Məhkəmə qərarları › İş №2(078)-34/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-34/2021

23.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-34/2021 23.02.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Cavabdeh və onun vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi, pul, qızıl-zinət əşyaları və əmlak tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən maddi və mənəvi zərər, şərəf və ləyaqətin alçaldılması üçün 10000 (on min) manat, dörd dəfə məcburi qonaqlığa görə 2000 (iki min) manat, özünə, atasına, anasına, əmisinə, bacısına və uşaqlarına hədiyyələr, xonçalar üçün çəkdiyi xərcə görə 1000 (bir min) manat, Bəxtiyara alınmış dəyəri 600 (altı yüz) manat olan briliyant qaşlı qızıl üzüyün, Bəxtiyara alınmış dəyəri 50 (əlli) manat olan gümüş üzüyün-bütün bunlarla əlaqədar cavabdehdən 13650 (on üç min altı yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx xxxxxx 2020-ci ildə rəsmi nikah qeydiyyatından keçərək evlənsələr də, faktiki olaraq ailə qurmamışlar. Özü ali təhsillidir. Cavabdeh heç bir səbəb göstərmədən nikahın pozulması barədə məhkəmədə iddia qaldırmışdır. Cavabdehlə bacısı vasitəsilə tanış olmuş və sonradan öyrənmişdir ki, onun Türkiyədə qeyri-rəsmi ailəsi və iki uşağı vardır. Cavabdeh bu barədə ona heç nə deməmişdir. Milli mentalitetə uyğun olmayan subay ola-ola kağız üzərində evli olması, adının nişanlı, evli çıxması, gələcək həyatını təhlükə altına qoyması onun şərəf və ləyaqətinin alçaldılması ilə maddi və mənəvi zərər vurmuşdur. Nişanlı olduqları vaxt heç bir günahı olmadan cavabdeh, anası və bacısı onunla dəfələrlə mübahisə etmiş, səbəb anasının onlarda qonaqlıq etməsi, nişan etməsi, öz qohumlarını onlara gətirmək istəməsi, Bəxtiyarın ana-bacı sözünə baxması olmuşdur. Məcburi olaraq 3 dəfə onlarda qonaqlıq və bir dəfə Bəxtiyara ad günü keçirilmiş, külli miqdarda onlara ziyan vurulmuşdur. Onları bayram görüşlərinə çağıraraq gələndə hamısına hədiyyə gətirilməli olduğu bildirildiyindən, məcburi şəkildə aparmışlar. Sonradan isə anası ona nişanı qaytardığını bildiribdir. Ona ali təhsilli olduğu halda işdən çıxmalı olduğu, qapalı geyinməli olduğu, onun atası, anası, bacısı, xəstə əmisi və həyətlərinə qulluq etməli olduğu deyilmiş, onlara diplomlu insan lazım olmadığı bildirilmişdir. Onun razılığı olmadığı halda cavabdeh nikahın ləğv olunması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Ona aldıqları zinyət əşyaları və bir-iki dəst paltarı isə cavabdehin anası aparmış və nişanda qonaqlarla birlikdə gətirəcəklərini bildirmişdir. Onların aldıqları əşyalar isə cavabdeh tərəfdə qalmışdır. Qeyd etdikləri ilə əlaqədar maddi və mənəvi zərər, şərəf və ləyaqətin alçaldılması üçün 10000 (on min) manat, dörd dəfə məcburi qonaqlığa görə 2000 (iki min) manat, özünə, atasına, anasına, əmisinə, bacısına və uşaqlarına hədiyyələr, xonçalar üçün çəkdiyi xərcə görə 1000 (bir min) manat, Bəxtiyara alınmış dəyəri 600 (altı yüz) manat olan briliyant qaşlı qızıl üzüyün, Bəxtiyara alınmış dəyəri 50 (əlli) manat olan gümüş üzüyün-bütün bunlarla əlaqədar cavabdehdən ümumilikə 13650 (on üç min altı yüz) manat pulun ona qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman xx xxxxxxxx 2020-ci il tarixdə poçt vasitəsilə İddiaçı iddiaya əlavə göndərərək 13650 (on üç min altı yüz) manat iddia ərizəsinə əlavə 2 oyma, 2 ayaqqabı, komplekt üzük, sırğa, bilərzik, nişan üzüyü əlavə edərək həmin əşylarında cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinə əlavə məhkəmənin icraatına qəbul edilərək, iddia tələbinə cavabdehdən maddi və mənəvi zərər, şərəf və ləyaqətin alçaldılması üçün 10000 (on min) manat, dörd dəfə məcburi qonaqlığa görə 2000 (iki min) manat, özünə, atasına, anasına, əmisinə, bacısına və uşaqlarına hədiyyələr, xonçalar üçün çəkdiyi xərcə görə 1000 (bir min) manat, Bəxtiyara alınmış dəyəri 600 (altı yüz) manat olan briliyant qaşlı qızıl üzüyün, Bəxtiyara alınmış dəyəri 50 (əlli) manat olan gümüş üzüyün-bütün bunlarla əlaqədar cavabdehdən 13650 (on üç min altı yüz) manat pulun, 2 oyma, 2 ayaqqabı, komplekt üzük, sırğa, bilərzik, nişan üzüyünün alınıb verilməsi çərçivəsində baxılması barədə qərar qəbul edilmişdir. İşin faktiki və mübahisələndirilməyən halı ondan ibarətdir ki, tərəflər arasında xx xxxxxx 2020-ci il tarixdə Naxçıvan Şəhər Qeydiyyat Şöbəsində bağlanmış 25 nömrə ilə qeydə alınmış nikah Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(078)- 625/2020 nömrəli qətnaməsi ilə pozulmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, xx xxxxxxxx 2020-ci il tarixdə nümayəndəsi-atası Nümayəndə iddiaçının iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx xxxxxxxx 2020-ci i tarixdə keçirilən məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında qızı-iddiaçının ərizəsində lazım olan hər şeyi yazdığını, qızı Günayla cavabdehin xx xxxxxx 2020-ci ildə rəsmi nikaha daxil olduqlarını, el adəti ilə toya edə bilmədiklərini, buna səbəb COVİD-19 pandemiyasının olduğunu, kütləvi tədbirlərə yol verilmədiyi üçün toy edə bilmədiklərini, cavabdeh tərəfin qızına gətirdikləri iki üzük, kompekt dəsti və digər hədiyyələrin gəlib apardıqlarını, halbuki o əşyaların qızına məxsus olduğunu, eyni zamanda onları boş hesab etdikləri tədbirlərdən ötrü maddi xərcə saldığını, cavabdehin anası və bacısının qızının şəkillərini vatcapp profilinə qoyduğunu, qızının şərəf və ləyaqətinə xələl gətirəcək hərəkətlər etdiklərini, özünün bu nikahın baş tutması tərəfdarı olmadığını, ailəni araşdırıb yaxşı ailə olmadıqlarını qızına desə də qızının qəbul etmədiyini, cavabdehin bacısı ilə danışıb cavabdehlə ondan xəbərsiz görüşməyə başladığını, cavabdehin böyüklərinin onun qapısına dəfələrlə qızını istəməyə gəldiklərini, qızına görə məcbur qalıb qohumluq əlaqələrinin və nikahın baş tutmasına razılıq verdiyini, fevral ayından nişan qaytarılana kimi 4 dəfə qonaqlıq təşkil edildiyini, cavabdehin ad gününü, şirin çay məclisinin, nişan məclisinin, qonaqlığın edildiyini, hər dəfəsində 500 manat xərc çəkdiklərini, cavabdehin anasının evinə 4 ədəd xalça aldığını, pulunu onlara ödətdirdiyini, qızının qızıllarını apardığını, qızının şərəf və ləyaqətini alçaltdıqlarını, bununla bağlı bütün hüquq-mühafizə oqranlarına müraciət edəcəyini bildirib iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Növbəti məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə İddiaçı və nümayəndəsi Nümayəndə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, sonuncu dəfə iddiaçı və onun nümayəndəsi Nümayəndə xx xxxxxx 2021-ci il tarixdə ərizə göndərərək cavabdehin iddianı dolayı yolla da olsa etiraf etməsini, məhkəmədə hər şeyin sübuta yetirilməsini, bundan əvvəl iki dəfə məhkəmə olmasını nəzərə alıb onların iştirakı olmadan qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında iddianı əsassız hesab etdiyini, özünün iddiaçıdan nikahın pozulması ilə bağlı iddia qaldırdığını və qətnamə qəbul edilərək nikahın pozulduğunu, hazırki iddianın hüquqi əsası olmadığını, rəsmi şəkildə ailə qursalar da el adətinə uyğun olaraq toy mərasimləri olmadığını, ümumiyyətlə faktiki ər-arvad münasibətlərinə daxil olmadıqlarını, 2019-cu ilin noyabr ayında adət-ənənəyə uyğun olaraq iddiaçının evinə elçi getdiklərini və razılıq aldıqlarını, bir həftə sonra şirin çay içdiklərini, əlavə olaraq iddiaçının çillə bayramına, yeni il bayramına getdiklərini, nənəsinin 2020-ci ilin fevralın 23-də ölüm günü olduğunu, ilində iddiaçının da gəldiyini, səhəri nikaha daxil olduqlarını, fevralın 27-si onun doğum günü olduğunu, anasının bütün yeməkləri bişirib iddiaçının evinə apararaq doğum gününü qeyd etdiklərini, babası öldüyü üçün evlərində qonaqlıq etmənin düzgün olmadığını, iddiaçı və onun ailəsinin də ad gününü onların evində keçirməyi təkid etdikləri üçün orada keçirdiklərini, iddiaçı tərəfin nişan etmək üçün maddi imkanı olmadığını, bunun iddiaçının da ona bildirdiyini, 2020-ci ilin may ayında iddiaçının ona bacısı və ailəsini təhqir etməsi barədə mesajlarını oxuduğunu, onun atasına zəng vurduğunu, həmin vaxt atası qızını başa salacağını bildirsə də bir neçə gündən sonra zəng vuranda ona “ver məhkəməyə bizim sənlə işimiz yoxdur” dediyini, onun atasının iddiaçının atasına zəng vurduğunu, iddiaçının atasının onun atasını təhqir etdiyini, onların hər ikisinin razılığı əsasında nikahın baş tutduğunu, iddiaçıya heç bir məcburiyyət olmadığını, bir-birini tanıyıb münasibətlərini rəsmiləşdirmək istədiklərini, ona görə də iddiaçıya heç bir mənəvi zərər vurmadığını, onun şərəf və ləyaqətini alçaltmadığını, lakin iddiaçının ona böhtan atdığını, evli və iki uşağı olduğunu dediyini, el arasında gəzən söz-söhbətə inandığını, əgər sübutu varsa təqdim etməli olduğunu, çünki onun heç bir uşağı olmadığını, iddiaçı ilə arasında olan vatcapp yazışmalarından da aydın olur ki, onun dəfələrlə məhkəməyə boşanmağa verməsinə məcbur etdiyini, iddiaçıya söz alınan zaman nişan üzüyü və komplekt qızıl-zinət əşyaları aldıqlarını, bir neçə gündən sonra iddiaçının ona zəng edərək “məktəbdə hamı deyir nişanlanmısan, bəs qızılın niyə yoxdur dediklərini” bildirdiyini, bundan sonra aldıqları qızıl əşyalarını istifadə etsin deyə iddiaçıya verdiyini, həmin qızılların iddiaçının özündə olduğunu və bunun votsapp yazışmalarından da aydın göründüyünü, iddiaçıya əgər boşamaya kim müraciət edəcəksə qızıl ondan alınmalıdır kimi izah verdiklərini, onun da yazışmalarda ona görə “sən get ver boşan” dediyini, ona isə qız evi bir ədəd gümüş üzük və bir ədəd qızıl üzük hədiyyə etdiklərini, həmin üzüklərin də hazırda özündə olduğunu, hədiyyənin geri qaytarılmadığını, əvvəl 2020-ci ilin iyul ayında nikahın pozulması ilə bağlı iddia qaldıran zaman iddiaçıya alınan qızılları da tələb etdiyini, lakin hər iki iddia eyni vaxtda baxılmaması ilə bağlı iddiasının geri qaytarıldığını, sonra vəkilə müraciət edərək yeni nikahın pozulması ilə bağlı iddia qaldıran zaman ona əgər qızıl əşyaları iddiaçıya hədiyyə verilibsə qaytarıla bilməməsini izah etdiklərini, ona görə də ayrıca qızıl əşyalarını tələb etmədiyini, onun xərc çəkib iddiaçıya qızıl aldığını, bütün ailəsinin, qohumlarının iddiaçı ilə nişanlandığını bildiklərini, pandemiya olmasaydı faktiki şəkildə toy edib evlənəcəklərini, heç bir aldatma olmadığını, bir neçə dəfə iddiaçının evinə getdiklərini, elçilik, söz alma, çillə, yeni il bayramı və onun ad gününü orada olduqlarını, orada iddiaçı tərəfindən cuzi bir xərc çəkildiyini, nəyə görə məcburi qonaqlıq dediklərini başa düşmədiyini, ad günündə bütün yeməkləri belə anasının bişirib apardığını, münasibətlərinin pozulmasına səbəb iddiaçının olduğunu, onu, ailəsini təhqir etdiyini, yalandan ona şər ataraq iki uşağı olduğunu bildirdiyini, artıq nikahlarının pozulduğunu, iddiaçıya heç bir maddi və mənəvi ziyan vurmadığını, onun iddiaçıya hədiyyə aldığı qızılların iddiaçıda, iddiaçının ona hədiyyə aldığı qızıl və gümüş üzüyün onda olduğunu bildirib iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdehin vəkili X3 cavabdehin izahatına əlavəsi olmadığını bildirib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə işin faktiki və mübahisələndirilməyən hallarını, işdə iştirak edən şəxslərin izahatı ilə əlaqəli şəkildə təhlil edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbini rədd edərkən gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Məhkəmə iddia tələbinin hər bir hissəsinə ayrı-ayrılıqda qiymət verilməsini işin hallarının düzgün müəyyən edilməsi baxımından daha məqsədəuyğun hesab edir. İddiaçının iddia tələbinin birinci hissəsi maddi və mənəvi zərərin və şərəf və ləyaqətin alçaldılmasına görə 10000 (on min) manat, dörd dəfə məcburi qonaqlığa görə 2000 (iki min) manat, özünə atasına, anasına, əmisinə, bacısına və uşaqlarına hədiyyələrə, xonçalara görə 1000 (bir min) manat ödənilməsi tələbidir. İddiaçı tələbinin həmin hissəsini əsaslandırarkən göstərmişdir ki, məcburi olaraq üç dəfə qonaqlıq verilmiş, bir dəfə ad günü keçirilmiş, bayram görüşləri keçirilmiş, hədiyyə alınmasına məcbur edilmiş, külli miqdarda ona ziyan vurulmuş, cavabdehin qeyri-rəsmi ailəsi və iki uşağı olmasını öyrənmiş, milli mentalitetə uyğun olmayan subay ola-ola kağız üzərində evli olması, adının nişanlı, evli çıxması, gələcək həyatını təhlükə altına qoyması ilə nəticələnmiş və ona mənəvi ziyan vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X5 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X5 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və X5 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə tərəflərin faktiki olaraq ailə qurmasalar da rəsmi qaydada nikah bağladıqlarından hazırki mübahisəyə ailə qanunvericiliyinin norma və prinsiplərindən yanaşaraq qiymət verilməsini qanuni hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının “Nikah hüququ” adlanan 34-cü maddəsinə görə hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır və heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü bəndində görə ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Həmin Məcəllənin 2.2-ci maddəsinə görə ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” x xxxxxx 2010-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2015-ci il tarixli Qərarında Plenum hesab edir ki, nikahın könüllülüyü, nikaha daxil olan şəxslərin iradə ifadəsinin sərbəstliyi, ailənin möhkəmləndirilməsi zəruriyyəti, ər və arvadın hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və onların bu hüquqlarının məhkəmədə müdafiəsi imkanları, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması və s. prinsiplər nikahın bütün mərhələlərini (nikaha daxil olma, nikahda olma və nikaha xitam verilməsini) əhatə edir. İşin araşdırılmış hallarından aydın olur ki, iddiaçı və cavabdeh hər ikisi yetkinlik yaşına çatmış şəxsdir və ailə qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq rəsmi nikah qeydiyyatından keçmişlər. İstər iddiaçı, istər cavabdeh könüllülük psinsipi əsasında nikahlarını bağlamışlar. İşin mübahisəsiz halları bundan ibarətdir ki, tərəflər nikahlarını rəsmiləşdirmədən bir müddət əvvəl tanış olmuş, el adət-ənənəsinə uyğun elçilik, söz olmuş və qohumluq münasibətləri yaranmışdır. İşə məhkəmədə baxılan zaman nikahın bağlanması və nikahın pozulmasında iddiaçıya mənəvi ziyan vurulmasına səbəb olan cavabdehin hər hansı təqsiri-qeyri-hüquqi hərəkəti, hərəkətsizliyi müəyyən edilməmişdir. Həmçinin tərəflərin qohumluq münasibətlərinin yaranmasına səbəb olan el adət-ənənəsinə uyğun elçilik, söz, bayram görüşlərinin keçirilməsi, cavabdehə ad günü keçirilməsi zamanı hər hansı xərc çəkilməsini, həmçinin cavabdehin ailə üzvlərinə hədiyyələr alınmasının, xonçaların bəzədilməsinin məcburi şəkildə həyata keçirilməsi üçün heç bir əsas olmamışdır. Tərəflər arasında gələcəkdə münasibətlərinin pozulduğu halda çəkilmiş xərcin alınması ilə bağlı hər hansı şərtin olmasına dair iş materiallarında mötəbər sübut təqdim edilməmişdir. İddiaçı könüllü qaydada ailə həyatı qurmaq istəmiş və bununla bağlı həyata keçirilmiş bütün tədbirləri də məhz könüllü olaraq həyata keçirmişdir. Qeyd edilən hallara görə məhkəmə hesab edir ki, iddiaçının ona maddi və mənəvi zərərin və şərəf və ləyaqətin alçaldılmasına görə 10000 (on min) manat pulun cavabdehdən alınıb verilməsi, həmçinin dörd dəfə məcburi qonaqlığa görə 2000 (iki min) manat, özünə atasına, anasına, əmisinə, bacısına və uşaqlarına hədiyyələrə, xonçalara görə 1000 (bir min) manat xərc çəkilməsi və çəkilən xərcin cavabdehdən alınmasını tələb etmək üçün hüquqi əsası olmamışdır, hüquqi əsası olmayan tələb isə təmin edilə bilməz. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, qeyd edilən hissədə iddia tələbin hüquqi əsası olmadığından rədd edilməlidir. Məhkəmə iddia tələbinin digər hissəsi-cavabdehə hədiyyə edilmiş dəyəri 600 (altı yüz) manat olan bir ədəd brilyant qaşlı qızıl üzük və dəyəri 50 (əlli) manat olan bir ədəd gümüş üzüyün cavabdehdən alınması ilə bağlı tələbini iş materialları ilə əlaqəli şəkildə araşdırıb həmin tələbin də əsassız olduğundan rədd edilməsi qənaətinə gəlir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh hədiyyə olaraq verilmiş dəyəri 600 (altı yüz) manat olan bir ədəd brilyant qaşlı qızıl üzük və dəyəri 50 (əlli) manat olan bir ədəd gümüş üzük cavabdehin öz əmlakı olduğundan iddiaçı tərəfindən tələb edilə bilməz. Məhkəmə iddia tələbinin sonuncu hissəsinə- cavabdehdən sep, üzük, qolbaq, sırğa, nişan üzüyü, 2 ədəd oyma, ayaqqabı alınaraq ona verilməsibə dair tələbi ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsaslanan həmin iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olmalı 2) əşya cavabdehin sahibliyində olmalı və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu iddia təmin edilə bilər. Həmçinin nəzərə alınmalıdır ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının iddia etdiyi sayda və növdə, eləcə də onların özünün mülkiyyətində olduğunu və tələb edilən anda cavabdehin sahibliyində olduğunu sübuta yetirməsidir. İnsan Hüquqları uzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. (Mahmudov Rusiyaya qarşı iş, xx xxxx 2007-ci il tarixli qərar) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İşə məhkəmə iclasında baxılarkən iddia tələbinə əlavə olaraq adları qeyd edilmiş sep, üzük, qolbaq, sırğa, nişan üzüyü, 2 ədəd oyma, ayaqqabının cavabdehdən alınmasına dair ərizənin məhkəmə tərəfindən qəbul edilməsi barədə qərardad qəbul edildikdən sonra məhkəmə iclası iki dəfə keçirilmiş, hər dəfə iddiaçıya və nümayəndəsinə məhkəmə iclasında iştirak etməklə bağlı rəsmi qaydada məlumat verilmiş, lakin onlar ərizə göndərərək məhkəmədə iştirak etməmişlər. İşin hallarından elçilik və söz zamanı iddiaçıya bir ədəd komplekt qızıl dəstinin alınması və nişan üzüyünün alınması aydın olru və bu qızıl əşyalarının həqiqətən alınması cavabdeh tərəfindən təsdiq edilir. Lakin iddiaçı qızıl əşyalarının tələb edilən anda cavabdehin sahibliyində olmasına dair hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Bunun əksinə olaraq cavabdeh vatsapp yazışmalarını təqdim etmiş, eyni zamanda nikahın pozulması ilə yanaşı iddiaçıya alınmış qızıl-zinət əşyalarının da onda olduğundan qaytarılması barədə iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə təqdim edilən sübutları araşdırıb hesab edir ki, həmin sübutlar sözügedən qızıl əşyalarının cavabdehdə olmadığını təsdiq edir. İddiaçı tələb etdiyi qızıl əşyalarına münasibətdə həmin əşyaların çəkisi, qiyməti, əyarı haqqında və cavabdehdə olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsinə əlavədə cavabdehdən 2 ədəd oyma və ayaqqabı tələb etsə də həmin əşyaların dəyəri və mövcudluğuna dair hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Nəticə: Beləliklə, yuxarıda qeyd olunan əsasları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, göstərilənlərə əsasən və Аzərbaycan Respublikası Мülki-Prosessual Мəcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi, pul, qızıl-zinət əşyaları və əmlak tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar