Məhkəmə qərarları › İş №2(078)-364/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-364/2024

28.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-364/2024 28.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı inşa edilmiş yaşayış evinə (tikililərə) və təmirinə çəkilən xərclərin qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına olan ünvan 1 ünvanında tikdiyi tikililərə görə çəkmiş olduğu xərcin 40000 (qırx min) manatın alınıb ona verilməsi və iş üzrə ödəmiş olduğu 210 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhəri, 6-cı məhəllə, (köhnə Bahadur Abbasov küçəsi), ev 75 mərhum atası X3 miras qalmışdır və həmin miras əmlakın vərəsəlik qaydasında 5/7 hissəsi bacısı-iş üzrə Cavabdeh və 2/7 hissəsi isə ona çatmışdır. 13 avqust 2015-ci il tarixdə Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 75-də 0.0553 ha sahəsindən Naxçıvan şəhər 1 saylı Notariat Ofisində bacısı Cavabdeh ona çatan 5/7 hissə payından 103 kv.metr sahəsini satdığından aralarındakı olan razılığa əsasən ona çatan 5/7 hissədə payını bacısı Cavabdeh bağışlamış və onunla belə razılaşmışlar ki, həmin bağışladığı torpaq sahəsinin qarşılığında Nəhayət də ona orada yerləşən uçulub dağılmaqda olan əl damını təmir edib bərpa etməklə digər tikililər də tikib, təmir etməklə orada yaşasın. Belə də oldu və o, həmin əl damını təmir edib, bərpa etməklə yanaşı həm də orada bacısı Nəhayətin razılığı ilə əlavə 3x3 ölçüdə bir otaq, 4x10 ölçüdə bir zal, 4x3 ölçüdə bir mətbəx, 1x3 ölçüdə isə sanitar qovuşaq və 4x3 ölçüdə açıq balkon inşa edib orada yaşayır. Lakin buna baxmayaraq bacısı Nəhayət aralarında olan əvvəlki razılaşmanı pozaraq onu həmin evdən çıxarmaq istəyir. O da buna öz etirazını bildirərək onun tərəfindən çəkilən xərclərin ona geri qaytarılmasını tələb etdikdə isə cavabdeh bundan boyun qaçırır və çəkilən xərcləri geri qaytarmır. Əgər Nəhayət əvvəlcədən razılıq verməsəydi, o da orada ev tikməz idi. Həmin tikililərə 40000 (qırx min) manata yaxın xərc çəkib. Çəkdiyi xərclərin geri qaytarılmasını tələb edir, çünki onun başqa yerdə yaşamağa nə evi, nə də torpaq sahəsi var. Doğulduğu gündən bəri orada yaşayır. Nəhayətin Bakı şəhəri, Məştağa qəsəbəsində evi var və 2008-ci il tarixdəndir bəri orada yaşayır. Nəhayət onun tikililərə çəkdiyi xərci vermədiyi üçün o da məsələnin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlə bundan qabaq olan məhkəmə prosesi zamanı razılığa gəldikləri üçün məhkəmənin iştirakı ilə barışıq sazışı bağlayıb icraata xitam verildi. O, Cavabdeh 10000 manat pul verməli və yaşadığı ev də ona qalmalı idi. Ancaq hazırda heç yerdə işləmir, buna görə də həmin razılaşdıqları pulu da verə bilmir. O, həmin evə çəkdiyi xərci tələb edir. Nəhayət ona 40000 manatı verdikdən sonra o da mübahisəli torpaq sahəsindən çıxacaq. O, onsuz da ata evindən özünə düşən payı o vaxt Xosrov adında şəxsə satıb. Ancaq o neçə illərdir ki, həmin həyətdə yaşayır. Bütün kommunal xərclərin-qazın, suyun, işığın pulunu özü verib. Dəfələrlə Nəhayət icra məmuru ilə xəbər göndərib ki, lap 10000 manatı verməsin, əvəzində razılıq ərizəsi versin ki, Nəhayət torpağı satsın. Ancaq o buna razı olmayıb. Rəhmətlik böyük qardaşı da o vaxtları ondan xahiş etdi ki, digər həyətdə qalan rəhmətlik qardaşı Xəlilə 2000 manat pul versin, həyət də ona qalsın. O da qardaşının təklifi ilə razılaşıb. Buna görə də yenidən möhrə evi düzəldib təmir etdirib. Çəkdiyi xərci tələb edir. Keçən dəfə yerində baxış zamanı göstərdiyi otağı yenidən inşa etməyib. Həmin otaq lap çoxdandan vardı. Əl damı kimi istifadə edirdilər. Rəhmətlik anası artıq olan əşyaları ora yığardı. Sadəcə həmin möhrədən olan otağı təmir etməyib. Qalan tikililəri özü inşa edib. Hamısını tikib başa çatdırıb. Ancaq hamısının dam örtüyünü özü dəyişib. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi İddiaçı izahatını təsdiq etdiyini bildirib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh verdiyi izahatında bildirmişdir ki, o, iddianı qətiyyən qəbul etmir. İddiaçı onsuz da ata həyətində özünə aid olan hissəni başqasına satıb. O da iddiaçının evi olmadığı üçün müvəqqəti icazə verib ki, Xaliq ata evində qalsın. Özü Bakıda yaşayır. Naxçıvana gələndə görüb ki, Xaliq özbaşına həmin evdə onun icazəsi olmadan təmir işləri aparıb. Yoxsa heç bir əlavə tikili etməyib. Ona da razılıq əsasında verəcəyi 10000 manatı da vermir. O, iddiaçıya 40.000 manat verəsi deyil. İddiaçının qeydiyyatdan çıxması ilə bağlı Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edib. Cavabdeh sonda qeyd olunanların nəzərə alınaraq iddianın rədd olunması baraədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən mütəxəssis Azərbaycan Respublikası Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sektorunun baş məsləhətçisi X7 müvafiq sənədləri məhkəməyə təqdim etmiş və qeyd etmişdir ki, mübahisəli daşınmaz əmlak baxış keçirilmiş və müvafiq ölçmələr aparılmışdır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən məlum olur ki, Naxçıvan şəhər, B.Abbäsov küçəsi ev 75-də yerləşən 0.0553 ha torpaq sahəsindən Cavabdeh çatan 5/7 hissə paydan 103 kv.m sahəsini satmış, İddiaçı özünə çatan 2/7 hissə payını Cavabdeh bağışlamış və həmin 103 kv.m torpaq sahəsini 3000 manata X1, alqı-satqı müqaviləsi 4Ə- 474 reyestr nömrəsi ilə rəsmiləşdirilmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən məlum olmuşdur ki, Naxçıvan şəhəri, B.Abbasov küçəsində yerləşən 0.545 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 72.80 kv.m olan 75 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 18/27 nömrəli reyestr kitabının 5264 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan Regional “ASAN xidmət” mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 137 nömrəli arayışda qeyd olunmuşdur ki, ünvan 2 ünvanına ondan ötəri ki, həqiqətən sayğac nömrəsi 26075553 olan smart tipli qaz sayğacı müqaviləsi 04 yanvar 2017-ci il tarixdə X6 adma bağlanmışdır, həmin ildən qaz ödənişləri X6 tərəfindən ödənilir sayğac göstəricisi 13375-m3-dək borcu yoxdur. Naxçıvan MR Dövlət Energetika Xidməti Naxçıvan şəhər Elektrik şəbəkəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 46 nömrəli arayışda qeyd olunmuşdur ki, İddiaçı 06 iyun 2016-cı il tarixdə qoyulmuş 70385397 nömrəli elektrik sayğacının ödəyicisidir və Naxçıvan şəhər Elektrik Şəbəkəsinə heç bir enerji borcu mövcud deyil. Azərbaycan Respublikası Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sektorunun baş məsləhətçisi X7 tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, Azərbaycan SSR KTN-nin 1962-ci il tarixli 3649 inventar nömrəli texniki pasportunda göstərilən B (saray) tikilisinin tikintialtı sahəsi 21,00 m2, ümumi sahəsi isə 15,96 m2 olmaqla xx.xx.2016-cı il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evinin köməkçi tikilisi kimi qeydiyyata alınmışdır. Qeyd olunan ünvanda əmlaka naturada baxış keçirilən zaman həmin tikiliyə əlavələr edildiyi tikintialtı sahəsinin 96,50 m2, ümumi sahəsinin isə 71,15 m2 olduğu haliyədə fərdi yaşayış evi kimi istifadə olunur. Eyni zamanda həmin fərdi yaşayış evinə bitişik tikintialtı sahəsi 22,85 m2 olan naves salınmışdır. Həmin tikilinin texniki pasportda göstərilən tikilidən əlavə hissəsinin İddiaçı tərəfindən tikildiyi iddia olunur. İddia olunan tikilinin ümumi sahəsi 71.15 m2, yaşayış sahəsi 23.55 m2, köməkçi sahəsi 47.60 m2-dir. Naxçıvan Şəhər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(078)-364/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası ekspertizası təyin edilərək ekspertin qarşısında “Naxçıvan şəhəri, 6-cı məhəllə (köhnə ünvan B.Abbasov küçəsi) ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan 75 nömrəli fərdi yaşayış evinin həyətində inşa edilmiş 12.81 kv.metr olan otağın təmiri və 3x3 ölçüdə otaq, 4x10 ölçüdə zal, 4x3 ölçüdə mətbəx, 1x3 ölçüdə sanitar qovşaq və 4x3 ölçüdə açıq balkonun inşası, təmiri üçün ümumilikdə xərclənmiş vəsait (təmir və usta xərci ilə birlikdə) nə qədər təşkil edir?” sualı qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin 30 may 2024-cü il tarixli, 515 nömrəli rəyində qeyd olunmuşdur ki, Naxçıvan şəhəri, 6-cı məhəllə (köhnə ünvan B.Abbasov küçəsi) ünvanında yerləşən X4 mülkiyyətində olan 75 nömrəli fərdi yaşayış evinin həyətində inşa edilmiş 12.81 kv.metr olan otağın təmiri və 3x3 ölçüdə otaq, 4x10 ölçüdə zal, 4x3 ölçüdə mətbəx, 1x3 ölçüdə sanitar qovşaq və 4x3 ölçüdə açıq balkonun inşası, təmiri üçün ümumilikdə xərclənmiş vəsait 2024-cü ilə dair orta bazar qiymətlərinə uyğun olaraq təqribən 25033,68 (iyirmi beş min otuz üç manat altmış səkkiz qəpik) manat məbləğində olduğu müəyyən edilir. Naxçıvan Şəhər Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(078)-364/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsə qarşı "Cavabdeh adına verilmiş 23 noyabr 2016cı il tarixli, ********** nömrəli qeydin qismən etibarsız hesab olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə 2-1(122)-1146/2024 saylı inzibati mübahisəyə dair iş üzrə məhkəmənin qətnaməsi (qərardadı) qüvvəyə minənə qədər hazırki mülki işin icraatı dayandırılmış, İddiaçı məhkəmənin ünvanına məktub göndərərək müvəqqəti olaraq Naxçıvan MR İnzibati Məhkəməsində olan iddianın baxılmamış saxlanılması barədə ərizə verdiyindən həmin inzibati iş baxılmamış saxlanıldığını bildirmiş və mülki işi üzrə icraatın təzələnməsini xahiş etmiş, məhkəmənin 09 sentyabr 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz Məhkəmə mülki qanunvericiliyin norma və tələblərini iddia tələbi ilə əlaqəli şəkildə araşdırıb qeyd edir ki, İddiaçı hazırki vəziyyətdə çəkilən xərci tələb etmək hüququna malik olmaqla bu cür subyektiv hüququn daşıyıcısı hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, tərəflərin izahatlarından, aydın olmuşdur ki, cavabdehin mülkiyyətində olan və dövlət qeydiyyatına alınan fərdi yaşayış evi xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Naxçıvan şəhər, B.Abbäsov küçəsi ev 75-də yerləşən 0.0553 ha torpaq sahəsindən Cavabdeh çatan 5/7 hissə paydan 103 kv.m sahəsini satmış, İddiaçı özünə çatan 2/7 hissə payını Cavabdeh bağışlamış və həmin 103 kv.m torpaq sahəsini 3000 manata X1, alqı-satqı müqaviləsi 4Ə-474 reyestr nömrəsi ilə rəsmiləşdirilmişdir. İddiaçı izahatında bildirmişdir ki, 13 avqust 2015-ci il tarixdə Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 75-də 0.0553 ha sahəsindən Naxçıvan şəhər 1 saylı Notariat Ofisində bacısı Cavabdeh ona çatan 5/7 hissə payından 103 kv.metr sahəsini satdığından aralarındakı olan razılığa əsasən ona çatan 5/7 hissədə payını bacısı Cavabdeh bağışlamışdır. İddiaçı bacısı Cavabdeh razılığı ilə həyətdə olan bir otaqlı evdə yaşamış, bununla yanaşı həmin otaqdan əlavə 3x3 ölçüdə bir otaq, 4x10 ölçüdə bir zal, 4x3 ölçüdə bir mətbəx, 1x3 ölçüdə isə sanitar qovuşaq və 4x3 ölçüdə açıq balkon inşa etmişdir. İddiaçı tələbində həmin işlərin görülməsinə 40000 (qırx min) manat xərc çəkdiyini bildirmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin 30 may 2024-cü il tarixli, 515 nömrəli rəyində qeyd olunmuşdur ki, Naxçıvan şəhəri, 6-cı məhəllə (köhnə ünvan B.Abbasov küçəsi) ünvanında yerləşən X4 mülkiyyətində olan 75 nömrəli fərdi yaşayış evinin həyətində inşa edilmiş 12.81 kv.metr olan otağın təmiri və 3x3 ölçüdə otaq, 4x10 ölçüdə zal, 4x3 ölçüdə mətbəx, 1x3 ölçüdə sanitar qovşaq və 4x3 ölçüdə açıq balkonun inşası, təmiri üçün ümumilikdə xərclənmiş vəsait 2024-cü ilə dair orta bazar qiymətlərinə uyğun olaraq təqribən 25033,68 (iyirmi beş min otuz üç manat altmış səkkiz qəpik) manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının rəyini sübut kimi qiymətləndirir və hesab edir ki, ekspert rəyində qeyd edilən ümumi məbləğ sübut kimi götürülməlidir. Məhkəmə həmçinin evə çəkilən xərcin tam olaraq ödənilməməsi ilə əlaqədar bildirir ki, bununla əlaqədar mötəbər sübutlar təqdim olunmamışdır. Eyni zamanda məhkəmə cavabdehin çəkilən xərcin dəyərinin ödənilməməsi, iddiaçının uzun illər heç bir haqq ödəmədən yaşamasına münasibətdə bildirdiyi arqumentləri əsassız hesab edir. Belə ki, iddiaçı və cavabdeh arasında iddiaçının həmin tikilidə yaşaması müqabilində hər hansı haqq ödəməsi barədə razılıq olmamışdır, yəni tərəflər arasında şifahi kirayə münasibətləri mövcud olmamışdır. İddiaçının inşa etdiyi tikililərə gəldikdə isə cavabdeh həmin tikililərin inşasını, təmirini bildiyi halda buna narazılıq bildirməmiş, tikililərin sökülməsini tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə görə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Qanunvericiliyə əsasən, torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri-mülkiyyətçinin iradəsidir. Bu baxımdan binanı torpaq mülkiyyətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin tikilini inşa edəndən pul alması, onun köçərək həmin binada yaşamasına şərait yaratması və s.). Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, tikililəri inşa etmiş şəxslə mülkiyyətçinin mənafeyi arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri gözardı edilməməlidir. Hazırki işdə iddiaçının sözügedən tikililəri inşa etməsi, təmir işləri aparmasının uzun müddət ərzində həyata keçirilməsi, bu işlərin aparılmasına mülkiyyətçinin razılığının olması mübahisə doğurmur, əks halda bununla bağlı cavabdeh məhkəmədə iddia qaldırardı. Yeri gəlmişkən, məhkəmə onu da vurğulayır ki, şəxsin əvvəl öz verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almaması dürüstlük qaydasına da uyğun gəlmir. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh Naxçıvan şəhəri, 6-cı məhəllə (köhnə ünvan B.Abbasov küçəsi) ünvanında yerləşən X4 mülkiyyətində olan 75 nömrəli fərdi yaşayış evinin həyətində inşa edilmiş 12.81 kv.metr olan otağın təmiri və 3x3 ölçüdə otaq, 4x10 ölçüdə zal, 4x3 ölçüdə mətbəx, 1x3 ölçüdə sanitar qovşaq və 4x3 ölçüdə açıq balkonun inşası, təmiri üçün ümumilikdə xərclənmiş vəsait 2024-cü ilə dair orta bazar qiymətlərinə uyğun olaraq təqribən 25033,68 (iyirmi beş min otuz üç manat altmış səkkiz qəpik) manat pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalmış hissədə rədd olunmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 15 yanvar 2024-cü il tarixdə 27715 nömrəli qəbzlə ödənilmiş 210 (iki yüz on) manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 131.43 (bir yüz otuz bir manat qırx üç qəpik) manatı Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə ekspert xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 30 (otuz) manat Cavabdeh tutularaq büdcə təsnifat kodu 142330, X8 MR İdarəsi kodu 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ******************** olan, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ******************** olan hesaba ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin. Cavabdeh Naxçıvan şəhəri, 6-cı məhəllə (köhnə ünvan B.Abbasov küçəsi) ünvanında yerləşən X4 mülkiyyətində olan 75 nömrəli fərdi yaşayış evinin həyətində inşa edilmiş 12.81 kv.metr olan otağın təmiri və 3x3 ölçüdə otaq, 4x10 ölçüdə zal, 4x3 ölçüdə mətbəx, 1x3 ölçüdə sanitar qovşaq və 4x3 ölçüdə açıq balkonun inşası, təmiri üçün ümumilikdə xərclənmiş vəsait 2024-cü ilə dair orta bazar qiymətlərinə uyğun olaraq təqribən 25033,68 (iyirmi beş min otuz üç manat altmış səkkiz qəpik) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalmış hissədə rədd edilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 15 yanvar 2024-cü il tarixdə 27715 nömrəli qəbzlə ödənilmiş 210 (iki yüz on) manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 131.43 (bir yüz otuz bir manat qırx üç qəpik) manatı Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Məhkəmə -tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 30 (otuz) manat Cavabdeh tutularaq büdcə təsnifat kodu 142330, X8 MR İdarəsi kodu 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ******************** olan, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ******************** olan hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar