Məhkəmə qərarları › İş №2(078)-255/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-255/2025

12.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-255/2025 12.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənimsənilmiş pul vəsaitinin qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onu aldadaraq mənimsədiyi 200 manat pulun, mənəvi zərərin əvəzi olaraq əlavə 200 manat pulun və dövlət rüsumunun əvəzi olaraq 30 manatın, ümumilikdə 430 manatın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2024-cü ilin avqust ayında cavabdeh Gəncəyə gəlmək üçün yol məsrəfləri ilə əlaqədar ondan 200 manat borc pul istəmişdir. Cavabdehə inanıb iki dəfə 100 manat olmaqla cəmi 200 manatı onun kartına yükləmişdir. Lakin cavabdeh Gəncə şəhərinə gəlməmişdir. Onunla əlaqə saxlamaq istədikdə telefonu söndürmüş, zənglərinə cavab verməmişdir. Bununla əlaqədar 102 xidmətinə zəng etmişdir. Oradan ona demişdirlər ki, məbləğ azdır, məhkəməyə müraciət et. Odur ki, məhkəməyə iddia ilə müraciət etməli olmuşdur. Hesab edir ki, vətəndaşları bu cür aldadıb pulunu mənimsəyən şəxslərin barəsində hüquqi tədbir görülməlidir ki, onlar belə işlərdən çəkinsinlər. Cavabdeh bu hərəkətləri ilə ona əlavə mənəvi və maddi ziyan da vurub. Pozulan hüquqlarını bərpa etmək üçün xeyli vaxtını sərf edirəm, onun bu hərəkətlərinə görə gərginlik və əsəb keçirir. Dövlət rüsumu üçün isə 30 manat ödəməli olmuşdur. Hesab edir ki, 200 manat borcundan əlavə cavabdeh mənəvi ziyan olaraq əlavə 200 manat ödəməlidir və dövlət rüsumunun əvəzi də ondan tuulmalıdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə İddiaçı qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, məhkəməyə ərizələr göndərərək, Gəncə şəhərində yaşadığını, Naxçıvan şəhərinə gəlməyin onun üçün olduqca çətin olduğunu, iddia tələbimin həcmindən daha çox məsrəf və əziyyət tələb olunduğunu, həmçinin bütün sübutları məhkəməyə təqdim etdiyini, əlavə sübutlarının və ya vəsatətlərinin olmadığını, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini qismən qəbul edərək həqiqətən iddiaçıdan 200 manat Gəncə şəhərinə işləmək üçün getməsi üçün pul aldığını, daha sonra işləmədiyi üçün pulunu qaytara bilmədiyini, borcundan yayınmadığını, lakin pulu qaytarmaq üçün maddi imkanı olmadığını bildirib qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi təşkil edir. Həmin məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. İşin hallarından, təqdim edilən sənədlərdən və tərəflərin izahatlarından aydın olur ki, İddiaçı Cavabdeh onun istəyi əsasında Gəncə şəhərinə getməsi üçün 200 (iki yüz) manat borc pul vermişdir. Pul vəsaiti cavabdehə məxsus kart hesabına göndərilmişdir. Lakin cavabdeh Gəncə şəhərinə getməmiş və iddiaçının ona göndərdiyi pul vəsaitini geri qaytarmamışdır. Pul vəsaitinin qaytarmaması cavabdehin öz izahatı ilə təsdiq edilmişdir. Buna görə də həmin pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Eyni zamanda İddiaçı cavabdehdən 200 (iki yüz) manat mənəvi zərər tələb edir. İddiaçı ona mənəvi zərər vurulmasını pozulan hüquqlarının bərpası üçün xeyli vaxt sərf etməsi, cavabdehin bu hərəkətlərinə görə gərginlik və əsəb keçirməsi ilə əlaqələndirmiş, hər hansı mötəbər sübut təqdim etməmişdir. Buna görə də iddiaçının mənəvi zərər çəkməsini təsdiq edən hər hansı mötəbər sübut olmadığından tələb həmin hissədə əsassız hesab edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hər bir şəxsin hüququ qanunla mühafizə edilir. Qanunla müdafiə edilən sağlamlıq və digər hüquqa edilən birbaşa və ya dolayısı ilə hüquqa zidd əməl nəticəsində zərər vuran təqsirli şəxs, həmin zərərin əvəzinin ödənilməsi üçün məsuliyyət daşıyır. Mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdır. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən, hər üç əlamətin birgə mövcud olması nəticəsində mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən dəymiş zərərin ödənilməsi tələb edilə bilər. Çünki delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmişdir. Həmçinin həmin Qərarda qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan mənəvi zərərin ödənilməsi tələbi aşağıdakı şərtlər hamısı birlikdə mövcud olduqda əsaslı sayıla bilər: - iddiaçı fiziki və mənəvi sarsıntılar keçirməli; - bu sarsıntı cavabdehin iddiaçıya qarşı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli; - cavabdehin təqsiri müəyyən edilməlidir. Qeyd edilənləri sübut etmək vəzifəsini isə fiziki və ya mənəvi sarsıntı keçirməsini iddia edən şəxsin üzərinə düşür. Yuxarıda qeyd edilən şərtlərin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə qeyd edir ki, ilkin şərtin, yəni şəxsin fiziki və mənəvi sarsıntı keçirməsinin mövcud olması digər şərtlərin mövcudluğundan asılı olduğunu üçün ilk olaraq İddiaçı qarşı cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizlik edib-etməməsi müəyyən edilməlidir. Bu isə işin halları ilə öz təsdiqini tapır, yəni onunla borc müqaviləsi üzrə öhdəliyin yerinə yetirməməsi sübuta yetirilir. İddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi şərtin yoxlanılmasına gəldikdə İddiaçı iddia tələbinin qeyd edilən hissəsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Göstərilən halları nəzərə alaraq məhkəmə iddiaçıya mənəvi zərərin vurulmasına dair hər hansı sübut təqdim edilmədiyindən həmin hissədə də tələbin rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (İddiaçının şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddia tələbi mənəvi zərərin əvəzi olaraq 200 (iki yüz) manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində rədd olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq belə hesab edir ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Gəncə filialına 16 dekabr 2024-cü il tarixdə 24191 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi mənəvi zərərin əvəzi olaraq 200 (iki yüz) manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində rədd olunsun. İddiaçı tərəfindən "xxxx" ASC-nin Gəncə filialına 16 dekabr 2024-cü il tarixdə 24191 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar