Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-704/2025 20.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi İddiaçı Rıza oğlunun iştirakı ilə İddiaçı Rıza oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Rıza oğlu Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 800 (səkkiz yüz) manat və iş üzrə ödəmiş olduğu 30 (otuz) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Rıza oğlu iddia ərizəsində tələbini əsaslandıraraq qeyd etmişdir ki, o, Türkiyə Respublikası vətəndaşı olaraq Türkiyədən topdan elektrik malları (bəyaz əşyalar) gətirib Naxçıvanda satır. Sonuncu dəfə Naxçıvan şəhər sakini, əvvəlcədən tanıdığı Cavabdeh 10 noyabr 2024-cü il tarixdə ona yaxınlaşıb 1 ədəd soyuducu almaq istəmişdir. Onunla razılaşıb 1 ədəd "Altus" markalı soyuducunu ona 1050 manata satmışdır. Lakin onunla belə razılaşmışlar ki, 200 manat nağd şəkildə verəcək, qalan 850 manat pulu isə hər həftə 100 manat olmaqla ödəyəcəkdir. Elə həmin gün Müşfiq ona 200 manat ödəniş etmişdir. İki ay sonra isə 50 manat pul ödəmişdir. Qalan 800 manat pulu Müşfiqdən dəfələrlə istəməyinə baxmayaraq, o hərdən bir yalan danışıb, müxtəlif bəhanələr gətirərək verməkdən boyun qaçırır. O, bununla bağlı Naxçıvan şəhər Polis İdarəsinə müraciət etsə də məhkəməyə müraciət etməyini bildirmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Rıza oğlu 20 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 800 (səkkiz yüz) manat məbləğində pulun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, iddiasının həmin pulun 50 (əlli) manat hissəsindən imtina etdiyini, həmin hissədə mülki işə xitam verilməsini xahiş etdiyini, 750 (yeddi yüz əlli) manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair ərizəsinin təmin edilərək qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-704/2025 nömrəli, 20 avqust 2025-ci il tarixli qərardadı ilə İddiaçı Rıza oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçının iddia tələbinin Cavabdeh 50 (əlli) manat pulun alınıb ona verilməsinə dair hissəsindən imtinası qəbul olunması və iddiaçının iddia tələbinin Cavabdeh 50 (əlli) manat pulun alınıb ona verilməsinə dair hissəsinə münasibətdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş, 20 may 2025-ci il tarixdə və 20 avqust 2025-ci il tarixlərdə məhkəməyə eyni məzmunlu teleqramlar göndərərək təyin olunmuş məhkəmə iclaslarında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Həmçinin Cavabdeh 23 iyun 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək ərizəsində İddiaçı Rıza oğluna 800 manat borcu olduğunu, iddia tələbini qəbul etdiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə göndərilmiş teleqramları və ərizəni nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Rıza oğlu Cavabdeh qiyməti 1050 manat olmaqla soyuducu aldığını, 200 manat bir, 50 manat da bir olmaqla 250 manat ödəniş etdiyini, hal-hazırda 800 manat borcu olduğunu, Müşfiqin kasıb olduğunu, hər həftə ödəniş edib, tez şəkildə borcunu bağlayacağını bildirdiyini, avtovağzalda soyuducunu ona verdiyini, orada alqı-satqı ilə məşğul olan Mehman adlı şəxsin də bunun şahidi olduğunu, cavabdehin dünən borcundan 50 manat ödəniş etdiyini, hal-hazırda 750 manat borcu qaldığını bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarına obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar və cavabdehin ərizəsidir. Məhkəmənin iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, iş materiallarından aydın olur ki, cavabdeh Mehdiyev X2 şəhəri, ünvan 1 ünvanında rəsmi qeydiyyatda olmaqla, ünvan 2a yaşayır. Cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin məhkəmə bildirişləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onun yaşaddığı ünvana rəsmi qaydada göndərilmişdir. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazlarının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə və iddiaçıya təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Hətta cavabdeh məhkəməyə ərizə göndərərək borcunu qəbul etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri olmuş və onlar arasında şifahi alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Tərəflər arasında olan razılaşmadan aydın olur ki, onlar arasındakı razılaşmaya əsasən iddiaçı cavabdehə dəyəri 1050 (bir min əlli) manat olan “ALTUS" markalı soyuducunu verməyi, cavabdeh isə həmin əşyanın dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə qeyd olunan dəyəri 1050 (bir min əlli) manat olan “ALTUS" markalı soyuducunu vermiş, cavabdeh həmin əşyanın dəyəri olan 1050 (bir min əlli) manat pulu ödəməyi öhdəsinə götürmüş, 300 (üç yüz) manatını ödəmiş, lakin 750 (yeddi yüz əlli) manat borcu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə tərəflər arasındakı razılaşmaya əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində dəyəri 1050 (bir min əlli) manat olan “ALTUS" markalı soyuducunu cavabdehə təhvil verməyi, cavabdeh isə həmin razılaşmaya əsasən həmin əşyanın dəyərini iddiaçıya ödəməyi öz öhdələrinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan əşyanı cavabdehə təhvil vermiş, cavabdeh isə tərəflər arasındakı razılaşma üzrə müəyyən olunmuş şərtlər daxilində əşyanı əldə etməsinə, həmin əşyanın dəyərini iddiaçıya ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, dəyəri 1050 (bir min əlli) manat olan “ALTUS" markalı soyuducunun dəyərinin 300 (üç yüz) manatını iddiaçıya ödəmiş qalan hissəsini isə ödəməkdən yayınmışdır. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının cavabdehlə aralarında olan şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirməsi Cavabdeh məhkəməyə göndərdiyi ərizəsi ilə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda tərəflər arasındakı şifahi alqı-satqı müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Hətta məhkəməyə ərizə göndərərək iddiaçıya olan borcunu qəbul etmişdir. Məhkəmə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinin tələbinə görə isə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı qarşısında öz öhdəliyini lazımınca icra etməməsi öz təsdiqini tapdığından məhkəmə iddiaçının tələbini əsaslı sayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; -750 (yeddi yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Rıza oğluna ödənilməli; -30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı Rıza oğluna verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin olunsun. 750 (yeddi yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Rıza oğluna ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı Rıza oğluna verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-704/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-704/2025
20.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver