Məhkəmə qərarları › İş №2(078)-865/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-865/2025

07.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-865/2025 07.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14000 (on dörd min) manat borc məbləğinin və dövlət rüsumu kimi ödənilmiş 133 (bir yüz otuz üç) manat pulun alınıb ona. ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandıraraq bildirmişdir ki, Cavabdeh1 ilə ailəvi qohumu vasitəsi ilə tanış olmuşdur. Qeyd edir ki, 2023-cü ilin avqust və sentyabr aylarında cavabdeh Nuranə onunla əlaqə saxlayaraq yoldaşının tır şöferi olduğunu və ölkədən kənarda olduğundan pula ehtiyacı olduğunu deyərək ondan 7000-8000 manat pul istədi. O da pis vəziyyətdə qalmasın deyə ona istədiyi pulu vermişdir. Daha sonra cavabdeh müxtəlif vaxtlarda ondan 500, 600, 1500 və.s miqdarında yenidən pul istədi və yoldaşının Naxçıvan şəhərinə qayıdan kimi həmin pulu ödəyəcəyini bildirdi. Daha sonra Cavabdeh1 oğlunun telefonundan istifadə edərək vatsapdan ona oğlunun adından "anam Bakıda əməliyyat olunacaq atam deyir pul versin, Naxçıvan şəhərinə gələn kimi verəcəyəm” ifadələr yazaraq ondan pul istəmişdir. Lakin həmin vaxt uşaqdır deyə inanmadı, Nuranənin özü ilə əlaqə saxladı və ona həqiqətən də əməliyyat olunacağını, yoldaşının Türkiyə Respublikasında olduğunu Naxçıvan şəhərinə gələn kimi borcunu geri qaytaracağını bildirdi. Qeyd edir ki, müxtəlif vaxtlarda ümumilikdə 15000 (on beş min) manat cavabdehlər ona borcludurlar. Bu hadisələrdən sonra o, Cavabdeh1 Kamal qızına zəng vuraraq pulunu geri qaytarmalarını təklif etsə də hər dəfə onu aldadaraq pulunu geri qaytarmamışdırlar. O da məcbur qalaraq Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 zəng vuraraq ona olan borcunu qaytarmağını istədi. Kamil həmin vaxt heç nədən xəbəri yoxmuş kimi onunla danışmağa başladı. Daha sonra o göndərdiyi ödənişlərin qəbzlərini yoldaşına göstərdikdən sonra pulu tez zamandan ona qaytaracağını bildirdi. 2024-cü ilin noyabr və dekabr ayından ona cəmi 1000 manat ödəniş etdilər. Hətta borc müqaviləsi yazdırmaq üçün Cavabdeh2 ilə Naxçıvan şəhər Asan Xidmət mərkəzində yerləşən notariat şöbəsinə getmişlər, lakin orada həmin borcu vermədən öncə banka qoyulmalı sonra borc verilməli idi. Bu səbəbdən də müqaviləni hazırlaya bilmədilər. Daha sonra bu hadisədən sonra vəkillə görüşdü. Vəkil mənə əlimdə olan qəbzlərin hamısını məhkəmədə sübut kimi istifadə edə biləcəyini bildirdi. Hazırda cavabdehlərin ona 14000 manat borcları vardır. Bununla bağlı qəbzləri mövcüddur. O dəfələrlə cavabdehlərə ona olan 14000 manat borcunu ödəməklərini bildirsə də hər dəfə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmağa başlamışdırlar. Onun evində xəstə valideyini var. Hazırda onu səhhətində ciddi narahatçılıqları var onun müalicəsi üçün ona pul ehtiyacdır. Cavabdehlər bu günədək borcunun qaytarılması ilə bağlı heç bir addım atmırlar və hər dəfəsində müxtəlif bəhanələrlə ona ödəməli olduğu borclarını geri verməkdən boyun qaçırdırlar. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, artıq pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdehlər tərəfindən ona ödənilməli olan pul tələbi təmin edilməli, tələb etdiyi 14000 (on dörd min) manat borc məbləğinin və 133 (bir yüz otuz üç) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında cavabdehlərin onun telefonlarını açmadığını, məhkəməyə gəlməmə səbəblərinin haqsız olduqları üçün olduğunu, artıq iki ildir bütün bəhanələri gətirdiyini, artıq bəhanələrinin olmadığını, Cavabdeh1 pulları göndərdiyini, Nuranəni tanıdığını, pulları ona göndərdiyini, qəbzlərdən əlavə əldən də borclar verdiyini, 400 manat taksi üçün pul verdiyini, ondan borcunun olduğunu, mebel üçün 400 manat borcu olduğunu, mebelin pulunu vermədiyini, telefonunu götürdüyünü, telefonunun pulunu vermədiyini, hal hazırda telefonunun da cavabdehdə olduğunu, iki ildir bəhanələr gətirdiyini, evi satacağıq, tırı satacağıq dediklərini, lakin hər birinin yalan olduğunu, cavabdehləri taksi kimi aparıb gətirdiyini, ailəvi yaxınlıqları olduğunu, oradan tanıdığını, eləliklə münasibətlərinin yaranıb etibar etdiyini, özünün həm müəllim, həm taksi işlədiyini, əlavədən əvvəlcədən pul yığdığını, kredit götürdüyünü, cavabdehin başqa sevgilisinin olduğunu, pulları ona xərclədiyini, həmin oğlanı tapdığını, o şəxsin də ona həmin vaxt Nuranəyə pullar gəldiyini, Nuranənin salon işlədirəm borcları göndərirlər dediyini, Nuranənin o pulları o şəxsə xərclədiyini, verdiyi bütün pulların qəbzləri və yazışmaları iddia ərizəsinə əlavə edilmədiyini, cavabdehin planlarının ondan pul alıb qaytarmamaq olduğunu, ödənişləri terminaldan və telefondan da göndərdiyini, 1500 və 2000 manatı əlavədən məhəllələrində kameranın altında cavabdehə verdiyini, ərinin də pulları qaytaracam dediyini, ayda 500 manat verəcəklərini, 7000 manat kredit götürüb verəcəyik dediklərini, lakin 3 ildir heç bir borcunu qaytarmadıqlarını, özünün maddi mənəvi və psixoloji ziyan çəkdiyini, əsəblərinin korlandığını, cavabdehə təqdim etdiyi qəbzlərdən əlavə olaraq maaş kartından da cavabdehə pullar göndərdiyini lakin maaş kartının bir ildən bir dəyişdirildiyini, bu səbəbdən o çıxarışları əldə edə bilmədiyini, əvvəlki kartlarının nömrəsini bilmədiyini, yazışmaların da olduğunu, iddiasının tam təmin edilməli olduğunu bildirmişdir. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş, iştirak etməmişlər, iştirak etməmənin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasının Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan qəbzlərdən aydın olur ki, xx.xx.2024-cü il tarixdə 121 manat və 179 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 800 manat, xx.xx.2023- cü il tarixdə 600 manat, xx.xx.2023- cü il tarixdə 100 manat, xx.xx.2023- cü il tarixdə 400 manat, xx.xx.2023- cü il tarixdə 200 manat və 130 manat, xx.xx.2023- cü il tarixdə 20 manat, xx.xx.2023- cü il tarixdə 20 manat, xx.xx.2023- cü il tarixdə 3 manat, xx.xx.2023cü il tarixdə 20 manat, xx.xx.2023- cü il tarixdə 300 manat, xx.xx.2023- cü il tarixdə 200 manat, xx.xx.2023- cü il tarixdə 120 manat, xx.xx.2023- cü il tarixdə 2000 manat, xx.xx.2023- cü il tarixdə 700 manat, xx.xx.2023- cü il tarixdə 800 manat, xx.xx.2023-cü il tarixdə 500 manat olmaqla ümumilikdə 9413 (doqquz min dörd yüz on üç) manat ödəniş edilmişdir. İş materiallarında olan 4 Saylı Mənzil İstismar İdarəsinin yaşayış yeri üzrə qeydiyyat haqqında 352 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan aydın olur ki, Məmmədov X1 Şəhəri, Çənlibel məhəlləsi, ev 15, mənzil 3 ünvanında qeydiyyatdadır. İş materiallarına Whatsapp yazışmaları və İddiaçı şəxsiyyət vəsiqəsinin surəti və Cavabdeh2 səs yazılarının əks olunduğu bildirilərn bir ədəd falsh kart əlavə olunmuşdur: Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(078)-865/2025 nömrəli qərardadı ilə iş üzrə zərurət yarandığından 523915******2786 kart nömrəsinin anket məlumatlarının, 523915******6863 kart nömrəsinin anket məlumatlarının və 416973******6708 kart nömrəsinin anket məlumatlarının, 416973******6938 nömrəli kart məlumatlarının əldə edilməsi ilə bağlı məlumat əldə edilməsi üçün "xxxx" ASC-ə sorğu verilmişdir. Sorğuya cavab olaraq "xxxx" ASC xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə məktub göndərərək bildirmişdir ki, Bankda ilk altı və son dörd rəqəmi eyni olan plastik kartlardan bir neçə ədəd çap ɔlunduğundan məktubunuza əlavə edilmiş qərarda qeyd edilən rəqəmləri şifrələnmiş plastik kartların kimlərin adına olmasının araşdırılması mümkün deyil. Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. Məhkəmə yuxarıda qeyd edilən halları hazırki iddia tələbinə tətbiq edilməsini zəruri hesab edir. Belə ki, tərəflər arasında yazılı borc müqaviləsi yazılı şəkildə bağlanmamışdır və bu hal işin mübahisəsiz halıdır. Pul məbləğinin qaytarılmasına münasibətdə iddia tələbinin qanuni əsasının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsində nəzərdə tutulmuş əsassız varlanma təşkil edir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İş materiallarında olan iddiaçının izahatından, və iş materiallarına əlavə edilən sübutlardan aydın olur ki, cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda qaytarmaq şərtilə pul almış, hansı məbləğdə pulun cavabdehə verilməsinə dair sübutetmə yükü iddiaçının üzərində olmuş, İddiaçı Cavabdeh1 9413 (doqquz min dörd yüz on üç) manat məbləğində pul verməsinə dair müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, qalan hissədə isə pulun verilməsinə dair sübutlarını təqdim edə bilməmişdir. İddiaçı bir hissədə pulu şifahi qaydada Cavabdeh1 ödədiyini bildirmiş, qalan hissədə əmək haqqı kartından da ödənişlər etdiyini bildirmiş, lakin bununla bağlı zəruri sübutlarını təqdim edə bilməmişdir. Əmək haqqı kartı dəyişilsə belə ondan çıxarış almaq hüququ kart sahibinə məxsusdur və kart sahibi olaraq iddiaçı öz hüququndan istifadə edib müvafiq məlumatları təqdim etməmişdir. İddiaçı pulun bir hissəsini şifahi qaydada verdiyini bildirmiş, bu halın cavabdeh tərəfindən təsdiqini özündə əks etdirən hər hansı məlumatı təqdim etməmişdir. Təqdim edilən vatsapp yazıları ümumi xarakter daşıyır, pul münasibətləri olduğunu təsdiq edir, lakin ümumi veriləcək pulun məbləği konkret olaraq göstərilmir. Məhkəmə iddiaçıya izah edir ki, cavabdeh tərəfin məhkəmə iclasında iştirak etməməsi nə iddiaçıya verilməli olan pulun miqdarının məhz iddia ərizəsində qeyd edilən məbləğdə olduğunu təsdiq edir, nə də borcun etirafı kimi qiymətləndirilir. İddiaçı iddiasının sübut etməli, mötəbər, təkzibolunmaz sübutlarını təqdim etməlidir. Təqdim edilən qəbz məlumatlarından aydın olur ki, iddiaçı tərəfindən Cavabdeh1 9413 (doqquz min dörd yüz on üç) manat pulun verilməsi təsdiqini tapır. Qalan hissədə iddiaçı tərəfindən cavabdehlərin hər hansı birinə pul verilməsinə dair iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilən səs yazılarının əks olunduğu flaşkara baxış keçirilən zaman müəyyən edilir ki, həmin səslərdə də borcun hansı məbləğdə olması təsdiqini tapmır. Lakin pul münasibətlərinin olması təsdiq edilir. Eləcə də iddiaçının öz izahatından aydın olur ki, pul bilavasitə Cavabdeh1 verilmiş, Cavabdeh2 hər hansı pul məbləğinin verilməmişdir. Bu halda Cavabdeh2 hazırki pul tələbinin cavabdehi hesab edilməməlidir və ona münasibətdə tələb əsassız olduğundan rədd edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh1 qarşı olan pulun qaytarılması barədə tələbi qismən əsaslıdır. Beləliklə, məhkəmə belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh1 9413 (doqquz min dörd yüz on üç) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. İddia tələbi Cavabdeh1 münasibətdə qalan hissədə, Cavabdeh2 dair hissədə isə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə məhkəmə məsrəflərinə münasibətdə qeyd edir ki, iddia qismən təmin edildiyindən İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 27 may 2025ci il tarixdə, 28440 nömrəli qəbzlə ödənilmiş 134 manat dövlət rüsumunun 114.13 (bir yüz ön dörd manat on üç qəpik) manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı qaytarılmalıdır. Qalan hissədə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 9413 (doqquz min dörd yüz on üç) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi Cavabdeh1 münasibətdə qalan hissədə rədd edilsin. İddia tələbi Cavabdeh2 münasibətdə əsassız olduğundan rədd edilsin. İddiaçı tərəfindən üçün 27 may 2025-ci il tarixdə 28440 nömrəli qəbzlə ödənilmiş 134 manat dövlət rüsumunun 114.13 (bir yüz ön dörd manat on üç qəpik) manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı qaytarılsın. Qalan hissədə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar