Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-75/2024 25.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı daşınmaz əmlakdan payların müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 30 nömrəli qərarı əsasında X3, Cavabdeh2 və onun mülkiyyətinə verilmiş, Babək rayon, Şəkərabad kəndində yerləşən torpaq sahəsində payın üçdə bir hissədə müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, atası Cavabdeh1 ilə anası Cavabdeh2 arasındakı nikah xx.xx.2012-ci il tarixdə pozulmuşdur. Babək rayon, Şəkərabad kəndində yerləşən ümumi sahəsi 0.73 ha olan torpaq sahəsi xx.xx.1999-cu il tarixdə Babək rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Cavabdeh1, Cavabdeh2 və X2 mülkiyyətinə verilmişdir. Lakin həmin torpaq sahəsində paylarının həyətyanı torpaq sahəsinin hansı hissəsində olması, paylarından istifadə ilə bağlı aralarında narazılıqlar yaranmışdır. Buna görə payının müəyyən olunmasını istəyir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh1 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini, 24 ildir həmin torpaq sahəsində onun haqqı olduğunu, özünün kirayədə yaşadığını, həmin torpaq sahəsinə ehtiyacının olduğunu, torpaq sahəsinin onların üçünün də mülkiyyətinə verilsə də faktiki olaraq onun həmin torpaq sahəsindən istifadə edə bilmədiyini, torpaq sahəsində 1/3 hissədə payının müəyyən olunmasını istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında iddianı qəbul etdiyini, 24 ildən artıqdır ki, torpaq sahəsinin onların üçünün də mülkiyyətinə verildiyini, lakin torpaq mülkiyyətə verilsə də faktiki olaraq onun və qızının həmin torpaq sahəsindən istifadə edə bilmədiklərini, həmin torpaq sahəsindən digər cavabdehin istifadə etdiyini, özünün həmin torpaq sahəsində 1/3 hissədə payının məhkəmə qaydasında müəyyən edildiyini, qızının da payının müəyyən edilməsinə etiraz etmədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, Babək rayon Şəkərabad kəndində yerləşən ümumi sahəsi 0.73 ha olan torpaq sahəsinin Babək rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 30 nömrəli qərarı əsasında Cavabdeh1, X2 və Cavabdeh2 mülkiyyətinə verilməsi işin mübahisəsiz halıdır. Həmin halların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -mülki iş materiallarına əlavə edilmiş JN 212 saylı 10312048 kodlu Torpağa mülkiyyətə hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən Babək Rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1999-cu il tarixli, 30 nömrəli qərarı ilə Babək rayon Şəkərabad kəndində yerləşən ümumi sahəsi 0.73 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1, X2 və Cavabdeh2 mülkiyyətinə verilməsi aydın olur. Hazırda iddiaçının özünün, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumi mülkiyyətinə verilmiş Babək rayon, Şəkərabad kəndində yerləşən 0.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıya düşən 1/3 payın müəyyən olunmasını tələb etməsi isə mülki işin mübahisəli halıdır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin mübahisəli halının həlli baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Əgər bu hüququn subyekti birdən artıq olduqda əmlak üzərində ümumi mülkiyyət hüququ yaranır ki, bunun da növləri birgə və paylı mülkiyyətdən ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 213.3-cü maddəsinin tələbinə görə isə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Qanunvericiliyin tələbindən də aydın olur ki, ümumi mülkiyyətin paylı olması prezumpsiyası mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Hazırki vəziyyətdə isə daşınmaz əmlak üzrə payın müəyyən edilməsi ilə bağlı tərəflər arasında razılaşma olmaması müəyyən edildiyindən qanunvericiliyin sonuncu qeyd edilən normasını, yəni ümumi mülkiyyətdə olan əmlak üzrə iştirakçıların paylarının bərabərliyi prezumpsiyasını rəhbər tutan məhkəmə qeyd edir ki, həmin torpaq sahəsi 3 nəfərin ümumi mülkiyyətinə verildiyindən, onların mübahisəli torpaq sahəsi üzərində payları bərabər olmaqla, hər birinə 1 pay təşkil edir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək mülki işin mübahisəli halı ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, JN 212 saylı,10312048 kodlu Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumi mülkiyyətinə verilmiş Babək rayon, Şəkərabad kəndində yerləşən 0.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının payı 1/3 hissə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - JN 212 saylı,10312048 kodlu Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında İddiaçı, Cavabdeh2 və Cavabdeh1 ümumi mülkiyyətinə verilmiş Babək rayon, Şəkərabad kəndində yerləşən 0.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı payı 1/3 hissə müəyyən edilməli; - İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. JN 212 saylı,10312048 kodlu Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında İddiaçı, Cavabdeh2 və Cavabdeh1 ümumi mülkiyyətinə verilmiş Babək rayon, Şəkərabad kəndində yerləşən 0.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı payı 1/3 hissə müəyyən edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-75/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-75/2024
25.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver