Məhkəmə qərarları › İş №2(078)-966/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-966/2023

07.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-966/2023 07.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədova Billurə Ayaz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı payın dəyərinin ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında 49.3 kv.m fərdi yaşayış evi və 0.0648 ha yaşayış məntəqəsinin torpaq sahəsindən onun 7/50 payının dəyəri olan 10000 (on min) manatın cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 ilə aralarında Naxçıvan şəhəri, X3 küçəsi, ev 6 ünvanında ümumi sahəsi 49.3 kv.m olan fərdi yaşayış evi və 0.0648 ha yaşayış məntəqəsinin torpağı xx.xx.2021-ci il tarixində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən keçərək, cavabdehlər Cavabdeh1 payı 5/50 hissə, Cavabdeh3 payı 7/50 hissə, Cavabdeh2 payı 5/50 hissə, Cavabdeh4 payı 5/50 hissə, Cavabdeh5 payı 7/50 hissə, onun payı 7/50 hissə olmaqla daşınmaz əmlakın dövlət reyestrində 18/11 nömrəli reyestr kitabının 2049 nömrəli vərəqində qeydiyyatdan keçməklə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməklə paylı mülkiyyətə verilmişdir. Sözügedən yaşayış evi və torpaq sahəsinin öz aralarında bölünməsinə cavabdehlər razı olmadığına görə payın naturada ayrılması üçün Naxçıvan Şəhər Məhkəməsinə müraciət edilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(078)-280/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Hal-hazırda cavabdehlər mübahisəli fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını sərbəst həyata keçirməyinə imkan vermir və beləliklə də onun Azərbaycan Respublikası Konistitusiyası ilə təminat verilən mülkiyyət hüququ pozulur. Paylı mülkiyyətdə olan torpaq sahəsinin və yaşayış evinin naturada bölünməsi mümkün olmamışdır. Məhz bu səbəbdən də o məsələnin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirən İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı izahat verən Cavabdeh3 iddianı qəbul etməyərək verdiyi izahatında bildirmişdir ki, hazırda paylı mülkiyyət hüququ üzrə ona, iddiaçıya və digər cavabdehlərə məxsus olan sözügedən əmlakın bölünməsinə heç bir etirazının olmadığını, lakin iddiaçının tələb etdiyi kompensasiyanı ödəmək üçün maddi imkanı olmadığını bildirmiş və sonda müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı izahat Cavabdeh1 iddianı qəbul etməyərək verdiyi izahatında iddiaçının tələb etdiyi kompensasiyanı ödəmək üçün maddi imkanı olmadığını bildirmiş, müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə digər cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Mülki işin materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Naxçıvan şəhəri, B.Şahtaxtınski küçəsində mülkiyyətdə olan 0.0648 ha torpaq sahəsində yerləşən 49.3 kv.m-dən ibarət 6 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh2 5/50 hissə, Cavabdeh4 5/50 hissə, Cavabdeh1 5/50 hissə, İddiaçı 7/50 hissə, Cavabdeh3 7/50 hissə, X1 7/50 hissə, Cavabdeh5 7/50 hissə və X2 7/50 hissə olmaqla adlarına daşınmaz əmlakın dövlət reyestrində 18/11 nömrəli reyestr kitabının 2049 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(078)-280/2022 nömrəli qətnaməsində aydın olur ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh3, X1, Cavabdeh5, İddiaçı, X2, Cavabdeh2 və Cavabdeh4 qarşı payın naturada ayrılması tələbinə dair iddası rədd edilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəllənin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətindən (hüququnda) olan olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.5-ci maddələrində paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydaları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsindən görünür ki, payın naturada ayrılması mümkün olmadıqda payın dəyərinin ödənilməsi tətbiq edilir. Tərəflərin paylarının naturada ayrılması mümkün deyildir, işin bu halı məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilib, odur ki, payın dəyərinin ödənilməsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Ümumi mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) Ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması 2) Pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Bununla mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. İşə məhkəmə hazırlıq iclasında baxılan zaman cavabdehlər iddiaçının kompensasiya olaraq təklif etdiyi məbləği ona ödəmək üçün maddi imkanı olmadığını bildirmişdir. Digər cavabdehlər isə məhkəmədə ümumiyyətlə iştirak etməmiş, hər hansı fikir bildirməmişdir. Bu halda isə artıq iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmək qeyri-mümkün hesab edilir. Məhkəmə iddianı rədd edərkən gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pelnumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyi ilə və Mülki Məcəllənin 220-ci maddəsinin müvafiq bəndlərində nəzərdə tutulan hallarla əsaslandırmışdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işin hüquqi və faktiki hallarını araşdırıb onlara qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia rədd edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 120 (bir yüz iyirmi) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı payın dəyərinin ödənilməsinə dair iddia tələbi rədd olunsun. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar