Məhkəmə qərarları › İş №2(078)-1761/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1761/2025

02.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1761/2025 02.03.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: pul tələbi) Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, İddiaçı1, İddiaçı3, İddiaçı2, iddiaçıların vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 5000 (beş min) manat və dövlət rüsumu olaraq ödənilmiş 70 (yetmiş) manat pulun alınıb İddiaçı3, Cavabdeh1 11000 (on bir min) manat, hüquqi yardımın göstərilməsi haqqında EM- 06/63VK - 64807/25 nömrəli, xx.xx.2025-ci il tarixli müqavilə əsasında Naxçıvan şəhər Vəkil Bürosuna ödənilmiş 300 (üç yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 123 (bir yüz iyirmi üç) manat pulun alınıb İddiaçı2, Cavabdeh2 5000 (beş min) manatın, hüquqi yardımın göstərilməsi haqqında EM-06/63VK-40708/25 nömrəli 29 iyul 2025-ci il tarixli müqavilə əsasında Naxçıvan şəhər Vəkil Bürosuna ödənilmiş 100 (bir yüz) manatın 50 (əlli) manatının X1, 50 (ǝlli) manatının isə Cavabdeh1 və dövlət rüsumu olaraq ödənilmiş 70 (yetmiş) manat pulun Cavabdeh2 alınıb İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 fərdi yaşayış evini satmaq üçün telefonda elan qoymuşdur. İddiaçı1 ona zəng edib ünvanı öyrənib arvadı İddiaçı2 və qızı İddiaçı3 ilə birlikdə evə baxmağa getmişdirlər. Evdə onları Cavabdeh1 və arvadı qarşıladılar. Evə baxmış, bəyənmiş və xoşlarına gəlmişdir. Qiymətini soruşan zaman demişdirlər ki, vermişik maklerə, maklerdən soruşun, onun adı Mürsəldi. Cavabdeh1 makler Mürsəli ora çağırdı. Cavabdeh2 ora gəlmiş və Mürsəl evin qiymətinin 35000 manat olduğunu bildirmişdir. İddiaçı onlarla evin 21000 manatını nağd ödəyəcəklərini, qalan 14000 manatını isə ayda 500 manat olmaqla ödəyəcəkləri barədə razılığa gəlmişdirlər.

3. Mürsəl orada demişdir ki, Həsəngilə torpaq almış onlara ev tikəcəkdir. Bunun üçün inşaat materialları almalıdır. Orada Cavabdeh2 iddiaçıdan 5000 manat pul istəmişdir. Oradan çıxıb evə gəlmiş və 5000 manat pulu götürüb arvadı və qızı ilə Həsəngilə qayıtmışdırlar. Həsən evdə olmamış, işə getmişdir. Onunla telefon əlaqəsi saxlayan zaman demişdir ki, pulu aparın verin makler Mürsələ, o bizə ev tikir. Həsənin arvadı da həmin sözü təkrarlamışdır. İddiaçı da Mürsəlin ofisinə gedib orada 5000 manat pulu Cavabdeh2 vermişdir. Cavabdeh2 də avans müqaviləsi yazıb özü və qızı İddiaçı3 imzalatmışdır.

4. İkinci dəfə pulu xx.xx.2025-ci il tarixdə vermişdirlər. Yenə Cavabdeh1 zəng etmiş, o da demişdir ki, gedin makler Mürsəlin yanına gəlirik. Yenə iddiaçı, arvadı, qızı Mürsəlin ofisinə getmişdirlər. Cavabdeh1 və arvadı artıq orada idilər. Pulu sayıb vermiş arvadına, o da bir dəfə sayıb 11000 manatı Cavabdeh1 vermişdir. Sonra beh müqaviləsi yazıldı, Cavabdeh1la İddiaçı2 imzaladılar, Cavabdeh2 də möhürünü vurdu. Cavabdeh1 evin sənədlərini iddiaçıya vermişdir. Sonra isə arada inam olsun deyə Cavabdeh1 notariusda iddiaçının adına etibarnamə yazıb vermiş, evdən bir otaq ayırmış, aparıb əşyalarını da (xalça, qab-qacaq, pərdə) həmin otağa yığmışdırlar. Bundan əlavə qızı Aysunun nişan mərasimini də orada keçirmişdirlər. Evin pulundan qalan 5000 manatı onlara göndərmişdilər.

5. Cavabdeh1 zəng etmişdir ki, pulu göndəriblər, gəl görüşək verim. Oda demişdir ki, işdəyəm, çıxa bilmirəm, aparın verin maklerə, evin materiallarını alır. İddiaçılar Mürsəlin ofisinə getmiş orada 5000 manat pulu Mürsələ vermişdir. Mürsəl avans müqaviləsi yazdı, iddiaçı ilə o imzalamış, sonra isə möhür vurmuşdur. Razılaşmışlar ki, 21000 manatı verdikləri gündən sonra Həsəngil 1 ay qalıb evdən çıxacaqlar. Lakin onlar bir ay tamam olandan sonra evdən çıxmamışdırlar. Evə gedəndə isə onlar iddiaçıları evə buraxmamışdırlar.

6. Makler Cavabdeh2 və evin sahibi Cavabdeh1 onların 21000 manat pulunu alaraq evi vermədikləri üçün Naxçıvan MR Daxili İşlər Nazirliyinə, Naxçıvan şəhər Polis İdarəsinə və Naxçıvan şəhər Polis İdarəsinin birinci polis bölməsinə göndərdiyi ərizələri ilə Naxçıvan şəhər Polis İdarəsi tərəfindən verilən cavabda 21000 manatlıq alqı-satqı məsələsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Sonda cavabdehlər götürdükləri öhdəlikləri yerinə yetirmədilər, nə evi verdilər, nə də pulu qaytardılar. Cavabdehlərə pretenziya məktubları göndərərək pullarını istəmiş, lakin onlar heç bir cavab verməmişdirlər. İddiaçı da bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Çəkəcəyi bütün xərclərin cavabdehlər tərəfindən qarşılanmasını istəyir.

7. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 442-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

8. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək bildirdi ki, ev sahibindən pulu tələb edirlər. Ev sahibi onları maklerə yönləndirmişdir. 5500 manat pulu Mürsəl istəmişdir. Ev sahibinin razılığı ilə o pulu Mürsələ vermişdirlər. Lakin Cavabdeh1 işdə olduğundan iştirak etməmişdir. 11000 manatda beh Cavabdeh1 verilmişdir. İddia tələbinin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək bildirdi ki, 11000 manatı Həsənə vermiş, o da pulu Mürsələ vermişdir. Sonra evin sənədini ona vermişdir.11000 manatı Mürsəlin ofisində Həsənə vermişdir. Xalça, pərdə kimi əşyaları aparmış, həmçinin qızının xeyir işini də orada etmişdirlər. Bir müddət sonra isə əşya götürmək üçün evə gedən zaman Həsən onu döyərək evdən qovmuşdur. İddia tələbinin təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında İddiaçı3 iddia tələbini müdafiə edərək bildirdi ki, Mürsələ 5000 manat ödəniş etmişdir. Həsən müəllim iştirak etməmiş, lakin onun razılığı ilə pulu Mürsələ vermişdir. 2 dəfə həmin evdə yığıncaq keçirmiş və bunla bağlı şəkillərdə mövcuddur. Əşyalarını da o evə yığmış, həmin əşyalarda o evdədir. İddia tələbinin təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil bildirdi ki, elan əsasında iddiaçılar Cavabdeh1la görüşmüş, Cavabdeh1 evin alqı-satqısını Mürsələ həvalə etdiyini bildirmişdir. 21 min manata razılığa gəlmiş, belə ki həmin pulu ödədikdən sonra evi adlarına keçirəcəkdilər. Müqavilələrdə onlarla bağlandığı üçün 10000 manatı Cavabdeh2, 11000 manatı isə Cavabdeh1 tələb edirlər. 21 min manatı aldıqdan sonra Cavabdeh1 iddiaçıları evdən qovur, evi satmadıqlarını bildirirlər. Evi versinlər, əks halda isə pulu istəyirlər. 21 min manat qarşılığında ev verilməmişdir. İddia tələbinin təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, iddianın hamısı yalandır. Ev satılması barədə elan vermiş və 60 minə dəyərində qiymət bildirmişdir. 5 ayın içində Mürsəl onlara yeni evi təhvil verəcəyini bildirmişdir. İddiaçılar gəlmiş və evi bəyəndiklərini bildirmişdir. Ona pul verməmişdirlər. Cinayət işi üzrə rədd edilmə qərarı da qəbul edilmişdir. Qızına nişan edəcəklərini və evlərinin olmadıqlarını, buna görə də bir neçə saatlıq evdə nişan keçirmək istəmişdirlər. O da insanlıq edərək icazə vermişdir. İddiaçılar dəfələrlə onu təhqir etmişdirlər. Evi alacaqlarına görə nişan keçirməklərinə razılıq vermişdir. Evin qiymətini soruşan zaman neçəyə satacaqlarını deməmişdir. Çünki qiyməti Mürsəl bildirdi. 5000 manat beh almaqla bağlı Mürsəl ona deməmişdir. Etibarnaməni isə işdə olduğuna görə sənədləri hazırlasın deyə vermişdir. Elanda evin qiymətini qoymuşdur. İddiaçılar evdən xoşlarının gəldiklərini dedi. İddia tələbinin təmin edilməməsini xahiş etdi.

13. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, ev sahibini tanımırdı, Vəfa xanıma görə tanımış, gedib evə baxmış lakin evin 60 min manat olmadığını, 42-45 min manat arası olduğunu demişdir. Sonra Aysun xanımgil gəlmiş və 35 min manata satmışdır. Cavabdeh1 bələdiyyə torpağı tapmış, lakin onun sənədləşməsi uzun çəkir. 11000 manat verilən vaxt Valeh və Həsən olmuşdur. 11000 manatı vermədə əvvəl aralarında danışıq olmuş və 5 ay orada qalacaqlarına razılaşmışlar. 200 manatı isə puldan çıxılacaqdır. Daha sonra 11000 manatı Həsənə vermişlər, Həsən də o pulu ona vermişdir. Sonra Valehə sənədləri düzəltməklə bağlı etibarnamə verilmişdir. Daha sonra həmin evdə Valeh qızının xeyir işini etmişlər. Valeh ondan sonra Həsənə evdən çıxmalarını demişdir. Sonra Valeh 5 ay vaxt verəcəyini demişdir, lakin evdən çıxmalarını istədiyindən Həsənin pulun qalanını ödəyəcəyinə inamı qalmamışdır. Sənədləri hazırladığı zaman Həsənin evinə getdiklərini və dava çıxardıqlarını bildirmişdir. İddiaçılar evi elanda görmüş, onun yanına gəlmiş və birlikdə Həsənin evinə getmişdirlər. Qiymət barəsində danışmamış, əsas tələbləri yaxşı ev olmuşdur. Sonra ofisə getmiş və aralarında danışıq olmuş, imkanlarının 35000 manata çatdığını, ayda 400-500 manat ödəniş edə biləcəklərini bildirmişdirlər. Beh alacağını da Həsənə demişdir. Həsənin 11000 manatdan məlumatı olmuşdur. Vəfa xanıma demişdir ki, onlara torpağı almağa gedir. 3600 manatlıq material almışdır. Bunlar ofisdə yazılı halda vardır. 11000 alan zaman pulu da saymış və Həsənə verən zaman Həsən onun götürməyini demişdir. Behlərin alınmasında Vəfa xanımgil iştirak etməmişdir. Müqaviləni yazmış, sonra pulu Limon marketin yanında gətirmişdir. Evin sənədi hələ pul verilmədən onda idi. 11000 manat verilən gün ya da səhəri etibarnamə alınmağa getmişdir. Etibarnaməni də Həsən işdən çıxa bilmədiyinə görə alınmışdır. Pulun hamısı ona gəlmişdir.

Sübutların tədqiqi:

14. İş materiallarında olan xx.xx.2025-ci il tarixli etibarnaməyə əsasən, Cavabdeh1 İddiaçı1 xx.xx.2025-ci il tarixədək etibarnamə vermişdir.

15. İş materiallarında olan, 24 mart 2025-ci il tarixli avans müqaviləsinə əsasən, İddiaçı3 tərəfindən Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzil üçün 5000 (beş min) manat məbləğində ödəniş etmişdir.

16. İş materiallarında olan, 26 mart 2025-ci il tarixli beh müqaviləsinə əsasən, İddiaçı2 tərəfindən Cavabdeh1 ev alqı-satqısı üçün 11000 (on bir min) manat məbləğində ödəniş etmişdir.

17. İş materiallarında olan, 07 may 2025-ci il tarixli avans müqaviləsinə əsasən, İddiaçı1 tərəfindən Cavabdeh2 ev alqı-satqısı üçün 5000 (beş min) manat məbləğində ödəniş etmişdir.

18. İş materiallarında olan 04 noyabr 2025-ci il tarixli Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış məktubda ünvan 3rpaq sahəsində yerləşən, ümumi sahəsi 121.17 m2 olan 3 otaqlı fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə Naxçıvan şəhər 1 saylı notariat ofisində qeydiyyata alınan 2V-32 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydiyyata alınmışdır.

19. İş materiallarında olan, 29 iyun 2025-ci il tarixli cinayət işinin rədd edilməsi barədə qərara əsasən,HKpi-840/25 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

20. İş materiallarında olan, 17 sentyabr 2025-ci il tarixli cinayət işinin rədd edilməsi barədə qərara əsasən,HKpb-516/25 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

21. İş materiallarında olan, 24 oktyabr 2025-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 pretenziya məktubu göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Konstitusiyası:

22. 60-cı maddənin İ hissəsi. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 23.125-ci maddənin Vİİ hissəsi. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

24. Maddə 1.1. Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir.

25. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

26. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

27. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə.

28. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

30. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

31. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər.

32. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

35. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

36. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

37. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

38. Maddə 448.1.Əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

39. Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.

40. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.

41. Maddə 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.

42. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Tətbiq edilən prosessual hüquq normaları:

Mülki Prosessual Məcəllə

43. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

44. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

45. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

46. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

51. Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir.

52. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

56. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

57. Məhkəmə iddiaçıları və cavabdehləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir.

58. Məhkəmə qeyd edir ki, iş mübahisəsiz hallarından görünür ki, tərəflər ünvan 3rpaq sahəsində yerləşən, ümumi sahəsi 121.17 m2 olan 3 otaqlı fərdi yaşayış evinin nisyə alqısatqısı barədə razılığa gəlmişlər. Qeyd edilən alqı-satqının gələcəkdə icrasını realizə etmək üçün tərəflər arasında beh və avans müqavilələri bağlanmışdır.

59. İş mübahisəli halı ondan ondan ibarətdir ki, cavabdehlərdən Cavabdeh1 həmin müqavilələrdən əldə edilən məbləğin ona verilmədiyini, iddiaçılar isə həmin avans ödənişlərinin Cavabdeh1 razılığı ilə digər Cavabdeh2 verildiyini, behin isə biləvasitə Cavabdeh1 verildiyini iddia edirlər.

60. Hazırki mübahisəyə düzgün hüquqi qiymət verilməsi üçün beh və avans müqavilələrinin anlayışı, həmin müqavilələrin bağlanmasının hüquqi əsasları araşdırlmalı,daha sonra isə həmin müqavilələrin nəticələri əsasında pulun kimə verildiyi müəyyən edilməlidir.

61. Mülki Qanunvericilikdə beh müqaviləsinin anlayışı verilmiş və behin müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləği olduğu təsbit edilmişdir. Göründüyü kimi beh hazırkı mübahisədə gələcəkdə alqı-satqısı nəzərdə tutulan daşınmaz əmlakın alınmasının təsdiq etmək və icrasını təmin etmək məqsədi daşıyır.

62. Məhkəmə qeyd edir ki, Mülki Məcəllədə Avans müqaviləsi adlı müqavilə nəzərdə tutulmamış, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olubolmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılıldığı təsbit edilmişdir.

63. Belə olan halda məhkəmə hesab edir ki, behin və avansın fərqləri aydınlaşdırılamlıdır. Mülki Qanunvericilikdə beh barədə müqavilənin məbləğindən asılı olmayaraq yazılı şəkildə bağlanmalı olduğu təsbit edilmişdir. Behin yazılı şəkildə bağlanmaması həmin ödənişin avans kimi dəyərləndirilməli olduğu müəyyən etmişdir. Yəni, beh və avans arasında əsas fərq müqavilənin forması ilə bağlıdır. Yəni, beh mütləq qaydada yazılı formada bağlanmalı, daşınmaz əmlakla bağlı olduqda isə notarial qaydada təsdiqlənməlidir. Avansda isə belə bir qayda nəzərdə tutulmamışdır.

64. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 digər Cavabdeh1 əmlakının satışı zamanı təmsilçilik funksiyalarını yerinə yetirmiş və bu zaman Cavabdeh1 biləvasitə iştirakı olmadan iddiaçılardan İddiaçı3 və İddiaçı1 ilə avans adlanan müqavilələr bağlamış və həmin müqavilələr nəticəsində ona verilmiş ümumilikdə 10.000(on min) manat pulu özünü dediyinə görə Cavabdeh1 üçün aldığı torpaq sahəsinə və orada ev tikintisinə xərcləmişdir.

65. Məhkəmə qeyd edir ki, Cavabdeh2 tərəfindən həmin məbləğlərin iddiaçılardan alındığı məhkəmə iclasında özünün etirafı ilə təsdiqlənsə də, həmin məbləğin Cavabdeh1 verilməsi və yaxud onun göstərişi əsasında Cavabdeh1 üçün torpaq alınıb tikinti aparılmasını təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

66. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılardan İddiaçı3 və İddiaçı1 tərəfindən Cavabdeh2 avans ödənişi olaraq verilmiş məbləğlər Cavabdeh2 alınıb iddiaçılar İddiaçı3 və İddiaçı1 qaytarılmalıdır.

67. Məhkəmə Cavabdeh1 və iddiaçılardan İddiaçı2 arasında bağlanmış bej müqaviləsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllə daşınmaz əmlakla bağlı bağlanan beh müqaviləsinin notarial qaydada bağlanılmalı olduğunu təsbit etmişdir. Lakin, tərəflər arasında bağlanan həmin müqavilə qeyd edilən tələbə cavab vermədiyindən etibarsız müqavilə olmuşdur. Mülki Məcəllə etibarsız əqdlər nəticəsində tərəflərin aldıqlarını bir-birinə qaytarmalı olduqlarını təsbit etdiklərindən, hazırkı halda, Cavabdeh1 verilmiş 11000 manat ondan alınıb iddiaçılardan İddiaçı2 qaytarılmalıdır.

68. Məhkəmə Cavabdeh1 ona pulun verilməməsi barədə etirazının dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli etibarnamədən görünür ki, həmin etibarnaməyə əsasən, Cavabdeh1 İddiaçı1 daşınmaz əmlaka sərəncam verilməsi barədə etibarnamə vermişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar əşyalarını Cavabdeh1 mülkiyyətində olan evə gəitirib yerləşdirmiş və həmin evdə iddiaçılardan İddiaçı3 üçün nişan mərasimi keçirilmişdir. Eyni zamanda Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında beh müqaviləsi bağlanan zaman Cavabdeh1 da onun ofisində olduğunu etiraf etmişdir.

69. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 beh müqaviləsi üzrə məbləğ bilavasitə verilməsə də, həmin məbləğ Cavabdeh1 yanında və onun razılığı ilə Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Odur ki, cavabdehin həmin hissədə etirazını məhkəmə tərəflərin faktiki münasibətləri baxımından inandırıcı hesab etmir.

70. Məhkəmə həmçinin, Cavabdeh1 Cavabdeh2 qarşı reqress qaydada 11.000 manat pul tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olmasını izah edir.

71. Məhkəmə qeyd edir ki, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.

72. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı).

73. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.

74. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.

75. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

76. Məhkəmə iddiaçılar tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat və 100 manat qonararın cavabdehlərdən tutulmasına münasibətdə qeyd edir ki, hüquqi yardıma görə haqq 300 manat və 100 manat məbləğin ödənilməsi barədə ödəniş qəbzi iddia ərizəsinə əlavə edilməmiş, məhkəmə hazırlıq iclası yekunlaşana qədər həmi sənəd təqdim olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

77. MPM Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir.

78. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı3 tərəfindən "xxxx" ASC-nə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu Cavabdeh2, İddiaçı2 tərəfindən "xxxx" ASC-nə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 123 (bir yüz iyirmi üç) manat dövlət rüsumu Cavabdeh1 və İddiaçı1 tərəfindən "xxxx" ASC-nə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu Cavabdeh2 alınaraq İddiaçı1 qaytarılmalıdır.

79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdeh2 5000 (beş min) manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 70 (yetmiş) manat məbləğində pul alınıb İddiaçı3 ödənilsin. Cavabdeh1 11000 (on bir min) manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 123 (bir yüz iyirmi üç) manat məbləğində pul alınıb İddiaçı2 ödənilsin. Cavabdeh2 5000 (beş min) manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 70 (yetmiş) manat məbləğində pul alınıb İddiaçı1 verilsin. Cavabdeh1 Cavabdeh2 qarşı 11000 (on bir min) manat məbləğində pulun alınması barədə iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış Elektron Kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar