Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-481/2025 02.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6000 (altı min) manat məbləğində borc pulun və ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun illərdir tanıyır. Belə ki, Nailin anası onlarla həmkəndli olduğundan, Nail tez-tez onların kəndində yaşayan dayısıgilə gəldiyi üçün Naili oradan tanımış, onunla münasibətləri yaranmışdır. Təxminən 2021-ci ilin avqust ayının sonunda cavabdehlə kənddə təsadüfən rastlaşmış, hal-əhval tutduğunda cavabdeh ondan oğlu və gəlininin işləyib-işləmədiklərini soruşmuş, o da cavabında onların işləmədiklərini bildirmişdir. Bu zaman cavabdeh ona "istəyirsənsə, oğlunu Şərur Rayon Mərkəzi Xəstəxanasına sürücü kimi, gəlinini isə həmin yerə xadimə kimi işə düzəldim" təklifini etmişdir. Ondan bunu necə edəcəyini soruşduqda, o, “Naxçıvan Muxtar Respublikası Ürək Xəstəxanasının baş həkimi Ramin həkim mənim yaxınımdır, onunla danışım sənə deyəcəm" cavabını vermişdir. Bu zaman cavabdeh mobil telefonla kiməsə zəng vurmuş, həmin şəxslə danışdıqdan sonra ona oğlu ilə gəlinini işə düzəltmək üçün hər birinə 3250 manat olmaqla, ümumilikdə 6500 manat pul verməli olduğunu demişdir. 1-2 gün sonra cavabdeh mobil telefon vasitəsilə ona zəng edərək dediyi 6500 manat pulun hazır olub-olmamasını soruşmuş, o da öz növbəsində pulun hazır olduğunu, istənilən vaxt gəlib pulu götürə biləcəyini bildirmişdir. Bir qədər sonra Cavabdeh onun yaşadığı evə gələrək 6500 manat pulu ailə üzvlərinin yanında ondan almış, 2 ay ərzində oğlu ilə gəlinini işə düzəldəcəyi vədini verib getmişdir. Həmin gündən cavabdehə məxsus ***-***-**-** nömrəli telefona dəfələrlə zəng vurmağına baxmayaraq cavabdeh həmişə müxtəlif yalanlar uyduraraq onu aldatmış, səbrli olub gözləməyini, işlərin tezliklə qaydasına düşəcəyini vəd etmişdir. 2021-ci ilin dekabr ayının ortalarında isə Cavabdeh anası ilə bacısı ona zəng edərərək onu Şərur rayonu, Siyaqut kəndinə çağırmış, bu görüş zamanı onun Cavabdeh verdiyi 6500 manat pulun 500 manatını ona geri qaytararaq "narahat olma, tez bir zamanda sənin qalan 6000 manat pulunu da bankdan kredit götürüb geri qaytaracağıq" deyə söz vermişlər. Buna baxmayaraq onlar da verdikləri vədə əməl etməmiş, cavabdehin aldadaraq ondan aldığı pulunu geri qaytarmamışlar. Cavabdeh tək ona deyil, bir çox şəxsə borcu olduğunu sonradan öyrənmişdir. Nəticədə Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi başlamış və o, Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-1/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə o və digər zərərçəkmiş şəxslərə mülki iddia qaldırmaq hüquqları izah olunmuşdur ki, bu səbəbdən də hazırki tələblə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Eyni zamanda, cavabdeh barəsində olan məhkəmə icraatı zamanı ondan 6500 manat pul aldığını etiraf etmiş və bu etiraf 1(078)- 1/2022 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə hökmünün 7-ci səhifəsinin son sətrində öz əksini tapmışdır. Ərizəsində göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslı olduğundan məhkəmədə təmin edilməklə, 6000 (altı min) manat məbləğində pul Cavabdeh alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia tələbi ilə eyni məzmunlu izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Nailin dayısı X3 onun həmkəndlisidir. Tahirlə münasibətinə görə onun adına kredit götürmüş, hər ay vaxtında da krediti ödəyir. Onun bu məsələyə heç bir aidiyyəti yoxdur. Bu borca qarşılıq olaraq kredit götürülməmişdir. May ayının 20 də ödəniş vaxtı kreditini ödəmişdir. Tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında bildirmişdir ki, həmin şəxsdən pulu almasını qəbul edir. Lakin Kərəm onun dayısının adına 3000 manat kredit götürüb vermir və deyir ki, o borcunu ödəmədiyi üçün o da krediti ödəmir. Bunların nəzərə alınmasını xahiş edir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-1/2022 saylı, 02 iyun 2022-ci il tarixli hökmünün surətinə əsasən, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və barəsində 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 28 dekabr 2021-ci il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması və zərərçəkən şəxslərə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində onlara vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah edilməsi hökm edilmişdir. Həmin hökmdə göstərilmişdir ki, Cavabdeh təkrar, İddiaçı özünü Naxçıvan MR Kardioloji Mərkəzin baş həkimi X1 kimi təqdim edib, lakin heç bir səlahiyyətə malik olmadığı halda oğlu Mustafayev Rasimi 3250 manat qarşılığında Şərur rayon Mərkəzi Xəstəxanasına sürücü vəzifəsinə, gəlini X2 isə 3250 manat qarşılığında həmin xəstəxanaya xadimə vəzifəsinə düzəltmək ilə bağlı yalan vəd verməklə 6500 manat pulunu, ümümilikdə xeyli miqdarda, yəni 6500 manatı etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 8 yanvar tarixli Qərarında qeyd etmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Qərarında qeyd etmişdir ki, preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Subyektiv hədlərə daxil olan fiziki şəxslər prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, cavabdehin qeyd olunan əməli törətməsi, dələduzluq əməli nəticəsində iddiaçının 6000 (altı min) manat məbləğində pulunu ələ keçirməsi qeyd olunan məhkəmə hökmü ilə təsdiq olunur və həmin hökm hazırda məhkəmə üçün cavabdehin iddiaçının pulunu dələduzluq yolu ilə ələ keçirməsinə dair hissədə məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərinəvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, hazırki iddia üzrə cavabdeh törətdiyi hüquq pozuntusu (delikt) nəticəsində iddiaçıya maddi ziyan (zərər) vurmuş, lakin həmin ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Odur ki, iddiaçının zərərin əvəzini tam şəkildə tələb etmək hüququ yaranmışdır. Yuxarıda qeyd olunan iş materialı kimi mülki işə əlavə edilən Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-1/2022 saylı, 02 iyun 2022-ci il tarixli hökmündən də görünür ki, Cavabdeh tərəfindən İddiaçı 6000 (altı min) manat məbləğində maddi zərər vurulmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan pulun qaytarılması barədə tələbi əsaslıdır. Beləliklə, məhkəmə belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 6000 (altı min) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan İddiaçı tərəfindən "xxxx" ASC-nin Şərur filialı vasitəsilə 10 fevral 2025-ci il tarixdə 30904 nömrəli qəbzlə ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 6000 (altı min) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Şərur filialı vasitəsilə 10 fevral 2025-ci il tarixdə 30904 nömrəli qəbzlə ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb İddiaçı qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-481/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-481/2025
02.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver