Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-178/2022 06.10.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payın dəyərinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhəri, Bəhruz ünvan 1 ünvanında yerləşən 138.40 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 0.0565 kv.metr olan fərdi yaşayış evindən yaşayış evi paylı mülkiyyət olduğundan onun 2/5 hissədə payının dəyərini təşkil edən 32000 (otuz iki min) manatın digər mülkiyyətçilər olan Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Naxçıvan şəhəri, Bəhruz ünvan 1 ünvanında yerləşən ev ataları X3 1989-cu il tarixdə öləndən sonra miras qalmışdır. Naxçıvan şəhər Birinci Dövlət Notariat Kontoru tərəfindən 02 dekabr 2016-cı il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Naxçıvan şəhəri, Bəhruz ünvan 1 ünvanında yerləşən evin 1/5 hissəsi qardaşı Cavabdeh1, 2/5 hissəsi digər qardaşı Cavabdeh2 və 2/5 hissəsi isə ona verilmişdir. İddiaçı həmin ona verilmiş 2/5 hissədə payını 20 iyul 2020-ci il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində ********** qeydiyyat və **********86-10301 reyestr nömrə ilə adına qeydə aldırıb çıxarış almışdır. Lakin cavabdehlər payları müəyyən olunsa da onun mülkiyyətindən qanunsuz olaraq istifadə etməklə mülkiyyət hüququnu pozurlar. Qardaşı Cavabdeh2 ondan əvvəl həmin daşınmaz əmlakdan payının naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etsə də 14 iyul 2021-ci il tarixli, 2(078)-31/2021 nömrəli qətnamə ilə tərəflər arasında müəyyən olunmuş payların təcrid olunmuş qaydada ayrılaraq bölünməsi texniki cəhətdən mümkün olsa da Cavabdeh2 fərdi yaşayış evində olan 2/5 pay hissəsinə uyğun olaraq yaşayış evlərinin naturada bölünməsi mümkün olmadığından iddiası rədd edilmişdir. Onun da 2/5 hissədə payının naturada ayrılması mümkün olmadığından digər mülkiyyətçilərdən payının dəyərinin ona ödənilməsini istəyir. Mübahisəli daşınmaz əmlak 138.40 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 0.0565 kv.metr olan fərdi yaşayış evindən ibarətdir. Hesab edir ki, bu gün həmin əmlakın 80000 (səksən min) manat qiyməti vardır. O da həmin məbləğdən ona düşən 32000 (otuz iki min) manatın cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsini istəyir. 24 fevral 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. İddiaçı ərizədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payın dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, qeyd olunan iddia ərizəsinin xahiş hissəsində torpaq sahəsinin və fərdi yaşayış evinin ölçülərinin səhv göstərildiyini qeyd edib hazırda iddia tələbində dəqiqləşdirmə apararaq Naxçıvan şəhəri, Bəhruz ünvan 1 ünvanında yerləşən 0.0565 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 138.4 kv.metr olan fərdi yaşayış evindən yaşayış evi paylı mülkiyyət olduğundan onun 2/5 hissədə payının dəyərini təşkil edən 32000 (otuz iki min) manatın digər mülkiyyətçilər olan Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 24 fevral 2022-ci il tarixində keçirilmiş məhkəmə hazırlıq iclasında iddiaçının ərizəsi təmin olunaraq iddia tələbinə Naxçıvan şəhəri, Bəhruz ünvan 1 ünvanında yerləşən 0.0565 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 138.4 m2 olan fərdi yaşayış evindən yaşayış evi paylı mülkiyyət olduğundan iddiaçının 2/5 hissədə payının dəyərini təşkil edən 32000 (otuz iki min) manatın digər mülkiyyətçilər olan Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb iddiaçıya verilməsi həddində baxılması qərara alınmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh1 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında iddianı qəbul etmədiyini, mübahisəli evin atalarından onlara miras qaldığını, həmin daşınmaz əmlakın 1/5 hissəsinin qardaşı Cavabdeh1, 2/5 hissəsinin digər qardaşı İddiaçı və 2/5 hissəsinin isə ona məxsus olduğunu, həmin daşınmaz əmlakdan payının naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, lakin paylarına uyğun olaraq yaşayış evinin naturada bölünməsi mümkün olmadığından iddiasının rədd edildiyini, hazırda həmin evin bir hissəsində İlqar və ailəsinin yaşadığını, evin digər hissəsində isə özünün və ailəsinin yaşadığını, İlqarın payının dəyərini ödəməyə maddi imkanı olmadığını, ona heç nə ödəyə bilməyəcəyini bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, Naxçıvan şəhəri. B.ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 2/5 hissəsinin X2, 2/5 hissəsinin İddiaçı, 1/5 hissəsinin Cavabdeh1 mülkiyyətində olması, qeyd olunan daşınmaz əmlakda olan payların naturada bölünməsinin mümkün olmaması işin mübahisəsiz hallarıdır. Həmin halların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan Naxçıvan şəhəri, Bəhruz ünvan 1 ünvanında 0.0565 ha torpaq sahəsində yerləşən 138.4 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin 2/5 hissədə Cavabdeh2, 2/5 hissədə İddiaçı və 1/5 hissədə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 18/27 nömrəli reyestr kitabının 5160 nömrəli vərəqində qeydiyyata alınması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(078)-31/2021 nömrəli qətnaməsindən iddiaçı X2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı paylı mülkiyyətin naturada ayrılması tələbinə dair iddiasının rədd edilməsinin qət edilməsi aydın olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi Naxçıvan Şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(078)-31/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş halların hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşımasını tərəflərin nəzərinə çatdırmaqdır. Hazırda iddiaçının Naxçıvan şəhəri, Bəhruz ünvan 1 ünvanında yerləşən 0.0565 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 138.4 m2 olan fərdi yaşayış evindən yaşayış evi paylı mülkiyyət olduğundan iddiaçının 2/5 hissədə payının dəyərini təşkil edən 32000 (otuz iki min) manatın digər mülkiyyətçilər olan Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb ona verilməsini tələb etməsi isə mülki işin mübahisəli halıdır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin mübahisəli halının həlli baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 04 avqust 2022-ci il tarixli rəydən görünür ki, Naxçıvan şəhəri, Bəhruz ünvan 1 ünvanında yerləşən 0.0565 ha torpaq sahəsi və onun üzərində yerləşən 138.4 m2 fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixinə bazar dəyəri 90300 (doxsan min üç yüz) manat təşkil edir. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə görə mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3- cü maddəsi). Həmin Qərarda qeyd olunmuşdur ki, Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Həmin qərarda həmçinin göstərilmişdir ki, ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Həmin Qərara əsasən məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Göstərilənlərə əsaslanaraq və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, tərəflərin, yəni paylı mülkiyyətçilərin hər birinin mübahisəli əmlakdan istifadə hüquqları vardır. Lakin, tərəflər ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlaka sahiblik və ondan istifadə barədə razılığa gələ bilmirlər. Həmçinin paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında naturada bölünməsində də razılıq əldə edilməmiş, buna görə də paylı mülkiyyətin naturada bölünməsi üçün məhkəməyə müraciət edilmiş, lakin payın naturada bölünməsi mümkün olmadığından iddia rədd edilmişdir. Məhkəmə iddiaçının payının dəyərinin cavabdehlər tərəfindən ona ödənilməsi (kompensasiya vermək) ilə bağlı qeyd edir ki, iddiaçı, mübahisəli daşınmaz əmlakın paylı mülkiyyətçisi olmaqla, qeyd edilən əmlakın onun mülkiyyətində olan hissəsinin dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri olan cavabdehlərdən ona ödənilməsini tələb etmişdir. Lakin iddiaçının payının dəyərinin əvəzində digər mülkiyyətçi olan cavabdehlərdən kompensasiya tələb etməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 iddiaçıya kompensasiya ödəmək üçün maddi imkanının olmadığını bildirmiş, digər Cavabdeh1 isə məhkəmə iclaslarında iştirak etməmiş və iddiaçının tələbi ilə bağlı məhkəməyə hər hansı bir münasibət bildirməmişdir. Məhkəmə Cavabdeh2 iddiaçıya payının əvəzi olaraq kompensasiya ödəmək imkanının olmadığını qeyd etməsini, digər Cavabdeh1 tərəfindən bu istiqamətdə hər hansı hərəkətlərin edilməməsini, məhkəmə iclaslarında iştirak etməməklə yanaşı bu məsələ ilə bağlı məhkəməyə münasibət bildirməməsini nəzərə alıb, belə qənaətə gəlir ki, onun da kompensasiya vermək imkanı yoxdur və ya o, kompensasiya vermək istəmir. Yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin Qərarını nəzərə alan məhkəmə hesab edir ki, cavabdehlər iddiaçıya payın əvəzi olaraq kompensasiya ödəmək istəmədiklərindən iddiaçının tələbi təmin edilə bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia rədd edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz manat) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payın dəyərinin ödənilməsi tələbinə dair iddiası rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payın dəyərinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-178/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-178/2022
06.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver