Məhkəmə qərarları › İş №2(078)-240/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-240/2025

20.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-240/2025 20.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12645 (on iki min altı yüz qırx beş) manat pulun və iş üzrə ödəmiş olduğu 130 (bir yüz otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə iclası iddiaçının və cavabdehin vəkili və nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Elektron məhkəmə informasiya sistemindən İddiaçı və Cavabdeh vergi məlumatlarından aydın olur ki, hər ikisi vergi ödəyicisidir. Məhkəmə tərəflərin hər birinin vergi ödəyicisi olması müəyyən edildiyindən hesab edir ki, məhkəmə aidiyyəti məsələsi həll edilməli, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 saylı qərarının 11-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qeyd edilən Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Öhdəliyin xarakterinə, mübahisənin predmetinə görə məhkəmə hesab edir ki, hazırki tələb sahibkarlıq münasibətlərinin həyata keçirilməsi ilə bağlı yaranmış tələb hesab edilməlidir. İstər iddia tələbindən, istərsə də tərəflərin izahatlarından aydın olur ki, tərəflər arasında kiçik həcmli cehiz, kosmetika, bjuteriya və qızıl-zinət əşyalarının alqı-satqına və gəlir əldə edilməsinə dair şifahi qaydada birgə fəaliyyət müqaviləsi bağlanmışdır. Hazırki tələb məhz bu müqavilənin icrasından olan öhdəliklərdən yaranmışdır. Belə ki, vergi məlumatlarında iş üzrə tərəflərin vergi ödəyicisi olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan və tərəflər vergi ödəyicisi olduğundan məhkəmə tərəfindən işin məhkəmə aidiyyəti qaydalarına riayət edilərək araşdırılmasının təmin edilməsi məqsədilə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31, 32, 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş məhkəmənin icraatına qəbul edilərək məhkəmə aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar