Məhkəmə qərarları › İş №2(078)-9/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-9/2022

14.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-9/2022 14.02.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.0234 ha torpaq sahəsinin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, mərhum X6 ilə 09 oktyabr 1989-cu ildə nikah qeydiyyatından keçərək evlənmiş, birgə nikahdan övladları olmamışdır. Lakin Rəsul onun qızı Nahidəni övladlığa götürmüşdür. 2007-ci ilin sentyabr ayında əri Rəsul Şirinov vəfat etmişdir. Mərhum əri Rəsul Şirinovun ölümündən sonra onun adına olan ünvan 2 ünvanında yerləşən yaşayış evi vəsiyyətnaməyə əsasən 1/2 hissədə onunla oğulluğu Cavabdeh adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq çıxarış verilmişdir. 31 oktyabr 2018-ci il tarixdə həmin daşınmaz əmlakın naturada bölünməsi barədə məhkəmədə iddia qaldırmış, lakin Cavabdeh məhkəmədə ona qarşı iddia verdiyindən onun iddiasına əsasən Naxçıvan Şəhər Məhkəməsində 30 aprel 2019-cu il tarixdə işə baxılaraq Naxçıvan şəhər Birinci Dövlət Notariat Kontorunun reyestrində 21 aprel 2008-ci il tarixli 2/V-77 saylı qeydiyyatı aparılmış vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, həmin vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 06.08.2008-ci il tarixdə DƏDRX-də onun adına verilmiş çıxarışın qismən etibarsız hesab edilməsi və ünvan 2 ünvanında yerləşən mərhum X4 miras qalmış əmlakın Cavabdeh tərəfindən qəbul edilməsi faktının tanınması və miras əmlakdan məcburi payın müəyyən edilməsi barədə qətnamə qəbul edilmişdir. Bundan sonra ünvan 2 ünvanında yerləşən yaşayış evində 3/4 hissədə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li çıxarış almışdır. Naxçıvan Şəhər Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə qərardadı ilə, onun Cavabdeh qarşı payın naturada bölünməsi tələbinə dair mülki iş üzrə onun iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təmin olunmuş və iddia tələbinə ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka 3/4 hissədə olan paylı mülkiyyətinin naturada bölünməsi tələbi çərçivəsində baxılması qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 82.3 kv.m. (torpaq sahəsinin ölçüsü 0.0234 ha) olan fərdi yaşayış evindən onun X1 3/4 hissədə payı naturada bölünmüşdür. Lakin 0.0234 ha torpaq sahəsi naturada bölünmədiyindən Əhməd və onun ailəsi onun torpaqdan istifadə etməsinə imkan vermir. Buna görə də torpaqda olan payının naturada bölünməsini istəyir. 06 aprel 2021-ci il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. İddiaçı ərizədə Cavabdeh ünvan 1 ünvanında yerləşən 0.0234 ha torpaq sahəsinin naturada bölünməsi barədə iddia qaldırdığını, iddia tələbini dəqiqləşdirirərək ünvan 1 ünvanında yerləşən 0.0234 ha torpaq sahəsinin 3/4 hissədə payının naturada bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli iddia tələbinin dəqiqəşdirilməsi barədə qərardadı ilə iddiaçının ərizəsi təmin olunaraq iddia tələbinə “ünvan 1 ünvanında yerləşən 0.0234 ha torpaq sahəsindən iddiaçının 3/4 hissədə payının naturada bölünməsi tələbi” çərçivəsində baxılması qərara alınmışdır. 14 fevral 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının vəkilinə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının vəkili məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə iddiaçının vəkili Vəkil iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini, mərhum həyat yoldaşı X6 ilə 09 oktyabr 1989-cu ildə ailə qurduqlarını, birgə nikahdan övladlarının olmadığını, mərhum həyat yoldaşının qızı Nahidəni övladlığa götürdüyünü, 2007-ci ilin sentyabr ayında həyat yoldaşının rəhmətə getdiyini, həyat yoldaşının ölümündən sonra Naxçıvan şəhəri ünvan 4 ünvanında yerləşən yaşayış evinin vəsiyyətnaməyə əsasən ikidə bir hissədə onun və oğulluğu Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq çıxarış verildiyini, 31 oktyabr 2018-ci il tarixdə həmin evin naturada bölünməsi barədə məhkəmədə iddia qaldırdığını, lakin Cavabdeh məhkəmədə qarşılıqlı iddia qaldırdığını, onun iddiasına baxılaraq qeydiyyata alınmış vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayıldığını, bundan sonra həmin yaşayış evində dörddə üç hissədə payının olmasına dair çıxarış aldığını, bundan sonra məhkəmə tərəfindən qəbul olunmuş qətnamə əsasında həmin yaşayış evindən dörddə üç hissədə payının naturada bölündüyünü, hazırda həmin evdən bütünlüklə onun istifadə etdiyini, evin içində bölünmüş hissədə cavabdehin divar çəkmədiyi üçün istifadə etmədiyini, onun məhkəməyə müraciət edərkən həm torpağın, həm də həmin torpaq üzərində yerləşən evin naturada bölünməsi üçün müraciət etsə də hakim tərəfindən çıxarılan qətnamədə yalnız evin bölündüyünü, faktiki olaraq evin həyətində yerləşən torpaq sahəsi bölünmədiyindən cavabdehin və onun ailəsinin iddiaçının torpaqdan istifadə etməsinə imkan vermədiyini, hətta torpaq sahəsindən istifadə edə bilmədiyi üçün yaşadığı evdən küçəyə birbaşa qapı açdırdığını, cavabdehin evdən bütünlüklə onun istifadə etməyini və həyətdəki torpaqdan ancaq özünün istifadə edəcəyini ona dediyini, onun isə bununla razılaşmadığını, iddia tələbinin təmin olunmasını bildirərək qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı vəkili Vəkil izahatında İddiaçı ilə X5 09 oktyabr 1989-cu ildə nikaha daxil olduqlarını, 2007-ci ilin sentyabr ayında X5 rəhmətə getdiyini, Cavabdeh ölümündən sonra ünvan 5 ünvanında yerləşən yaşayış evinin vəsiyyətnaməyə əsasən ikidə bir hissədə iddiaçı və cavabdehin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq çıxarış verildiyini, 31 oktyabr 2018-ci il tarixdə həmin evin naturada bölünməsi barədə məhkəmədə İddiaçı tərəfindən ikidə bir hissədə evin bölünməsi ilə bağlı iddia qaldırıldığını, lakin Cavabdeh məhkəmədə qarşılıqlı iddia qaldırdığını, onun iddiasına baxılaraq qeydiyyata alınmış vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edildiyini, həmin vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 06.08.2008-ci il tarixdə iddiaçının adına verilmiş çıxarışın qismən etibarsız hesab edilməsi və ünvan 2 ünvanında yerləşən mərhum X4 miras qalmış əmlakın Cavabdeh tərəfindən qəbul edilməsi faktının tanınması və miras əmlakdan məcburi payın müəyyən edilməsi barədə qətnamə qəbul edildiyini, bundan sonra iddiaçının ünvan 5 ünvanında yerləşən yaşayış evindən dörddə üç hissədə payının olmasına dair çıxarış aldığını, bundan sonra Naxçıvan Şəhər Məhkəməsinin 24 dekabr 2019cu il tarixli qətnaməsi ilə həmin fərdi yaşayış evindən iddiaçının 3/4 hissədə payının naturada bölündüyünü, lakin 0.0234 ha torpaq sahəsinin naturada bölünmədiyindən cavabdeh və onun ailəsinin iddiaçıya həmin torpaqdan istifadə etməyə imkan vermədiyini, qəbul olunmuş qərara əsasən həmin yaşayış evindən dörddə üç hissədə payın iddiaçıya, dörddə bir hissədə payın cavabdehə verildiyini, anlaşılmazlıq olduğundan icra zamanı sadəcə evi böldüklərini, torpaq sahəsinin isə bölünməmiş qaldığını, əlavə iki icra vərəqəsi çıxarıldığını, lakin yenə də torpaq sahəsinin bölünmədiyini, hazırda həmin evdən bütünlüklə iddiaçının istifadə etdiyini, evin içində bölünmüş hissədə cavabdehin divar çəkmədiyi üçün istifadə etmədiyini, lakin evin həyətində yerləşən torpaq sahəsi bölünmədiyindən cavabdeh və onun ailəsinin İddiaçı torpaqdan istifadə etməyə imkan vermədiyini bildirdi. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında atasının İddiaçı ilə evləndikdən sonra yaşadığı evin bir hissəsini onlara verdiyini və atasının adına qeydiyyatdan keçirtdiyini, atası rəhmətə getdikdən sonra yenə iddiaçı ilə birlikdə yaşadığını, 3 il əvvəl evə görə mübahisə yarandığını və İddiaçı məhkəməyə müraciət etdiyini, vəkil vasitəsilə onun da məhkəmədə iddia qaldırdığını, sonra evin bölünərək dörddə bir hissəsinin ona, dörddə üç hissənin iddiaçıya verildiyini, lakin hazırda bütün evdən iddiaçının istifadə etdiyini, hazırda iddiaçının həyətdəki torpaq sahəsinin bölünməsini istədiyini, həyət sahəsi bölündükdən sonra iddiaçının fikrinin həyəti satmaq olduğunu, onun və digər bacı qardaşlarının atalarından qalan evin satılmasını istəmədiklərini, əgər həyət satılsa onun ata yurdunu itirəcəyini, həyətdə onun istifadə etdiyi toyuq hininin olduğunu, heç bir yerdə işləmədiyi üçün toyuq saxlamaqla çörək pulunu qazandığını, əvvəl hinin evin pəncərəsinin altında olduğunu, sonra onu söküb yerini dəyişdiyini, həyətin orta hissəsinin boş olduğunu, yəni iddiaçının istifadə edə biləcəyini, daha əvvəlki məhkəmələrdə iddiaçıya həyətin bölünməməsi üçün 10 min manat pul təklif etdiyini, lakin iddiaçının qəbul etmədiyini, həyətin bölünməsini istəmədiyini, həyət bölünsə, iddiaçı tərəfin həyəti satacağını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0234 ha olan torpaq sahəsi və üzərində yerləşən 82.3 m2 olan fərdi yaşayış evinin 3/4 hissədə iddiaçı X2 və 1/4 hissədə Cavabdeh mülkiyyətində olması, qeyd olunan fərdi yaşayış evindən X1 3/4 hissədə payının naturada bölünməsi işin mübahisəsiz hallarıdır. Həmin halların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məslələri üzrə Dövlət Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən ünvan 1 ünvanında yerləşən 0.0234 ha torpaq sahəsində yerləşən 82.3 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin 3/4 hissəsi olmaqla mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 104 nömrəli vərəqində qeydiyyata alınması; -iş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(078)-142/2019 nömrəli qətnaməsindən ünvan 1 ünvanında yerləşən 0.0234 ha torpaq sahəsində yerləşən 82.3 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin 1/4 hissəsinin mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətində olması və ümumi sahəsi 82.3 kv.m olan fərdi yaşayış evindən X1 3/4 hissədə payının naturada bölünməsi aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(078)-142/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Hazırda iddiaçının ünvan 1 ünvanında yerləşən 0.0234 ha torpaq sahəsindən iddiaçının 3/4 hissədə payının naturada bölünməsini tələb etməsi isə mülki işin mübahisəli halıdır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin mübahisəli halının həlli baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texnikası ekspertizasının 29 iyul 2021-ci il tarixli, 154 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0234 ha torpaq sahəsindən İddiaçı 3/4 (dörddə üç) hissədə payının naturada təcrid olunmuş qaydada bölünməsi (ayrılması) Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə müvafiq olaraq, texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. 20 avqust 2021-ci il tarixli qərardadla təkrar məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. 07 yanvar 2022-ci il tarixli, 10/4663 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0234 ha torpaq sahəsindən İddiaçı 3/4 (dörddə üç) hissədə payının naturada bölünməsinin Dövlət Şəhərsalma Norma və Qaydaları «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması Az.DTN 2.6-1-in “Küçə və yol şəbəkələri” bölməsinin 8.18 bəndinin və 8,9 saylı cədvəllərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı, tədqiq olunan torpaq sahəsindən İddiaçı 3/4 (dörddə üç) hissədə payının naturada bölünməsi mümkün olmadığından 2-ci sual üzrə tədqiqat aparılmadığı müəyyən edilir. Ekspert rəyləri iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində deyilir ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04.04.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Göstərilənlərə əsaslanaraq və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, tərəflərin, yəni paylı mülkiyyətçilərin hər birinin mübahisəli əmlakdan istifadə hüquqları vardır. Lakin, tərəflər ümumi paylı mülkiyyətdə olan torpağa sahiblik və ondan istifadə barədə razılığa gələ bilmirlər. Həmçinin paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında naturada bölünməsində də razılıq əldə edilməmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə mübahisəli əmlakın iddiaçının payına müvafiq olaraq naturada ayrılması da mümkün deyildir. İddiaçı əmlakda olan payının naturada ayrılmasını tələb etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə təsdiq olunur ki, bu tələbi təmin etmək mümkün deyil. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinin tələbinə görə, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia rədd edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 10 (on manat) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə ekspertiza xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, iddia rədd edildiyindən təkrar məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 100 (bir yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddiası rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli; - iddia rədd edildiyindən təkrar məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 100 (bir yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Təkrar məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 100 (bir yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab: AZ34CTRE********************, Müxbir hesab: AZ41NABZ013601**********3944 ) köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar