Məhkəmə qərarları › İş №2(078)-495/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-495/2025

25.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-495/2025 25.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8784 (səkkiz min yeddi yüz səksən dörd) manat pulun, hüquqi yardımın göstərilməsi haqqında EM-06/55 VK-5485/25 nömrəli müqavilə əsasında ödənilmiş 250 (iki yüz əlli) manat vəkilin göstərdiyi yardıma görə xərcin, 20 (iyirmi) manat marka pulunun və ödənilmiş 107 (bir yüz yeddi) manat dövlət rüsumunun alınıb ona ödənilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş yoldaşı Cavabdeh 2023-cü iyun ayı ona yaxınlaşıb borca düşdüyünü, ona heç kim kömək etmədiyini, sələm verən şəxslər ondan əl çəkmədiyindən özünü öldürmək istədiyini bildirmişdir. Ona yazığı gəldiyindən Elnarə ilə hər ay kredit borcunu özü ödəyəcəyi barədə razılığa gələrək, 2023-cü ilin iyul ayı onunla birlikdə “Kapital Bank”a gedərək bankda 10300 manat kredit müqaviləsi bağlayaraq bank tərəfindən 200 manat komission tutqu edilib ona 10100 manat pul verilmişdir. Krediti götürərkən Elnarə də onun yanında olduğundan orada həmin pulu götürdükdən sonra Elnarəyə təhvil vermişdir. Kredit müqaviləsi 4 il müddətinə bağlanaraq hər ay 350 manat ödəniş olunmalı idi. Avqust 2023-cü ildən hər ay onun əmək haqqısından 350 manat tutqu tutulurdu. Elnarə avqust ayından başlayaraq on bir ay 350 manat olmaqla, cəmi 3850 manat ona pul ödəmişdir. Lakin sonradan onunla münasibətləri pozulduğundan ödənişləri etmədi. Hər dəfə pulu ödəməsini tələb etdikdə, o, ona şantaj edir. Göstərmək istəyir ki, Elnarənin bu günkü gündə ona 8784 manat nağd borcu var. Lakin hər ay faiz borcu ilə birlikdə 350 manat ödəyərsə, 10892 manat ona borcu vardır. Cavabdeh ona olan borcunu ödəmədiyindən, banka həm borc, həm də faiz pulu ödəməli olduğundan çətin vəziyyətə düşmüşdür. Bu səbəbdən, məhkəməyə müraciət məcburiyyətində qalmışdır. Həmçinin bildirir ki, bu proseslə bağlı müqavilə əsasında ödəniş etdiyi 250 manat vəkilin göstərdiyi yardıma görə xərcin, vəkil orderi ilə bağlı 20 manat marka pulunun və ödənilmiş 107 manat 70 qəpik dövlət rüsumunun cavabdehdən alınıb ona qaytarılmasını istəyir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Elnarə ilə birlikdə Kapital Banka gedib 10300 manat kredit götürüb ona vermişdir Aralarında sevgi münasibəti olub və bu münasibət 4-5 il davam edib. Həmin müddətin ilin 2-3 ayını danışırdılar ya yox. 1 il yaxın münasibətləri olub. Hər dəfə aylarla küsüb danışmırdalar sonra özü gəlib barışırdı. O Elnarəyə demişdi ki, onunla evlənməyəcək, çünki ondan 12 yaş böyük idi. Elnarə ona qarşı düz olub, nə vaxt ondan pul alıbsa vaxtında, hətta vaxtından da tez qaytarıb. Elnarə ilə birlikdə musiqi məktəbində müəllim işləyirlər. Elnarənin əlavə işləri olurdu, mal gətirib satırdı, qızıl satırdı. Çox borcu var idi. Borclular tez-tez zəng edirdilər. Ona dedi ki, özünün Qaladan atacaq intihar edəcək borclarına görə. O da yazığı gəldi. Hətta bir müəllim dostu ilə də məsləhətləşdi. Elnarə dedi ki, mənim atam, anam, qardaşım sənsən, heç kim mənə sahib çıxmır. Krediti götür ver mən borclarını bağlayıb, hər ay krediti ödəyim. O da inanmışdı. Bankdan pulu götürüb Elnarəyə vermişdi. Elnarə öz iş yoldaşı ilə getmiş, Elnarə də 1 nömrəli marşruta minib evə getmişdir. Pul Elnarədə olmuşdur. Münasbətləri pozulana qədər 11 ay hər ay krediti ödəmişdir. Ya özü ödəyirdi, ya ona verib ödəyirdi. Hətta bir neçə dəfə öz iş yoldaşlarına Gülgəz xalaya, Araz əmiyə o olmayan pul verib ki, Mehman götürəcək. Onlar da kreditin pulları olub. 3 dəfə Gülgəz xalaya, 5 dəfə Araz əmiyə pul verib. 3850 manat kreditdən ödəyib. Hər ay 350 manat ödəyirdi. Son 7-8 aydır ki, ödəmir. Səbəbi isə artıq sevgi münasibətləri yoxdur. Ondan sonra ödəməyəcəyini bildirir. Bununla bağlı səs yazıları da vardır ki, onları təqdim etmişdir. 8700 manat borcu qalır. Neçə aydır ki, pul ondan tutulur. Artıq ödəyə bilmir. Əgər maşın alma qucun kredit götürübsə onda niyə maşın almayıb. Onun maşını yoxdur, bütöv pulu cavabdehə verib. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək iddiaçının izahatına əlavəsi olmadığını bildirib iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. 2019-cu ildə iddiaçı ilə arasında sevgi münasibəti olub. Həm də iş yoldaşıdır. Müəllim işləyir. Müxtəlif İşləri olub, 18 ildir qızıl satır, maddi imkanı çox yaxşı vəziyyətdə olub. Qızıl dükanı yoxdur, əldən alıb satır, Türkiyədən qızıl gətirir. Sahibkarlıq fəaliyyəti olub. 6 il sevgili olublar, ona maddi və mənəvi tam dəstək olubdur. Bu gün işləməsinə də o səbəb olub. İmtahandan kəsilmişdi, 6 ay hazırlaşdırıb, kömək edib, imtahandan keçib. Müəllimlər də bilir. Aralarındakı münasibət ona görə pozulub ki, eyni stolda yemək yedikləri xanımla münasibət qurduğunu öyrənib və ondan maddi və mənəvi dəstəyini kəsibdir. Aralarında 10 yaş fərqi var. Hər dəfə də ona evlənəcəklərini deyibdir. Ona hər cür köməklik edib, cibinə pul qoyub, siqaretini, paltarını alıb. Sonralar borcu olub, səbəb isə iş ortağı ona pul atıb 40000 manat qaçıb. 68000 manata evini satıb borclarını ödəyib. Evi Sabir küçəsində yerləşirdi. 2 il olar evini satıb. 2023-cü ilin iyun ayınında iddiaçı kredit götürüb və özünə maşın alacaqdı. O həmin kreditdən iddiaçıdan 1700 manat borc alıb. Alverə gedəndə həmin pulu vermişdir. Qadın paltarları gətirib satacaqdı. Əldən satırdı. Münasibətləri 2024-cü ilin may ayında pozuldu. O borcunu tələb etdi, 1780 manat ona pul ödədi. Kart hesabına aıb 50 manat, əldən verib. İddiaçı kredit götürəndə köməklik edəcəyinə söz vermişdi. Ancaq münasibətləri pozuldu və ona köməklik etmədi. Çünki pulu iddiaçı ona verməyib. Özünə götürüb qaytarsın kreditini. O öz yoldaşı ilə onu aldadıb. Onunla ailə quracağını deyib. Onun heç bir borcu yoxdur. Düzdür Bankdan çıxarkən pulu bütov ona verib. O da 1 nömrəli avtobusa minib evinə gəlib. Evi Xətai məhəlləsindədir. Ona görə pulu götürüb ki, iddiaçı dostları ilə görüşə gedirdi, pul üstündə olmasın deyə. Səhəri günü pulu gətirib iddiaçının özünə verib, sadəcə o puldan iddiaçı ona 1700 manat verib, o da qaytarıb. Əldən 100, 50, 270 220 manat Gülgəz xala, Araz əmiyə Mehmana çatdırması üçün pul vermişdir. Həmin vaxt onlar danışmırdı. 1780 manat ödədikdən sonra gəlib deyib ki, pulu ödə. O da demişdir ki, artıq borcu yoxdur, ödəmir. İddianın rədd edilməsini xahiş edir. 05 may 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan X8 ifadəsində bildirmişdi ki, musiqi məktəbində gözətçi işləyir. Elnarə müəllimə bir neçə dəfə pul verib ki, Mehman müəllimə çatacaq. Təxminən 5 dəfə pul verib. Bəzən 200 manat, bir dəfə 350 manat verib. Lakin nə pulu olmasını, niyə verməsini nə o deyib, nə də özü soruşub. 05 may 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan X1 ifadəsində X2 xanəndə olduğunu, musiqiçi olduğunu, Mehman müəllim başqa olmaqla bir çox musiqiçilər bir iş tutanda onunla məsləhətləşdiklərini, Mehmanla çayçıda olan zaman Mehmanın bir müəllim var sıxıntıdadır, pul götürüb ona vermək istəyirəm dediyini, iki gün sonra yenə söhbət edən zaman müəllimədən Mehman müəllimə zəng gəldiyini, Qaladan intihar edəcəyini dediyini, Mehman müəllimin onların yanından getdiyini sonra zəng vurub hər şeyin yaxşı olduğunu dediyini, səhəri gün yenə onun yanına gəldiyini, Mehman müəllimin xanımın çox borcu var pulu götürüb verəcəm, inanıram ki, qaytaracaq, ödəyəcək dediyini, ona etməməsini məsləhət gördüyünü, qalanı da öz ixtiyarındadır dediyini, Mehman müəllimin şəxsiyyət vəsiqəsinin yanında olduğunu, bağdan Mehman müəllimi maşını ilə banka apardığını, müəllimənin bankın qarşısında gözlədiyini, müəllimənin onu görüb-görmədiyini bilmədiyini, Mehman müəllim getdiyini onun da gözlədiyini, 4-5 dəqiqə sonra qayıdıb gəldiyini, əlində qəbz olduğunu, qəbzi göstərib 10800 ya 10300 manat pul götürdüyünü dediyini, birlikdə banka girmədiklərini, Mehman müəllimin qayıdıb yanında oturduğunu, əlində kimlik və qəbz olduğunu, pul olmadığını, pulu müəlliməyə verdiyini bildiyindən soruşmadığını, 2 nömrəli məktəbin yanında Mehman müəllimin maşından endiyini, Mehmanın qəbzi ona göstərdiyini, Allah təvəkkül verdim dediyini, daha sonra pulu ödəyib-ödəmədiyini soruşduğunu, ödədiyini dediyini, sonra ödəmədiyini eşitdiyini, Mehmanın xanımla birlikdə 1 nömrəli marştura minmədiyini, onun maşını ilə getdiyini, orada uşaqlarla 17-ci əsrə içməyə gedəcəyini, dan yerinə getmədiyini bildirmişdir. 05 may 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan X3 ifadəsində Mehmanın onun qaynı olduğunu, ona Elnarəyə pul verdiyini dediyini, bir yerdə işlədiklərini, Mehmanla birlikdə Elnarənin sinfinə getdiklərini, Mehmanın ona Elnarənin özünü Qaladan atdığını dediyinə görə köməklik etdiyini dediyini, o da gedib Elnarəyə ayıbdır, pulu ver dediyini, Elnarənin də ona sənin yanında pul verib mənə? dediyini, sən qarışma dediyini bildirmişdir. 05 may 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan X4 məktəbdə xadimə işlədiyini, Elnarə müəllimənin 3-4 dəfə ona pul verdiyini, bir dəfə də Arazın ona 350 manat pul verib Elnarə müəllimənin ona verdiyini, həmin pulların Mehman müəllimin ondan götürdüyün, niyə verdiyini, nəyin pulu olduğunu bilmədiyini bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə izahatları dinləyib, şahid ifadələrini, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. Nəzərə almaq lazımdır ki, tələbin qanuni əsası kimi bir neçə normanın yoxlanması istisna deyil. Nəticə etibarı ilə onların hər birini dispozisiya şərtləri yoxlanmaqla iddianın əsaslılığına qiymət vermək olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405-ci maddəsinə görə müqavilə o halda bağlanmış hesab olunur ki, tərəflər onun əsas şərtləri barədə razılığa gəlmiş olsunlar. İşin araşdırılmış hallarından, tərəflərin izahatlarından iddia predmeti olan pulun verilməsi zamanı tərəflər arasında sevgi münasibətlərinin mövcud olması müəyyən edilmişdir. Cavabdehin sözegedən kredit pulundan 1700 manat iddiaçının ona borc verməsini bildirməsi, eləcə də banka birlikdə getmələri, bankdan çıxarkən pulun cavabdehə bütöv şəkildə verilməsi iddiaçının tələbinin əsaslı olması, iddiaçının istinad etdiyi halları sübuta yetirməsi qənaətinə gəlməyə əsas verir. Belə ki, iddiaçı bununla bağlı kifayət qədər sübutlarını təqdim edir. İlk olaraq qeyd edilən məbləğdə pulun götürüldüyünü cavabdeh təsdiq edir, iddiaçının banka aparan şahid iş yoldaşı pulun cavabdehdə olmasını iddiaçının əliboş olması ilə qeyd edir, bunun müqabilində cavabdeh bankdan çıxarkən pulu iddiaçının ona verdiyini təsdiq edir. Lakin səhəri gün pulu iddiaçıya qaytardığını, yalnız həmin puldan 1700 manat ona borc verdiyini bildirir, bunun üçün isə cavabdeh sübutlarını təqdim edə bilmir. İddiaçı həmçinin şahidlər təqdim edərək mövcud kredit borcunun məhz cavabdeh tərəfindən münasibətləri pozulana qədər ödənilməsi barədə bildirdiyi halları da sübut edir. Cavabdeh həmin şahidlərə etiraz etmir və onlara verilən məbləğin 1700 manat borcu ödəmək üçün verdiyini qeyd edir. Əlavə olaraq iddiaçı onun və cavabdehin səs yazılarını təqdim edir. Həmin səs yazılarının mətnində tərəflər arasında pul mübahisəsinin mövcudluğu, pulun məhz cavabdehə verilməsi və cavabdehin pulu qaytarmaması müəyyən edilir. Həmçinin məhkəmə cavabdein 1700 manat iddaçının ona borca pul verdiyini 1780 manat qaytardığını bildirsə də iddiaçı 3850 manat ona pul ödənildiyini bildirir. Bu halda iddia tələbi çərçivəsində işə baxılması nəzərə alınmalıdır. Yalnız mülki qanunvericilikdə borc müqaviləsin zəruri şərti olan 3000 manatdan yuxarı məbləğin yazılı formada bağlanmalı olması tələbinə tərəflər riayət etmədiyindən məhkəmə mövcud tələb üzrə hüquqi əsaslandırmanı Mülki Məcəlləsinin 1091-ci maddəsinin norması çərçivəsində qiymətləndirilməsini qanuni və əsaslı hesab edir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. (maddə 1091.1) Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. (maddə 1091.2) Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. (maddə 1092.1) Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. (maddə 1092.2) Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. (maddə 1093.1) Əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə, həmçinin əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa qaytarma tələbi istisna edilir. (maddə 1093.2) Məhkəmə hesab etmişdir ki, tərəflər arasındakı münasibətə əsassız varlanmanın müddəaları tətbiq edilməlidir. Belə ki, Cavabdeh 8784 manat məbləğində pul vəsaitini bu cür varlanmaya haqq qazandıran qanuni və müqavilə əsası olmadan əldə etməklə varlanmışdır. Məhkəmə əsaslı olaraq hesab etdir ki, iddiaçı cavabdehə pul verməsini təsdiq edən sübutları məhkəmələrə təqdim etsə də, cavabdeh etirazında göstərdiyi hallara dair (bankdan aldığı pulları sonradan iddiaçıya verməsi) işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübut verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəm Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan pulun qaytarılması barədə tələbi əsaslıdır. Beləliklə, məhkəmə belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 8784 (səkkiz min yeddi yüz səksən dörd) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Məhkəmə məhkəmə məsrəflərinə münasibətdə qeyd edir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş 250 (iki yüz əlli) manat vəkil xərci, 20 (iyirmi) manat marka pulu və 107.70 (bir yüz yeddi manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 115.0 və 115.0.6-cı maddələrinin tələbinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 8784 (səkkiz min yeddi yüz səksən dörd) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 250 (iki yüz əlli) manat vəkil xərci, 20 (iyirmi) manat marka pulu və 107.70 (bir yüz yeddi manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb İddiaçı qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar