Məhkəmə qərarları › İş №2(078)-588/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-588/2021

14.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-588/2021 14.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2020-ci il tarixli, 2(078)-290/2020 qətnaməsinə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməsinə baxmayaraq, orada yerləşən otağı bugünədək bağlı saxlaması səbəbindən 2000 (iki min) manat məbləğində vurulmuş zərərin (əldən çıxmış faydanın) əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər 17 iyul 1998ci il tarixdə Şahbuz rayon Badamlı kənd İcra Nümayəndəliyində nikah bağlamış və bu barədə 05 nömrəli akt qeydi icra edilmişdir. Tərəflərin birgə nikahlarından 26 may 1999-cu il təvəllüdlü X3 adlı övladları doğulmuş və yetkinlik yaşına çatmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 2(078)-534/2019 qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Şahbuz rayon Badamlı kənd İcra Nümayəndəliyində 17 iyul 1998-ci il tarixdə bağlanmış 05 nömrəli nikah pozulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2020-ci il tarixli, 2(078)-290/2020 qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi tələbinə dair iddiası təmin olunaraq, İddiaçı tərəfindən Cavabdeh və X4 xeyrinə 10000 (on min) manat kompensasiya ödənilməklə İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilmişdir. Məhkəmə iclası zamanı dindirilən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 17 iyul 1998-ci il tarixdə Şahbuz rayon Badamlı kənd İcra Nümayəndəliyində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, xasiyyətləri uyğun gəlmədiyindən cavabdehin tələbi əsasında Naxçıvan Şəhər Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 2(078)-534/2019 qətnaməsi ilə aralarındakı nikah qeydi pozulmuşdur. Qeyd edilmişdir ki, Cavabdeh tələbi əsasında Naxçıvan Şəhər Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(078)-1064/2019 nömrəli qətnaməsi ilə onun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən X5ma və X2 istifadə hüququ verilmiş, lakin yenidən aralarında mübahisə, dava-dalaş olmaması üçün o, Cavabdeh və X2 qarşı yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmış və Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2020ci il tarixli, 2(078)-290/2020 qətnaməsi ilə iddiası təmin olunaraq onun tərəfindən Cavabdeh və X4 xeyrinə 10000 (on min) manat kompensasiya ödənilməklə onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilmişdir. Müvafiq qətnamənin icrası ilə əlaqədar olaraq o, Cavabdeh və X1 xeyrinə 10000 (on min) manat məbləğində kompensasiya ödəməsinə baxmayaraq, Cavabdeh fərdi yaşayış evindən istifadəsinə xitam verilmiş otağı bugünədək bağlı saxlayaraq evi tərk etmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurlarına və həmin yaşayış sahəsi üzrə sahə müvəkkilinə bununla əlaqədar məlumat verilmiş və onlar vəziyyətlə yerində tanış olaraq otağın açarlarının təqdim edilməsinə dair cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin Cavabdeh tələblərə məhəl qoymayaraq otağın açarlarının təqdim edilməsindən bugünədək imtina etmiş, bununla da onun əmlak üzərindəki mülkiyyət hüququnu tamamilə məhdudlaşdırmış və əmlakına qanunsuz olaraq sahiblik etmişdir. Halbuki Cavabdeh əvvəllər istifadəsində olmuş otağın açarlarını müvafiq qətnamənin qanuni qüvvəyə mindiyi-yəni 01.07.2020-ci il tarixdən etibarən təhvil verərək evi tərk etsəydi, o, həmin tarixdən bugünədək müddətdə mülkiyyətində olan tərdi yaşayış evini mülki dövriyyə şəraitində kirayəyə verməklə 2000 manat gəlir əldə edə bilərdi. Cavabdeh kompensasiya barədə iddia məhkəmənin icraatında olduğu vaxt məhkəmə zalından kənrada cavabdeh onunla razılığa gəlmişdir ki, evin əşyalarını ona verəcək, kompensasiya məbləği 10000 manat pul da ona veriləcəkdir. Onlar da razılaşmışlar. Pul verildikdən sonra cavabdeh əmlka tələb etmişdir. Hesab edir ki, o cavabdehə 3000 mant artıq kompensasiya ödəmişdir və həmin pulu ondan almalıdır. Ona görə də bağlı qalan otağı hər ay 200 manat kirayə pulu hesablamaqla ondan 2000 manat pul tələb etmişdir. Onda olan məlumata görə cavabdeh özünə ev almışdır. İddiaçı sonda qeyd olunanları nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilmiş Cavabdeh oğlu iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, həqiqətən mübahisəli mənzil iddiaçının mülkiyyətindədir və onun həmin evdə olan yaşayış və istifadə hüququna Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2020-ci il tarixli, 2(078)-290/2020 qətnaməsi ilə İddiaçı tərəfindən onun və qızı X4 xeyrinə 10000 (on min) manat kompensasiya ödənilməklə İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilmişdir. Lakin keçən bu müddət ərzində o, özünə daimi yaşamaq üçün əlverişli yer tapa bilmədiyindən əşyaları mübahisəli mənzildə qalmışdır. İddiaçı ilə əşyaların bölgüsü məhkəmədənkənar qaydada razılıq əsasında mümkün olmamışdır. Buna görə də keçən bir il müddətində üç dəfə əmlak tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Bir dəfə əmlaklar ekspertizaya tam təqdim edilmədiyindən onun tərəfindən iddia baxılmamış saxlanılmış, bir dəfə isə iddiaçı özü ərizə verərək iddia baxılmamış saxlanılmışdır. Sonuncu dəfə o əmlak bölgüsü ilə bağlı iddia qaldırmış, hazırda iş məhkəmənin icraatındadır. Əmlak məsələləri həll edilmədiyi üçün otağın qapısı bağlı saxlanılmışdır. Onun iddiaçıya ödəyəcək pulu yoxdur, çünki ona heç bir ziyan vurmamışdır. Cavabdeh sonda qeyd olunanları nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Mülki işin məhkəmə araşdırması zamanı İddiaçı Cavabdeh əvvəllər istifadəsində olmuş otağın açarlarını müvafiq qətnamənin qanuni qüvvəyə mindiyi-yəni 01.07.2020-ci il tarixdən etibarən təhvil verərək evi tərk edəcəyi təqdirdə özünün həmin tarixdən mülkiyyətində olan tərdi yaşayış evini mülki dövriyyə şəraitində kirayəyə verməklə 2000 manat gəlir əldə edə edəcəyini iddia etsə də, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı gələcəkdə gəlir əldə etməsi ehtimalına əsaslanaraq iddia qaldırmışdır ki, qəbul ediləcək məhkəmə aktı ehtimallara əsaslana bilməz. Məhkəmə tərəfindən iddiaçıya verilən suallara cavab olaraq bildirilmişdir ki, otağın qapısı açıq olduğu vaxt fərdi yaşayış evinin həmin otağı kirayə verilməmiş, ümumiyyətlər evin kirayə verilməsi nəticəsində hər hansı gəlir əldə edilməmişdir. Eyni zamanda tərəflər arasında əmlak tələbinə dair iddia tələbi hazırda Naxçıvan Şəhər Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbi əsassız olduğundan rədd olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar