Məhkəmə qərarları › İş №2(078)-723/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-723/2021

13.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-723/2021 13.09.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 761.0 kvadrat metr torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 63.98 kvadrat metr yaşayış, 56.8 kvadrat metr qeyiyaşayış, 56.27 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evində payların Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 24 iyul 2020-ci il tarixli 2(108)-130/2020 nömrəli qətnaməsinə uyğun olaraq naturada bölünməsinə, layihələndirilməsinə və ona ayrı qeydiyyat vərəqəsi verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərardadı ilə iddia qismənfərdi yaşayış evinin layihələndirilməsi və ona ayrı qeydiyyat vərəqəsinin verilməsinə münasibətdə yolverilməz olduğundan icraata qəbul edilməkdən imtina edilmişdir. İşin faktiki və mübahisələndirilməyən halları ondan ibarətdir ki, nikahın pozulmasına dair şəhadətnamədən aydın olur ki, Cavabdeh ilə X4 arasında nikah ləğv edilmiş və bu barədə 16.01.2020-ci il tarixdə 05 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 24 iyul 2020-ci il tarixli 2(108)- 130/2020 nömrəli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 761.0 kvadrat metr torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 63.98 kvadrat metr yaşayış, 56.8 kvadrat metr qeyi-yaşayış, 56.27 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə Cavabdeh 1/3 pay hüququ müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 09 fevral 2020-ci il tarixli 1(102)-734/2021 nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 24 iyul 2020-ci il tarixli 2(108)-130/2020 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Məhkəmə iclası zamanı dindirilən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh ilə 2003-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, nikahları məhkəmənin 26 noyabr 2019-cu il tarixli qətnamə ilə pozulmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 24 iyul 2020-ci il tarixli qətnaməsi ilə mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 761.0 kvadrat metr torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 63.98 kvadrat metr yaşayış, 56.8 kvadrat metr qeyi-yaşayış, 56.27 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə cavabdehin 1/3 hissədə pay hüququ müəyyən edilmişdir. Cavabdehin həmin qətnamədən verdiyi kassasiya şikayəti təmin edilməmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Mənzilin 2/3 hissəsinin onun mülkiyyətində olmasına baxmayaraq pay bölgüsü ilə bağlı cavabdehlə heç cür razılığa gələ bilmir. Ona görə də payının naturada ayrılmasını məhkəmədən xahiş etmişdir. 24 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında Cavabdeh tərcüməçi vasitəsilə izahatında iddianı qəbul etmədiyini, məhkəmənin qətnaməsi ilə ona 1/3 hissədə pay hüququnun müəyyən edilməsi barədə qərardan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edəcəyini, uşaqların iddiaçının yanında qalmasına əsasən apellyasiya məhkəməsinin bu cür qərar qəbul etdiyini, halbuki hazırda böyük oğlunun məhkəmə qərarı ilə ona verildiyini, digər uşaqlarını da iddiaçıdan tələb edib alacağını, evin naturada bölünməsinə razı olmadığını bildirdi. 13 sentyabr 2021-ci il tarixə saat 14:30-a təyin edilən məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2021-ci il tarixli, 188 nömrəli məhkəmə tikinti-texniki ekpertizası üzrə ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən 761.0 kvadrat metr torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 63.98 kvadrat metr yaşayış, 56.8 kvadrat metr qeyi-yaşayış, 56.27 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evindən və torpaq sahəsindən İddiaçı 2/3 (üçdə iki) hissə olmaqla naturada təcrid olunmuş qaydada ayrılaraq verilməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin, eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Məhkəmə Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2020-ci il tarixli, 57/20 nömrəli əsaslılığı məhkəmədə şübhə doğurmayan məhkəmə tikinti-texniki ekspertizası üzrə rəyini sübut kimi qəbuledilən hesab edir. Buna görə də İddiaçı mübahisəli mənzildə 2/3 hissədə payının naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı təsdiq olunduğundan iddia rədd edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 4 aprel 2014-cü il tarixli qərarını da nəzərə almışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddiasə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar