Məhkəmə qərarları › İş №2(078)-386/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-386/2021

04.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-386/2021 04.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X13 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Muxtər oğluna qarşı vurulmuş zərərə görə çəkilən xərclərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 09 mart 2021-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Muxtər oğlundan oğlu İddiaçı Türkiyə Respublikası Atatürk Universiteti Araşdırma Xəstəxanasında cərrahiyyə əməliyyatı olunması üçün xəstəxanaya, nəqliyyata, gömrük, sığorta, oteldə qaldıqlarına, sənədlərin tərcümə və təsdiq olunmasına, o cümlədən də 6 aydan sonra alt çənə dişlərinə “BREKERT” qoyulacağına və dərman preaparatlarma sərf etdikləri ümumilikdə 8060 (səkkiz min altmış) manat pulun alınıb verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, 12 oktyabr 2020-ci il tarixdə həmkəndlisi X27 oxuduğu Qaraçuq kənd tam orta məktəbinin həyətində 30 oktyabr 2006-cı il tarixdə doğulmuş oğlu X14 qarşılıqlı mübahisə zəminində yumruqla çənə nahiyyəsinə zərbələr endirmiş, bunun nəticəsində oğlu Fəxrəddinin sol alt çənə nahiyyəsində və sağ qulağının dibində sınıq əmələ gəlmişdir. O, Naxçıvan Muxtar Respublikası X22 Hüquqi şəxsində həkim müayinəsindən keçmiş və çənəsində cərrahi əməliyyat aparılmışdır. Onun çənəsinin sol nahiyyəsinə cərrahi material qoyulmuşdur. Lakin onun çənəsində ağrılar şiddətləndiyindən və həkimlər burada əməliyyat edə bilməyəcəklərini bildirdiklərinə görə o buradan həmkəndlisi X4 maşınını taksi tutaraq həyat yoldaşı ilə birlikdə oğlu Fəxrəddini 14 oktyabr 2020-ci il tarixdə Türkiyə Respublikası Atatürk Universiteti Araşdırma Xəstəxanasına aparmışlar. 15 oktyabr 2020-ci il tarixdə onu X16 X26 yatırmışlar. Lakin çənəsində iltihab olduğu üçün 16 oktyabr 2020-ci il tarixdə X7 köçürmüşlər. İltihab sağalandan sonra 28 oktyabr 2020-ci il tarixdə Naxçıvana qayıdıb, 08 noyabr 2020-ci il tarixdə təkrar Türkiyə Respublikası Atatürk Universiteti Araşdırma Xəstəxanasına aparmışlar, 09 noyabr 2020-ci il tarixdə cərrahiyyə əməliyyatı olunmuşdur. 12 noyabr 2020-ci il tarixdə Naxçıvana qayıtmışlar. Hal-hazırda müalicəsi davam etdirilir və alt çənədəki dişlərin deformasiyasına görə 6 aydan sonra təkrar yenə Türkiyə Respublikası Atatürk Universiteti Araşdırma Xəstəxanasına aparıb “BREKERT” qoyduracaqlar. Həmin “BREKERT”in də qoyulmasına 1000 (bir min) manat pul tələb olunur. Bütün bununla bağlı olaraq Türkiyə Respublikasına birinci dəfə gedib qayıdanda 4460 (dörd min dörd yüz altmış) manat, ikinci dəfə gedibqayıdanda isə 2730 (iki min yeddi yüz otuz) manat xərc çəkmişdir. Bütün bunlar qeyd olunan cinayət hadisəsinə görə yaranmışdır. Həmin xərclər nəqliyyat, gömrük, sığorta, oteldə qalmağa, sənədlərin tərcümə və təsdiq olunmasına, o cümlədən də cərrahiyyə əməliyyatının aparılıb, lazım olan dərman preparatlarının alınmasına sərf olunan xərcdir. Çəkilmiş xərclərlə bağlı sənədləri və tərcümə edilmiş surətlərini ərizəsinə əlavə etmişdir. 04 noyabr 2021-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh Muxtər oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı izahatında 12 oktyabr 2020-ci il tarixdə həmkəndlisi X20 oxuduğu Qaraçuq kənd tam orta məktəbinin həyətində oğlu Fəxrəddinlə qarşılıqlı mübahisə zəminində yumruqla Fəxrəddinin çənə nahiyyəsinə zərbələr endirdiyini, bunun nəticəsində oğlu Fəxrəddinin sol alt çənə nahiyyəsində və sağ qulağının dibində sınıq əmələ gəldiyini, onun Naxçıvan Muxtar Respublikası X22 Hüquqi şəxsində həkim müayinəsindən keçdiyini və çənəsində cərrahi əməliyyat aparıldığını, onun çənəsinin sol nahiyyəsinə cərrahi material qoyulduğunu, lakin onun çənəsində ağrılar şiddətləndiyindən və həkimlər burada əməliyyat edə bilməyəcəklərini bildirdiklərinə görə onun buradan həmkəndlisi X4 maşınını taksi tutaraq həyat yoldaşı ilə birlikdə oğlu Fəxrəddini 14 oktyabr 2020-ci il tarixdə Türkiyə Respublikası Atatürk Universiteti Araşdırma Xəstəxanasına apardığını, 15 oktyabr 2020-ci il tarixdə onu X16 X26 yatırdığını, lakin həmin vaxt oğlunun ağzında infeksiya aşkarlandığını, ona görə də 15 gün ərzində onun müalicə olunması üçün orada qalmalı olduqlarını, ağzında virus aşkarlandığı üçün onda edilməsi planlanan cərahiyyə əməliyyatının edilə bilmədiyini, 15 gün məcbur oğlunun ağzında aşkarlanan virusun müalicəsi üçün Türkiyədə qaldıqlarını, bəzi günlər oteldə bir neçə gün isə oğlu və arvadının xəstəxanada qaldığını, özü və birlikdə taksi kimi tutduğu maşının sahibi Rəfalətin isə oteldə qaldığını, həmin vaxt gündəlik 100 manatdan artıq məbləğdə yemək üçün xərci yarandığını, özünün və Rəfalətin də oteldə qalma və qidalanma xərclərini özünün qarşıladığını, həmin vaxt oğlunun müalicəsi üçün xəstəxanaya da pul ödədiyini, bütün bununla bağlı olaraq Türkiyə Respublikasına birinci dəfə gedib qayıdanda 4460 (dörd min dörd yüz altmış) manat pul xərclədiyini, oğlu sağalandan sonra 28 oktyabr 2020-ci il tarixdə Naxçıvana qayıtdıqlarını, 08 noyabr 2020-ci il tarixdə oğlu Fəxrəddini arvadı ilə birlikdə cərrahi əməliyyat olunması üçün təkrar Türkiyə Respublikası Atatürk Universiteti Araşdırma Xəstəxanasına apardıqlarını, oğlunun 09 noyabr 2020-ci il tarixdə cərrahiyyə əməliyyatı olunduğunu, həmin vaxt xəstəxanaya 6000 (altı min) türk lirəsi pul ödədiyini, 12 noyabr 2020-ci il tarixdə Naxçıvana qayıtdıqlarını, həmçinin birinci dəfə Türkiyəyə xəstəxanaya gedəndə də 6000 (altı min) türk lirəsi pul ödədiyini, lakin hər iki dəfə də xəstəxanaya ödədiyi pulun qəbzini almaq üçün xəstəxananın məsul işçilərinə müraciət etsə də, xarici vətəndaş olduğu üçün ona həmin qəbzlərin verilə bilməyəcəyinin bildirildiyini, ona görə də məhkəməyə həmin qəbzləri təqdim edə bilmədiyini, ancaq həmin qəbzlərin bir neçəsinin komputerdən fotoşəkilini çəkməyinə icazə verdiklərini, həmin fotoşəkilləri də məhkəməyə təqdim etdiyini, oğlunun sağlamlığına vurulmuş zərərin aradan qaldırılması üçün bütün xərcləri özünün çəkdiyini, oğlunun şagird olduğunu, xarici bir dövlətin ərzisinə getmək üçün gömrük xərclərinin, yol xərcinin, həmçinin xəstəxanaya gedilirsə müalicə və müayinə üçün xərc çəkildiyinin hamıya məlum olan bir hal olduğunu, bunu tam sübuta yetirən sənədlərin əlində olmamasının həmin halların mövcud olmaması sayılmadığını, oğlunun hal-hazırda da müalicəsinin davam etdirildiyini, alt çənədəki dişlərin deformasiyasına görə 6 aydan sonra təkrar yenə Türkiyə Respublikası Atatürk Universiteti Araşdırma Xəstəxanasına aparıb braket qoydurmalı olduğunu, oğlunun müalicəsi üçün ikinci dəfə Türkiyəyə gedib-qayıdanda isə 2730 (iki min yeddi yüz otuz) manat xərc çəkdiyini, bütün bunların qeyd olunan cinayət hadisəsinə görə yarandığını, həmin xərclərin nəqliyyat, gömrük, sığorta, oteldə qalmağa, sənədlərin tərcümə və təsdiq olunmasına, o cümlədən də cərrahiyyə əməliyyatının aparılıb, lazım olan dərman preparatlarının alınmasına sərf olunan xərc olduğunu, çəkilmiş xərclərlə bağlı sənədləri və tərcümə edilmiş surətlərini ərizəsinə əlavə etdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında izahat verən Cavabdeh Muxtər oğlu izahatında həqiqətən də oğlu X20 vurduğu zərbələr nəticəsində X14 çənə nahiyyəsinin qırıldığını, oğluna cinayət işi açıldığını, oğlunun barəsində məhkəmənin qərarı əsasında tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edildiyini, hazırda işsiz olduğunu, heç bir fəaliyyətlə məşğul olmadığını, iddiaçının tələb etdiyi məbləği ödəmək imkanının olmadığını, bu hadisə baş verdiyi vaxtdan iddiaçıya köməklik etməyə çalışdığını, iddiaçı oğlunu müalicə üçün Türkiyə Respublikasına aparanda ona orada dostlarının olduğunu, onların iddiaçını qarşılaya biləcəklərini, onun xəstəxana xərclərinin qarşılanmasında ona kömək edə biləcəklərini bildirdiyini, lakin iddiaçının onların onu qarşılamasını istəmədiyini, ona həmin şəxslərin pul vermələrini istədiyini bildirdiyini, utandığına görə də dostlarına iddiaçıya pul vermələrini bildirə bilməyəcəyindən buna razı olmadığını, iddia ərizəsində yazılan məbləği qəbul etmədiyini, iddiaçının oğluna vurulmuş zərərə görə iddia ərizəsində göstərilən məbləğdə xərc çəkmədiyini, bu məbləğin şişirdildiyini, iddiaçının məhkəməyə təqdim etdiyi qəbzlər üzrə olan xərcləri bütünlüklə ödəməyə hazır olduğunu, əlavə olaraq da iddiaçının ilk dəfə oğlunu müalicəyə apardığı vaxt üçün yəni 15 gün müddəti üçün günlük yemək xərci üçün 50 (əlli) manatdan hesablanmaqla ümumilikdə 750 (yeddi yüz əlli) manat ödəməyə razı olduğunu, bundan artıq məbləğdə pul ödəyə bilməyəcəyini, əgər iddiaçı tələb etdiyi məbləğin hamısına dair ödəniş qəbzlərini gətirsə özünün həmin məbləği də ödəməyə razı olacağını, amma iddiaçının çəkdiyi xərcdən çox artıq məbləğdə pul tələb etdiyini, iddiaçının oğlu Fəxrəddinin Türkiyədə cərahiyyə əməliyyatı olunmadığını, Türkiyədə sadəcə müalicə olunduğunu, iddiaçının Fəxrəddinin cərahiyyə əməliyyatı olunması barədə qeyd etdiyinin yalan olduğunu, Fəxrəddinin ağzında infeksiya aşkarlandığına, koronavirusa yoluxduğuna görə iddiaçı tərəfin Türkiyə Respublikasında 15 gün qaldığını, yemək xərcindən əlavə həmin vaxt çəkilmiş xərcləri özünün ödəməli olmadığını, Fəxrəddinin ağzında yaranan infeksiyanın onun oğlu tərəfindən vurulmuş zərərlə əlaqəsi olmadığını, Türkiyə Respublikasında olan dostlarının araşdıraraq iddiaçının oğlunun Türkiyədə cərahiyyə əməliyyatı olunmadığını öyrəndiklərini, oğlunun heç yerdə işləmədiyini, gəliri olmadığını, onun orta məktəbdə oxuduğunu, oğlunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlak olmadığını bildirdi. Məhkəmə iclasında ifadə verən şahid X8 ifadəsində iddiaçı və onun arvadı ilə birlikdə onların oğlu Fəxrəddinin müayinə olunması üçün Türkiyə Respublikası Atatürk Universiteti Araşdırma Xəstəxanasına apardığını, oraya onun avtomobili ilə getdiklərini, həmin vaxt dəqiq yadındadır ki, elə təkcə avtomobilə doldurulan benzin üçün Raminin 600 (altı yüz) manat pul ödədiyini, xəstəxanaya getdiklərini, Fəxrəddin Əliyevdən analiz götürüldüyünü, sonradan Fəxrəddinin ağzında infeksiya aşkarlandığından onun 15 gün Türkiyədə qalaraq müalicə olunmalı olduğunu, Raminin 15 gün müddətində hər gün 3 dəfə yemək sifariş etdiyini, günlük təxminən 100 (bir yüz) manat məbləğində yemək üçün pul xərclədiyini, oteldə qalmaqları üçün yemək daxil olmadan Raminin günə 100 (bir yüz) türk lirəsi pul ödədiyini, həkimin virusa görə əməliyyata icazə vermədiyindən onların 14 gün sonra Naxçıvana qayıtdıqlarını, təkrarən Fəxrəddinin Türkiyəyə müalicə üçün aparıldığı vaxt özünün onlarla getmədiyini, onların başqa avtomobillə getdiklərini bildirdi. 04 noyabr 2021-ci il tarixdə məhkəmə baxışı iclası zamanı iş üzrə İddiaçı məhkəməyə ərizə təqdim edərək ərizədə Cavabdeh Muxtər oğluna qarşı vurulmuş zərərə görə çəkilən xərclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etdiyini, braket qoyulmasına çəkiləcək xərclərə dair hissədə tələbini geri götürdüyünü qeyd edərək iddia ərizəsində həmin hissəyə dair tələbinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə 04 noyabr 2021-ci il tarixli qərardadla İddiaçı Cavabdeh Muxtər oğluna qarşı vurulmuş zərərə görə çəkilən xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsini iddiaçının 6 aydan sonra braket qoyulmasına çəkiləcək xərci tələb etməsinə dair hissədə baxılmamış saxlamışdır. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus C02903592 nömrəli pasportun təsdiq edilmiş surətindən onun 14 oktyabr 2021-ci il tarixdə Türkiyə Respublikasının ərazisinə getdiyi, 28 oktyabr 2020-ci il tarixdə qayıtdığı, həmçinin 08 noyabr 2020-ci il tarixdə Türkiyə Respublikasına getdiyi 12 noyabr 2020-ci il tarixdə qayıtdığı məlum olur. İş materiallarına əlavə edilmiş X15 məxsus C02494683 nömrəli pasportun təsdiq edilmiş surətindən onun 14 oktyabr 2021-ci il tarixdə Türkiyə Respublikasının ərazisinə getdiyi, 28 oktyabr 2020-ci il tarixdə qayıtdığı, həmçinin 08 noyabr 2020-ci il tarixdə Türkiyə Respublikasına getdiyi 12 noyabr 2020-ci il tarixdə qayıtdığı məlum olur. İş materiallarına əlavə edilmiş X17 məxsus C02297239 nömrəli pasportun təsdiq edilmiş surətindən onun 14 oktyabr 2021-ci il tarixdə Türkiyə Respublikasının ərazisinə getdiyi, 28 oktyabr 2020-ci il tarixdə qayıtdığı, həmçinin 08 noyabr 2020-ci il tarixdə Türkiyə Respublikasına getdiyi 12 noyabr 2020-ci il tarixdə qayıtdığı məlum olur. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti X36 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 1931 nömrəli, 26 noyabr 2020-ci il tarixli arayışından görünür ki, Qaraçuq ərazisində qeydiyyatda olan X14 ailə üzvləri-atası, anası və qardaşından ibarətdir. İş materiallarına əlavə edilmiş 26 noyabr 2020-ci il tarixli xasiyyətnamədə 10.03.2006cı ildə Naxçıvan şəhər Qaraçuq kəndində anadan olmuş azərbaycanlı X14 2011-ci ildə Naxçıvan şəhər 9 №-li tam orta məktəbin birinci sinfinə qəbul olunduğu, hal-hazırda həmin məktəbin İXa sinfində oxuduğu, sinifdə yaxşı oxuyan şagirdlər sırasında duranlardan olduğu, davranışı ilə yoldaşları ilə münasibətdə xoş rəftar edən şagirdlərdən olduğu, məktəbin idman yarışlarında iştirak etdiyi, müəllimlər və ya sinif yoldaşları ilə xoş münasibət saxladığı, haqqını tələb edən və haqsızlığa dözə bilməyən, yoldaşları arasında fərqlənməyə can atan şagirdlərdən olduğunun qeyd olunduğu aydın olur. -iş materiallarına əlavə edilmiş “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” X39 tərəfindən 12.10.2020-ci il tarixli müayinə vərəqəsində ekstrakranial sahə- sol alt çənənin sınığı, keçirilən əməliyyatdan sonra cərrahi materiallar göründüyü, sağ alt çənə sümüyünün sınığının az yerdəyişmə ilə izlənildiyi, piramidlərdə, daxili qulaq keçəcəklərində pataloji dəyişkənlik olmadığı, göz almalarının simmetrik olduğu, görmə sinirləri simmetrik və trayektoriyaları deviasiyasız olduğu, retrobulbar sahələrin toxumalarında patalogiyanın görünmədiyi, intrakranial sahə - bazal sisternada deformasiya, yaxud kompressiya əlamətlərinin izlənilmədiyi, dördüncü mədəciyinin formasının adi olduğu, körpü-beyincik bullalarının adi formada və simmetrik olduğu, tük yəhərinin ölçülərinın norma daxilində olduğu, intersellüar və parasellüar sahələrdə pataloji toxumanın görünmədiyi, mezensefal strukturlar talamusun adi formada olduğu, yan mədəciklərin normal qeyd olunduğu, subaraxnoidal şırımların, ağ və boz maddələrin aydın seçildiyi, nəticədə baş beyində həcmli və ocaqlı dəyişikliklərin izlənilmədiyi qeyd olunmuşdur. iş materiallarına əlavə edilmiş Babək rayonu, X36 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xasiyyətnaməsində Naxçıvan MR, Babək rayonu, Qaraçuq kəndində 30.10.2006-cı ildə anadan olmuş, azərbaycanlı, haliyədə Naxçıvan şəhər Qaraçuq kəndində yaşayan X14 Naxçıvan şəhər 9 saylı tam orta məktəb kollektivi arasında özünü yaxşı apardığının, öz yaşıdları arasında özünə hörmət qazandığının qeyd olunduğu görünür. İş materiallarına əlavə edilmiş Babək Rayonu, X36 Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 10 noyabr 2006-cı il tarixli, AZ İ seriyalı, 255422 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən İddiaçı ilə X18 arasında 10 noyabr 2006-cı il tarixdə nikahın bağlanması, bunun 29 nömrə ilə qeyd edilməsi və nikah bağlanması zamanı X9 özünə “Əliyeva” soyadını seçməsi aydın olur. İş materiallarına əlavə edilmiş və Babək Rayonu, X36 Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28 dekabr 2006-cı il tarixli, AZ-İ seriyalı, 795404 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə İddiaçı və X11 30.10.2006-cı il təvəllüdlü X23 adlı övladının olması aydın olur. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-03/2021 nömrəli, 19.02.2021-ci il tarixli qərarından görünür ki, X28 12.10.2020-ci il tarixdə saat 12 radələrində dərsdən çıxdıqdan sonra Qaraçuq kənd tam orta məktəbinin yaxınlığında aralarında baş vermiş şəxsi mübahisə zəminində həmkəndlisi, həmin məktəbin İX sinif şagirdi, 30.10.2006cı il təvəllüdlü X3 nahiyyəsinə qəsdən yumruq zərbəsi vuraraq sonuncuya alt çənədə qançır, alt çənənin boynunda və simfizdə az yer dəyişmə ilə sınıqlardan ibarət həyat üçün təhlükəli olmayan, sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan xəsarət yetirməklə, sağlamlığına az ağır zərər vurmuşdur, həmin qərarla Azərbaycan Respublikası CM-in 127.1ci maddəsi ilə təqsirləndirilən yetkinlik yaşına çatmayan X28 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88-ci maddəsinə əsasən barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilmiş, cinayət işi üzrə icraata xitam verilmiş, X28 barəsində Azərbaycan Respublikası Cinayət Məcəllənin 88.2.2 və 88.2.4-cü maddələrinə əsasən müvafiq dövlət orqanının nəzarətinə vermək və asudə vaxtı məhdudlaşdırılmaqla davranışı ilə bağlı xüsusi tələblərin müəyyən edilməsi növündə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilmiş, Azərbaycan Respublikası CM-nin 87.2-ci maddəsinə əsasən müvafiq dövlət orqanının üzərinə X24 tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək; X21 icbari orta təhsilini davam etdirməsinə nəzarət etmək; onun qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqları tam təmin edilməklə asudə vaxtı məhdudlaşdırılmaqla təhsili, tərbiyəsi, fiziki və əqli inkişafına müsbət təsir göstərə biləcək istiqamətlər üzrə X12 işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən müəyyən edilmiş könüllü fəaliyyətdə, sosial, ictimai faydalı işlərin görülməsi və s. kimi layihələrə cəlb edilməsinə köməklik göstərilməsi vəzifələri qoyulmuş,tərbiyəvi xarakterli məcburi tədbirlərin icrası Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında X12 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş 14 oktyabr 2020-ci il tarixli, 41641539 nömrəli viza səyahət tibbi sığorta vəsiqəsindən Əliyeva Aynurənin 14 oktyabr 2020-ci il tarixdə 390.64 türk lirəsi ödəniş edilərək sığorta olunduğu aydın olur. İş materiallarına əlavə edilmiş 14 oktyabr 2020-ci il tarixli, 41640409 nömrəli viza səyahət tibbi sığorta vəsiqəsindən İddiaçı 14 oktyabr 2020-ci il tarixdə 390.64 türk lirəsi ödəniş edilərək sığorta olunduğu aydın olur. İş materiallarına əlavə edilmiş 14 oktyabr 2020-ci il tarixli, 41641893 nömrəli viza səyahət tibbi sığorta vəsiqəsindən Rəfalət Tarverdiyevin 14 oktyabr 2020-ci il tarixdə 390.64 türk lirəsi ödəniş edilərək sığorta olunduğu aydın olur. İş materiallarına əlavə edilmiş 14 oktyabr 2020-ci il tarixli, 41641014 nömrəli viza səyahət tibbi sığorta vəsiqəsindən Fəxrəddin Əliyevin 14 oktyabr 2020-ci il tarixdə 390.64 türk lirəsi ödəniş edilərək sığorta olunduğu aydın olur. İş materiallarına əlavə edilmiş magistral yollarda mühərrikli nəqliyyat vasitələrinin məcburi maliyyə öhdəliyi barədə 14 oktyabr 2020-ci il tarixli, 41642607 nömrəli sığorta vəsiqəsindən Tarverdiyev Rəfalətə məxsus ** BJ *** qeydiyyat nömrə nişanlı avtomilin 250 türk lirəsi ödəniş edilərək sığorta olunduğu məlum olur. İş materiallarına əlavə edilmiş Saray Oteldə yerləşmə aktından İddiaçı 2020-ci ilin 14 oktyabr, 16-27 oktyabr tarixlərində, 08-11 noyabr tarixlərində oteldə qalma xərcinin 1700 (bir min yeddi yüz) türk lirəsi olduğu məlum olur. İş materiallarına əlavə edilmiş Saray Oteldə yerləşmə aktından Əliyeva Aynurənin 2020-ci ilin 14 oktyabr, 24-27 oktyabr, 08 noyabr və 11 noyabr tarixlərində oteldə qalma xərcinin 1000 (bir min) türk lirəsi olduğu məlum olur. İş materiallarına əlavə edilmiş Saray Oteldə yerləşmə aktından Əliyev Fəxrəddinin 2020-ci ilin 14 oktyabr, 24-27 oktyabr, 08 noyabr və 11 noyabr tarixlərində oteldə qalma xərcinin 1000 (bir min) türk lirəsi olduğu məlum olur. İş materiallarına əlavə edilmiş Saray Oteldə yerləşmə aktından Rəfalət Tarverdiyevin 2020-ci ilin 14 oktyabr və 16-27 oktyabr tarixlərində oteldə qalma xərcinin 1300 (bir min üç yüz) türk lirəsi olduğu məlum olur. İş materiallarına əlavə edilmiş Türkiyə Respublikası Atatürk Universiteti Təqiqat Xəstəxanasının 11.11.2021-ci il tarixli arayışında Əliyev Fəxrəddinin diaqnozlarının K10 çənənin digər xəstəlikləri olduğu, şikayətlərinin sağ alt çənədə ağrı, dişlərin okluziyaya gələ bilməməsinin olduğu, zərbə nəticəsində mandibulada (alt çənə) sağ tərəfdə kondil boynunda fraktur xətti, sol tərəfdə parasimfistr lövhə, vintlərlə bərkidilmiş fraktur xəttinin müşahidə edildiyi, parasimfis nahiyəsində olan qırıq xəttində dişlər arasındakı okluzal səviyyənin uyğun olmadığının müşahidə edildiyi, xəstədən alınan məlumatlara görə 12 oktyabr 2020-ci il tarixdə döyülən xəstəyə Naxçıvan Muxtar Respublikasında 12 oktyabr 2020-ci il tarixdə mandibula parasimfisə lövhə və vintlərlə fiksasiya edildiyinin məlum olduğu, xəstənin 14 oktyabr 2020-ci il tarixdə Atatürk Universitetinin Tibb X31 Yardım Şöbəsinə müraciət etdiyi, xəstənin 15 oktyabr 2020-ci il tarixdə X25 qəbul edildiyi, xəstədə inkişaf edən viral infeksiya səbəbilə xəstənin 16 oktyabr 2020-ci il tarixdə X7 göndərildiyi, xəstənin yaxşılaşdıqdan sonra 09 noyabr 2020-ci il tarixdə yenidən X25 qəbul edildiyi və 10 noyabr 2020-ci il tarixdə əməliyyat olunduğu, xəstənin 09 noyabr 2020-ci il tarixdə qəbul edildiyi, rutin qan analizlərinin tələb olunduğu, premedikasiyaya göndərildiyi, xəstənin şöbədə nəzarətə götürüldüyü, 10 noyabr 2020-ci il tarixdə xəstəyə Şöbədə nəzarət edildiyi, xəstənin əməliyyat olunduğu, əməliyyatda mandibula parasimfis nahiyəsindəki lövhə və vintlərin infeksiyaya məruz qaldıqları üçün çıxarıldığı, əməliyyatdan sonra 1 saat pacuda müşahidə edildikdən sonra Şöbəyə qəbul edildiyi, oredrinin hazırlandığı, tətbiq edildiyi, hemoqram və biokimyəvi analizləri tələb olunduğu, xəstənin ağzının açıldığı, mobilizasiya edildiyi, xəstənin ağızdaxili və ağızxarici sarğısının tətbiq olunduğu, 11 noyabr 2021-ci il tarixdə xəstəyə şöbədə nəzarət edildiyi, xəstəyə ağızdaxili və ağızxarici sarğı tətbiq olunduğu, xəstənin yaxşılaşaraq evə yazıldığı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 28.10.2020-ci il tarixli xəstənin vəziyyəti haqqında arayışda 10385912 kimlik No-li Fəxrəddin Əliyev adlı xəstənin aparılan kliniki və radioloji müayinəsi nəticəsində Mandilubada (alt çənə) kondil simfız nahiyəsində deplase qırıq xətti müşahidə edildiyi, xəstəni Azərbaycanda (Naxçıvanda) müalicə edilə bilmədiyi üçün Klinikalarına müraciət etdikləri, əməliyyatı planlaşdırılan xəstə Atatürk Universitetinin Tibb X10 Cərrahiyyəsi Şöbəsinə qəbul olunduğu, rutin müayinələr zamanı xəstənin ağzında infeksiya olduğu görüldüyü, planlaşdırılan əməliyyatı 15 (on beş) gün sonraya təxirə salındığı, bu müddətin axırında xəstənin təkrar gəlib klinikalarında yatmasının lazım gəldiyi, bu sənədin xəstənin müraciətinə əsasən hazırlanmış vəziyyəti haqqında arayış olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti X36 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 15.04.2021-ci il tarixli, 959 nömrəli arayışına əsasən X1 qeydiyyatdadır və adına həqiqətən də heç bir daşınmaz əmlak yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan MR Təhsil Nazirliyi Naxçıvan Şəhər Təhsil Şöbəsi V.Mahmudov adına 9 №-li tam orta məktəbin 15 aprel 2021-ci il tarixli 74 nömrəli arayışından X21 2020-2021-ci tədris ilində Naxçıvan şəhər 9 №-li tam orta məktəbin Xİ (on birinci) sinfində təhsil aldığı məlum olur. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti X36 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 13 aprel 2021-ci il tarixli 935 nömrəli arayışından X20 Naxçıvan şəhər 9 №-li tam orta məktəbdə təhsil aldığı və adına mülkün olmadığı məlum olur. İş materiallarına əlavə edilmiş NMR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə dövlət Xidmətinin 26 may 2021-ci il, 04/333 nömrəli məktubundan X20 adına daşınmaz əmlak qeydiyyata alınmadığı məlum olur. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirliyinin 01 nömrəli ekspert rəyinə görə X14 33-34-35-ci dişlər səviyyəsində, yəni mandibulanın sol hissəsində olan qüsur travmadan sonra yaranmışdır. X14 travmadan sonra mandibulada yaranmış deformasiyasının aradan qaldırılması üçün ortodont-həkimin müalicəsinə ehtiyacı vardır. Bu müalicə ortodont həkimin qərarı ilə müəyyənləşdirilməlidir (Braket və ya başqa metod). X14 travmadan sonra dişlərinin deformasiyasının aradan qaldırılması üçün seçilən metod dişlərə braket taxılması olarsa müalicə müddəti müalicənin gedişatında alınan nəticələrə uyğun olaraq həkim-ortodont tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1104.1-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. 1104.2-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. 1104.4-cü maddəsinə əsasən valideynlərin (övladlığa götürənlərin), himayəçinin və müvafiq müəssisənin on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın vurduğu zərərin əvəzini ödəmək vəzifəsinə zərərvuran yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatdıqdan sonra zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı yarandıqda və ya yetkinlik yaşına çatanadək fəaliyyət qabiliyyəti əldə etdikdə xitam verilmir. Şərh olunan hüquq normalarının məzmunundan göründüyü ki, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayan şəxsin vurduğu zərərə görə zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda onun valideyni əgər həmin zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirə bilmədiyi halda onun valideyni məsuliyyət daşıyır. Yuxarıda qeyd olunan iş materiallarından da görünür ki, X27 tərəfindən X2 pozulmaqla ona zərər vurulmuşdur. Həmin zərərin yetirilməsi iş materialları ilə tam sübuta yetir. Və iş materiallarında olan yuxarıda qeyd olunan sənədlərdən də göründüyü kimi X27 şagirddir, onun mülkiyyətində əmlakı yoxdur, həmçinin onun heç bir yerdən gəliri də yoxdur. Belə olan halda onun atası Cavabdeh Muxtər oğlu oğlunun vurduğu zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirə bilmədiyindən məhkəmə hesab edir ki, həmin zərər Cavabdeh Muxtər oğlu tərəfindən ödənilməlidir. Ödəniləcək zərərin məbləği ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, davadərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. X14 Türkiyə Respublikasında Atatürk Universiteti Tədqiqat Xəstəxanasında onun sağlamlığına vurulmuş zərərə görə cərahiyyə əməliyyatı olunması iş materiallarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirildiyinə və qeyd olunan cərahiyyə əməliyyatı üçün iddiaçı tərəfindən mütləq şəkildə ödəniş edilməli olmasına görə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı xarici dövlət ərazisində həyata keçirilmiş cərahiyyə əməliyyatı üçün ödədiyi pul məbləğini təsdiq edən sənədin əslini və ya təsdiq edilmiş surətini əldə etməsi imkan xaricində olduğundan onun məhkəməyə təqdim etdiyi ******* nömrəli və ******* nömrəli qəbzlərin fotoşəkillərində olan ümumilikdə 6000 (altı min) türk lirəsi məbləği nəzərə alınmalı, cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş yuxarıda qeyd olunan sığorta vəsiqələrində və oteldə yerləşmə aktlarında göstərilən ümumi məbləği yəni 6812.56 (altı min səkkiz yüz on iki türk lirəsi əlli altı kuruş) türk lirəsi nəzərə alınmalı, həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mərkəzi X32 Respublikası İdarəsinin verdiyi oktyabr ayı və noyabr ayı üçün Azərbaycan manatının Türk lirəsinə nisbətdə rəsmi məzənnəsinə dair məlumata əsasən Azərbaycan manatının Türkiyə lirəsinə nisbətdə rəsmi məzənnəsinə əsasən bir Türkiyə lirəsi 14.10.2020-ci il tarixdə 0.2144, 15.10.2020-ci il tarixdə 0.2145, 16.10.2020-ci il tarixdə 0.2141, 17.10.2020-ci il tarixdə 0.2141, 18.10.2020-ci il tarixdə 0.2141, 19.10.2020-ci il tarixdə 0.2148, 20.10.2020-ci il tarixdə 0.2157, 21.10.2020-ci il tarixdə 0.2161, 22.10.2020-ci il tarixdə 0.2175, 23.10.2020-ci il tarixdə 0.2136, 24.10.2020-ci il tarixdə 0.2136, 25.10.2020-ci il tarixdə 0.2136, 26.10.2020-ci il tarixdə 0.213, 27.10.2020-ci il tarixdə 0.2101, 28.10.2020-ci il tarixdə 0.2075, 08.11.2020-ci il tarixdə 0.2019, 09.11.2020ci il tarixdə 0.2019, 10.11.2020-ci il tarixdə 0.2088, 11.11.2020-ci il tarixdə 0.2076 manata bərabər olmuşdur. Qeyd olunan məzənnəni nəzərə alan məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə məzənnə nəzərə alınmaqla cavabdehdən tutularaq iddiaçıya ödənilməli olan 12 812.56 (on iki min səkkiz yüz on iki türk lirəsi əlli altı kuruş) türk lirəsi manatla hesblanmaqla iddiaçıya 2701 (iki min yeddi yüz bir manat) manat ödənilməlidir. Həmçinin məhkəmə şahidin ifadəsində iddiaçının gediş-gəliş üçün avtomobilə doldurulan benzin üçün 600 (altı yüz) manat məbləğində pul xərclədiyini qeyd etməsini, cavabdehin məhkəmədə 15 gün müddəti üçün günlük yemək xərci üçün 50 (əlli) manatdan hesablanmaqla ümumilikdə 750 (yeddi yüz əlli) manat ödəməyə razı olduğunu bildirməsini nəzərə alaraq hesab edir ki, ümumilikdə yuxarıda türk lirəsinin qarşılığı olaraq ödənilməli olan məbləğ də daxil olmaqla 4051 (dörd min əlli bir manat) məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə rədd edilməlidir. Belə ki, ididaçı iddia tələbinin qalan hissəsinin təsdiq edilməsi ilə bağlı məhkəməyə hər-hansı bir sübut təqdim etməmişdir, eyni zamanda məhkəmə araşdırması zamanı da iddiaçının iddia tələbinin qalan hissəsinin əsaslı olmasını təsdiq edən hallar ortaya çıxmamışdır. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə həmçinin hesab edir ki, mülki işə baxılması zamanı cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə müvafiq olaraq şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, iddianın qiyməti, pul vəsaiti alınması haqqındakı iddialarda – alınan məbləğlə müəyyən edilir. İddiaçı iddia ərizəsi verdiyi vaxt qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi səhhətə digər xəsarətlər yetirilməsi nəticəsində dəyən ziyanın ödənilməsi ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda alınan məbləğ ilə müəyyən edildiyindən, həmçinin tələb olunan pul vəsaitinin məbləği 500 manatdan çox olduğundan, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 17.20 (on yeddi manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin edilməli; -vurulmuş zərərə görə çəkilmiş xəsrclərin əvəzi olaraq 4051 (dörd min əlli bir manat) məbləğində pul Cavabdeh Muxtər oğlundan alınaraq İddiaçı ödənilməli; -iddia qalan hissədə rədd edilməli; - Cavabdeh Muxtər oğlundan 17.20 (on yeddi manat iyirmi qəpik) manat məbləğində rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Vurulmuş zərərə görə çəkilmiş xəsrclərin əvəzi olaraq 4051 (dörd min əlli bir manat) məbləğində pul Cavabdeh Muxtər oğlundan alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh Muxtər oğlundan 17.20 (on yeddi manat iyirmi qəpik) manat məbləğində rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar