Məhkəmə qərarları › İş №2(078)-24/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-24/2025

19.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-24/2025 19.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı payın naturada ayrılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.197 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 115.76 kv.m təşkil edən daşınmaz əmlakda onun ½ payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum bibisi X1 mülkiyyətində olmuş ünvan 2 ünvanında 0.197 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 115.76 kvm təşkil edən fərdi yaşayış evindən ibarət miras əmlakın atası X3 tərəfindən sağlığında faktiki olaraq qəbul edilməsi və payının ½ hissə olması barədə iddia tələbinə 16 mart 2023-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsində baxılaraq (hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi ilə) iddianın təmin edilməsi barədə 2(078)-140/2023 nömrəli qətnamə qəbul edilmişdir. Həmin qətnamə əsasında atasının miras əmlakdakı 2 payı onun adına keçirilməklə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməklə xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Haliyyədə həmin ünvanda əmisi, Cavabdeh ailəsi ilə birlikdə yaşayır. Məhkəmədə mübahisə olmasına baxmayaraq torpaq sahəsində əlavə tikililər aparılır, qanunsuz olaraq ona məxsus olan əmlakdan istifadə edir, onun həmin daşınmaz əmlaka daxil olmağına maneəçilik törədir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclası zamanı iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək iddia ərizəsində qeyd edilənlərlə eyni izahat vermiş, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan: Naxçıvan MR-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın surətindən aydın olur ki, ünvan 1 ünvanında 0.197 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 115.8 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında 1/2 hissə olmaqla Cavabdeh və 1/2 hissə olmaqla İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/34 nömrəli reyestr kitabının 6714 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********81-10301; qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2024 və qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2024). Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 sentyabr 2024-cü il tarixli, 941 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqi hissəsində göstərilənləri, baxış zamanı və mülki iş materiallarında olan zəruri məlumatları nəzərə alaraq, ünvan 3 ünvanında 0.197 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 115.76 kv.m olan fərdi yaşayış evinin daşınmaz əmlakın mülkiyyətçilərin paylarına mütənasib surətdə (1/2 hissə ilə İddiaçı və 1/2 hissə ilə Cavabdeh) naturada təcrid olunmuş qaydada bölünərək verilməsi İnşaat Norma və Qaydaları 22.08.01.89-un (СНиП 2.08.01.89-un «Жилые здания») 1.1., 2.2., 2.4., 2.9. bəndlərində və metodik vəsaitin (Məmmədov M.N. «Məhkəmə tikinti-texniki ekspertizasının həlli metodları» Bakı-2008) tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2025-ci il tarixli ekspert rəyinə əsasən, ünvan 4 ünvanında 0.197 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 115.76 kv.m olan fərdi yaşayış evinin daşınmaz əmlakın mülkiyyətçilərin paylarına mütənasib surətdə (1/2 hissə ilə İddiaçı və 1/2 hissə ilə Cavabdeh) naturada təcrid olunmuş qaydada bölünərək verilməsi İnşaat Norma və Qaydaları 22.08.01.89-u (СНиП 2.08.01.89-un «Жилые здания») 1.1., 2.2., 2.4., 2.9. bandlərində və metodik vəsaitin (Məmmədov M.N. «Məhkəme tikinti-texniki ekspertizasının həlli metodları» Bakı2008) tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər uzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 sentyabr 2024-cü il tarixli, 941 nömrəli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2025-ci il tarixli ekspert rəylərini sübut kimi qiymtləndirir və verilmiş rəyləri iddia ərizəsi və iş üzrə toplanmış sübutlarla yanaşı qiymətləndirərək iddia tələbinin rədd edilməsi qənaətinə gəlir. Belə ki, iddia tələbi payın naturada ayrılması tələbidir. Naxçıvan MR-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın surətindən aydın olur ki, iddiaçının payı 1/2 hissədədir. Ekspert rəylərinə görə naturada bölgü mümkün deyildir. Hazırki vəziyyətdə iddia tələbindən kənara çıxmaq üçün müstəsna hallar yoxdur. Ona görə də məhkəmə tələbin təmin edilməməsi nəticəsinə gəlir. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 4 aprel 2014-cü il tarixli qərarını da nəzərə almışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə ekspert xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 20 (iyirmi) manat İddiaçı alınaraq X7 MR İdarəsinə ödənilməlidir (Kod: 502906, VÖEN: **********, Müxbir hesab: AZ88NABZ******************** SWİFT BİK NAXCAZ21). Həmçinin təkrar məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 100 (yüz) manat İddiaçı alınaraq X2 ödənilməlidir (Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK CTREAZ22). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı payın naturada ayrılması tələbinə dair iddiası rədd edilsin. Məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 20 (iyirmi) manat İddiaçı alınaraq X7 MR İdarəsinə ödənilsin (Kod: 502906, VÖEN: **********, Müxbir hesab: AZ88NABZ******************** SWİFT BİK NAXCAZ21). Həmçinin təkrar məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 100 (yüz) manat İddiaçı alınaraq X2 ödənilsin (Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK CTREAZ22). Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar