Məhkəmə qərarları › İş №2(078)-944/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-944/2025

17.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-944/2025 17.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əldən çıxmış faydanın və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Şərur rayon Yengicə kənd ərazisində yerləşən 1.0 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsində əkdiyim taxıla görə 922 (doqquz yüz iyirmi iki) manat çəkilmiş xərcləri və 2400 (iki min dörd yüz) manat əldən çıxmış fayda, ümumilikdə 3322 (üç min üç yüz iyirmi iki) manat pulun Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şərur rayon Yengicə kənd ərazisində yerləşən bələdiyyə mülkiyyətində olan 1.0 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsini xx.xx.2024-cü il tarixli 18 nömrəli icarə müqaviləsi bağlamaqla 11 ay müddətinə taxıl əkmək üçün icarəyə götürmüşdüm. Həmin icarə müqaviləsinə əsasən icarə haqqı 120 manat olmuşdur. Mən 2024-cü ilin payız aylarında həmin torpaq sahəsində taxıl əkmək üçün 375 manat traktor işlərinə, 120 manat toxumuna, 100 manat suvarılmasına, 160 manat azotuna və səpilməsinə, Əlavə olaraq yaz aylarında 1.0 ha buğda əkini sahəsində alaqlara qarşı herbisid alınması üçün 22 manat və səpilməsi üçün 25 manat ödəmişəm. Lakin Cavabdeh mənə satdığı dərman alaqları yox buğda bitkisini inkişafdan dayandıraraq məhv etmişdir. 1.0 ha buğda əkini sahəsindən 4000 kq buğda əldə edəcəyimi və bazar qiyməti 1 kq buğdanın qiyməti 0.60 manat məbləğində olmasını nəzərə alsaq 2400 manat pulun əldən çıxmış fayda olmuşdur. Bununla da Cavabdeh qəsdən məni əhəmiyyətli dərəcədə ziyana salmışdır. Əldən çıxmış faydanın və çəkdiyim xərclərin əvəzinin mənə ödənilməsi tələbimlə cavabdeh razılaşmayıb. Ona görə də pozulmuş hüquqlarımın bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək 1 hektar buğda əkdiyini, buğdada həşəratların olduğunu, bu səbəbdən dərman aldığını, dərmanlamaq istədiyini, ona səhv dərman verdiklərini, dərmanın bitkiləri yandırdığını, sonra cavabdehin ona vitaminlər verəcəm səp dediyini, sonradan dərmanların və vitaminlərin artıq bir faydasının olmadığını, artıq bitkilərin ölüb məhv olduğunu, özünün sonradan cavabdehlə əlaqə saxlamaq istədiyini, lakin onunla əlaqə saxlamadığını, sonradan Şərurdakı aqrar inkşaf mərkəzinə gedib oradan mütəxəssis gətirdiyini, torpağa baxış keçirdiklərini, akt tərtib etdiklərini, taxıla toxum, sürüş, əkin, suvarma ilə birlikdə 922 manat xərc cəkdiyini, əldən çıxmış faydanın isə 2400 manat olduğunu, hal hazırdakı bazar qiymətinə uyğun olaraq hesablandığını, cavabdehin dərman səpdiyini, dərmanın bitkiləri yandırdığını, bu səbəbdən 1 hektar torpaq sahəsindəki buğdasının yandığını, dərmanın səpənin traktorist olduğunu, onun sadəcə dərmanı səpdiyini, dərmanı kənddəki Ruzi adlı şəxsdən aldığını, dərmanı alma səbəbi əkin sahəsindəki sarı otları yandırmaq üçün aldığını, lakin səhv dərman verdiyini, dərmanın bütün buğdanı yandırdığını, dərmanı Qazıyev Cümşüdlə birlikdə gedib aldıqlarını, traktoristin Əhməd adlı şəxs olduğunu, dərmanı alan günü onlarla birlikdə səpdiklərini, yalnızca dərmanın dəydiyi yerlərin yandığını, dərman dəyməyən bölgələrin yaşıl sünbül olaraq qaldığını, dərmanın qabını saxlamadığını. Dərmanı kəndin zibil qabına atdığını, hadisənin belə olacağını, bu yerə gəlib çıxacağını bilmədiyini, rəydə göstərilənlərə münasibətdə dərmanın xeyir göstərmədiyini, buğdaları yandırdığını, səbəbin dərmandan başqa heçnəyi görmədiyini, məsələni başqa tərəfə yönəltdiklərini, azotla və texniki üsullarla heç bir əlaqəsinin olmadığını bildirmişdir. Məhkəmə iclası zamanı Cavabdeh izahatında dərmanın onlardan alındığını, dərmanın adının Resital-duo olduğunu, o dərmanı istədiklərini, o səbəbdən o dərmanı verdiyini, dərmanın otları yandırmayacağını, traktorun bir neçə sahədə işlədiyini, o sahələrdə işlədikdən sonra traktorun yuyulmalı olduğunu, dərmanlardan bütün rayona satdığını, heç bir problem olmadığını, 450 sot əraziyə dərman satdığını, heç birində bir yanma və ya əks təsir göstərmədiyini, problemin onun satdığı dərmanda olmadığını, dərmanın fərqli dozalarda istifadə olunduğunu, özlərinin sadəcə satıcı olduqlarını, vətəndaşların onlardan dərmanı aldıqdan sonra bir mütəxəssislə məsləhətləşməli olduğunu, mütəxəssis məsləhəti ilə sahənin dərmanlanmalı olduğunu bildirişdir. Məhkəmə iclası zamanı mütəxəssis X5 izahatında torpağa və əkinə baxış keçirdiyini və rəy hazırladığını bildirərək rəyi məhkəməyə təqdim etmişdir. Məhkəmə iclası zamanı şahid X1 ifadəsində Ruzinin xalası oğlu olduğunu, onun yanında işlədiyini, Rəhimin ondan Resital adlı dərman aldığını, dərmanın qablaşmasının sarı rəng olduğunu, içində istifadə qaydası olduğunu, 1 litrin 1 hektar sahə üçün olduğunu, Rəhimin 1 litr aldığını, Rəhimin ona 22 manat verdiyini, dərmanın qiymətinin kompaniyaya uyğun dəyişə biləcəyini, onlardan 500-600 hektar əraziyə satdıqlarını, hər bitkinin dərmanının ayrı olduğunu, Rəhimin buğda üçün istədiyini, onun da buğda üçün olanını verdiyini bildirişdir. Məhkəmə iclası zamanı şahid X2 ifadəsində dərmanı birlikdə gedib aldıqlarını, Rəhimin kəndçisi olduğunu, birlikdə onun maşını ilə getdiklərini, özünün maşını saxladığını, Rəhimin gedib dərmanı alıb gəldiyini, dərmanın salafanda olduğunu dərmanı görmədiyini, nə dərmanı olduğunu bilmədiyini, bildirmişdir. Məhkəmə iclası zamanı şahid X6 ifadəsində Rəhimin zəng etdiyini, dərman səpmək lazım olduğunu, özünün də texnikanın suyunu soldurduğunu, dərmanı da Rəhimin gətirib əlavə etdiyini, suyu doldurmazdan qabaq traktorun içinin təmizlədiyini, təmizlədikdən sonra evdə suyunu doldurduğunu sonra Rəhimin dərmanı tökdüyünü bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan xx.xx.2024-cü il tarixli İcarə müqaviləsinə əsasən müqavilənin tərəfləri, Yengicə Bələdiyyəsinin sədri Sahib Abbasov İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 1.0 ha torpaq sahəsini taxıl əkmək məqsədilə 11 ay müddətinə icarəyə verir. Naxçıvan MR Şərur rayon Yengicə kəndinin xx.xx.2025-ci il tarixli 61 nömrəli arayışından aydın olur ki, İddiaçı Şərur rayon Yengicə kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli akta əsasən Yengicə kənd sakini fermer İddiaçı Şərur X11 İnkişaf Mərkəzinə müraciət edərək bildirmişdir ki, 1.0 ha hektar buğda əkini sahəsində alaqlara qarşı herbisid səpəndən sonra, herbisid alaqlara təsir etməmiş,ancaq buğda əkinini saraldaraq inkişafdan dayandıraraq məhv etmişdir.Buna görə də bunun araşdırılaraq tədbir görülməsini xahiş etmişdir.Bununla əlaqədar biz Şərur RDAİM -nin mütəxəsisləri həmin buğda sahəsinə baxış keçirdik. Məlum oldu ki,həmin sahəyə dərman səpilmiş və səpilən dərman alaqları yox buğda bitkisini inkişafdan dayandıraraq məhv etmişdir.Ancaq hansı herbisiddən və istifadə qaydaları barədə təlimata uyğun istifadə olunub - olunmadığı barədə sübut əldə edə bilmədik.Çünki həmin sahəyə herbisid çilənməsi vaxtı bu sahə üzrə mütəxəsislərə müraciət edilməmişdir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi Naxçıvan Regional DAİMnin xx.xx.2025-ci il tarixli Buğda sahəsində bitkilərin məhv olmasi ilə bağlı rəyinə əsasən İddiaçı Naxçıvan Şəhər Məhkəməsinə təqdim etdiyi video material incələnmiş, təsərrüfatına məxsus payızlıq buğda sahəsinin təhlili nəticəsində aşağıdakı hallar müəyyən edilmişdir: Fermer tərəfindən payızlıq buğda sahəsində HEKTAŞ şirkətinin “RESİTAL DUO" adlı erbisidi (aktiv maddə: 2,4-D tərkibli hormon tipli enliyarpaqlı alaqlara qarşı herbisid) tətbiq edilmişdir. parılan video analizlər və sahəyə dair aqrotexniki məlumatların qiymətləndirilməsi nəticəsində məlum olmuşdur ki, sahəyə tətbiq edilən “RESİTAL DUO” pestisidi tətbiq sahəsinə görə enli yarpaqlı alaqlara qarşı mübarizədə tətbiq edilir. Lakin iddiaçının hansı pestisiddən istifadəsinə dair əlində heç bir sübut yoxdur (Tətbiq zamanı heç bir kimyəvi preparatın foto və ya videosu yoxdur).

2. Təhlil və müəyyən edilmiş səbəblər 2.1. Aqrotexniki tədbirlərin düzgün aparılmaması: Tətbiq edilən “RESİTAL DUO” preparatı enliyarpaqlı alaqlara qarşı təsirlidir. 2.2. Toxum materialı ilə bağlı məsələ: Əkilən toxumun sertifikatlı olmadığı bildirilmiş, çünki, sertifikatlı toxumlarda cücərmə faizi, enerji və təmizlik göstəriciləri normativ tələblərə uyğun olur. Sertifikatsız toxumla birlikdə sahəyə Turpəng (Barbarea sp.) və s. kimi alaqlar da daxil olmuşdur. 2.3. Gübrələmə rejimi və azot norması: Fermer tərəfindən sahəyə normadan artıq azot gübrəsi (46% karbamid - ÜRE) tətbiq edilmişdir. Fermerin qeyd etdiyi kimi, sahəyə 10 kisə (ümumilikdə 400 kq) gübrə verilmişdir ki, bu da normadan artıqdır. Bunun nəticəsində alaq otlarında herbisidlərin təsirinə qarşı müqavimətin artmasına və alaqlar üçün əlavə enerji mənbəyinin yaranmasına səbəb olur. Bu hal nəticəsində 2,4-D tərkibli herbisidin alaqlara təsiri azalmış, əvəzində buğda bitkisi herbisid və yüksək azotun birgə təsirindən stres və zəhərlənmə əlamətləri göstərmişdir. Bitkilərin məhv olması “RESİTAL DUO” preparatının keyfiyyətsizliyindən deyil, onun aqrotexniki qaydalara uyğun olmayan tətbiqindən və fitotoksik stressin yaranmasından irəli gəlmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İddia tələbindən, iddiaçının izahatından və cavabdehin izahatından, mütəxəssis rəyindən, şahid ifadələrindən aydın olur ki, iddiaçı öz tələbinin əsaslılığını sübuta yetirə bilməmişdir. İşə baxılarkən İddiaçı iddiasını sübuta yetrmədiyi qənaətinə gəlir. Belə ki, iddiaçının izahatında, cavabdehin izahatından, şahidlərin ifadələrindən, mütəxəssis rəyindən, təqdim edilən videogörüntüdən aydın olur ki, iddiaçı icarəyə götürdüyü sahə üçün təsərrüfatına ziyan vurulmasını bildirir, lakin həmin ziyanın məhz cavabdeh tərəfindən ona istifadə üçün verilmiş dərmanın təsiri nəticəsində baş verməsini sübuta yetirə bilməmişdir. Belə ki, cavabdeh hansı dərmanı satdığını bildirsə də iddiaçı hansı dərmanı aldığını tam bilmir. Dərmanın adı, fotoşəklini bildirmir. Cavabdehin iddiaçıya satdığını bildirdiyi dərman isə mütəxəssis rəyinə görə “RESİTAL DUO” preparatı enliyarpaqlı alaqlara qarşı təsirli olub, bitkilərin məhv olması dərman preparatının keyfiyyətsizliyindən asılı olmamışdır. Belə ki, iddiaçı tərəfindən torpaq sahəsinə əkilən toxum materialı ilə bağlı məsələ araşdırılmalıdır. Torpaq sahəsinə əkilən bitkilərin inkişafdan qalması üçün əsaslar mütəxəssis rəyinə görə əkilən toxumun sertifikatlı olmaması ola bilər ki, sertifikatlı toxumlarda cücərmə faizi, enerji və təmizlik göstəriciləri normativ tələblərə uyğun olur. Sertifikatsız toxumla birlikdə sahəyə Turpəng (Barbarea sp.) və s. kimi alaqlar da daxil olmuşdur. Həmçinin digər əsas gübrələmə rejimi və azot norması: Fermer tərəfindən sahəyə normadan artıq azot gübrəsi (46% karbamid - ÜRE) tətbiq edilmişdir. Fermerin qeyd etdiyi kimi, sahəyə 10 kisə (ümumilikdə 400 kq) gübrə verilmişdir ki, bu da normadan artıqdır. Bunun nəticəsində alaq otlarında herbisidlərin təsirinə qarşı müqavimətin artmasına və alaqlar üçün əlavə enerji mənbəyinin yaranmasına səbəb olur. Bu hal nəticəsində 2,4-D tərkibli herbisidin alaqlara təsiri azalmış, əvəzində buğda bitkisi herbisid və yüksək azotun birgə təsirindən stres və zəhərlənmə əlamətləri göstərmişdir. Bitkilərin məhv olması “RESİTAL DUO” preparatının keyfiyyətsizliyindən deyil, onun aqrotexniki qaydalara uyğun olmayan tətbiqindən və fitotoksik stressin yaranmasın. Belə olan halda məhkəmə iddiaçının öz tələblərinin əsasını sübuta yetirməməsi əsası ilə iddia tələbinin rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə məsrəfləri ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddiaçı Cavabdeh qarşı əldən çıxmış faydanın və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar.

Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar