Məhkəmə qərarları › İş №2(078)-236/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-236/2025

07.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-236/2025 07.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona olan 2650 (iki min altı yüz əlli) manat borcun və ödənilmiş 47 (qırx yeddi) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı izahatında iddianı müdafiə edərək 2650 manat pul tələbinin olduğunu, evdə yaxşılaşdırma aparıldığını, yarıda qoyub getdiyini, divar kağızı, parket, qapıların pulu olduğunu, ona pulu verməsini dediyini, 15 minə danışdığını, tikdiyini, evinin yarımçıq qaldığını, bölməyə şikayət yazdığını, ərizə yazdığını, 2650 manatdan 1000 manatını ödədiyini, 1650 manatın qaldığını, o evi təmiz qurtardığını deyir, amma ev yarımçıq qalıb, 8 aydırki ona pulunu verəcəyini deyib, 1650 manatı qalır və evi yarımçıq tikilibdi, ustası yoxdu. Borcunu ödə deyəndə “hə, yaxşı” cavabını verib. Sadəcə pulunun qaytarılmasını, istəyir çünki evinin tikintisi yarımçıq qalıbdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Hazırki halda iddia tələbinin qanuni əsası podrat müqaviləsində irəli gələn münasibətlərdir. Podrat müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 769-cu maddəsinə görə əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə görə podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 762.3-cü maddəsinə görə podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Həmin Məcəllənin 760.1-ci maddəsinə görə əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 755-ci maddəsinə görə podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə araşdırmasının nəticələrindən məlum olmuşdur ki, görüləsi işlərin həyata keçirilməsi üçün tərəflər arasında həmin şərtlərin və qarşılıqlı öhdəliklərin müəyyənləşdirildiyi yazılı podrat müqaviləsi bağlanmamış, yazılı müqavilənin olmaması isə faktiki olaraq sifarişçi ilə podratçı, yəni iddiaçı ilə cavabdeh arasında hansısa öhdəliklərin yaranmasını müəyyən etməyə imkan verməmişdir. Şifahi podrat müqaviləsi üzrə öhdəlikdlərin olmasını və həmin öhdəliklərin yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” çıxarışa, əsasən, Naxçıvan şəhəri, Tumbul kəndi, 4-cü küçə 1G yerləşən torpaq sahəsi İddiaçı ********* qeydiyyat nömrəsi ilə tam paylı mülkiyyətindədir. İş materiallarında olan Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna, əsasən, İddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti Tumbul Kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyin verdiyi arayışa, əsasən, Abbasov X1 ərazisi dairəsi üzrə qeydiyyatda durur. İş materiallarına iddiaçı və cavabdeh arasında olan telefon danışıqları audio formasında DVD vasitəsi ilə iş materiallarına əlavə edilmişdir. Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə Cavabdeh izahatı iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş izahat və səs yazılarından görünür ki, Cavabdeh 2650 manat borcundan 1000 manatını ödəmişdir. Bundan əlavə cavabdehə iddiaçı tərəfindən pul verilməsi onlar arasında olan səs yazıları ilə təsdiqini tapır. Cavabdehin 1650 manat borcu qalmışdır. Buna görə də məhkəmə iddiaçı və cavabdeh arasında 2650 manat puldan qalan ödənilməyən pulun 1650 manat cavabdehdən alınmasını qanuni və əsaslı hesab edir. Ümumilikdə məhkəmə iddia tələbinin 2650 (iki min altıyüz əlli) manatdan 1650 manat qaldığına görə təmin edilməsi qalan ödənilmiş olan 1000 manat hissəsinin rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə yuxarıda sadalanan hüquq normalarını iş materiallarında olan sübutlarla əlaqəli şəkildə təhlil edir və belə nəticəyə gəlir ki, iş üzrə mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq iddia qismən təmin edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən xx.xx.2024cü il tarixdə "xxxx" ASC Naxçıvan filialına 17814 nömrəli qəbzlə ödənilmiş 47 (qırx yeddi) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 36.5 (otuz altı manat əlli qəpik) manatı cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 36.5 (otuz altı manat əlli qəpik) pul alınaraq iddiaçı Cavabdeh oğuna ödənilməli, iddia tələbi qalmış hissədə rədd edildiyindən ödənilən dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1650 (min altı yüz əlli) manat pul alınaraq İddiaçı oğuna ödənilsin. İddia tələbi qalmış hissədə rədd edilsin. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" ASC Naxçıvan filialına 17814 nömrəli qəbzlə ödənilmiş 47 (qırx yeddi) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 36.5 (otuz altı manat əlli qəpik) manatı Cavabdeh alınıb iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar