Məhkəmə qərarları › İş №2(078)-819/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-819/2024

10.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-819/2024 10.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9211.15 (doqquz min iki yüz on bir manat əlli altı qəpik) manat pulun və ödənilmiş 115 (bir yüz on beş) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə eyni binada yaşadığına görə onu qonşu, məhəllə adamı kimi tanıyıb. Yaxın münasibətləri olub. Cavabdeh maşın almaq istədiyinə görə kredit götürmək istədi, buna görə də onadan xahiş etdiyinə görə Hüseynə zamin durub. Buna görə də Cavabdeh "xxxx" ASC-dən 28 oktyabr 2019-cu il tarixli İK2810/06 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə qaytarmaq şərtilə, 17%-lə, 10.000 (on min) manat kredit götürdü. Həmin vaxt Cavabdeh hərbidə işləyirdi, ona görə də götürmüş olduğu kreditin aylıq ödəmələrini müəyyən gecikdirmələrlə fərqli-fərqli məbləğdə ödəyəndən bir müddət sonra onu işdən çıxardılar. Hüseyn işdən çıxarıldığı üçün artıq krediti ödəyə bilmədiyinə görə "xxxx" ASC onu zamin olaraq məhkəməyə verdi. Naxçıvan Şəhər Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, e-2(078)-686/2023 saylı qətnaməsinə əsasən ondan 7441.15 (yeddi min dörd yüz qırx bir manat on beş qəpik) manat pulun alınıb "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət olunduğundan həmin qətnamə icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmiş, oradan isə qətnamə icra olunması üçün onun iş yerinə göndərilmişdir. Ona görə də məcburiyyət qarşısında qalıb, "xxxx" ASC-nin Naxçıvan fılalmdan 11000 (on bir min) manat kredit götürüb, həmin borcu və özünün banka olan digər kredini bağlayıb. O, Cavabdeh qətnamə çıxarılmamışdan əvvəl 1240 (bir min iki yüz qırx) manatını, qətnamə çıxarıldıqdan sonra 7441.15 (yeddi min dörd yüz qırx bir manat on beş qəpik) manat kreditini, həmin kredit borcuna görə ondan Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin "xxxx" ASC-dəkı hesabına 530 (beş yüz otuz) manat 7 % icra ödənişi ödəmişdir. Beləliklə o, yaxın münasibəti olan Cavabdeh görə zamin durduğu üçün kredit borcu və icra ödənişinə görə birlikdə 9211.15 (doqquz min iki yüz on bir manat əlli altı qəpik) manat pul ödəyib. Cavabdeh bu pulu əvvəl banka ödəməkdən yayındığı kimi ona da hərdən bir bəhanə gətirib yayınır. Özünün həmin pula çox böyük ehtiyacı var. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlib. İddiaçı qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmiş, lakin o, vəkil və nümayəndə ilə təmsil olunmuşdur. Bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş, iddianın təmin edilməsini xahiş etmişdir. Ə.Vəliyev əlavə olaraq qeyd etmişdir ki, təmsil etdiyi şəxs onunla hüquqi yardımın göstərilməsi üçün müqavilə bağlayaraq 350 manat pul ödəyib. Buna görə də yekun məhkəmə qərarı qəbul edilərkən hüquqi yardım üçün iddiaçı tərəfindən ödənilmiş 350 manatın da Cavabdeh alınaraq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmiş və bununla bağlı müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə iclası zamanı dindirilən Cavabdeh iddianı etiraf edərək izahatında bildirmişdir ki, həqiqətən də o, "xxxx" ASC-dən 28 oktyabr 2019-cu il tarixli İK2810/06 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə qaytarmaq şərtilə, 17%-lə, 10.000 (on min) manat kredit götürüb və iddiaçı da ona zamin durub. Maddi vəziyyəti pis olduğu üçün ödənişləri gecikmələrlə ödəmiş, daha sonra işdən çıxıdığı üçün isə ümumiyyətlə ödəniş aparmamışdır. Hazırda onun banka olan borcu iddiaçı tərəfdən ödənilib. Borcu etiraf edir. Sadəcə olaraq maddi vəziyyəti ilə əlaqədar olaraq iddiaçıya olan borcunu qaytara bilmir. Tezliklə borcunu ödəyib qurtaracaq. Lakin onun vəkil xərcinin ödənilməsi ilə bağlı etirazı var. Qanuni qərar qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. 28 oktyabr 2019-cu il tarixli İK2810/06 saylı kredit müqaviləsi ilə Cavabdeh "xxxx" ASC-dən 36 ay müddətinə qaytarmaq şərtilə, 17%-lə, 10.000 (on min) manat məbləğində istehlak krediti götürmüşdür. 28 oktyabr 2019-cu il tarixli, ZM2810/06 saylı Zaminlik müqaviləsinə əsasən iddiaçı ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər cavabdehlər tərəfindən pozulduğu üçün iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh və İddiaçı qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair məhkəmədə iddia qaldırmış və Naxçıvan Şəhər Məhkəməsinin 24 iyun 2023-cü il tarixli e-2(078)-686/2023 saylı qətnaməsi ilə 28 oktyabr 2019-cu il tarixli, İK2810/06 saylı kredit müqaviləsi üzrə 6990.02 (altı min doqquz yüz doxsan manat iki qəpik) manat əsas borc, 451.13 (dörd yüz əlli bir manat on üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 7441.15 (yeddi min dörd yüz qırx bir manat on beş qəpik) manat məbləğində kredit borcu cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və 94.41 (doxsan dörd manat qırx bir qəpik) manat dövlət rüsumunun Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. İş materiallarından və tərəflərin verdiyi izahatdan aydın olur ki, İddiaçı qətnamə çıxarılmamışdan əvvəl 1240 (bir min iki yüz qırx) manat, qətnamə çıxarıldıqdan sonra 7441.15 (yeddi min dörd yüz qırx bir manat on beş qəpik) manat və kredit borcuna görə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin "xxxx" ASC-dəkı hesabına 530 (beş yüz otuz) manat 7 % icra ödənişi olmaqla, ümumilikdə 9211.15 (doqquz min iki yüz on bir manat əlli altı qəpik) manat pul ödəyib. İddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin məcəllənin 475.2-ci maddəsinə görə zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1 -ci maddəsinə əsasən əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Məhkəmə iş üzrə dindirilmiş şahid ifadələrinə, tərəflərin izahatlarına və iş materiallarında olan digər sənədlərə mülki prosessual məcəllənin sübutların qiymətləndirilməsi ilə bağlı tələblərinə uyğun qiymət verərək belə qənaətə gəlir ki, iddiaçının iddia tələbinin əsası kimi göstərdiyi hallar sübuta yetir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Cavabdeh iddianı etiraf etməsini müzakirə edərək belə nəticəyə gəlir ki, işdə etirafın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 220.4-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsini göstərilə bilər. Lakin cavabdeh borcla bağlı iddianı etiraf etsə də vəkil xərcinə münasibətdə iddianı rədd edir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh 9211.15 (doqquz min iki yüz on bir manat əlli altı qəpik) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə məhkəmə məsrəflərinə münasibətdə qeyd edir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 25000 nömrəli qəbzlə ödənilmiş 114 (bir yüz on dörd) manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı olmaqla ümumilikdə 114 (bir yüz on dörd manat qırx qəpik) manat Cavabdeh alınıb İddiaçı qaytarılmalıdır. Məhkəmə məhkəmə məsrəfi ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən vəkilə hüquqi yardım üçün "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 16288 nömrəli qəbzlə ödənilmiş 330 (üç yüz otuz) manat və xx.xx.2024-cü il tarixdə 23618 nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İş üzrə Cavabdeh 9211.15 (doqquz min iki yüz on bir manat əlli altı qəpik) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilsin. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 25000 nömrəli qəbzlə ödənilmiş 114 (bir yüz on dörd) manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı olmaqla ümumilikdə 114,40 (bir yüz on dörd manat qırx qəpik) manat Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən vəkilə hüquqi yardım üçün "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 16288 nömrəli qəbzlə ödənilmiş 330 (üç yüz otuz) manat və xx.xx.2024-cü il tarixdə 23618 nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar