Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-200/2024 30.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək kommunal xərclərə görə ödənilmiş 592.08 manat, yükdaşıma xidməti üçün ödənilmiş 2182 manat, ödənilməmiş icarə haqqı kimi 2100 manat olmaqla ümumilikdə 4874.08 manat vurulmuş maddi ziyana görə pulun, dəymiş mənəvi zərərə görə 10000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 134.62 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 23..04.2024-cü il tarixli ərizəni məhkəməyə göndərmiş və sözügedən ərizə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı ərizəsində ilkin iddia tələbində cavabdehdən ödənilməmiş icarə haqqı kimi 2100 manat pul tələb etsə də, lakin iddia tələbinin həmin hissədə azaldılması zərurəti yaranmışdır. İddiaçı iddia tələbinə “kommunal xərclərə görə ödənilmiş 592.08 manat, yükdaşıma xidməti üçün ödənilmiş 2182 manat olmaqla ümumilikdə 2774.08 manat vurulmuş maddi ziyana görə pulun, dəymiş mənəvi zərərə görə 10000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 134.62 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi” tələb çərçivəsində işə baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin olunaraq iddia tələbinə “Kommunal xərclərə görə ödənilmiş 592.08 (beş yüz doxsan iki manat səkkiz qəpik) manat, yükdaşıma xidməti üçün ödənilmiş 2182 (iki min bir yüz səksən iki) manat olmaqla ümumilikdə 2774.08 (iki min yeddi yüz yetmiş dörd manat səkkiz qəpik) manat vurulmuş maddi ziyana görə pulun, dəymiş mənəvi zərərə görə 10000 (on min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 134.62 (bir yüz otuz dörd manat altmış iki qəpik) manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi tələbi” çərçivəsində baxılmasına qərar verilmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 19 sentyabr 2022-ci il tarixində icarə müqaviləsi bağlanıb. İcarə müqaviləsində göstərilən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 87.4 kv.m olan qeyri-yaşayış sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrinin Çıxarışına əsasən onun mülkiyyətindədir. İcarə müqaviləsinin şərtlərinə görə icra müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Lakin cavabdeh icarə öhdəliklərini icra etmədiyinə görə narazılıqlar olmuşdur. Bundan sonra icarə müddətinin uzadılması barədə aralarında razılıq olmamış, icra müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Bu səbəbdən o, xx.xx.2023-cü ildə Cavabdeh ərizə (bildiriş) ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə icarəyə verdiyi ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 87.4 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verməyi və 19 sentyabr 2023-cü ilə qədər qeyri-yaşayış sahəsinə aid olan kommunal ödənişlərin qəbzlərini təhvil-təslim etməyi xahiş edib. Cavabdeh ərizəyə (bildirişə) cavab olaraq bildirmişdir ki, 19 sentyabr 2022-ci il tarixli icarə müqaviləsinin müddətini uzatmaq fikri yoxdur və icarə götürdüyü qeyri-yaşayış sahəsini tam boşaldılaraq təhvil verilməsi üçün ona xx.xx.2023-cü il tarixədək möhlət verməyi xahiş etmiş, lakin cavabdeh yenə də onun tələbinə əməl etməmişdir. Bundan sonra o, müvafiq iddia tələbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edib. Həmçinin onun müraciəti əsasında müvəqqəti təminat tədbiri tətbiq edilərək, cavabdehin onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinə girişçıxışına məhdudiyyət qoyulmuşdur. Bundan sonra cavabdeh mənzildən əşyalarını götürmədi. Cavabdeh əşyalarını götürmədiyi üçün o, məcbur olub "xxxx" MMC yükdaşıma şirkəti ilə müqavilə bağlamış və cavabdehin əşyalarının çıxarılması üçün 2182 manat pul ödəmişdir. Eyni zamanda cavabdeh mənzili tərk etdikdən sonra yaşadığı müddətdə ödənilməmiş kommunal xərcləri vardır. Həmin kommunal xərclərinə 592.08 manat pul ödəyib. Cavabdeh bu hərəkəti ilə ona maddi və mənəvi ziyan vurmuşdur. Həmçinin, müqavilə müddəti xx.xx.2023-cü il tarixdə bitməsinə baxmayaraq cavabdeh xx.xx.2023-cü il tarixinək möhlət verilməsini xahiş etdiyindən faktiki olaraq 21 gün icarə obyektindən istifadə etmişdir. xx.xx.2022-ci il tarixli icrarə müqavilənin şərtələrinə əsasən cavabdeh icarə haqqı kimi 3000 manat ödəməyi öhdəsinə götürmüşdür. Bu səbəbdən cavabdehdən ödənilməmiş icarə haqqı kimi 2100 manat (21 günün ödənişi) tutularaq ona ödənilməlidir. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin o, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə məhkəmənin ünvanına teleqram göndərərək iddianı müdafiə etdiyini, məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmiş və mülki işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin o, xx.xx.2024-cü il tarixdə məhkəmənin elektron ünvanına ərizə göndərərək qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə 5500 manat məbləğində pulu iddiaçıya ödəyib. (qəbzlər əlavə olunub). Başqa sözlə, tərəfindən icarə haqqı daha artıq həcmdə və əvvəlcədən iddiaçıya ödənilib. Odur ki, onun iddiaçıya icarə haqqı üzrə hər hansı borcu qalmayıb. (İddiaçıya artıq ödəmiş olduğu pulun geri tələb edilməsi hüququnu özündə saxlayır). Kommunal xidmət haqqının ödənişinə gəldikdə isə, iddia ərizəsinə əlavə olunan qəbzdən də göründüyü kimi, qeyri-yaşayış sahəsinə görə son olaraq xx.xx.2023-cü il tarixdə ödəniş olunmuşdur. Bu mənada həmin sahədən kommunal xidmətlərdən istifadə nəticəsində yaranmış borc onun sahədən çıxmasından sonrakı dövrə təsadüf edir. Göstərilənləri nəzərə alaraq, iddiaçının ona qarşı iddia tələblərinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını araşdırıb və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidr. Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan aydın olur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 87.4 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyat alınmışdır. xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin surətindən aydın olur ki, İddiaçı tam mülkiyyət hüququ üzrə özünə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 87.4 kv.m olan qeyri-yaşayış sahəsini aylıq 3000 manat ödəmək şərti ilə Cavabdeh icarəyə vermiş, müqavilə bağlanarkən İddiaçı əvəzinə X3 imza etmişdir. Müqavilə həmin tarixdə Bakı şəhər 5 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilib və reyestrdə 3M-1412 nömrə ilə informasiya sisteminə daxil edilib. ünvan 1 ünvanında yerləşən çay evinin elektrik enerjisi üzrə 592.08 manat borcu olduğu göstərilmişdir. Son ödəniş xx.xx.2023-cü il tarixdə 407 manatdır. Son göstərici xx.xx.2023-cü il əvvəlki göstərici xx.xx.2023-cü ildir. Ödəniləcək məbləğ 592.08 manatdır. xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən çay evinin elektrik enerjisi üzrə 592.08 manat borcu ödənilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli 382416 nömrəli mədaxil qəbzindən aydın olur ki, xidmət haqqı X4 tərəfindən 2182 manat olaraq ödənilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-16(009)-202/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı müvəqqəti təminat tədbirinin görülməsi haqqında ərizəsi təmin olunaraq ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 87.4 kv.m olan qeyri-yaşayış sahəsindən Cavabdeh və digər üçüncü şəxslərin istifadəsinə qadağa qoyularaq qərardadın dərhal icrası Səbail Rayon İcra Şöbəsinə həvalə edilmişdir. 02 noyabr 2023-cü il tarixdə Səbair rayon İcra Şöbəsi tərəfindən akt tərtib edilərək ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 87.4 kv.m olan qeyri-yaşayış sahəsindən Cavabdeh və digər üçüncü şəxslərin istifadəsinə qadağa qoyulması barədə məhkəmə qərardadı icra edilmişdir. Yük daşıma xidməti üçün təqdim edilən əmtəə nəqliyyat qaimələrində avtomobillərlə daşınan mallara münasibətdə həyata keçirilən ödənişlər qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə görə icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Tərəflər arasında bağlanmış 19 sentyabr 2022-ci il tarixli icarə müqaviləsinə görə icarəyə verən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 87.4 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı adından Cavabdeh icarəyə verilmişdir. İcarə müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmiş, icarə haqqı 3000 manat, icarə ödənişi hər ayın 10-da ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin tərəflər arasında bağlanmış müqavilə şərtlərində kommunal xidmətlərdən (elektrik, qaz, istilik, kanalizasiya, telefon, abunə və digər) istifadə edilməsinə görə haqlar habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları icarəyə götürən tərəfindən ödənilir. Məhkəmə qeyd edir ki, təqdim edilən sübutlarla Cavabdeh müqavilə müddəti və tərəflər arasında 1 aylıq uzadılmış müddət bitdikdən sonra iddiaçının mülkiyyətində olan icarə obyektindən 31 oktyabr 2023-cü il tarixədək çıxmaması və obyekti təhvil verməməsi öz təsdiqini tapır. Bununla bağlı qanuni qüvvədə olan müvəqqəti təminat tədbirinə dair məhkəmə qərardadı və qərardadın icrası ilə bağlı İcra şöbəsinin aktı mövcuddur. Yük daşıma xidməti tərəfindən cavabdehə malik avadanlıqlar daşınmasını təsdiq edən nəqliyyat qaimələri və xidmət haqqının ödənilməsinə dair qəbz sübut olaraq təqdim edilmişdir. Eləcə də kommunal ödəniş üzrə yaranmış borca münasibətdə sayğac göstəricisi qeyd edilmişdir. Bu sübutlar əsasında iddiaçı cavabdehin ona vurduğu maddi ziyanı sübuta yetirə bilmişdir. Cavabdeh kommunal ödənişin onun obyektdən istifadə etmədiyi üçün yarandığını qeyd etsə də zəruri sübutlarını təqdim etməmiş, iddiaçı tərəfindən təqdim edilən sübutda isə sayğacın əvvəlki və sonuncu göstəricisində qeyd edilən tarix cavabdehin etirazını əsassız hesab edir. Həmin göstəricidə keçmiş borcun 407 manat ödənildiyi qeyd edilsə də qalıq borcun 592.08 qalması da öz əksini tapmışdır. Belə olan halda cavabdehin iddiaçıya vurduğu maddi ziyanı ödənilməsi barədə iddiaçının iddiası əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbində göstərilən mənəvi zərərlə bağlı gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hər bir şəxsin hüququ qanunla mühafizə edilir. Qanunla müdafiə edilən sağlamlıq və digər hüquqa edilən birbaşa və ya dolayısı ilə hüquqa zidd əməl nəticəsində zərər vuran təqsirli şəxs, həmin zərərin əvəzinin ödənilməsi üçün məsuliyyət daşıyır. Mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdır. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən, hər üç əlamətin birgə mövcud olması nəticəsində mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən dəymiş zərərin ödənilməsi tələb edilə bilər. Çünki delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmişdir. Həmçinin həmin Qərarda qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göstərilən halları nəzərə alaraq məhkəmə iddiaçıya dəymiş mənəvi zərərin 200 (iki yüz) manat həcmində müəyyənləşdirilməsini ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, iş üzrə Cavabdeh kommunal xərclərə görə ödənilmiş 592.08 (beş yüz doxsan iki manat səkkiz qəpik) manat, yükdaşıma xidməti üçün ödənilmiş 2182 (iki min bir yüz səksən iki) manat olmaqla ümumilikdə 2774.08 (iki min yeddi yüz yetmiş dörd manat səkkiz qəpik) manat vurulmuş maddi ziyana görə pulun, dəymiş mənəvi zərərə görə isə 200 (iki yüz) manat, cəmi birlikdə 2974.08 (iki min doqquz yüz yetmiş dörd manat səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi mənəvi zərərə görə qalmış hissədə isə rədd edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən “Kapital Bank” C.Cabbarlı filialına xx.xx.2023-cü il tarixdə ödənilmiş 135 (bir yüz otuz beş) manat dövlət rüsumundan iddianın təmin olunmuş hissəsinə uyğun olaraq qiymətləndirilən iddialar üzrə dövlət rüsumunun hesablanması qaydasına uyğun olaraq 49.74 (qırx doqquz manat yetmiş dörd qəpik) manatı Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə: Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə kommunal xərclərə ödənilmiş 592.08 (beş yüz doxsan iki manat səkkiz qəpik) manat, yükdaşıma xidməti üçün ödənilmiş 2182 (iki min bir yüz səksən iki) manat, mənəvi ziyana görə 200 (iki yüz) manat olmaqla ümumilikdə 2974.08 (iki min doqquz yüz yetmiş dörd manat səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən “Kapital Bank” C.Cabbarlı filialına xx.xx.2023-cü il tarixdə ödənilmiş 135 (bir yüz otuz beş) manat dövlət rüsumundan iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 49.74 (qırx doqquz manat yetmiş dörd qəpik) manatı Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-200/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-200/2024
30.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver