Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-566/2025 10.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23604.38 (iyirmi üç min altı yüz dörd manat otuz səkkiz qəpik) manat pulun və 161 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əvvəlcədən tamdığı və iş yoldaşı olduğu Cavabdeh pul vacib lazım olduğundan və başqa yerdən tapa bilmədiyini ona bildirərək onun adına pul götürməyi təklif etmişdir. Pulu bütünlüklə götürüb ona verməklə kreditləri də vaxtlı-vaxtında ödəyəcəyini bildirmiş, o da Əfsunun səmimiliyinə inanaraq öz adına 22 iyul 2024-cü il tarixdə 15834 manat pulu Kapital Bankdan götürərək Cavabdeh vermişdir. Bir neçə aydan sonra Əfsun işdən çıxarılmış və kreditin ödəmələrini aparmamışdır. Kapital Bankdan götürərək Cavabdeh vermişdir. 15834 manat pul əsas borcdan, faiz olaraq 8070.38 manatdan, ümumilikdə 23904.38 manatdan cəmi 300 manat pul ödəmişdir. Məcburiyyət qarşılığında qalıb Cavabdeh pulunu tələb etsə də Cavabdeh xx.xx.2024-cü il tarixdə ərizə verərək xx.xx.2024-cü il tarixdə götürülmüş kreditin ona verilməsini təsdiq etmiş və hər ay 500 manat ödəyəcəyinə söz versə də heç bir ödəniş aparmamışdır. X1 İdarəsində yanğın söndürən işləyir, aylıq maaşı 650 manatdır, 500 manat götürüb Əfsuna verdiyi pulun kreditini ödəyir. 150 manatla ailəsini dolandırır, ailəlidir, iki uşağı var, kredit pulunu ödəyə bilmir, Cavabdeh pulu ödəyəcəyini ona bildirsə də heç bir ödəmə aparmamışdır. Məcbur qalıb məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, hər ay əmək haqqı kartında 505 manat borca çıxır, 6-7 dəfə pul götürüb cavabdehə verdiyini, ilk dəfə 1500 manat, ikinci dəfə 3800 manat, növbəti dəfə 1100 manat, sonra 6500 manat, ən son keçən ilin iyul ayında 1100 manat kredit götürüb Əfsuna verdiyini, kreditini təzələdiyini, 15000 manatdan 13000 manatını cavabdehə verdiyini, bir dəfəyə 13000 manat cavabadheə pul vermədiyini, az-az kreditlər yeniləyib götürdüyünü, razılıqlarının 2 aya ödəyəcəkləri üzərinə olduğunu, taksidə işləyib kredit götürüb ödəyəcəm dediyini, cavabdehin 300 manat karta göndərdiyini, bir dəfə də 300 manat pul göndərdiyini, cavabdehin bir dəfə 50 manat da əlavə pul verdiyini, götürdüyü kreditin 3000 manatını özü yoldaşının əməliyyatı üçün götürdüyünü bildirmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, yoldaşı bir neçə dəfə kredit götürüb, götürdüyü krediti yeniləyib cavabdehə pul verib. Verdiyi pulun faizi də daxil hər ay ondan tutulur. Ona görə 15000 manat yazılmışdır ki, sonuncu dəfə krediti yeniləyəndə həmin məbləğ götürülmüş və köhnə kredit borcu çıxıldıqdan sonra qalan məbləği iddiaçı yenə cavabdehə ödəmişdir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçının hal hazırda borcu banka ödədiyini, hər ay 500 manat pul ödədiyini, tələbdə həm faiz borcunu həm də əsas borcu istədiklərini, çünki hər ay faiz borcunun ödənildiyini bildirmiş, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçının ona 12000 manat pulu hissə-hissə götürüb verdiyini, borcu əvvəllər 1-2 ay ödədiyini, sonra ödəyə bilmədiyini, çıxarışda göstərilən məbləğdə faiz və gecikmə pullarını da ödəyəcəyini, bankdan götürülən 15000 manatın 12000 manatını özünün götürdüyünü, 3 dəfə kreditin yeniləndiyini, iddiaçının ümumi puldan 3000 manatını özünün götürüb yoldaşını əməliyyat etdirdiyini, 12000 borcdan pulun hamısının özünə götürmədiyini bir neçə xərclərinin olduğunu, lakin nəticədə 12000 pul nağd sayılıb verilmədiyini, an son olaraq 6000 manat götürdüklərini, iddiaçının bir dəfə 1500 manat, bir dəfə 4500 manatı və bir dəfə 5800 manatı götürüb ona verdiyini, aylıq 501 manat ödənişin 400 manatı özünün 100 manatı da iddiaçının ödənilməsi ilə razılaşdıqlarını, iddiaçının dediyi 1100 manatın ona verilmədiyini, banka 1000 manat pul ödədiyini, yoldaşının kartına 3 dəfə 100 manat göndərdiyini, bir dəfə 300 manat verdiyini, bir dəfə də qapılarına gəldiyində 50 manat verdiyini, tələbdə göstərilən qədər borcunun olmadığını, ümumi 12000 manatdan təxminən 700-800 manatını ödədiyini, geri qalan borcu verəcəyini, bütün borcunu oktyabr ayında bağlayacağını bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan 30 noyabr 2024-cü il tarixli ərizəyə əsasən, Cavabdeh bildirmişdir ki, İddiaçı 22 iyul 2024-cü il tarixdə 16000 manat pul Kapital Bankdan götürərək ona vermişdir. 48 aya 28.6 %-lə aylıq 500 manat ödəyəcəyini bildirmişdir. Hazırda 15484.58 manat borcu qalır. İş materiallarında olan 05 iyul 2025-ci il tarixli 720275 nömrəli etibarnaməyə əsasən Nümayəndə İddiaçı nümayəndəsi qismində məhkəmə iclasında iştirak etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə təqdim etdiyi 23 iyun 2025-ci il tarixli Kapital Bank ASC nin kredit hesabından çıxarış iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 26 may 2025-ci il tarixli 2(078)-566/2025 nömrəli qərardadına əsasən Kapital Bank ASC göndərilən sorğuya cavab olaraq 04 iyul 2025-ci il tarixli 2025/204/14494 nömrəli müşayiət məktubu ilə sorğu olunan şəxsin adına kredit əldə olunması ilə bağlı sənədlər məhkəməyə təqdim olunmuşdur. Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (Mahmudov Rusiyaya qarşı iş, 26 iyul 2007-ci il tarixli qərar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. Nəzərə almaq lazımdır ki, tələbin qanuni əsası kimi bir neçə normanın yoxlanması istinsa deyil. Nəticə etibarı ilə onların hər birinini dispozisiya şərtləri yoxlanmaqla iddianın əsaslılığına qiymət vermək olar. Məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi pul məbləğinin cavabdehdən qaytarılmasına münasibətdə iddia tələbinin qanuni əsasının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsində nəzərdə tutulmuş əsassız varlanma təşkil edir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Tərəflərin izahatlarından, iş materiallarında olan sənədlərdən aydın olur ki, tərəflər arasında yoldaşlıq münasibəti olmuşdur və bu münasibət nəticəsində cavabdeh iddiaçıdan bir neçə dəfə ehtiyaclarını qarşılamaq üçün pul istəmiş, iddiaçı həmin pul vəsaitlərini cavabdehə vermək üçün öz adına kredit götürmüş və krediti yeniləmişdir. Əlavə olaraq tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı bir dəfə üçün cavabdehə 15000 pul verməmişdir. Verilən pulun bir neçə dəfə olaraq verilməsi tərəflərin izahatları ilə təsdiq edilmişdir. Eyni zamanda iddiaçı cavabdehə ümumilikdə 15000 manat pul verdiyini bildirsə də, cavabdeh həmin pul məbləğinin 11900 manat olduğunu etiraf etmişdir. Cavabdeh iddiaçının kredit götürərək ilk dəfə ona 1500 manat, daha sonra kreditini yeniləyərək 3800 manat, daha sonra 1100 manat və sonuncu dəfə 6500 manat pul verdiyini bildirmişdir ki, cəmi məbləğ 11900 manat edir. İddiaçı cavabdehə qalan məbləğin verdiyini sübuta yetirməmişdir. Bundan əlavə həmin pulun 650 manat hissəsinin müxtəlif vaxtlarda cavabdeh iddiaçıya qaytardığını bildirmiş, iddiaçı isə bu faktı təsdiq etmişdir. Belə olan halda cavabdehin iddiaçıya ödəməli olduğu məbləğ 11250 (on bir min iki yüz əlli) manat təşkil edir və bu məbləği cavabdeh iddiaçıya ödəməlidir. Qalan hissədə isə iddiaçı faiz borcunu tələb edir və həmin məbləğ bütövlükdə ödənilməli deyil, ona görə ki, 21 iyul 2028-ci il tarixə qədər pulun kredit şəklində ödənilən zaman faizlərin də həmin müddətə qədər ödənilməsi ödəniş cədvəlində nəzərdə tutulur. Məhkəmə hesab edir ki, bu halda iddiaçının kreditə görə ödədiyi faizlər-həmin kreditin böyük əksəriyyətinin cavabdehə verilməsi işə baxılan zaman təsdiqini tapdığından kreditin ödənilməsi zamanı məhkəmə qətnaməsi qəbul edildiyi günə qədər ödənilən faizlər də cavabdehdən tutulub iddiaçıya qaytarılmalıdır. Belə ki, təqdim edilən ödəniş cədvəlindən aydın olur ki, 22 avqust 2024-cü il tarixdə 288.97 manat, 21 sentyabr 2024-cü il tarixdə 285.16 manat, 22 oktyabr 2024-cü il tarixdə 281.27 manat, 22 noyabr 2024-cü il tarixdə 277.32 manat, 21 dekabr 2024-cü il tarixdə 273.29 manat, 22 yanvar 2025-ci il tarixdə 269.19 manat, 21 fevral 2025-ci il tarixdə 265.01 manat, 21 mart 2025-ci il tarixdə 260.76 manat, 22 aprel 2025-ci il tarixdə 256.43 manat, 22 may 2025-ci il tarixdə 252.02 manat faiz ödənişi iddiaçı tərəfindən aparılmışdır. Həmin faizlər də cavabdehdən tutulub iddiaçıya qaytarılmalıdır. Qalan hissədə isə iddiaçı gələcəkdə ödəyəcəyi faiz borcunu tələb edir ki, bu hissədə tələbi uğurlu deyil. Ona görə ki, iddiaçı gələcəkdə itirdiyi pul vəsaiti olarsa həmin vəsaiti cavabdehdən tələb edə bilər bu halda ki, xərc çəkilmiş, iddiaçı cavabdehin təqsirindən real zərərə uğramış olur. Ona görə məhkəmə iddia tələbinin 11250 (on bir min iki yüz əlli) manat hissəsinin və faiz borcu olaraq real olaraq məhkəmə qətnaməsi qəbul edildiyi vaxta qədər ödənilən 2709.42 (iki min yeddi yüz doqquz manat qırx iki qəpik) olmaqla cəmi təmin, qalan hissəsinin rədd edilməsi nəticəsinə gəlir. Beləliklə, məhkəmə belə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 11250 (on bir min iki yüz əlli) manat məbləğində pul və həmin pula görə məhkəmə qətnaməsi qəbul edilənə qədər ödədiyi 2709.42 (iki min yeddi yüz doqquz manat qırx iki qəpik) manat olmaqla cəmi 13959.42 (on üç min doqquz yüz əlli doqquz manat qırx iki qəpik) manat alınıb İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə məhkəmə məsrəflərinə münasibətdə qeyd edir ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 04 mart 2025-ci il tarixli, 15994 nömrəli qəbzlə ödənilmiş 161 (yüz altmış bir) manat məbləğində dövlət rüsumunun 132 (bir yüz otuz iki) manat hissəsi Cavabdeh alınıb İddiaçı qaytarılmalıdır. Qalan hissədə rüsum iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 11250 (on bir min iki yüz əlli) manat məbləğində pul, həmin pula görə məhkəmə qətnaməsi qəbul edilənə qədər ödədiyi 2709.42 (iki min yeddi yüz doqquz manat qırx iki qəpik) manat faiz borcu olmaqla cəmi 13959.42 (on üç min doqquz yüz əlli doqquz manat qırx iki qəpik) manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 04 mart 2025-ci il tarixli, 15994 nömrəli qəbzlə ödənilmiş 161 (yüz altmış bir) manat məbləğində dövlət rüsumunun 132 (bir yüz otuz iki) manat hissəsi Cavabdeh alınıb İddiaçı qaytarılsın. Qalan hissədə dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-566/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-566/2025
10.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver