Məhkəmə qərarları › İş №2(078)-353/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-353/2021

26.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-353/2021 26.02.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı cavabdeh Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı evin texniki pasportunun inventar nömrəsinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 2231 invantar nömrəli texniki pasportun məhkəməyə gətirilməsi, yaxud da sübutlara əsasən ona verilmiş pasportda inventar nömrənin 2775 kimi qeyd edilərək texniki pasportun ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etmişdir ki, həmin ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə müvafiq olaraq qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati məhkəmə icraatı qaydasında həmçinin, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair xx xxxxx 2015-ci il tarixli qərarının 5-ci bəndinin 1-ci hissəsinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə iddia tələbinin mahiyyətinə və subyektlərin tərkibinə görə inzibati mübahisədir və həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunmalıdır ki, həmin Məcəllənin 153.2.1-ci maddəsində “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” ifadəsi işə yalnız məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 153.2.1-ci maddəsinin təsir dairəsinə düşür. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı və ona hazırki tələbi inzibati tələb olduğu xatırladılmaqla müvafiq qaydada inzibati orqana müraciət etmək, onun hərəkət və ya hərəkətsizliyindən inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyin tələbinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki prosessual qanunvericilikdə mübahisənin məhkəmə aidiyyətinə görə geri qaytarılması da Azərbaycan Respublikası MPM-in 152.1.3cü maddəsi ilə tənzimlənir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər tərəfimdən araşdırılarkən müəyyən olunmuşdur ki, mülki qaydada iqtisadi mübahisə hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinin məzmununa görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul edilməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Buna görə də İddiaçı tərəfindən “xxxx” ASC Naxçıvan filialına xx.xx.2021-ci il tarixdə 703 №-li qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdeh Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı evin texniki pasportunun inventar nömrəsinin dəyişdirilməsi tələbinə dair ərizəsi yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilməkdən imtina edilsin. İddiaçı həmin iddia tələbi ilə bağlı müvafiq inzibati orqana-Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etməsi, həmin orqanın hərəkət və ya hərəkətsizliyində Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmə hüququ izah olunsun. İddiaçı tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsi və ona əlavə edilən sənədlər iddiaçıya qaytaılsın. İddiaçı tərəfindən “xxxx” ASC Naxçıvan filialına xx.xx.2021-ci il tarixdə 703 №-li qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar