Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-80/2021 03.02.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək paylı mülkiyyətdə olan ünvan 1 ünvanında 0.0488 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 93.5 kv.m olan fərdi yaşayış evindən onun ¼ payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, Naxçıvan şəhəri Şəhriyar küçəsi, 15A ünvanında yerləşən 0.0488 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 93.5 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə onun və cavabdehlərin mülkiyyətindədir, belə ki, sözügedən daşınmaz əmlakda hər birinin bərabər payı olmaqla ¼ hissə təşkil edir. Özünün sözügedən ünvanda Cavabdeh1 ilə birlkdə yaşadığını, payları naturada müəyyən olunmadığından aralarında söz-söhbət, narazılıqların baş verdiyini, belə ki, Cavabdeh1 evdə istədiyini etdiyini, ona məxsus əşyaları dağıtdığını, onu rahat yaşamağa qoymadığını, buna görə də özünə çatan payın naturada ayrılmasını istədiyini bildirən İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək verdiyi izahatında hüquqlarını müdafiə etdiyi şəxsin izahatını təsdiqlədiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, onun valideynlərindən qalma həmin həyətdə payı vardır, iddiaçının isə sözügedən evdə heç bir yaşamaq hüququ yoxdur, evi valideynləri çətinliklə tikib.Cavabdeh1 sonda qeyd edilənlərə əsasən qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İşin faktiki və mübahisələndirilməyən halları ondan ibarətdir ki, ünvan 3-da yerləşən 93.5 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi və 0.0488 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında 1/4 hissə İddiaçı, 1/4 hissə Cavabdeh1, 1/4 hissə Cavabdeh2 və 1/4 hissə Cavabdeh3 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 200/20 nömrəli məhkəmə tikinti-texniki ekpertizası üzrə ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın İddiaçı ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında təcrid olunmuş qaydada ayrılaraq verilməsi (bölünməsi) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin, eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Məhkəmə araşdırması zamanı iş üzrə İddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən İddiaçı verilmiş, MH seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın surətinə əsasən, ünvan 3-da yerləşən 93.5 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi və 0.0488 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında 1/4 hissə İddiaçı, 1/4 hissə Cavabdeh1, 1/4 hissə Cavabdeh2 və 1/4 hissə Cavabdeh3 adına qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrində 18/40 nömrəli reyestr kitabının 7818 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lakin Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 200/20 nömrəli əsaslılığı məhkəmədə şübhə doğurmayan məhkəmə tikinti-texniki ekspertizası üzrə rəyi ilə ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın İddiaçı ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında təcrid olunmuş qaydada ayrılaraq verilməsinin (bölünməsinin) texniki cəhətdən mümkün olmadığı təsdiq olunur. Ona görə də iddia rədd edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" x xxxxx 2014-cü il tarixli qərarını da nəzərə almışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-80/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-80/2021
03.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver