Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-480/2025 03.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ona borclu olduğu 18000 (on səkkiz min) manatın və ödəmiş olduğu 144 (bir yüz qırx dörd) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində bildirmişdir ki, o, əvvəlcədən tanıdığı və yaxın münasibətləri olan Cavabdeh 09 yanvar 2024-cü il tarixdə 20 000 (iyirmi min) manat üç ay müddətində qaytarmaq şərtilə borc pul vermişdir. Lakin Cavabdeh həmin borclu olduğu pulu söz verdiyi vaxtda ödəmədiyi üçün o, məcbur qalıb Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təhqiqat və İstintaq İdarəsinə yazılı müraciət etmişdir. Cavabdeh DİN-nə dəvət olunub, orada ona olan 20 000 (iyirmi min) manat borcunu etiraf edib və qısa müddət ərzində qaytaracağını bildirərək bu barədə yazılı izahat vermişdir. Bundan sonra indiyə kimi borclu Cavabdeh ona olan borcunun 2000 (iki min) manatını qaytarıb, qalan 18000 (on səkkiz min) manatını hərdən bir bəhanə gətirib, bu gün sabaha salaraq məqsədli şəkildə qaytarmaqdan yayınır. Artıq onun yalan vədlərinə inana bilmir. O, həmin pulu kredit olaraq əmisinin oğlunun adına Azər-türk bankdan götürüb aralarında olan səmimiyyətə görə Cavabdeh vermişdir. Hazırda isə əmisinin oğlunun adına olan həmin kreditin faizini özü ödəyir. Onun haliyədə həmin pula çox ehtiyacı var. Cavabdeh borcunu etiraf etsə də bir ildən artıqdır ki, onu aldadır. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, artıq onun pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbi tam olaraq təmin edilməlidir. Mülki iş üzrə 03 iyun 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İddiaçı nümayəndəsi X2 iddiaçının iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Keçirilən əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında cavabdehlə əvvəl birlikdə işlədiklərini, münasibətlərinin yaxşı olduğunu, cavabdehin pula ehtiyacı olduğunu, özünə iş quracağını dediyini, 20000 manat pul istədiyini, 2000 manat da əlavəsi ilə borcunu qaytaracağını dediyini, özünün də bu məsələni əmisinin oğluna dediyini, əmisinin oğlunun da 2024-cü ilin yanvar ayında bankdan kredit götürərək pulu verdiyini, cavabdehin 1 aya pulu qaytaracağını dediyini, sonra qaytarmadığını, Daxili İşlər Nazirliyinə müraciət etdiklərini, cavabdehin orada da borcunu etiraf etdiyini, 2000 manat qaytardığını, 18000 manat borcu qaldığını, əmisinin oğlunun qarşısında özünün öhdəlik götürdüyünü, ödəməsə özünün ödəyəcəyini dediyini, ona görə də hal-hazırda özünün kredit ödədiyini, cavabdehin hazırda borcunu qaytarmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 cavabdehə oğlunun 20000 manat pul verdiyini, həmin pulu da qardaşının oğlunun bankdan götürdüyünü, oğlu öhdəlik götürdüyü üçün hal-hazırda həmin pulu özlərinin ödədiklərini, qardaşının oğlunun həmin pulu notariusda cavabdehə verməyi təklif etdiyini, oğlunun isə ehtiyac olmadığını, ödəməsə özünün ödəyəcəyini dediyini, saflıq etdiyini, cavabdehin borcunu etiraf etdiyini, özlərinin 20000 manatdan əlavə 5000 manat da faiz borcu ödədiklərini, maddi vəziyyətlərinin zəif olduğunu, kasıb olduqlarını, çatdıra bilmədiklərini, cavabdehin heç olmasa 20000 manat əsas əldə verdikləri pulu qaytarmasını istədiyini, faizi istəmədiyini, cavabdehin həmin 20000 manat puldan 2000 manat qaytardığını, 18000 manat borcu qaldığını bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının və iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarına əlavə olunmuş sübutları tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardır. Məhkəmənin iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatından aydın olur ki, cavabdeh Bünyətov X3 şəhəri, Azərbaycan küçəsi, döngə 6, ev 22 ünvanında rəsmi qeydiyyatdadır. Cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin məhkəmə bildirişləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onun qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilmişdir. Həmçinin cavabdehə telefonoqram verilmiş və ona sms bildiriş göndərilmişdir. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə və ya iddiaçıya təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. İddia ərizəsinə əlavə edilmiş Cavabdeh 30 noyabr 2024-cü il tarixdə verdiyi bildirişdə qeyd etmişdir ki, “Mən, Cavabdeh, İddiaçı yanvar ayında aldığım 20000 (iyirmi min) manatın 2000 (iki min) manatını ödəmişəm. Hal-hazırda 18000 (on səkkiz min) manat öhdəliyi dekabr ayının 15-i ödəməyə söz verirəm. Ödənmədiyi təqdirdə aidiyyatı qurumlara müraciətə etiraz etmirəm. xx.xx.2024-cü il tarixində almışdım. Mart ayında ödəyəcəkdim”. Həmçinin iş materiallarına əlavə olunmuş izahatdan görünür ki, Bünyətov X3 Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinə izahat vermiş və verdiyi izahatda qeyd etmişdir ki, “Mən, Bünyətov X4 Sarvandan iş görməklə bağlı pula ehtiyacım olduğunu deyib borc istəmişəm. Sarvan bankdan kredit çəkərək mənə 20.000 manat pul vermişdir. 2 ay ərzində ödəyəcəyimi bildirmişdim. Ancaq ödəmə edə bilmədim. Bir neçə dəfə vaxt verdiyi halda ödənişimi ala bilmədiyimdən geri qaytara bilmədim”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi cavabdeh iddiaçıdan həqiqətən də 20000 (iyirmi min) manat məbləğində borc aldığını və həmin pulun 18000 (on səkkiz min) manat hissəsini qaytarmadığını inkar etmir, həmin borcu qəbul edir. Həmçinin cavabdeh tərəfindən verilmiş bildirişdə cavabdeh tərəfindən iddiaçıya 2000 (iki min) manat borcun qaytarıldığı qeyd edilmişdir. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin 13 fevral 2025-ci il tarixli, 2(078)-480/2025 nömrəli məhkəmə bildirişi göndərilərkən həmçinin qeyd olunan 30 noyabr 2024-cü il tarixli bildirişin surəti də göndərilmiş, cavabdeh tərəfindən qeyd olunan sənəd də alınmış ancaq həmin sənədə hər hansı münasibət bildirilməmişdir. Belə olan halda məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanır. Həmçinin cavabdeh tərəfindən verilmiş bildirişdə göstərilən halları iddia tələbinin təsdiqi kimi qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən tərəflərin hansı hüquqi münasibətdə olmalarının müəyyən edilməsi tələbinə müvafiq olaraq qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi iş üzrə tərəflər arasında hər hansı yazılı müqavilə bağlanmamışdır. Göründüyü kimi tərəflər arasında yaranmış münasibətlərin əsasında duran hər hansı qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından əsassız varlanma hüquq münasibətlərindən irəli gələn münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı 18000 (on səkkiz min) manat məbləğində pulu Cavabdeh verməsi ilə cavabdeh heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadan İddiaçı hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2 və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında heç bir müqavilə və ya qanuni əsas olmadan cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə iddiaçının ona verdiyi pul məbləğini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbində göstərilən pul məbləğinin iddiaçıya qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, 18000 (on səkkiz min) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 144 (bir yüz qırx dörd) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -18000 (on səkkiz min) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli; -144 (bir yüz qırx dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin edilsin. 18000 (on səkkiz min) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. 144 (bir yüz qırx dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-480/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-480/2025
03.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver