Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-933/2021 27.08.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 0.0488 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 93.5 kv.metr olan fərdi yaşayış evinin ümumilikdə 50000 (əlli min) manat qiymətləndirməklə açıq hərracdan satılması və iddiaçıya düşən 12500 (on iki min beş yüz) manat pulun alınıb verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X3 tələbini əsaslandıraraq bildirmişdir ki, ünvan 1 ünvanında 0.0488 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 93.5 kv.metr olan fərdi yaşayış evi iddiaçının, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətində olmaqla hər birinin payı 1/4 hissə olmaqla adlarına 24 iyul 2020-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X5 Dövlət Xidmətində qeydiyyata alınmışdır. Paylı mülkiyyətdən iddiaçının 1/4 payının naturada ayrılması tələbinə dair iddia ərizəsinə 03 fevral 2021-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsində baxılaraq iddianın rədd olunması barədə 2(078)-80/2021 nömrəli qətnamə qəbul edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra iddiaçı yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 0.0488 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 93.5 kv.metr olan fərdi yaşayış evi paylı mülkiyyət olduğundan iddiaçının payının 1/4 payının dəyərini təşkil edən 12500 (on iki min beş yüz) manatın digər mülkiyyətçilər olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb iddiaçıya verilməsi barədə xahişinə Naxçıvan Şəhər Məhkəməsində 19 may 2021-ci il tarixdə baxılaraq iddianın rədd olunması barədə 2(078)-479/2021 nömrəli qətnamə qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 03 iyun 2021-ci il tarixli arayışlarından aydın olur ki, cavabdehlər Cavabdeh2 və Kürdov X2 şəhəri, Şəhriyar küçəsi, ev 15A ünvanında rəsmi qeydiyyatdadırlar. Cavabdehlərə ünvanlanmış məhkəmə sənədləri onların həmin ünvanda yaşamamaları səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qeydiyyatda olduğu yer üzrə Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.5-ci maddəsi və “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 240cı bəndinə əsasən yuxarıda qeyd edilən hallar məhkəmə sənədinin rəsmi qaydada verilməsi hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən iddia ərizəsi cavabdehlərin qeydiyyatda olduğu ünvana göndərilərək onlara iddia ərizəsi üzrə rəy və ya etirazlarını və bu etirazlarını əsaslandıran sübutlarını Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim edə bilməsi, sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmaması izah olunsa da, cavabdehlər iddia tələbinə dair öz etirazını və bunu əsaslandıran sübutları məhkəməyə təqdim etməmişlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə tərəfindən işə yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Məhkəmə iddiaçı və iddiaçının vəkilinin izahatlarını dinləyib, həmin izahatları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və X5 Dövlət Komitəsinin tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan ünvan 3 ünvanında 0.0488 ha torpaq sahəsində yerləşən 93.5 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə İddiaçı, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 18/40 nömrəli reyestr kitabının 7818 nömrəli vərəqində qeydiyyata alınması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(078)-80/2021 nömrəli qətnaməsindən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair iddiasının rədd edilməsinin qət edilməsi; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(078)-479/2021 nömrəli qətnaməsindən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 0.0488 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 93.5 kv.metr olan fərdi yaşayış evi paylı mülkiyyət olduğundan onun payının 1/4 payının dəyərini təşkil edən 12500 (on iki min beş yüz) manatın digər mülkiyyətçilər olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb ona verilməsi tələbinə dair iddiasının rədd edilməsinin qət edilməsi; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 iyun 2021-ci il tarixli, 01/0747 nömrəli arayışdan Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatda olması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 iyun 2021-ci il tarixli, 01/0748 nömrəli arayışdan Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatda olması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 iyun 2021-ci il tarixli, 01/0746 nömrəli arayışdan Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatda olması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 iyun 2021-ci il tarixli, 01/0747 nömrəli arayışdan İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olması aydın olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi Naxçıvan Şəhər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(078)-80/2021 nömrəli və 19 may 2021-ci il tarixli 2(078)-479/2021 nömrəli qətnamələri ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşımasını tərəflərinin nəzərinə çatdırmaqdır. Mülki iş üzrə tərəflərin izahatlarını dinləyib və iş materiallarını tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır. Məhkəmənin bu qənaətə gəlməsində istinad etdiyi əsas sübut isə mülki iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq olunmuş Naxçıvan Şəhər Məhkəməsinin qətnamələridir. İddianın təmin olunması ilə bağlı məhkəmənin istinad etdiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə qeyd edir ki, hazırkı mübahisə predmeti olan daşınmaz əmlak paylı mülkiyyətdə olmaqla tərəflərin mülkiyyətindədir. Mübahisəli mənzilin 1/4 hissəsi iddiaçının, 1/4 hissəsi Cavabdeh1, 1/4 hissəsi Cavabdeh2 və 1/4 hissəsi Cavabdeh3 mülkiyyətindədir. Bu iş materiallarına əlavə edilmiş Naxçıvan MR Daşınmaz Əmlak və X5 Dövlət Komitəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan məlum olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Аzərbaycan Рespublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il qərarında qeyd olunur ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Həmin Qərara əsasən qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir.Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Qeyd olunan Qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlir ki, Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Mülki iş materiallarından da aydın olur ki, həmin qərarda qeyd olunan tələblər yerinə yetirilmişdir. Bu hallar Naxçıvan Şəhər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(078)-80/2021 nömrəli və 19 may 2021-ci il tarixli 2(078)-479/2021 nömrəli qətnamələri ilə də öz təsdiqini tapır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarını ümumiləşdirərək məhkəmə yekunda bu nəticəyə gəlir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında qeyd olunan bütün tələblər yerinə yetirildiyindən iş üzrə iddiaçının iddiası əmlakın açıq hərracdan satılmasına dair hissədə təmin edilməlidir. Həmçinin məhkəmə iddiaçının iddia tələbinin yaşayış evinin ümumilikdə 50000 (əlli min) manat qiymətləndirməklə açıq hərracdan satılması və iddiaçıya düşən 12500 (on iki min beş yüz) manat pulun alınıb verilməsinə dair hissəsi ilə bağlı isə aşağıdakıları qeyd edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qeyd olunan maddənin tələbindən də göründüyü kimi qanunvericilikdə məhkəmə tərəfindən ancaq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətinin müəyyən edilməsinin məcburiliyi qeyd olunmuşdur. Qalan digər hallarda məhkəmə tərəfindən açıq hərracda satılacaq əmlakın ilkin satış qiymətinin müəyyən edilməli olması ilə bağlı hər hansı bir qanunvericilik norması yoxdur. Belə hallarda açıq hərracda satılacaq əmlakın dəyəri icra məmuru tərəfindən qiymətləndirici vasitəsilə müəyyən edilir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Həmin Qanunun 51.2-ci maddəsinə əsasən qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər bərabər həcmdə tərəflərin üzərinə qoyulur. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi iddiaçının iddia tələbinin yaşayış evinin ümumilikdə 50000 (əlli min) manat qiymətləndirməklə açıq hərracdan satılması və iddiaçıya düşən 12500 (on iki min beş yüz) manat pulun alınıb verilməsinə dair hissəsinin maddi və hüquqi əsası yoxdur, ona görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun 15 (on beş) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - ünvan 1 ünvanında yerləşən 0.0488 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 93.5 kv.metr olan fərdi yaşayış evi açıq hərracdan satılmalı və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib şəkildə bölünməli; -iddia qalan hissədə rədd edilməli. -iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun 15 (on beş) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin olunsun. ünvan 1 ünvanında yerləşən 0.0488 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 93.5 kv.metr olan fərdi yaşayış evi açıq hərracdan satılsın və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib şəkildə bölünsün. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun 15 (on beş) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçıya ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-933/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-933/2021
27.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver