Məhkəmə qərarları › İş №2(078)-472/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-472/2024

02.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-472/2024 02.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, vurulmuş maddi ziyana görə 6220 (altı min iki yüz iyirmi) manat, mənəvi ziyana görə isə 5000 (beş min) manat və onun tərəfindən ödənilmiş 124 (yüz iyirmi dörd) manat dövlət rüsumunun, cəmi 11344 (on bir min üç yüz qırx dörd) manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixində Cavabdeh zəng vuraraq Perinatal Mərkəzin həkimi Nəzakət Gülməmmədova ilə yaxın münasibəti olduğu üçün həmin həkimlə əlaqə saxlamasını və həkimin anası Sveta Xudiyevanın müalicəsi üçün köməklik göstərməsini xahiş etmişdir. O Cavabdeh Perinatal Mərkəzə dəvət etməmişdir. O öz səyi nəticəsində gəlib köməklik göstərməyə çalışmışdır. İlk gündən onun və onun ailəsinin etibarından sui-istifadə edərək, onlara yanlış məlumatlar vermişdir. Cavabdeh 7 oktyabr 2023-cü il tarixində anası mərhum Sveta Xudiyevanın yanında bir gecəlik qalmaq üçün 80 manat rəsmi ödəniş etdiyi təqdirdə Perinatal Mərkəzin sabiq Baş həkimi Kifayət Məmmədovaya şər yaxılmasına şərait yaradaraq ona "260 manat rüşvət verdim" adı altında onun və ailəsinin etibarından sui-istifadə etmişdir. Həmin tarixdə o atası ilə birlikdə 400 manat Məlahətə pul vermişdir. Daha sonra Cavabdeh 8 oktyabr 2023cü il tarixində Perinatal Mərkəzin həkimi Nəzakət Gülməmmədovanın adından onlara bildirmişdir ki, "Nəzakət həkim deyir ki sığortalı 500 manata, sığortasız isə 1500 manata əməliyyat edirəm" buna görə 9 oktyabr tarixində atası Xudiyev Məhərrəm ilə birlikdə Babək Rayon Xəstəxanasından anası üçün tibbi sığorta alıb, X6 Məlahətə təqdim etmişlər. Həmin gün isə Məlahət atasından həkimə əməliyyatdan əvvəl ödəniş edəcəyini bildirdiyi üçün 1000 manat pulu Məlahətə vermişdir. Cavabdeh yuxarıya qalxıb həkimlə danışdıqdan sonra atası Xudiyev Məhərrəmə və ona demişdir ki, "Svetanın ayaqlarında və səhhətində digər problemlər olduğuna görə burda əməliyyat etməyəcəklər, Bakı şəhərinə aparmaq lazımdır" atası isə cavab olaraq bildirmişdir ki, "hara lazımdırsa aparmağa maddi imkanım var, hara deyirlərsə aparaq, təki Svetanın canı sağ olsun". Daha sonra Məlahət yuxarı qalxaraq əməliyyata qol kağızı vermiş və onların imkanı olmadığı üçün heç bir yerə apara bilmədiklərini söyləyərək anasının ölüm riskini maddi tamahı ucbatından heçə saymışdır. Daha sonra Məlahət gözləmə zalına gələrək anasının ciddi problemləri olduğunu demiş və ona görə də Baş həkim dopler müayinəsi istəyir və əməliyyata icazə vermir demişdir. O mərhum anası Sveta Xudiyeva, atası Xudiyev Məhərrəm və Cavabdehlə birlikdə dopler müayinəsi üçün Naxçıvan Sağlamlıq Mərkəzinə getmişlər. Dopler müayinəsi olduqdan sonra, Məlahət USM mütəxəssisi Amalya həkimə 160 manat rüşvət verdiyini ona demiş lakin dopler müayinəsinə ödədiyi məbləği 50 manat olaraq haqq hesab cədvəlində qeyd etmişdir. Onlar yenidən Perinatal Mərkəzə qayıtmışlar. Anası Cavabdehlə birlikdə yuxarı qalxmış daha sonra bir qədər keçdikdən sonra Məlahət gözləmə zalına düşmüş və onlara "Svetanın qanı azdır hələ qan vururlar 3-4 gün müalicə olunduqdan sonra səhhəti imkan versə əməliyyat edəcəklər yada Bakı şəhərinə aparacayıq" demişdir. Halbuki Məlahət yenidən onların etibarından sui-istifadə edərək əməliyyata razılıq verib bildirmişdi ki, "bunlar çox kasıbdır Bakıya apara bilməyəcəklər nə edirsiniz burda edin". Daha sonra həmin gün təxmini saat 17:00-da Məlahət "muştuluğumu verin Sveta əməliyyatdan çıxdı" deyərərək Perinatal Mərkəzin arxa qapısında oynamağa başlamışdır. Atası əsəbi halda Cavabdeh hirslənərək demişdir ki, "Bəs bizə niyə demədin əməliyyatda olduğunu? Bəs deyirdin Bakıya aparmaq lazımdır". O isə "mən sizə sürpriz edirdim" demiş və əməliyyatın ağır keçdiyinə görə əlavə olaraq Nəzakət həkimə 200 manatda ödəyəcəyini söyləmiş və Nəzakət həkimə 700 manat verdiyini haqq hesab cədvəlinə yazmışdır. Beləliklə ona verilən 1400 manat puldan onda 169 manat qaldığını sübuta yetirəcək haqq hesab cədvəli hazırlayıb ona və qardaşı Səbuhi Xudiyevə vhatsap mobil tətbiqi ilə göndərmişdir. Anası əməliyyatdan bir gün sonra xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Məlahət hər şeyi boynundan atamağa çalışsa da hər şey sübuta yetirilmişdir. Məlahətin yoldaşı X14 Mərasim Evində atasına 669 manat pul təqdim edərək bildirmişdir ki, “169 manat Məlahətdə qalıq pulunuz və digər 500 manat isə Nəzakət həkim qaytarıb”. Qeyd etdiyi məlumatlar Məlahətin Naxçıvan Şəhər Prokurorluğunda verdiyi izahatlardan sonra məlum olmuşdur. Beləliklə Məlahət maddi tamahı ucbatından pullarını mənimsəyib yalanlar uydurmuş bu da anasının ölümü ilə nəticələnmişdir. O anasını Bakı şəhərinə aparsaydı o yaşayacaqdı, ayaqlarını müalicə etdikdən sonra əməliyyat lazım gəldiyi təqdirdə etdirəcəkdi. Cavabdeh kim icazə və səlahiyyət vermişdi ki, əməliyyata qol kağızı versin? Cavabdeh verdiyi yalan izahatlara bağlı, anasının ölüm səbəbi və digər faktlarla bağlı Azərbaycan Respublikasının Baş prokurorluğunda araşdırmalar davam etdirilir. O məsələni ictimailəşdirdikdən sonra Məlahətin yalanları üzə çıxmışdır. Daha sonra Məlahətin ucbatından Baş həkim Kifayət Məmmədova istefaya getmiş, ona yaxılan şərə görə onu 6 noyabr 2023-cü il tarixində xüsusi ittiham qaydasında məhkəməyə vermişdir. Baş həkimə şər yaxılmasına şəraiti Cavabdeh yaratdığından Kifayət Məmmədova ilə onun arasında barışıq olmuş, icraata xitam verilmişdir. Məlahətin maddi tamahı ucbatından anasını itirmiş, cinayətdə təqsirləndirilmiş və məhkəmələrdə sürünmüşdür. Bu səbəbdən sənədləşmələrə, poçt xidmətlərinə, aviareyslərə, yollara və dəfn üçün yaranan xərcləri ödəmək məcburiyyətində qalmışdır. Ona həm maddi həm də mənəvi zərər vurmuşdur. Bu səbəbdən Cavabdeh tərəfindən vurulmuş maddi və mənəvi ziyan ödənilməlidir. Cavabdeh tərəfindən vurulmuş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı mübahisənin məhkəmədən kənar həll edilməsi üçün pretenziya məktubu göndərmişdir. Mübahisənin məhkəmədən kənar X1 həll olunmasını təklif etmişdir amma Cavabdeh dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Cavabdeh ona maddi və mənəvi ziyan vurmuşdur. Mülki qanunvericiliyin tələbinə görə cavabdeh həmin zərəri ödəməyə borcludur. Cavabdeh hazırda məhkəmədən kənar qaydada zərərin ödənilməsindən yayınır. Belə olan halda ona dəymiş maddi və mənəvi zərəri məhkəmə qaydasında tələb edir. Həmin zərər vurma nəticəsində ona dəymiş maddi ziyanı 6220 (altı min iki yüz iyirmi) manat vəsait kimi qiymətləndirir. Qeyd olunan zərər vurma nəticəsində həmçinin mənəvi iztirablar çəkmişdir. Bunun nəticəsində də ona mənəvi zərər dəymişdir. Ona dəymiş mənəvi ziyanı 5000 (beş min) manat vəsait kimi qiymətləndirir. Cavabdeh anasının müalicəsi və əməliyyatı üçün etibarından sui-istifadə etmişdir, nəticədə 43 yaşlı anası dünyasını dəyişmişdir. Ona maddi və mənəvi ziyan vurmuşdur. Bundan əlavə, hazırki iddianın qaldırılması üçün Dövlət rüsumu haqqında Qanunun 8-ci bəndinə əsasən 124 (yüz iyirmi dörd) manat dövlət rüsumu ödəmişdir. İddia təmin edildikdən sonra həmin rüsumun cavabdehdən tutulmalı olduğu qənaətindədir. Məhkəmə iclasında izahat verən İddiaçı izahatında Cavabdeh anasının daycanısı olduğunu, əvvəl anasını Bakıya aparmaq lazım olduğunu dediyini, sonra özünün nə isə maddi marağı olduğu üçün həkimlə razılaşaraq burada əməliyyat olunmasına razılıq verdiyini, cavabdehin anası Sveta Xudiyevanın əməliyyatına onların icazəsini almadan razılıq verdiyini, anasının əməliyyatda olduğunu heç kimə demədiyini, onların heç anasının əməliyyatda olmasından xəbərlərinin də olmadığını, Məlahətə 1400 manat pul verdiklərini, həmin puldan 700 manatını Nəzakət həkimin 260 manatını isə Kifayət həkimin aldığını dediyini, sonra hər şeyin üstünün açıldığını, 80 manat xəstənin yanında qalmaq üçün ödənilmiş puldan başqa xəstəxanaya heç bir rəsmi ödəniş edilmədiyini, qalan pulun Məlahət tərəfindən mənimsənildiyini, 10 oktyabr 2023-cü ildə anasının əməliyyat olunduğunu, 11 oktyabr 2023-cü il tarixdə vəfat etdiyini, Məlahətin ərinin yasın 2-ci günü atasına 669 manat pul verdiyini, 500 manatı Nəzakət həkimin verdiyini, 169 manat pulun da Məlahətdə qalan pul olduğunu dediyini, bu hadisədən Baş həkim Kifayət Məmmədovanın xəbəri olmadığını, bu məsələdə Nəzakət həkimlə Məlahətin marağı olduğunu, əməliyyatın uşaqlığın götürülməsi ilə əlaqədar olduğunu, bu əməliyyatda xəstənin ərinin razılığı olmalı olduğunu, ancaq atasının heç məlumatlandırılmadığını, cavabdeh qaytardığını desə də 380 manat pulu onlara qaytarmadığını, maddi zərər dedikdə məhkəmələrə gəlib getməsi ilə bağlı aviareyslərə çəkdiyi xərci, anasının yas və dəfn xərclərini də nəzərdə tutduğunu, bununla bağlı əlində hər hansı bir sübutu olmadığını, mənəvi zərərin ona ödənilməli olduğunu, həqiqətən də anasının ölümü nəticəsində özünün dərin sarsıntı keçirdiyini, mənəvi zərərə dair heç bir sübutu olmadığını, əlində olan sübutların hamısını məhkəməyə təqdim etdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh izahatında Svetanın onun baldızının qızı olduğunu, onu çox istədiyini, ona qarşı daycanı kimi deyil ana kimi münasibət bəslədiyini, özünün həmin gün evdə olmadığını, Cəlilin zəng etdiyini onların gəlininə “mamam yaxşı deyil həkimlər götürmür, daycanıya de gəlsin” dediyini, onun da tez Nəzakət həkimə zəng etdiyini, həkimin “Svetanı deyirsən? Bəhriyyə növbədədi o götürüb” dediyini, onun da tez xəstəxanaya getdiyini, Cəlilin ona “qanaxmayla gətirmişik, yanında qalmağa 260 manat istəyirlər, eləbil 5 ulduzlu oteldi, qoy mamam qurtarsın gör başlarına nə oyun açacam” dediyini, onun da sakit olmasını dediyini, özünün dəfələrlə əməliyyat olunduğunu, gedib soruşduğunu ona da xəstənin yanında qalmağın 260 manat olduğunu dediklərini, sonra maraqlanıb 1 gün qalmağın 80 manat olduğunu dediklərini, onun da xəstənin vəziyyəti ağırdı deyə 2 gün də əlavə qalıb 80-80 manat olmaqla iki dəfə də pul verəcəyini düşündüyünü, iddiaçının ona başda 300 manat bir dəfə 100 manat da bir dəfə pul verdiyini, xəstənin vəziyyətinin ağır olduğunu, 30% qanı qaldığını, sonra gedib Nəzakət həkimlə danışdığını, əməliyyatın qiymətini maraqlandığını ona “sığortasız 1500 manat, sığortalı 500 manatdır” dediyini, onun da “sığorta gətirərlər imkanları çox yoxdu” dediyini, sonra həkimin xəstənin dopler müayinəsi olunmalı olduğunu dediyini, buna görə dopler olunmaq üçün Dioqnostikaya getdiklərini, hər ayağın 80 manat olduğunu, Svetanın da “həkimə 50 manat verim keçim” dediyini, orada da Svetaya 50 manat verdiyini, Nəzakət həkimin yanına getdiyini, onun “qanaxma dayansa əməliyyat edəcəyik, dayanmasa Bakıya aparasınlar” dediyini, Svetanın qanaxmasının çox olduğunu, çoxlu qan köçürdüklərini, sonra həkimin xəstənin əməliyyat olunmalı olduğunu dediyini, Svetaya “həkim deyir qol çəkmək lazımdır” dediyini, onun da “daycanı sən çək” dediyini, sonra Svetanın əməliyyatdan çıxdığını, həkimin Svetanın yaxşı olduğunu dediyini, onun da çox sevindiyini, səhəri günü Nəzakət həkimin xəstənin vəziyyətinin yaxşı olduğunu palataya köçürüləcəyini dediyini, onun da çox sevindiyini, sonra üstündən bir az keçmişdi ki, Nəzakət həkimin ona zəng etdiyini, “Məlahət durma gəl xəstənin vəziyyəti pisdir” dediyini, xəstəxananın pilləkənlərini yıxıla-yıxıla çıxdığını, gedib Nəzakət həkimin ürəyinin narahat olub yıxıldığını gördüyünü, hələ Sveta əməliyyatdan çıxanda vəziyyəti yaxşı olanda onun həkimlərə şirinlik verməsini dediyini, həkimin gəlib Svetanı görəndə yanında 2 nar olduğunu, onu həkimə verdiyini, “həyətlərinin narıdır yeyin” dediyini, onun da “nə qəşəng nardır, Məlahət” dediyini, onun da cavabında “Sveta düzəlsin, sizə nar gətirərik dediyini”, sonra Svetanın anasının 1 sumka nar gətirdiyini, onun da o narın içinə 300 manat pul qoyub aparıb Nəzakət həkimə verdiyini, Nəzakət həkimin sonradan görüb ona zəng etdiyini, “bu nədi qoymusan” dediyini, onun da “10 dəfə gəlib maraqlanmısan, ağır xəstəmizlə” dediyini, hətta 100 manat da əlavədən Nəzakət həkimə, 100 manat da narkoz həkimi olan Nicat həkimə verməyi planlaşdırdığını, iddiaçının ondan 10000 manat təzminat istədiyini, Sveta öldükdən bir müddət sonra da anasının öldüyünü, öz anasının yasında oturmağa imkan vermədiklərini, məhkəməyə, prokurorluğa çağırdıqlarını, ona ümumilikdə 1400 manat pul verildiyini, həmin pulun 300 manatını Nəzakət həkimə şirinlik kimi verdiyini, 166 manat dərmanlara verdiyini, 50 manat Dioqnostikada Svetaya verdiyini, 80 manat xəstənin yanında qalmaq üçün xəstəxanaya ödədiyini, 20 manat tibb bacılarına iynə vurmaq üçün verdiyini, 15 manata Svetaya paltar aldığını, sonra Nəzakət həkimə verdiyi 300 manatı və qalan 369 manat pulu yəni ümumilikdə 669 manat pulu həyat yoldaşının aparıb Cəlilin atasına verdiyini, sadəcə 380 manat pul qaldığını, həmin pulu da aparıb dəfələrlə verdiyini götürmədiklərini, yoldaşının aparıb Cəlilin atasına verdiyini, onun da yerə atdığını, sonra həmin 380 manat pulu və onda qalan termometri götürüb Cəlilgilin evinə getdiyini, Cəlilin evdə olmadığını, qardaşı Səbuhinin evdə olduğunu, onun da həmin pulu götürmədiyini, Cəlilə zəng etdiyini, onun da ora qoymasını dediyini, onun da pulu onlara qoyub çıxdığını, onun iddiaçıya heç bir maddi və mənəvi zərər vurmadığını, iddiaçının ölümünə səbəbin özü olmadığını, onlara bütün pulu qaytardığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində Məlahəti 20 ildir tanıdığını, özünü, gəlinini əməliyyat etdiyini, onu qohumcanlı, başbilən biri kimi tanıdığını, 06 oktyabr 2023-cü ildə Svetanın çox ağır vəziyyətdə xəstəxanaya gətirildiyini, Bəhriyyə həkimin növbəsində olduğunu, Bəhriyyə həkimin ona zəng etdiyini, ona 20% qanı olduğunu dediyini, onun da “bu saatda nə isə edə bilmərik, qankəsicilər vurun sabah saat 9-da özüm orada olacağam” dediyini, səhər tezdən getdiyini, Məlahəti orada gördüyünü, görən kimi tanıdığını, Məlahətin ona ödənişli palata götürdüyünü dediyini, xəstənin çox ağır vəziyyətdə olduğunu gördüyünü, təcili konsilium çağırdığını, Kifayət Məmmədovanın və narkoz həkimi Nicat həkimin də iştirakları ilə konsiliumun keçirildiyini, xəstəyə biokimyəvi üsullara başladıqlarını, 3 gün qan köçürdüklərini, xəstənin qanaxmasının dəhşət çox olduğunu, buna görə də əməliyyat etməyin riskli olduğunu, sonra Nicat həkimin xəstənin qan faizinin 42% olduğunu, qan dəyərlərinin düzəldiyini dediyini, xəstənin dopler müayinəsinə aparmaq lazım olduğunu Məlahətə dediyini, onun da apardığını, nəticələri gətirdiklərini, sonra Məlahətə “qohumlarına başa sal ki 3-4 ildir xəstə qanaxmadan əziyyət çəkir, uşaqlığı dəfələrlə qaşınıb, əməliyyat barədə onları məlumatlandır” dediyini, Məlahətin isə “baldızım qoca adamdır, elə bil ki atası da, anası da, əri də mənəm” dediyini, əməliyyatın çox uğurlu keçdiyini, 100 qram belə qan itirmədiyini, hətta xəstəni palataya çıxarmaq istədikləri gün onun gedib xəstənin kateterini çıxardığını, drenajı olduğunu onu da çıxardığını, Məlahətə zəng etdiyini “xəstə yaxşıdır, verəcəm apar qulluq elə, çolpa bişir gətir, elə bişir ki saqqız kimi olsun” dediyini, sonra birdən xəstənin ayaqyolunda yıxılması barədə məlumat verdiklərini, 4-cü mərtəbəyə xəstənin yanına çıxdığını, xəstənin bir tərəfinin tamamilə göyərdiyini gördüyünü, Nicat həkimə zəng edərək “tromboemboliya” olduğunu dediyini, Nicat həkimin də “ola bilməz” dediyini, tromboemboliyanın trompların bir-birinə yapışması demək olduğunu, xəstəyə nə qədər ürək masajı və s. müdaxilələr etsələr də ürəyin ani blokadaya düşməsi səbəbindən öldüyünü, özünün ürəyinin narahat olduğunu, xəstənin qohumlarının problem edəcəyini bildiyi üçün onlara autopsiyanı təklif etdiklərini, ancaq xəstənin qohumlarının bundan imtina etdiyini, özünün əməliyyat zamanı istər əməliyyat taktikasını doğru seçdiyinə, istərsə də əməliyyatı uğurlu apardığına əmin olduğunu, hətta Cəlilin xəstəxanada otaqların pəncərəsini qırdığını, onun barəsində tədbir görmək istədiklərini, özünün ona icazə vermədiyini, “anasıdır, ürəyi yanır, mən düzəltdirərəm” dediyini, Məlahətin Svetaya çox can yandırdığını, hətta əməliyyatdan əvvəl onun təmizlənməsinin aparılmalı olduğunu, Məlahətin özünün etdiyini, sanitarkalara icazə vermədiyini, hətta öz bacısının qızı olduğunu düşündüklərini, razılıq ərizəsinə gəldikdə isə bütün cərrahi əməliyyatlarda həmin ərizənin alındığını, orada səhvliyin özündə olduğunu, xəstənin ərini də tapmalı olduğunu, ancaq onsuzda ərini tapsa da o, əməliyyatın olunacağını, prosedur gərəyi əməliyyatdan öncə xəstə yaxınlarından razılıq alındığını, mərhumun ya qanaxmadan öləcəyini, ya da əməliyyat olunmalı olduğunu, baş həkimin özünün əməliyyata razılıq verdiyini, baş həkim razılıq vermədən heç bir əməliyyatın keçirilə bilməyəcəyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində Məlahət tərəfindən ona heç bir pul verilmədiyini, nə qədər pul sərf olunub, nə qədəri qaytarılıb, nə qədəri qalıb bu barədə heç bir məlumatının olmadığını, Məlahət gələndə özünün traktor düzəltdiyini, Məlahət gələrkən onun ərinin gəlməsini də bilmədiyini, onun heç bir pul görmədiyini, ona pul qaytarılmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində əmicanısı Svetanı xəstəxanaya aparanda onun vəziyyətinin ağır olmadığını, özünün yeriyərək getdiyini, qanaxması olduğunu, ancaq ayaq üstündə dura bildiyini, sonra Məlahəti çağırdıqlarını, onları xəstəxanada yuxarı qoymadıqlarını, Məlahətin gəldiyini, “qalmaq üçün 260 manat pul istəyirlər” dediyini, əmioğlusunun da çıxardıb ona 300 manat pul verdiyini, başqa heç nə haqqında məlumatı olmadığını, bir də ölən günü getdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində Məlahətin əmicanısı Svetanın daycanısı olduğunu bildiyini, qalan heç nəyə birbaşa şahid olmadığını, sadəcə deyilən qədəri ilə bildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində həyat yoldaşı Svetanın xəstəxanaya gedən günü qanaxması olduğunu, Məlahəti çağırdıqlarını, onun da gəldiyini, əməliyyatın sığortasız 1500 manat, sığorta ilə 500 manat olduğunu dediyini, ümumilikdə Məlahətə 1400 manat pul verdiklərini, Məlahətə Bakıya aparmaq imkanının olduğunu bildirdiyini, yasın 2-ci günü, Məlahətin yoldaşının 669 manat pul qaytardığını, qalan pulun qaytarılmadığını, xəstəxanada da puldan xərcləndiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində həyat yoldaşı Məlahəti bacısının qızı əməliyyat olunarkən çağırdıqlarını, onun da getməsi üçün icazə verdiyini, hətta 1 gün də onun yanında qaldığını, pis vəziyyətdə qanın içində Svetanı xəstəxanaya apardıqlarını, bir neçə gün qanaxması olduğu və qan azlığı olduğu üçün əməliyyat olunmadığını, özünün qan verməyə getdiyini, yaşı çox olduğu üçün icazə vermədiklərini, sonra əməliyyat etdiklərini, əməliyyatdan sonra 2 gün yaşadığını, Məlahətə Cəlilgil tərəfindən ümumilikdə 1400 manat pul verildiyini, 669 manat pulu özünün aparıb yasın 2-ci günü Cəlilin atasına verdiyini, qalan pulun xəstəxanada mərhumun dərmanlarına yoxlanışlarına xərcləndiyini, həmin puldan cəmi 380 manat evdə qaldığını, onu da neçə dəfə Cəlilin atasına versə də avtomobilinə qoysa da onun götürmədiyini, arvadı Məlahətin qalan 380 manat məbləğində pulu aparıb Cəlilin qardaşına verdiyini, arvadı Məlahət Cəlilgilə gedib pulu onun qardaşına verəndə özünün içəri girmədiyini, pulun şəxsən verilməsini görmədiyini bildirdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Babək Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(079)-15/2023 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə xüsusi ittihamçının cinayət təqibindən imtina edilməsinə dair ərizəsinin qəbul edilməsi və İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, X10 xx.xx.2023-cü il tarixdə xəstəxanada kəskin posthemorragik anemiya, uşaqlığın divardaxili (intamural) leyomioması səbəbindən vəfat etmişdir. İş materiallarına əlavə olunmuş 05 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 73C-23 nömrəli material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və əlavə olaraq material üzrə araşdırma zamanı hər hansı bir şəxsin əməlində inzibati xəta pozuntusu aşkar edilmədiyindən inzibati icraat başlanılmamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cərrahi müalicənin aparılması barədə məlumatlandırmanın razılıq formasından görünür ki, Cavabdeh həmin tarixdə X4 əməliyyat olunmasına razılıq vermişdir. İş materiallarına əlavə olunmuş 06 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 73C-23 nömrəli material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və əlavə olaraq material üzrə araşdırma zamanı hər hansı bir şəxsin əməlində inzibati xəta pozuntusu aşkar edilmədiyindən inzibati icraat başlanılmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi X18 02 iyul 2024-cü il tarixli, 4/152 nömrəli məktubundan görünür ki, cərrahi əməliyyatın həyata keçirilməsi ilə əlaqədar prosedur qaydalar (bütün növ cərrahi əməliyyat aparılması üçün xəstənin qohumlarının, yaxın qohumlarının və ya özünün razılığının alınmalı olması və ya riskli cərrahi əməliyyatlar üçün razılıq alınmalı olması) tibb müəssisələrində “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü və 26-cı maddələri ilə tənzimlənir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən tibbi müdaxiləyə şifahi və ya yazılı könüllü razılıq vermək pasiyentin hüquqlarındadır. 26-cı maddəsinin tələblərinə uyğun olaraq tibbi müdaxilə həyati göstərişlər əsasında təxirəsalınmaz hesab edildikdə və ya xəstə vəziyyəti ilə əlaqədar öz qərarını bildirmək iqditarında olmadıqda, məsələ konsilium tərəfindən həll olunur. Consilium mümkün olmayan hallarda tibbi müdaxilə haqqında qərar müalicə-profilaktika müəssisəsinin rəhbərlərinə məlumat verməklə və ya bilavasitə müalicə (növbətçi) həkimi tərəfindən qəbul edilir. İddia tələbinə münasibət bildirən iş üzrə Cavabdeh verdiyi izahatında iddiaçının həqiqətən də ona 1400 (min dörd yüz) manat məbləğində pul verdiyini, həmin pulun 300 manatını Nəzakət həkimə şirinlik kimi verdiyini, 166 manat dərmanlara verdiyini, 50 manat Diaqnostikada Svetaya verdiyini, 80 manat xəstənin yanında qalmaq üçün xəstəxanaya ödədiyini, 20 manat tibb bacılarına iynə vurmaq üçün verdiyini, 15 manata Svetaya paltar aldığını, sonra Nəzakət həkimə verdiyi 300 manatı və qalan 369 manat pulu yəni ümumilikdə 669 manat pulu həyat yoldaşının aparıb Cəlilin atasına verdiyini, qalan 380 (üç yüz səksən) manat pulu isə aparıb iddiaçının qardaşına verdiyini onda həmin 1400 (min dörd yüz) manat puldan heç bir pul qalmadığını bildirmişdir. İddiaçı məhkəməyə verdiyi izahatında cavabdehə 1400 (min dörd yüz) manat məbləğində pul verdiyini, həmin puldan cavabdehin 380 (üç yüz səksən) manatı qaytarmadığını bildirmiş, cavabdehə verilən 1400 (min dörd yüz) manat məbləğində pulun qalan hissəsini mübahisələndirməmişdir. Cavabdehin izahatında həmin 380 (üç yüz səksən) manat pulu iddiaçının qardaşına aparıb verdiyini, hazırda həmin 1400 (min dörd yüz) manat puldan heç bir pul qalmadığını qeyd etsə də 380 (üç yüz səksən) manat pulu iddiaçının qardaşına verməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir, iddiaçı və məhkəmədə şahid qismində dindirilmiş iddiaçının qardaşı X5 isə bu halları izahatında inkar etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən tərəflərin hansı hüquqi münasibətdə olmalarının müəyyən edilməsi tələbinə müvafiq olaraq qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi iş üzrə tərəflər arasında yaranmış münasibətlərin əsasında duran hər hansı qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından əsassız varlanma hüquq münasibətlərindən irəli gələn münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 1400 (min dörd yüz) manatdan qalan 380 manat məbləğində pulun Cavabdeh qalması ilə cavabdeh heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadan İddiaçı hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2 və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında heç bir müqavilə və ya qanuni əsas olmadan cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə iddiaçının ona verdiyi pul məbləğini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh 380 (üç yüz səksən) manat məbləğində pulun iddiaçıya qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia həmin hissədə təmin olunmalı, 380 (üç yüz səksən) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddia tələbinin iddiaçıya vurulmuş maddi ziyana görə istədiyi qalan 5840 (beş min səkkiz yüz qırx) manat hissəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı istər iddia ərizəsində istərsə də məhkəməyə verdiyi izahatlarında cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanın nədən ibarət olmasını və cavabdehin hansı hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulmasını göstərməmiş, iddia ərizəsində sənədləşmələr, poçt xidmətləri, aviareyslər, yollar və dəfn üçün yaranan xərcləri ödədiyini qeyd etməklə kifayətlənmişdir. Ümumiyyətlə iddiaçı cavabdeh tərəfindən onun anasının ölümünə səbəb olunduğu üçün ona maddi ziyan vurulduğunu qeyd etsə də, anasının ölümündə cavabdehin təqsirinin nədən ibarət olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi cavabdehin barəsində iddiaçının müraciəti əsasında hər hansı bir cinayət işi başlanılmamış, ümumiyyətlə iddiaçının anasının ölümü ilə bağlı aparılan araşdırma üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Aparılan məhkəmə araşdırması zamanı da cavabdehin iddiaçının anasının ölümündə təqsirinin olmasını təsdiq edən hallar aşkarlanmamışdır. Həmçinin iddiaçının iddia ərizəsində və məhkəməyə verdiyi izahatlarında cavabdehin verdiyi razılıq ərizəsinə görə anasının əməliyyat olunduğunu və öldüyünü, elə bunun nəticəsində ona maddi və mənəvi ziyan vurulduğunu bildirməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, bununla əlaqədar olaraq cərrahi əməliyyatlar zamanı razılıq alınmasının vacib olub-olmamasını müəyyənləşdirmək üçün Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi X20 sorğu verilmiş və 02 iyul 2024-cü il tarixli, 4/152 nömrəli cavab məktubu daxil olmuşdur. Həmin cavab məktubundan qeyd edilmişdir ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən tibbi müdaxiləyə şifahi və ya yazılı könüllü razılıq vermək pasiyentin hüquqlarındadır. 26-cı maddəsinin tələblərinə uyğun olaraq tibbi müdaxilə həyati göstərişlər əsasında təxirəsalınmaz hesab edildikdə və ya xəstə vəziyyəti ilə əlaqədar öz qərarını bildirmək iqtidarında olmadıqda, məsələ konsilium tərəfindən həll olunur. Bundan əlavə məhkəmə iclasında şahid qismində ifadə vermiş Sveta Xudiyevanı əməliyyat etmiş həkim X2 ifadəsində razılıq ərizəsinin bütün cərrahi əməliyyatlarda alındığını, ancaq razılıq ərizəsi verilməsə belə o əməliyyatın olunacağını, çünki xəstənın ağır vəziyyətdə olduğunu, qanaxmadan ölə biləcəyini, hətta özünün əməliyyatdan əvvəl konsilium çağırdığını, əməliyyata baş həkimin özünün razılıq verdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və X7 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Qeyd edilən hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin təqsirinə görə ona 5840 (beş min səkkiz yüz qırx) manat maddi ziyan vurulması məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən iddia tələbi 5840 (beş min səkkiz yüz qırx) manat maddi ziyanın ödənilməsinə dair hissədə rədd edilməlidir. İddiaçının digər tələbi olan mənəvi ziyana görə 5000 (beş min) manat məbləğində pulun cavabdeh tərəfindən ona ödənilməsini tələb etməsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli Plenumunun Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarın 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qanunvericiliyin qeyd olunan normalarını iş materialları ilə əlaqələndirən məhkəmə qeyd edir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması, həmçinin iddiaçı tərəfindən onun mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, cavabdehin bunda təqsiri, iddiaçının hansı mənəvi sarsıntı və iztirablar keçirməsi iddia ərizəsində və iddiaçının məhkəməyə verdiyi izahatlarında öz əksini tapmamışdır. İddiaçı iddia ərizəsində sadəcə olaraq anasını itirdiyini, cinayətdə təqsirləndirildiyini və məhkəmələrdə süründüyünü bu səbəbdən ona mənəvi ziyan vurulduğunu və həmin ziyanın cavabdeh tərəfindən ödənilməli olduğunu hesab etdiyini qeyd etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin təqsiri səbəbindən ona 5000 (beş min) manat mənəvi ziyan vurulması məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən iddia tələbi 5000 (beş min) manat mənəvi ziyana dair hissədə də rədd edilməlidir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 5 (beş) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - 380 (üç yüz səksən) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli; - iddia qalan hissədə rədd edilməli; - iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 5 (beş) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 380 (üç yüz səksən) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə uyğun olaraq 5 (beş) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar