haqqısını almadığı üçün ödəniş edə bilmədiyini, lakin ikisini də ödəyəcəyini bildirdiyini, ikinci dəfə də 6 metr uzunluğunda metri 30 manatdan olmaqla 180 manat dəyərində yolluq götürdüyünü, 20 manata da 1 ədəd paltar şəriti götürdüyünü, 200 manat dəyərində də bu dəfə əşya götürmüş olduğunu, ümumilikdə 545 manat dəyərində əşya götürdüyünü, 39 manat ödəniş etdiyini 506 manat borcu qaldığını, şahidin qeyd etdiyi məbləğlərdə fərq olmasının səbəbinin onun cavabdehin 39 manat ödəniş etdiyini bilməməsi olduğunu, dəftərə 506 manat olaraq qeyd olunduğunu, Rəşidə də ödədikcə oradan silməsini dediyi üçün onun həmin məbləği dəqiq bildiyini bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Keçirilən əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında iddia ərizəsində yazılanların səhv olduğunu, özünün 2024-cü ilin avqust ayında iddiaçıdan biri 14 manat olmaqla 2 ədəd mətbəx stulu, 5 manat dəyərindən qapının önünə salmaq üçün balaca xalça, 273 manat dəyərində isə mətbəx və koridor üçün daroşka adlı əşyalar aldığını, iddiaçıya ümumilikdə 306 manat borcu olduğunu, banka kredit borcu olduğu üçün əmək haqqından tutulmalar olduğunu, bu səbəbdən ödəniş edə bilmədiyini, iddiaçının anasının onu təhqir etdiyini, özünün bununla bağlı polis şöbəsinə də müraciət etdiyini, polis şöbəsində iddiaçının ərizə verdiyini, həmin ərizədə də 306 manat borcunun olduğunu qeyd etdiyini, 506 manatın haradan çıxdığını bilmədiyini, özünün qeyd etdiyi əşyalardan başqa heç nə götürmədiyini bildirmişdir. Məhkəmə iclası zamanı ifadə verən şahid X2 ifadəsində Cavabdeh birinci dəfə 306 manat dəyərində xalça, stol-stul götürdüyünü, ikinci dəfə də gəlib 200 manat dəyərində xalça götürdüyünü, özünün də mağazada olduğunu, xalça kəsdiyini, ilk dəfə 6 metr uzunluğunda metri 30 manatdan olmaqla 180 manat dəyərində kovrolit götürdüyünü, 6 ədəd stul və stol götürdüyünü, 2x3 ölçüdə xalça götürdüyünü, ikinci dəfə də 6 metr uzunluğunda metri 30 manatdan olmaqla 180 manat dəyərində yolluq götürdüyünü, başqa ev əşyaları da götürdüynü, özünün qiymətləri tam olaraq bilmədiyini, bu barədə müştərinin müdiriyyətlə danışdığını, lakin özünün dəftərdə qeyd aparıldığı üçün cavabdehin ümumilikdə 506 manat borcunun qaldığını bildiyini, iddiaçının ödədikcə silməsini dediyini, sadəcə olaraq özünün cavabdehin hansı əşyanı dəqiq hansı qiymətə aldığını bilmədiyini, özünün qiymət məsələsinə qarışmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarına obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardır. Məhkəmənin iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, iş materiallarından aydın olur ki, cavabdeh Seyidova X3 şəhəri, İstiqlal küçəsi, ev 99, mənzil 26 ünvanında rəsmi qeydiyyatdadır. Cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin məhkəmə bildirişləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onun yaşadığı ünvana rəsmi qaydada göndərilmişdir. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazlarının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə və iddiaçıya təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında özünün iddiaçıya 306 manat borcu olduğunu, bir dəfə gedib ev əşyaları götürdüyünü, iddiaçının qeyd etdiyi qaydada ikinci dəfə gedib 200 manat dəyərində əşyalar götürmədiyini, həmçinin polis şöbəsində bununla bağlı iddiaçının ərizəsi olduğunu qeyd etsə də bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir, iddiaçı isə bu halları izahatında inkar etmişdir. Həmçinin cavabdehin qeyd etdiyi polis şöbəsində iddiaçının onun 306 manat borcunun olması ilə bağlı ərizə verməsi xüsusatının dəqiqləşdirilməsi məqsədilə məhkəmə tərəfindən Naxçıvan Şəhər Polis İdarəsinə sorğu verilmiş, həmin sorğuya cavab olaraq 21 fevral 2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, “İddiaçı tərəfindən Cavabdeh qarşı Naxçıvan Şəhər Polis İdarəsinə hər hansı şikayətlə bağlı müraciət etməmişdir”. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri olmuş və onlar arasında şifahi alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Tərəflər arasında olan razılaşmadan aydın olur ki, onlar arasındakı razılaşmaya əsasən iddiaçı cavabdehə ümumilikdə dəyəri 545 (beş yüz qırx beş) manat olan 6 ədəd stul, xalça, paltar qurutmaq üçün asqı və dəhliz üçün xalça (yolluq) adlı əşyaları verməyi, cavabdeh isə həmin əşyanın dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə qeyd olunan əşyaları vermiş, cavabdeh həmin əşyanın dəyəri olan 545 (beş yüz qırx beş) manat pulu ödəməyi öhdəsinə götürmüş, həmin puldan 39 (otuz doqquz) manat ödəniş etmiş, lakin qalan 506 (beş yüz altı) manat borcu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə tərəflər arasındakı razılaşmaya əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində 6 ədəd stul, xalça, paltar qurutmaq üçün asqı və dəhliz üçün xalça (yolluq) adlı əşyaları cavabdehə təhvil verməyi, cavabdeh isə həmin razılaşmaya əsasən həmin əşyaların dəyərini iddiaçıya ödəməyi öz öhdələrinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan əşyaları cavabdehə təhvil vermiş, cavabdeh isə tərəflər arasındakı razılaşma üzrə müəyyən olunmuş şərtlər daxilində əşyanı əldə etməsinə, həmin əşyanın dəyərini iddiaçıya ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin əşyaların dəyərini ödəməkdən yayınmışdır. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının cavabdehlə aralarında olan şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş üzrə məhkəmə iclasında dindirilən şahidin ifadəsi ilə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda tərəflər arasındakı şifahi alqı-satqı müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinin tələbinə görə isə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı qarşısında öz öhdəliyini lazımınca icra etməməsi öz təsdiqini tapdığından məhkəmə iddiaçının tələbini əsaslı sayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin edilməli; - 506 (beş yüz altı) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli; - iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 506 (beş yüz altı) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-1669/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1669/2025
03.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver