Məhkəmə qərarları › İş №2(078)-864/2020

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-864/2020

17.12.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-864/2020 17.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı mülkiyyətçinin maneəsiz və sərbəst yaşaması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qət naməni qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətlərində olan Naxçıvan şəhəri, M.F.Axundov küçəsi ev 13 ünvaında yerləşən fərdi yaşayış evində və mülkün ərazisində maneəsiz və sərbəst yaşamalarına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, vərəsəlik hüququ əsasında İddiaçı2 4/16 hissə, İddiaçı1 3/16 hissə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində miras əmlak çatmış, onlara çatan payı daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyatdan keçirərək çıxarış əldə etmişlər. Mülkiyyətlərində fərdi yaşayış evi və həyətyanı sahə olduğu halda onlar mülkiyyətçi kimi öz mülkiyyətindən istifadə edə bilmirlər. Mülklə bağlı sənədlərdə adı keçməyən ümumiyyətlə bu işlərə aid olmayan bir şəxs Cavabdeh onları mülkdən sərbəst və rahat istifadə emələrinin qarşısını alır və çoxlu problemlər yaradaraq müstəqil yaşamalarına və mülkün onlara çatan hissəsini idarə etmələrinə maneçilik törədir. Yəni bu şəxs mülkdə olan elektrik naqillərini kəsir, mülkdə olmadıqları müddətdə onlara aid olan ikinci elektrik sayğacını yoxa çıxarır və bu cür əməllər törətməklə onların mülkdəki yaşamalarını əngəlləməyə çalışır, böyük darvaza qapısının qarşısında özünə aid olan minik avtomobilini saxlayaraq onlara aid olan digər minik avtomobillərinin mülkiyyətə daxil olubçıxmasına maneə törətdir, mülkə aid olan qapını bağlayaraq mülkə girişlərinə əngəllər törədir, mülkdə olan su xəttindən istifadəyə maneçilik törədir, mülkdə olan qaz kəmərini kəsib və onlara aid olan qaz qızdırıcısını sıradan çıxardığı halları göstərə bilərlər. Nəticədə bu cür əməllər onların öz mülkiyyətində rahat və maneəsiz yaşamasına çox böyük əngəl törədir. Həmin şəxsin mülkiyyətin heç bir hissəsində heç bir paya sahib olmadığı halda etdiyi əməllər onları bezdirir, hüquqən heç bir haqqı olmadığı halda İddiaçı1 və ona aid olan mülkiyyətdə yerləşən yaşayış mənzillərini və təsərrüfata aid olan yardımçı damaları mənimsəmişdir. Dəfələrlə söhbətlər aparıb bu maneənin aradan qaldırılmasına çalışsalar da buna nail ola bilməmişlər. Qeyd edilənlərə əsasən mülkiyyətlərində olan Naxçıvan şəhəri, M.F.Axundov küçəsi ev 13 ünvaında yerləşən fərdi yaşayış evində və mülkün ərazisində maneəsiz və sərbəst yaşamalarına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı1 iddianı müdafiə edərək izahatından uzun illərdir ki, onlara miras qalmış əmlakın mübahisəsinin davam etdiyini, həmin miras əmlakın 8/16 hissəsinin bibisi Zəhra Abbasovaya, 3/16 hissəsinin özünə, 4/16 hissəsinin bibisi İddiaçı2, 1/16 hissə isə atası mərhum Adil Abbasovun adında qaldığını, onun Zəhra ilə heç bir məsələsi olmadığını, həmin evdə hazırda Zəhranın yaşadığını, lakin Cavabdeh həmin mülkdə heç bir payı və haqqı olmadığı halda onun orada yaşamasına maneə törətdiyini, dəfələrlə mübahisələrinə polis müdaxiləsi olduğunu, həmin miras əmlakda onun tikdiyi və qeydiyyata alınmayan tikililərin olduğunu, həmin tikillilərin açarının onda olduğunu, anasının vəfatına qədər onun bacısının orada olmaqla anasına qulluq etdiklərini, anası vəfat etdikdən sonra artıq cavabdehin onun mülkiyyətində olan əmlakda yaşamasına mane olduğunu, elektrik xəttini, qaz xəttini kəsdiyini, qaz qızdırıcısını götürdüyünü, onun yoldaşının mülkiyyətində olan Naxçıvan şəhəri Çənlibel məhəlləsində yerləşən evdə 1990cı illərdən yaşadığını, lakin bu o demək deyildir ki, öz mülkiyyətində olan əmlakda yaşamadığını, onların bina evində qaldıqlarını, bir yığıncaq olanda həyət evinə getdiklərini, orada evin geniş olduğunu, neçə illərdir ki, öz avtomobilini mübahisəli evin həyətində saxladığını, həmin avtomobilini oradan götürmədiyini, çünki avtomobilini götürdüyü halda cavabdehin öz maşınını orada saxlayıb darvazanı bağlayacağını, mənzildə qeydiyyatda olmasına baxmayaraq gələn məktubların üzərində əlavə məlumatlar yazıb qaytardıqlarına görə poçtalyona telefon nömrəsi verdiyini, poçtalyonun ona zəng vurduğunu və gedib məktubu götürdüyünü, mübahisənin həlli yolunun neçə illərdir ki, tapılmadığını, evin naturda bölgüsünün mümkün olmadığından və hərraca çıxarılsa da cavabdehə görə həmin evin satılmayacağına əmin olduqlarına görə uzun illərdir ki, mübahisənin heç bir nəticəsinin olmadığını bildirib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı2 rəsmi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, xx xxxxxx 2020-ci il tarixdə iddiaçı tərəfindən məhkəməyə daxil olmuş ərizədə məhkəmə iclasında yaşı və səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini nəzərə alıb onun iştirakı olmadan məhkəmə iclaslarını keçirib iddianın təmin olunmasına diar qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh Ədalət oğluna rəsmi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, cavabdeh tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə dail olmuş ərizədə İddiaçı1 iddia ərizsində yazılan şər, böhtanı qəbul etmədiyini, əsassız olduğunu, İddiaçı1 1985-ci ildən M.F.Axundov küçəsi ev 13 ünvanında yaşamadığını, komissiya təşkil edib yoxlama aparılmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş üzrə toplanmış sübutları iddia ərizəsi, iddiaçının izahatı ilə əlaqəli şəkildə tədqiq edib belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. İşin faktiki və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin MH seriya ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1-də yerləşən 44 kv.metr yaşayış sahəsi və 0.095 ha torpaq sahəsi X4 1/16 hissə, İddiaçı2 4/16 hissə, X1 8/16 hissə və İddiaçı1 3/16 hissə olmaqla mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 18/15 nömrəli reyestr kitabının 2817 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 nömrəli X7 Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 05/1015 nömrəli arayışdan aydın olur ki, Abbaslı X2 şəhəri M.F.Axundov küçəsi ev 13 ünvanında qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli X7 Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 01/1401 nömrəli arayışdan aydın olur ki, Qasımova X5 şəhəri Z.Əliyeva küçəsi döngə 3 ev 16 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən (ev) qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə maneənin aradan qaldrılması, maneəsiz və sərbəst yaşamaq barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs ona maneə yaradılmasını iddia etdiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını müəyyən etmişdir. Lakin xüsusi nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafıəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfındən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfındən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz." Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfındən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə qeyd edir ki, İddiaçı1 cavabdeh tərəfindən onun mənzildə yaşamasına müdaxilə edildiyini, bununla bağlı zəruri yaşayış üçün su, qaz, işıq xətlərinin cavabdeh tərəfindən kəsilməsi, sıradan çıxarılması ilə ona maneə yaratdığını qeyd etməsinə baxmayaraq bu halların, ümumiyyətlə iddiaçının həmin ünvanda yaşamasını sübut edən halların təsdiqi üçün məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdeh məhkəməyə göndərdiyi ərizəsində İddiaçı1 olunun 1985-ci ildən mübahisəli mənzildə yaşamadığını bildirmişdir. Bununla bağlı məhkəmə tərəfindən iddiaçılar İddiaçı2 və İddiaçı1 mübahisəli mənzildə yaşayıb-yaşamadıqlarına dair Naxçıvan Şəhrə İcra Hkaimiyyətinin 1 nömrəli X7 Dairəsi üzrə Nümayəndəliyinə sorğu verilmiş, sorğuya cavab olaraq nümayəndəlik tərəfindən məhkəməyə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 03/37 nömrəli məktubda bildirilmişdir ki, əldə etdikləri məlumata əsasən İddiaçı1 1985-ci ildən və İddiaçı2 ailə qurandan Naxçıvan şəhəri M.F.Axundov ev 13-də yaşamırlar. Məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbində qeyd etdikləri mülkiyyətlərin olan mənzildə cavabdeh tərəfindən sərbəst və maneəsiz yaşamaqlarına müdaxilə edildiyini bildirsələr də ilk növbədə həmin əmlakda yaşamalarına dair məhkəməyə hər hansı sbüut təqdim etməmişlər. Hər iki iddiaçının mübahisəli ünvanda yaşamadıqları İddiaçı1 öz izahatı, icra nümayəndəliyinin məktubu ilə öz təsdiqini tapmışdır. Məhkəmə bunu nəzərə alaraq hesab edir ki, iddiaçılar ilk növbədə mübahisəli mənzildə yaşamalıdırlar ki, onların yaşayışına hər hansı maneə törədilsin. Lakin hazırki işin hallarından aydın olur ki, iddiaçılar mübahisəli mənzildə yaşamırlar. Belə olan halda onların yaşayışına hər hansı maneə yaradılması tələbi əsaslı sayıla bilməz. Beləliklə də, məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, işin hallarına dair iddiaçının izahatını dinləyib hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı mülkiyyətçinin maneəsiz və sərbəst yaşaması tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar