Məhkəmə qərarları › İş №2(078)-566/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-566/2021

25.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-566/2021 25.10.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı payın naturada ayrılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyət hüququ əsasında onlara məxsus olan ünvan 1 ünvanında yerləşən 0.0649 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 108.3 m2 olan fərdi yaşayış evindən və ünvan 2 ünvanında yerləşən 0.022 ha torpaq sahəsindən 1/2 payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, ünvan 1 ünvanında 0.0649 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi onun və Cavabdeh adına hər birinin payı 1/2 hissə olmaqla Naxçıvan MR Daşınmaz Əmlakın dövlət reyestri xidmətində 19 fevral 2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Həmçinin onların adına hər birinin payı 1/2 hissə olmaqla ünvan 2 ünvanında yerləşən 0.022 ha torpaq sahəsi də Naxçıvan MR Daşınmaz Əmlakın dövlət reyestri xidmətində 29 mart 2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Hər iki ünvanda yerləşən daşınmaz əmlaklarda payları müəyyən olunsa da, konkret olaraq əmlakın hansı hissəsinin kimə aid olması müəyyən olunmamış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi bütövlükdə Cavabdeh istifadəsindədir. Payların ayrılması ilə bağlı öz aralarında ümumi bir razılığa gələ bilmirlər. Bu səbəbdən də məhkəmə qaydasında mübahisənin öz həllinin tapılmasını istəyir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Cavabdehin nümayəndəsi X2 nümayəndəsi olduğu Cavabdeh iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirməsini nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən iddiaçının vəkili Vəkil izahatında hüquqlarını müdafiə etdiyi İddiaçı izahatına əlavəsi olmadığını, iddianı müdafiə etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 07 iyul 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 0.0649 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 108.3 m2 olan fərdi yaşayış evinin yerində müayinə və tədqiqi zamanı Cavabdeh verdiyi izahatında iddia ərizəsində göstərilən mübahisəli daşınmaz əmlakların özü ilə İddiaçı arasında naturada bölünməsinə etiraz etdiyini, Naxçıvan şəhəri, məhəllə 1, ev 6 ünvanında yerləşən yaşayış evində hazırda onun yaşadığını, o evin bütünlüklə onda qalmasını istədiyini, onun da Babək şəhəri, X5 küçəsi, ev 19 A ünvanında yerləşən torpaq sahəsinə olan hüquqlarından imtina edib onu bütünlüklə iddiaçıya vermək istədiyini bildirdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclası zamanı verdiyi izahatında iddianı qəbul etmədiyini, İddiaçı şəxsiyyət vəsiqəsində ünvan 4 ünvanın məhkəmə sənədlərində qərəzliliklə dəyişdirilərək ünvan 1 kimi qeyd olunduğunu, həmçinin İddiaçı qızı Cavabdeh ilə birgə nikah dövründə əldə etdiyi Babək şəhəri, X5 küçəsi, ev 19 A ünvanında yerləşən torpaq sahəsinin ünvanının dəyişdirilərək Babək şəhəri, X5 küçəsi, ev 18 A ünvanı kimi qeyd edildiyini, ünvan 7in və onun üzərində yerləşən yaşayış evinin və Babək şəhəri, X5 küçəsi, ev 19 A ünvanında yerləşən torpaq sahəsinin İddiaçı və nümayəndəsi olduğu Cavabdeh arasında naturada bölünməsinə cavabdehin razı olmadığını, onların ünvan 7in və onun üzərində yerləşən yaşayış evinin Cavabdeh və Babək şəhəri, X5 küçəsi, ev 19 A ünvanında yerləşən torpaq sahəsinin İddiaçı qalmasını istədiklərini bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, ünvan 1 ünvanında yerləşən 0.0649 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 108.3 m2 olan fərdi yaşayış evinin və ünvan 2 ünvanında yerləşən 0.022 ha torpaq sahəsinin hər birinin payı 1/2 hissə olmaqla İddiaçı və Cavabdeh mülkiyyətində olması işin mübahisəsiz hallarıdır. Həmin halların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məslələri üzrə Dövlət Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən ünvan 1 ünvanında 0.0649 ha torpaq sahəsində yerləşən 108.3 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin hər birinin payı 1/2 hissə olmaqla mülkiyyət hüququ üzrə İddiaçı və Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 1084 nömrəli vərəqində qeydiyyata alınması; -Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məslələri üzrə Dövlət Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən Babək şəhəri, X5 küçəsi, 18 A ünvanında yerləşən 0.022 ha torpaq sahəsinin hər birinin payı 1/2 hissə olmaqla İddiaçı və Cavabdeh daşınmaz əmlakın dövlət reyestrində 21/1 nömrəli reyestr kitabının 198 nömrəli vərəqində qeydiyyata alınması; -iş materiallarında olan 01.03.2021-ci il tarixli, 227 nömrəli Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin təsdiqlənmiş arayışından ünvan 9 ünvanının Naxçıvan şəhəri, 1-ci məhəllə, ev 6 olması; -iş materiallarında olan 08.06.2021-ci il tarixli, 499 nömrəli Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin təsdiqlənmiş arayışından Babək şəhəri, X5 küçəsi, 18 A nömrəli torpaq sahəsinin əvvəlki ünvanının Babək şəhəri, X5 küçəsi, 19 A olması aydın olur. Hazırda iddiaçının paylı mülkiyyət hüququ əsasında onlara məxsus olan ünvan 1 ünvanında yerləşən 0.0649 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 108.3 m2 olan fərdi yaşayış evindən və ünvan 2 ünvanında yerləşən 0.022 ha torpaq sahəsindən 1/2 payının naturada ayrılmasını tələb etməsi isə mülki işin mübahisəli halıdır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin mübahisəli halının həlli baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texnikası ekspertizasının 16 sentyabr 2021-ci il tarixli, 226 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0649 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 108.3 m2 olan fərdi yaşayış evindən İddiaçı 1/2 (ikidə bir) hissədə payının naturada təcrid olunmuş qaydada bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı, eyni zamanda ünvan 2 ünvanında yerləşən 0.022 ha torpaq sahəsindən İddiaçı 1/2 (ikidə bir) hissədə payının naturada bölünməsinin texniki cəhətdən məqsədə müvafiq hesab olunmadığı müəyyən edilmişdir. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində deyilir ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04.04.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Göstərilənlərə əsaslanaraq və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, tərəflərin, yəni paylı mülkiyyətçilərin hər birinin mübahisəli əmlakdan istifadə hüquqları vardır. Lakin, tərəflər ümumi paylı mülkiyyətdə olan evə sahiblik və ondan istifadə barədə razılığa gələ bilmirlər. Həmçinin paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında naturada bölünməsində də razılıq əldə edilməmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə mübahisəli əmlakın iddiaçının payına müvafiq olaraq naturada ayrılması da mümkün deyildir. İddiaçı əmlakda olan payının naturada ayrılmasını tələb etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə təsdiq olunur ki, bu tələbi təmin etmək mümkün deyil. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia rədd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 10 (on manat) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - İddiaçı Cavabdeh qarşı payın naturada ayrılması tələbinə dair iddiası rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı Cavabdeh qarşı payın naturada ayrılması tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar