Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-956/2021 03.09.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakda 1/2 pay üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 06 noyabr 2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən 0.0336 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 154.52 m2 olan fərdi yaşayış evi üzərində ½ payda mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Həmçinin İddiaçı məhkəməyə notarial təsdiqli ərizə göndərərək, Cavabdeh adına Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 06 noyabr 2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən 0.0336 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 154.52 kv.metr olan fərdi yaşayış evi üzərində ½ mülkiyyət hüququnun tanınması tələbi barədə iddia ərizəsinin məhkəmə baxış iclasını səhhəti ilə bağlı iştirak edə bilməyəcəyindən onun iştirakı olmadan keçirilməsini, vəkil və nümayəndəsi Vəkil iştirakı ilə keçirilib iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən Vəkil iddianı müdafiə edərək, iddiaçının 03 mart 2008-ci il tarixdə Naxçıvan şəhər VVADQ şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə Cavabdeh ilə evlənib bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 29 nömrə ilə qeydiyyat aparıldığını, onların birgə nikahlarından 08 mart 2009-cu il tarixdə oğulları X3 doğulduğunu, tərəflərin ailə qurandan sonra, yəni 09 aprel 2015-ci il tarixdə Naxçıvan şəhər 3-cü Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş və reyestrdə 4ə-122 nömrə ilə qeydə alınmış Alqı-satqı Müqaviləsi əsasında ünvan 2 ünvanında yerləşən (indiki ünvan 3yətyanı torpaq sahəsini alıb həmin torpaq sahəsini 28 aprel 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydiyyatdan keçirdiklərini, tərəflərin torpaq sahəsini aldıqdan sonra iki il orada heç nə etmədiklərini, sonra tikinti təşkilatı ilə razılaşıb bir ilə orada fərdi yaşayış evi tikdiklərini və həmin daşınmaz əmlakı 06 noyabr 2018-ci il tarixdə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırdıqlarını, tərəflərin üç ildən artıq həmin evdə yaşadıqlarını, lakin cavabdehin iddiaçıya göstərdiyi şiddətlərin nəticəsində 2020-ci ilin iyun ayında iddiaçının məcbur qalaraq evdən çıxdığını, ondan sonra isə iddiaçının cavabdehlə aralarındakı nikahın pozulması tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, Naxçıvan Şəhər Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(078)-576/2020 nömrəli qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulduğunu, bir ildən artıqdır ki, iddiaçının həmin evdə yaşamadığını, kirayədə qaldığını, bu müddət ərzində oradan Cavabdeh istifadə etdiyini, iddiaçının birgə nikah dövründə qazandıqları torpaq sahəsi və üzərində inşa etdikləri fərdi yaşayış evi üzərində ½ mülkiyyət hüququnun tanınmasını istədiyini, bunları nəzərə alaraq, Cavabdeh adına Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 06 noyabr 2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən 0.0336 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 154.52 m2 olan fərdi yaşayış evi üzərində ½ payda mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul etməyərək izahatında, həqiqətən birgə nikah müddətində adına olan ünvan 1 ünvanında yerləşən 0.0336 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 154.52 m2 olan fərdi yaşayış evi əldə etdiklərini, lakin iddiaçının və özünün həmin evdə qalmadığını, evi iddiaçıya satması üçün verdiyini, razılıqlarına görə ev satılanda dəyərini böləcəklərini, bu səbəbdən ½ hüququn tanınmasını istəmədiyini göstərərək, iddianın rədd olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş: Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın təsdiqlənmiş surətindən aydın olur ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 154.52 kv.m, torpaq sahəsinin ölçüsü 0.0336 ha olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 18/34 nömrəli reyestr kitabının 6683 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********93-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 06.11.2018). Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən 30 oktyabr 2018-ci il tarixdə tərtib edilmiş 18732 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun təsdiqlənmiş surətinə əsasən, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adına qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 24 iyun 2021-ci il tarixli, 04/399 nömrəli məktubuna əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 336 m2 olan həyətyanı torpaq sahəsi Naxçıvan şəhər 3-cü DNK-nın 09 aprel 2015-ci il tarixli, 4ə-122 nömrəli Alqı-satqı Müqaviləsi əsasında 28 aprel 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 12 avqust 2021-ci il tarixli, 04/483 nömrəli məktubuna əsasən, Cavabdeh adına qeydiyyata alınan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi, ünvan 6n bölünməsi nəticəsində yaranmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(079)-576/2020 nömrəli qətnaməsi ilə, Cavabdeh ilə İddiaçı arasında 03 mart 2008-ci il tarixdə Naxçıvan şəhər VVADQ şöbəsində bağlanmış və 29 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Məhkəmə izahatlara, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə baxışında verilən izahatlardan, eyni zamanda iş materiallarına əlavə olunmuş sənədlərdən də müəyyən olmuşdur ki, Cavabdeh ilə İddiaçı 03 mart 2008-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar ki, həmin tarixdən də onlar arasında ər-arvad kimi hüquq münasibətləri yaranmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(079)-576/2020 nömrəli qətnaməsi ilə tərəflər arasında olan nikah qeydi pozulmuş və ər-arvad münasibətlərinə xitam verilmişdir. Mülki işin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, tərəflər ailə münasibətlərinə girdikdən sonra cavabdeh Əsgərov X4 şəhəri, Tumbul kəndi, 2-ci küçə, döngə 9, ev 5 A ünvanında yerləşən 0.0336 ha həyətyanı torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 154.52 m2 olan fərdi yaşayış evini adına qeydiyyata aldırmışdır. İşin bu halı istər iddiaçı, istərsə də cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı, Mülki Prosessual Məcəllənin 76, 77 və 88-ci maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı işində Məhkəmə qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (bax: İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999-İİ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (bax: Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ya ondan pay ayrılarkən mülkiyyətçilərin payları əgər onların razılaşmasında başqa qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Göründüyü kimi, nikah ümumi mülkiyyət hüququnun yaranmasını şərtləndirən əsaslardan biri olmaqla yanaşı, birgə nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, onların ümumi mülkiyyətidir və bu əmlakdakı paylar bərabər hesab edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, İddiaçı Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri Cavabdeh adına Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 06 noyabr 2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən 0.0336 ha həyətyanı torpaq sahəsinə və üzərində yerləşən ümumi sahəsi 154.52 m2 olan fərdi yaşayış evinə İddiaçı ½ pay hüququ müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri Cavabdeh adına Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 06 noyabr 2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən 0.0336 ha həyətyanı torpaq sahəsinə və üzərində yerləşən ümumi sahəsi 154.52 m2 olan fərdi yaşayış evinə İddiaçı ½ pay hüququ müəyyən olunsun. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-956/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-956/2021
03.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver