Məhkəmə qərarları › İş №2(078)-381/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-381/2021

05.05.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-381/2021 05.05.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçi və ərizəçinin vəkili Vəkil iştirakı ilə Ərizəçi doğum akt qeydinə düzəlişin edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhər Qeydiyyat şöbəsində Naxçıvan rayonu, Qaraçuq kəndində 20 aprel 1946-cı il tarixdə anadan olmuş X4 doğum akt qeydləri kitabında aprel 1946-cı il tarixdə səhifə 16-da aparılmış qeydiyyatın anası qrafasında Quluyeva Elli M.Baba qızı qeydinə düzəliş edilərək X3 göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında ərizəçi qismində izahat verən Ərizəçi ərizəni müdafiə edərək, xx xxxx 1975-ci il tarixdə Naxçıvan rayonu, Cavidabad kəndində (indiki Naxçıvan şəhəri, Bulqan kəndi) doğulduğunu, doğulduğu, boya-başa çatdığı və bu günə kimi yaşadığı ünvan 1 ünvanında yerləşən 0.198 ha həyətyanı torpaq sahəsinin və torpaq sahəsində ümumi sahəsi 203.01 m2 olan fərdi yaşayış evinin mərhum nənəsi X9 adına 17 sentyabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində ********** nömrə ilə qeydiyyata alındığını, nənəsinin adının kəndin İcra Nümayəndəliyinin sənədlərində, ölüm haqqında şəhadətnaməsində, Daşınmaz Əmlakın İcbari Sığorta Şəhadətnaməsində, Daşınmaz Əmlakın Texniki Pasportunda, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda, 22 oktyabr 1980-ci ildə ümumvətəndaşlıq pasportunun dəyişdirilməsi üçün X9 adına yazılmış “Forma-1” arayışında, qəbiristanlıqda baş daşında X3 yazıldığını, nənəsinin 15 avqust 2003-cü il tarixdə, 101 yaşında vəfat etdiyini, anası X4 20 aprel 1946-cı ildə Naxçıvan rayonu, Qaraçuq kəndində doğulduğunu, onun adına aprel 1946-cı il tarixli doğum akt qeydləri kitabının 16-cı səhifəsində aparılmış qeydiyyatda anasının adının Quluyeva Elli M.Baba qızı kimi göstərildiyini, anasının 11 oktyabr 2016-cı il tarixdə vəfat etdiyini, hazırda nənəsi X7 miras qalmış əmlakı vərəsəlik qaydasında qəbul etmək istədiklərini, lakin anasının 20 aprel 1946-cı il tarixdə doğulduğu zaman akt qeydləri kitabında aparılmış aprel 1946-cı il tarixli, 16-cı səhifədəki qeydiyyatda anasının adı Quluyeva Elli M.Baba qızı kimi göstərildiyindən vərəsəlik işini rəsmiləşdirə bilmədiklərini, çünki miras əmlakın X9 adına, lakin miras sahibinin adının onun qızı olan X4 doğum akt qeydləri kitabının anası qrafasında Quliyeva Elli M.Baba qızı kimi göstərildiyini, Naxçıvan şəhər Qeydiyyat şöbəsinə Naxçıvan rayonu, Qaraçuq kəndində 20 aprel 1946-cı il tarixdə anadan olmuş, bu barədə doğum akt qeydləri kitabında aprel 1946-cı il tarixdə, səhifə 16da aparılmış qeydiyyatın anası qrafasında Quluyeva Elli M.Baba qızı qeydinə düzəliş edilərək X3 göstərilməsi barədə ərizəsinə cavab verilərək doğum akt qeydinə düzəliş olunması üçün kifayət qədər əsas olmadığından ana adına düzəliş olunması üçün müvafiq məhkəməyə müraciət etməyinin məsləhət görülüdüyünü, nənəsinin bütün sənədlərində adının X3 göstərilməsinə baxmayaraq, anası X4 doğum akt qeydləri kitabında anası qrafasında Quluyeva Elli M.Baba qızı kimi yazıldığını, anasının doğum akt qeydləri kitabına düzəliş edilərək ana qrafasında adının X3 göstərilməsini istədiyini, nənəsi X12 məxsus hüquqmüəyyənedici sənədlərin Naxçıvan MR Ədliyyə Nazirliyinin Notariat və X6 saxlanılması barədə göndərdikləri sorğuya cavab verilərək nazirliyin arxivində və Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində tapılmadığının göstərildiyini, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinə, fondun Naxçıvan şəhər şöbəsinə, fondun Babək rayon şöbəsinə ünvanladıqları nənəsinə məxsus pensiya sənədlərində hüquqmüəyyənedici sənədlərin mövcud olub-olmaması barədə sorğularının da müsbət cavablandırılmadığını, hüquqmüəyyənedici sənədlərin Naxçıvan şəhər Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi qrupunun arxivinin kartotekasında aşkar olunmadığını, lakin Babək rayon Polis şöbəsindən nənəsi X12 məxsus hüquqmüəyyənedici sənəd olan “Forma-1” arayışının göndərildiyini, X13 ilə X22 və X13 ilə Quliyeva Elli M.Baba qızı arasında nikah akt qeydinin çıxarışlarının göndərilməsi barədə Naxçıvan şəhər Nikah Evinə və Babək rayon Qeydiyyat şöbəsinə ünvanladıqları sorğuların cavablandırılaraq nikah akt qeydi barədə məlumatların tapılmadığının bildirildiyini, 1961-ci ildə Naxçıvan şəhərində vəfat etmiş babası X8 aid hüquqmüəyyənedici sənədlərin də Naxçıvan şəhər Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqələri qrupunun arxiv kartotekasında aşkar olunmadığını, el arasında nənəsinin adının “Elli, Leyli, Gülşən” kimi deyildiyini, nənəsindən üç adının olduğunu soruşaraq qızına hansı adın qoyulmasını soruşduqda Gülşən qoyarsan dediyini, qızının adını nənəsinin adı kimin “Gülşən” qoyduğunu, nənəsinin evlilikdən əvvəl soyadının “Əhmədova” olduğunu, Naxçıvan Rayon Xalq Məhkəməsinin 07 fevral 1966-cı il tarixli qətnaməsinin surətinə əsasən, Quliyeva Elli adına olan 7 yanvar 1966-cı il tarixli, 420 nömrəli arxiv arayışının X14 məxsus olması hüquqi faktının müəyyən edilməsinin qət edildiyinin göstərildiyini, həmin qətnamə ilə də Leylinin adının müəyyən sənədlərdə Elli kimin göstərilməsinin təsdiq olunduğunu, Leyli nənəsinin babası Hüseyndən əvvəl bir dəfə ailə qurduğunu, Leylinin Hüseyindən əvvəlki evliliyindən Əhməd və Roza adlı uşaqlarının olduğunu, Əhmədin vəfat etdiyini, xalası X10 ailə qurmadığını, onun himayəsində qaldığını, xəstə olduğunu, lal və kar olduğunu, hazırda nənəsinin adına olan mənzildə onunla birlikdə yaşadığını göstərərək, Naxçıvan şəhər Qeydiyyat şöbəsində Naxçıvan rayonu, Qaraçuq kəndində 20 aprel 1946-cı il tarixdə anadan olmuş X4 doğum akt qeydləri kitabında aprel 1946-cı il tarixdə səhifə 16-da aparılmış qeydiyyatın anası qrafasında Quluyeva Elli M.Baba qızı qeydinə düzəliş edilərək X3 göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında ərizəçinin vəkili qismində izahat verən Vəkil ərizəni müdafiə etdiyini, ərizəçinin izahatına əlavəsinin olmadığını, ərizənin təmin olunmasını xahiş etdi. İş üzrə Naxçıvan şəhər Qeydiyyat şöbəsinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin Naxçıvan şəhər Qeydiyyat şöbəsinin rəisi məhkəməyə məktub göndərərək, məhkəmə iclasında işlərinin çoxluğu ilə əlaqədar iştirak edə bilmədiyindən iştirakı olmadan işə baxılmasını və müvafiq qərar verilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası Naxçıvan şəhər Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Məhkəmənin 19 aprel 2021-ci il tarixli baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X31, Ərizəçi onun dayısının nəvəsi olduğunu, X5 dayısı olduğunu, arvadının adına el arasında “Elli” dediklərini, adının isə sənədə “Leyli” olduğunu, Hüseynin İbrahim, Cahangir, Qənbər, Zeynəb, Roza və İbrahim adlı uşaqlarının olduğunu, İbrahim öldüyündən adını yenidən olan oğluna qoyduqlarını, Roza ilə İbrahimin hazırda yaşadıqlarını, Hüseynin Bulqan kəndində öldüyünü, Ellinin atasının adını bilmədiyini, Abbas və Baba adını nəsildə kiməsə qoymadıqlarını, Leylinin qızları Zeynəb və Roza ilə birgə yaşadıqlarını, Leylinin 2003-cü ildə vəfat etdiyini, Zeynəbin isə 2016-cı ildə vəfat etdiyini, Elli ilə Leylinin eyni adam olduğunu, bildiyinə görə dayısı Hüseynin bir arvadının olduğunu, dayısına çoban Hüseyn dediklərini, dayısı Hüseynin təxminən 1895-1898-ci il təvəllüd olduğunu bildirmişdir. Məhkəmənin 19 aprel 2021-ci il tarixli baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X25, Ərizəçi ilə kirvə və qonşu olduqlarını, Hüseyn Quliyevin iki arvadının olduğunu, birinci arvadının adının Urmiya olduğunu, sonra Leyli ilə evləndiyini, Hüseynin Urmiya ilə evliliyindən Qənbər və Cahangir adlı uşaqlarının olduğunu, Sevindiyin nənəsi Leyliyə Elli xala dediklərini, sənəddə adının Leyli olduğunu, Hüseynin iki arvadının olduğunu, əvvəl Urmiya, sonra Elli olduğunu, Hüseynin çoban olduğunu, Ellinin atasının adının Abbas olduğunu, Leylinin Hüseyindən əvvəlki evliliyindən Əhməd və Roza adlı uşaqlarının olduğunu, Əhmədin vəfat etdiyini, Rozanın isə xəstə olduğunu, Ərizəçi himayəsində qaldığını bildirmişdir. İş materiallarına əlavə edilmiş: Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin 25 noyabr 2020-ci il tarixli, 01/347 nömrəli məktubuna əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu 2004-cü ildə yarandığından əvvəlki illərə aid sənədlər fonda təhvil verilməmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsinin 02/1007 nömrəli, 01 dekabr 2020-ci il tarixli məktubuna əsasən, 2006-cı il tarixədək vəfat etmiş pensiyaçıların pensiya sənədləri arxivdə mühafizə olunmadığından vətəndaş barəsində məlumat verməyin mümkün olmadığı bildirilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsinin 03/658 nömrəli, 17 dekabr 2020-ci il tarixli məktubuna əsasən, mərhum X9 (Quliyeva Elli M.Baba qızı) pensiya işi sənədləri arxivdə aşkar olunmamışdır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan şəhər Polis İdarəsinin 7/117 nömrəli, 15 yanvar 2021-ci il tarixli məktubuna əsasən, mərhum X9 pasportunun və şəxsiyyət vəsiqəsinin “Forma 1” kartoçkası aşkar olunmamışdır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan şəhər Polis İdarəsinin 7/601 nömrəli, 18 fevral 2021-ci il tarixli məktubuna əsasən, mərhum X5 pasportunun “Forma 1” kartoçkası aşkar olunmamışdır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək rayon Polis şöbəsinin 8/131 nömrəli, 22 yanvar 2021-ci il tarixli məktubuna əlavə olunmuş X12 aid olan fərdi uçot kartoçkasında və pasportdan çıxarışda adı X22 yazılmışdır. Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 21 nömrəli, 15 fevral 2021-ci il tarixli məktuba əsasən, X13 ilə Quliyeva Elli M.Baba qızının və X13 ilə X9 nikah akt qeydi Naxçıvan şəhər Nikah Evinin arxivindən tapılmamışdır. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 sentyabr 2020-ci il tarixli çıxarışa əsasən, X15 20 aprel 1946-cı il tarixdə doğulmuşdur (atası X16, anası Quluyeva Elli M.Baba qızıdır). AZ-İ seriyalı, 011722 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X22 15 avqust 2003-cü il tarixdə vəfat etmişdir. AZ-İ seriyalı, 701187 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X17 11 oktyabr 2016-cı il tarixdə vəfat etmişdir. Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 151 nömrəli, 15 fevral 2021-ci il tarixli arayışa əsasən, X13 ilə Quliyeva Elli M.Baba qızı barəsində 1900-cü ilə aid Babək rayon Qeydiyyat şöbəsində və Babək rayon Qeydiyyat şöbəsi Arxivində nikah akt qeydiyyatı tapılmamışdır. Naxçıvan MR Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat şöbəsinin 33 nömrəli, 26 oktyabr 2020-ci il tarixli məktubuna əsasən, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı barədə sənədlər Ədliyyə Nazirliyinin Arxivində 1938-ci ildən saxlanılır. 1902-ci ildə doğulmuş vətəndaş X9 doğumu barədə məlumatlar nazirliyin arxivində və Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində tapılmamışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın təsdiqlənmiş surətindən aydın olur ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 203.01 kv.m, torpaq sahəsinin ölçüsü 0.198 ha olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X22 adına daşınmaz əmlakın dövlət reyestrində 18/41 nömrəli reyestr kitabının 8017 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********39-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 17.09.2020). Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 15 sentyabr 2020-ci il tarixdə tərtib edilmiş 19634 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun təsdiqlənmiş surətinə əsasən, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X22 adına qeydiyyata alınmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 1546 nömrəli, 01 oktyabr 2020-ci il tarixli arayışa əsasən, mərhum X9 aşağıdakı vərəsələri vardır:

1. X23 1936-cı il təvəllüdlü;

2. X17 vəfat edib. Naxçıvan Rayon Xalq Məhkəməsinin 07 fevral 1966-cı il tarixli qətnaməsinin surətinə əsasən, Quliyeva Elli adına olan 7 yanvar 1966-cı il tarixli, 420 nömrəli arxiv arayışının X14 məxsus olması hüquqi faktının müəyyən edilməsi qət edilmişdir. İE seriyalı, 420756 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, X24 15 fevral 1951-ci il tarixdə doğulmuş, atası X13, anası X18r. 22045 nömrəli köçürmə biletinin surətindən görünür ki, X1 Eli Abbas qızının övladı kimi qeyd edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 1117 nömrəli, 03 may 2021-ci il tarixli arayışa əsasən, X23 anadangəlmə lal və kardır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 1117 nömrəli, 03 may 2021-ci il tarixli arayışa əsasən, X23 bacısı oğlu Ərizəçi himayəsində yaşayır. 03 may 2021-ci il tarixli, 17 nömrəli tibbi arayışa əsasən, X23 anadangəlmə lal və kardır. 03 may 2021-ci il tarixli, 173594 nömrəli çıxarışa əsasən, X19 19 iyul 1954-cü il tarixdə doğulmuş, atası X13, anası X18r. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02/437 nömrəli, 30 sentyabr 2020-ci il tarixli cavab məktubuna əsasən, Ərizəçi doğum akt qeydinə düzəliş olunması üçün müvafiq məhkəməyə müraciət edə biləcəyi göstərilmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini araşdırıb izahatları, şahid ifadələrini, işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ, İV hissəsi), ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Məhkəmə ərizəçinin və ərizəçinin vəkilinin izahatlarına və şahid ifadələrinə iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə hüquqi qiymət verərək və yuxarıda sadalanan qanunvericilik normalarını hazırki iş üzrə tətbiq edərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Naxçıvan şəhər Qeydiyyat şöbəsinin doğum akt qeydləri kitabının 20 aprel 1946-cı il tarixli, 16 saylı qeydində ana qrafasında “Quluyeva Elli M.Baba qızı” qeydinin düzgün olmaması faktı müəyyən edilməli və “Quluyeva Elli M.Baba qızı” qeydi “X22” kimi qeyd edilməlidir. Ona görə ki, iş üzrə mübahisə yoxdur və tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, ərizəçinin nənəsinin adı, soyadı və ata adı müvafiq olaraq X22 olduğu halda, doğum haqqında akt qeydində düzgün olmayaraq ərizəçinin nənəsinin adı, soyadı və ata adı Quluyeva Elli M.Baba qızı kimi yazılmış, qeydiyyat orqanı da vətəndaşlıq vəziyyəti haqqındakı akt qeydində müvafiq düzəliş və ya dəyişiklik etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə, hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. 341-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında qeyd edilir: 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədənkənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 6.2.Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3.Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də, sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında Qərarın 4-cü bəndində qeyd edilir: Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi əsas hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət еtdi:

Ərizə təmin edilsin. Naxçıvan şəhər Qeydiyyat şöbəsinin X4 doğum akt qeydləri kitabının 20 aprel 1946-cı il tarixli, 16 saylı qeydində ana qrafasında “Quluyeva Elli M.Baba qızı” qeydinin düzgün olmaması faktı müəyyən edilsin. “Quluyeva Elli M.Baba qızı” qeydi “X22” kimi qeyd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar