Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-80/2022 13.01.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdehiun nümayəndəsi X2 və Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh X6 qarşı uşaqla ünsiyyətdə olan maneənin aradan qaldırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı cavabdeh X6 qarşı uşaqla ünsiyyətdə olan maneənin aradan qaldırılmasına dair tələblə məhkəməyə müraciət edərək Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 02 avqust 2021-ci il tarixli, 04 nömrəli qərarının icrasına olan maneənin (uşaqla ünsiyyətdə olan maneənin) aradan qaldırılması və həmin qərarla müəyyən olunmuş (gün, saat) ünsiyyətdə olma qaydasının icra olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, oğlu X16 ilə gəlini Gülnar arasında 16 may 2016-cı ildə bağlanmış nikah gəlini Gülnarın tələbi ilə 17 iyun 2021-ci ildə Babək Rayon Məhkəməsinin qətnaməsi ilə məhkəmə qaydasında pozulmuşdur. Onların birgə nikahlarından doğulan uşaqları 01 iyul 2017-ci il təvəllüdlü X14 nikah pozulandan sonra anasının yanında yaşayır. İddiaçı baba olaraq nəvəsini görmək üçün cavabdehə dəfələrlə müraciət etsə də nəvəsi ilə görüşməyə imkan verməyib, ciddi şəkildə görüşməyə qoymayacaqlarını bildirmişdilər. Bu səbəbdən də Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına nəvəsi ilə görüşmək üçün müraciət edib və həmin Komissiyanın 20.08.2021-ci il tarixli 04 nömrəli qərarı ilə ona nəvəsi ilə hər həftənin bazar günü saat 1000-dan axşam saat 1600-dək ünsiyyət saxlama müddəti müəyyən edilmişdir. Buna baxmayaraq cavabdeh həmin qərarın tələbini pozaraq yenə də ona nəvəsi ilə görüşüb ünsiyyət saxlamağına imkan verməyərək nəvəsi ilə ünsiyyətinə maneə yaradır. Hal-hazırda uzun müddətdir ki, nəvəsi ilə ünsiyyətdə ola bilmir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Cavabdehin nümayəndəsi X2 nümayəndəsi olduğu X4 iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirməsini nəzərə alan məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdeh X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 30 noyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. İddiaçı ərizədə X6 qarşı uşaqla ünsiyyətdə olan maneənin aradan qaldırılmasına dair tələblə məhkəməyə müraciət etdiyini, iddia ərizəsinin xahiş hissəsində texniki səhvlik nəticəsində Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının qərarının tarixinin 02 avqust qeyd olunduğunu göstərərək tələbində dəqiqləşdirmə apararaq həmin Komissiyanın qərarının tarixinin 20 avqust 2021-ci il tarixi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 30 noyabr 2021-ci tarixində keçirilmiş məhkəmə iclasında iddiaçının ərizəsi təmin olunaraq iddia tələbinə Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 20 avqust 2021-ci il tarixli, 04 nömrəli qərarının icrasına olan maneənin (uşaqla ünsiyyətdə olan maneənin) aradan qaldırılması və həmin qərarla müəyyən olunmuş (gün, saat) ünsiyyətdə olma qaydasının icra olunması həddində baxılması qərara alınmışdır. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddiasını müdafiə etdiyini, oğlu Atəş ilə gəlini Gülnarın arasında 16 may 2016-cı ildə bağlanmış nikahın gəlini Gülnarın tələbi ilə 17 iyun 2021-ci ildə Babək Rayon Məhkəməsində pozulduğunu, həmin qətnamə əsasında onların birgə nikahından doğulmuş uşaqları 01 iyul 2017-ci il təvəllüdlü X9 anasının yanında saxlanılmasının qət edildiyini, oğlunun cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilərək azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkdiyini, özünün baba olaraq nəvəsini görmək üçün cavabdehə dəfələrlə müraciət etsə də cavabdehin nəvəsi ilə görüşməyinə imkan vermədiyini, bu səbəbdən də Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına nəvəsi ilə görüşmək üçün müraciət etdiyini, həmin Komissiyanın 20.08.2021-ci il tarixli 04 nömrəli qərarı ilə ona nəvəsi ilə hər həftənin bazar günü saat 1000-dan axşam saat 1600-dək ünsiyyət saxlama müddətinin müəyyən edildiyini, buna baxmayaraq cavabdeh tərəfin həmin qərarın tələbini pozaraq yenə də ona nəvəsi ilə görüşüb ünsiyyət saxlamağına imkan vermədiyini, nəvəsi ilə ünsiyyətinə maneə yaratdığını, cavabdeh tərəfin ona məhkəmə qərarı olmazsa nəvəsini görə bilməyəcəyini dediklərini, nəvəsi ilə ünsiyyətdə olmaq istədiyini, bir baba kimi özünün də nəvəsinin qayğısına qalmaq istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən cavabdehin nümayəndəsi X7 izahatında qızı Gülnarla Atəş arasında 16 may 2016-cı ildə bağlanmış nikahın qızı Gülnarın tələbi ilə 17 iyun 2021-ci ildə Babək Rayon Məhkəməsində pozulduğunu, həmin qətnamə əsasında onların birgə nikahından doğulmuş uşaqları 01 iyul 2017-ci il təvəllüdlü X9 anasının yanında saxlanılmasının qət edildiyini, iddiaçının onlara uşağı görmək üçün müraciət etmədiyini, özü Bakı şəhərində olduğu vaxt Babək Rayon İcra Hakimiyyətindən onu nəvəsi ilə Vüqarın ünsiyyət məsələsinə görə axtardıqlarını bildirdiklərini, özünün də icra nümayəndəsinə Naxçıvana qayıdacağı zaman İcra Hakimiyyətinə gələcəyini bildirdiyini, sonra Dubay şəhərinə getdiyini, orada xəstələndiyi üçün bir müddət orada qalmalı olduğunu, iddiaçının indiyə qədər bir dəfə də olsun nəvəsi ilə maraqlanmadığını, qızı Gülnar Hüseynovanın İddiaçı nəvəsi ilə görüşməyinə heç vaxt maneçilik törətmədiyini, lakin uşağın danışığında stres və narahatlığa görə problemlər yarandığını, onu müalicə etdirdiklərini, uşağın iddiaçı ilə görüşməsinin onun sağlamlıq problemlərinə mənfi təsir edə biləcəyini, özlərinin iddiaçı ilə bir başa ünsiyyətdə olmaq istəmədiklərini, uşağı özlərinin iddiaçıya verə bilməyəcəklərini, məhkəmənin bir nümayəndəsi vasitəsilə uşağı iddiaçıya verə biləcəklərini, iddiaçı tərəfin uşağın saxlanılmasında iştirak etmədiyini, aliment ödəməkdən imtina etdiklərini, qızı və nəvəsinin iddiaçının evindən çıxdıqdan sonra iddiaçı tərəfin uşağın əşyalarını belə satdığını, iddiaçının indi hansı haqla uşaq görmək istədiyini başa düşə bilmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X10 məhkəmə iclasında verdiyi izahatında komissiyanın nümayəndələrinin iddiaçının yaşadığı ünvanda olduğunu, iddiaçının mənzil-məişət şəraitinin uşağın babası ilə orada ünsiyyətdə olması üçün yararlı olduğunu, ümumiyyətlə isə komissiyanın uşağın babası ilə görüşüb ünsiyyətdə olmasının onun mənəvi-psixoloji inkişafına mənfi təsir etməyəcəyi qənaətinə gəldiyini, komissiyanın iddiaçının uşaqla görüşüb ünsiyyət saxlamasını məqsədəmüvafiq hesab etdiyini bildirərək yekunda uşağın üstün mənafeyinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarını və işdə iştirak edən şəxslərin izahatlarını tədqiq edən məhkəmə müəyyən edir ki, X16 ilə X4 16 may 2016-cı il tarixdə nikaha daxil olması, onların birgə nikahından 01 iyul 2017-ci il təvəllüdlü X14 adlı uşaqlarının doğulması, qeyd edilən şəxslər arasında bağlanmış nikahın Babək rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(079)- 112/2021 nömrəli qətnaməsi ilə pozulması, onlar arasında olan nikahın pozulmasından sonra onların birgə nikahlarından olan X9 qeyd edilən məhkəmə qətnaməsi ilə anasının yanında qalmasının müəyyən edilməsi, iddiaçının X9 babası olması, iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl X14 ilə ünsiyyət hüququnu həyata keçirməsi üçün Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etməsi, sonuncunun 20 avqust 2021-ci il tarixli, 04 nömrəli qərarı ilə İddiaçı nəvəsi 01 iyul 2017-ci il təvəllüdlü X14 ilə hər həftənin bazar günləri saat 1000-dan 1600-dək ünsiyyətdə olma imkanın verilməsi işin mübahisəsiz hallarıdır. Yuxarıda sadalanan halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -mülki iş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(079)-112/2021 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən X16 ilə X4 16 may 2016-cı il tarixdə nikaha daxil olması; - iş materiallarına əlavə olunmuş Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 iyul 2021-ci il tarixli çıxarışdan X16 ilə X4 birgə nikahından 01 iyul 2017-ci ildə X14 adlı övladının anadan olması; - mülki iş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(079)-112/2021 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən X16 ilə X8 arasında bağlanmış nikahın pozulması; - mülki iş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(079)-112/2021 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən yuxarıda qeyd edilən şəxslər arasında nikahın pozulmasından sonra onların birgə nikahından olan X9 iş üzrə cavabdehin yanında qalmasının qət edilməsi; - iddia ərizəsinə əlavə edilmiş Babək rayon İcra Hakimiyyəti Məzrə kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 iyun 1994-cü il tarixli, XVİ-JQ seriyalı, 418694 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən İddiaçı X11 atası, yəni X9 babası olması; -iddia ərizəsinə əlavə edilmiş Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 20 avqust 2021-ci il tarixli, 04 nömrəli qərarından Cavabdeh 01 iyul 2017-ci il təvəllüdlü X14 ilə İddiaçı ünsiyyətdə olmasına şərait yaradılmasının tələb edilməsi və hər həftənin bazar günləri saat 1000-dan 1600-dək ünsiyyətdə olma imkanın verilməsi aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Babək Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(079)-112/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. İşin mübahisəli halı isə iddiaçının nəvəsi 01 iyul 2017-ci il təvəllüdlü X14 ilə hər həftənin bazar günü saat 1000-dan 1600-dək ünsiyyətdə olmasına dair X8 tərəfindən yaradılan maneənin aradan qaldırılması tələb etməsidir. İşin mübahisəli halının həlli ilə əlaqədar məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 62-ci maddəsindən görünür ki, nənə uşaqla ünsiyyət hüququna malik, uşaqla sosial və ailə əlaqəsi olan şəxslər kateqoriyasına aiddir. Belə ki, həmin maddəyə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. İddiaçı isə cavabdehin onun bu hüququna mane yaratdığını iddia edərək öz hüququnun həyata keçirilməsi üçün məhkəməyə müraciət etmişdir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli, 6 nömrəli qərarının 10-cu bəndində qeyd olunur ki, valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir. Bu norma həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 61.3-cü maddəsində də öz əksini tapmışdır. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alan məhkəmə 30 noyabr 2021-ci il tarixli qərardadı ilə Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasını işə cəlb etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 11 yanvar 2022-ci il tarixli, 02 nömrəli rəyində qeyd olunmuşdur ki, X9 babası İddiaçı ilə komissiya tərəfindən müəyyən olunmuş ünsiyyətdə olma müddətinə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və qeyd olunan formada görüş qaydasının müəyyən olunmasını komissiya uşağın hüquq və mənafeyi baxımından məqsədəuyğun hesab edir. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik orqanının rəyini məhkəmədə iclasında tədqiq olunmuş digər sübutlarla birlikdə qiymətləndirilərək məhkəmə belə hesab edir ki, onun sübut kimi mötəbərliyini şübhə altına alan hər hansı bir hal mövcud olmadığından, həmin rəy sübut kimi qəbul edilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normaların ümumi mahiyyətindən aydın olur ki, öz nəvəsi ilə ünsiyyət saxlamaq babanın hüququdur. Bu hüququn həyata keçirilməsinə isə o halda məhdudiyyət qoyula bilər ki, uşaqla ünsiyyət yaratmaq istəyən baba uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirsin. Yanında uşaq qalan valideyn, yəni iş üzrə cavabdeh X15 qızı uşaqla ünsiyyət yaratmaq istəyən babanın uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməsi halları sübut etmək vəzifəsini daşısa da, o da bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alan və məhkəmədə tədqiq edilən iş materiallarını isə onlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə X8 tərəfindən İddiaçı öz nəvəsi ilə ünsiyyətdə olmasına maneçilik edilməsi nəticəsində, onun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulduğunu hesab edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın tələbinə görə iştirakçı dövlətlər uşağın, onun valideynlərinin və ya qanuni qəyyumlarının irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və ya digər əqidələrindən, milli, etnik və ya sosial mənşəyindən, əmlak vəziyyətindən, səhhətindən və doğum şəraitindən və ya hər hansı başqa hallardan asılı olmayaraq, heç bir ayrı-seçkiliyə yol vermədən, onların yurisdiksiyası daxilində hər bir uşaq üçün bu Konvensiyada nəzərdə tutulan bütün hüquqlara hörmət bəsləyir və onları təmin edirlər. Həmçinin iştirakçı dövlətlər qeyri-qanuni müdaxiləyə yol vermədən, qanunda nəzərdə tutulduğu kimi, uşağın öz fərdiliyini, o cümlədən vətəndaşlığını, adını və ailə əlaqələrini saxlamaq hüququna hörmət bəsləməyi öhdələrinə götürürlər (ikinci və 87-ci maddələrin birinci bəndləri). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Həmin Qanununun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Bundan əlavə qeyd edilən Qanununun 11-ci maddəsinə görə hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. Bundan əlavə qeyd edilən Qanununun 11-ci maddəsinə görə hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. Uşaq hüquqları haqqında Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndində isə qeyd olunur ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 62-ci maddəsində müəyyən edilir ki, valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin bu tələbini iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, mülki iş materiallarından iddiaçı məhkəmə müraciət etməzdən əvvəl nəvəsi ilə ünsiyyət hüququnun həyata keçirməsi üçün Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik orqanına müraciət etməsi, həmin orqanın 20 avqust 2021-ci il tarixli, 04 nömrəli qərarı ilə X4, övladı X14 ilə babası İddiaçı ünsiyyətdə olmasına şərait yaradılmasının tələb edilməsinin qərara alınması aydın olur. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə ünsiyyət yaratmaq istəyən babanın oğlu ilə sabiq gəlini arasında olan nikah pozulduğundan, nəvəsi anası ilə birlikdə, yəni iddiaçıdan ayrı yaşadığından ünsiyyət yaradılması istənilən uşağın əsaslı mənafeyi nəzərə alınaraq iddiaçının onlarla ünsiyyət hüququna olan maneə aradan qaldılmalıdır. Çünki, baba Azərbaycan Respublikası qanunvericiliyinə əsasən yaxın qohumlar dairəsinə daxil olduğundan nəvəsi ilə onun arasında qohumluq əlaqələrinin inkişafı, uşağın öz yaxın qohumlarını tanımaq, onlarla əlaqə yaratmaq üçün lazımi şərait yaradılması baxımından bu zəruridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 62-ci maddəsinin məzmunundan o da müəyyən edilir ki, həmin norma uşağın qohumu ilə ünsiyyəti həyata keçirməsi barədə Qəyyumluq və Himayəçilik Komissiyasının qərarının icrasını təmin etməyə yönəlmiş maddi hüquq normasıdır. Yəni həmin maddi hüquq norması ilə dairəsi müəyyən edilən qohumlar uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi ilkin olaraq qəyyumluq və himayəçilik orqanına müraciət etməli, həmin orqan tərəfindən müraciətə baxılaraq qərar qəbul edilməlidir. Qəbul edilmiş qərarın icrasına maneə yarandığı halda isə bu hüququ əldə etmiş uşağın qohumu və ya qəyyumluq və himayəçilik orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. İşin məhkəmədə araşdırılması zamanı X4 İddiaçı nəvəsi ilə ünsiyyət hüququnun həyata keçirməsinə mane olması öz təsdiqini tapdığından, Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 20 avqust 2021-ci il tarixli, 04 nömrəli qərarının icrası təmin edilməli və həmin qərarla müəyyən edilmiş uşaqla ünsiyyətə dair maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia təmin edilməli olduğundan, iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin edilməli; -Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 20 avqust 2021-ci il tarixli, 04 nömrəli qərarı ilə müəyyən edilmiş İddiaçı 01 iyul 2017-ci il təvəllüdlü X14 ilə ünsiyyətdə olmasına dair maneə aradan qaldırılmalı; -həmin qərar ilə müəyyən edilmiş İddiaçı 01 iyul 2017-ci il təvəllüdlü X14 ilə hər həftənin bazar günləri saat 1000-dan saat 1600-dək ünsiyyətdə olması X8 tərəfindən təmin edilməli; - cavabdeh X3 50 (əlli) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət еtdi: İddia təmin edilsin. Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 20 avqust 2021-ci il tarixli, 04 nömrəli qərarı ilə müəyyən edilmiş İddiaçı 01 iyul 2017-ci il təvəllüdlü X14 ilə ünsiyyətdə olmasına dair maneə aradan qaldırılsın. Həmin qərar ilə müəyyən edilmiş İddiaçı 01 iyul 2017-ci il təvəllüdlü X14 ilə hər həftənin bazar günləri saat 1000-dan saat 1600-dək ünsiyyətdə olması X8 tərəfindən təmin edilsin. Cavabdeh X3 50 (əlli) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-80/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-80/2022
13.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver