Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-105/2021 30.06.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, onların vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı çəkilmiş xərclərin qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 “28” yanvar 2021-ci ildə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 33.500 (otuz üç min beş yüz) manat miqdarında pulun alınıb İddiaçı1, 10.000 (on min) manat pulun məbləğində isə alınıb İddiaçı2 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Onlar tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh əri Hacı (hamı onu Hacı deyə çağırırdı, əsl adı X1) onlara dedi ki, Babək rayonu, Şəkərabad kəndində ev tikməyə torpaq almışam. Onun sahəsi cəmi 3 sotdur. Torpaq alınandan sonra himini açmışam, gətirilmiş materialları daşıyıb tikinti yerinə tökməklə evi tikib başa çatdırmışam. Evin şiferini vurmaq üçün sökülən tikinti yerlərindən material gətirib Hacı ilə birlikdə vurmuşuq. Həyətin hasarını çəkmişəm. Evin təmirini də etmişəm. Bundan əlavə həyətin aşağı tərəfində ayrıca bir otaq da tikmişəm. Tikinti materiallarının maşından boşaldılaraq ev tikilən yerə daşınması 500 manat, evin, həmçinin ayrıca bir otağın tikilməsi, təmiri, hasarının hörülməsi, şiferinin və materialının sökülüb gətirilib vurulmasına köməkliyin olunması hamısı birlikdə 3000 (üç min) manat xərc edir. Cavabdeh özü yaşadığı evə gördüyüm işin qiyməti 3500 (üç min beş yüz) manat təşkil edir. Ev hazır olandan sonra qızım Cavabdeh ailəsi ilə köçüb evlərində yaşamağa başladılar. Mənim digər qızım İddiaçı2 boşanıb bir uşağı ilə mənim yanımda qalırdılar. Hacı dedi ki, mənə torpağın yarısı bəsdir, 150 kvadrat metrinin də pulunu sən Məhəmmədə ver və orada Esmiraya ev tik, qonşuluqda yaşayaq. Mən razılaşdım. Babək rayonu, Gülşənabad kəndində olan torpağımı satdım və Babək rayonu, Şəkərabad kənd sakini, torpağın sahibi Şahid2 2000 (iki min) manat verib 150 kvadrat metr torpaq sahəsini aldım. Bir il ərzində orada evi tikdim, həyətləri hasarla ayırdım, ayrıca Esmiranın adına müqavilələr bağlayıb işıq, qaz, su çəkdirdik və köçüb orada yaşadıq. Həyətdə su quyusu qazdırdıq. Qızım tək qalmasın deyə mən özüm 5 il orada yaşamışam. Sonra qızım ailə qurduğu üçün mən öz evimə qayıtdım. Esmiraya tikdiyim evin xərcinin həmin vaxt olan qiymətlə 10000 (on min) manatını qızım özü vermişdi. Qalanını mən qoymuşam. Bütün işləri mən görmüşəm. Esmiranın torpağının alınmasına, materialına, evinin tikilib təmir olunmasına, hasarlanmasına, su quyusunun qazılmasına 20000 (iyirmi min) manatdan çox pul xərclənib. Bu gün Şəkərabad kəndində elə bir həyətin alınmasına, evin tikilməsinə 40000 (qırx min) manat pul lazımdı. 2018-ci ildə Məlahət evi sənədləşdirmək istəyərkən bacılar arasında razılıq olub. Sonra isə Məlahət Esmiradan 470 manat pul alıb ki, sizə ayrıca sənəd çıxarıb verəcəyəm. Lakin evi sənədləşdirəndən sonra qızım Esmiranı evdən çıxarmaq istəyir. Bu səbəbdən də torpaq sahəsinə, evlərin tikilməsinə, təmirinə, hasarlanmasına çəkdiyimiz 43.500 (qırx üç min beş yüz) manatın Cavabdeh alınıb bizə verilməsini xahiş edirik. İddiaçı1 məhkəmədə verdiyi izahatında cavabdeh olan qızı Məlahətin hamı tərəfindən Hacı adı tanınan əri ilə birlikdə əvvəllər Naxçıvan şəhərində kirayədə yaşadığını, bir müddət sonra onların Babək rayonu, Şəkərabad kəndində Məhəmməd adlı şəxsdən 3 sot torpaq sahəsi aldıqlarını, həmin torpağın pulunu hissə-hisə ödəmək barədə razılaşdıqlarını, cavabdeh və ərinin aldıqları torpaq sahəsinin pulu verə bilmədiyindən Hacının ona öz torpaq sahəsinin yarısının pulunu verib almasını təklif etdiyini, özünün də bu təklifi qəbul edib Babək rayonu, Gülşənabad kəndində yerləşən torpaq sahəsini satdığını, həmin pulu götürüb torpağı satan şəxsin, yəni Babək rayonu, Şəkərabad kəndində yaşayan Məhəmmədin yanına getdiyini, torpaq sahəsinin qalmış məbləğinin 2000 manat olduğunu, 1500 manat məbləğində pulu ona nağd verib 1,5 sot torpaq sahəsini qızı Esmiraya aldığını, pulun qalan hissəsi olan 500 manatı isə sonra verməsi barədə razılığa gəldiklərini, daha sonra qalan pulu da Məhəmmədə ödədiyini, torpaq sahəsini qızı Esmiraya alsa da onu digər qızı Məlahətin adına rəsmiləşdirdiklərini, Məlahətlə Esmiranın torpaq sahələrinin bitişik olduğunu, orada əvvəlcə cavabdehə, sonra isə Esmiraya ev tikdiklərini, özü və oğlanları Sərxan, Məhəmməd tikinti ustası işlədiyindən demək olar ki, hər iki qızının evini özləri tərəfindən tikildiyini, evlərin tikilməsi zamanı özünün və oğlanlarının Naxçıvan Şəhər Tikinti-Təmir və Abadlıq İşləri İdarəsində işlədiyini, həmin vaxt qarşısına tez-tez söküntü evləri çıxdığını, bu səbəbdən də oradan ucuz qiymətə tikinti materialları əldə etdiyini, hər iki qızının evinin tikintisində söküntü materialları alıb istifadə etdiyini, sökülən tikinti materiallarının maşına yığılmasında özü, cavabdeh və onun ərinin iştirak etdiyini, özünün həmin materiallarının yığılıb daşınmasında fəhləlik haqının 500 manat olduğunu, həmin vaxt bunu pul almaq niyyəti ilə etməsə də, hazırda pulun ona ödənilməsini istədiyini, iki oğlu ilə birlikdə Məlahətə iki otaq, bir aynabənd, bir mətbəx, hamam-tualetdən ibarət ev tikdiklərini, cavabdehin yaşadığı evin himini Sərxan, Məhəmməd, özü və qızı Məlahət tərəfindən qazıldığını, demək olar ki, eyni şəxslər tərəfindən evlərin tikildiyini, cavabdehə yaşadığı evdən başqa bir otaq əlavə tikdiklərini, həmin otağı Məlahətin kirayə verdiyini, cavabdehin yaşadığı evin dam örtüyünü onun əri ilə birlikdə özünün vurduğunu, həmçinin evin suvağını, gəcini də özünün çəkdiyini, bütün bu işlərin dəyərinin 3000 manat təşkil etdiyini, evin tikinti işlərinin aparılması ilə bağlı bütün tikinti materiallarını Məlahət və onun ərinin aldığını, cavabdehə tikdiyi evdə gördüyü işlərlə bağlı nə onun ərindən, nə də özündən pul və ya əvəz almadığını, hətta aralarında bununla bağlı danışıq belə olmadığını, həmin vaxt bunları bir ata kimi qızına əvəzsiz etdiyini, digər qızı Esmiraya torpaq sahəsi aldıqdan sonra onu Məlahətlə aralarında olan sərhəd bilinsin deyə çəpərlədiyini, təqribən bir il ərzində həmin torpaq sahəsində Esmiraya iki otaq, bir salon, mətbəx, hamam-tualet tikdiyini, həmin evin tikilməsinə 20.000 manat pul xərclədiyini, pulun bir hissəsini qızı Esmiranın verdiyini, çoxunu isə özünün verdiyini, Esmiranın pulu ona bütöv yox, hissə-hissə verdiyini, hazırda Babək rayonu, Şəkərabad kəndində elə bir evin dəyərinin 40.000 manat olduğunu, torpaq sahəsi qızı Məlahətin adına qeydə alınsa da, onun nə vaxtsa bacısına qarşı evdən çıxarmaq niyyətində olacağını düşünmədiklərini, həmin evi Esmiranın mülkiyyəti kimi bilib neçə ildir ki, oranı tikib abadlaşdırdığını, təqribən 10 ildir ki, Esmiranın həmin evdə qaldığını, həmin evin tikilməsi ilə bağlı qum, sement, taxta, daş, qapı-pəncərələrini və 6000 kubik aldığını qeyd edib, yekunda Məlahətin evinin tikilməsi ilə bağlı gördüyü işlərin dəyəri olan 3500 manat pulun və qızı Esmiraya torpağın alınması, orada evin tikilməsi, quyunun qazılması ilə əlaqədar çəkdiyi xərcləri, yəni 33500 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. İddiaçı2 məhkəmədə verdiyi izahatında təqribən on il bundan qabaq bacısı Məlahətin Babək rayonu, Şəkərabad kəndində 3 sot torpaq aldığını, həmin torpağın 1,5 sotunun pulu verdiklərini, qalan pulu isə verə bilmədiklərini, torpaq sahibinin Məlahətə “əgər pulu verə bilmirsinizsə oranı başqanına satım” dediyini, bunu da bacısının onlara bildirdiyini, bundan sonra atası Əhmədin Babək rayonu, Gülşənabad kəndində yerləşən torpaq sahəsini satıb Məlahətin aldığı və pulunu verə bilmədiyi torpağın yarısını, yəni 1,5 sotunu 2000 manata Məhəmməd adlı şəxsdən ona aldığını, torpağın dəyəri üçün atasının 1500 manat pulu əvvəldən, qalan 500 manatını isə sonradan öz yanında Məhəmmədə verdiyini, torpaq ona alınsa da hər birinə düşən sahə az olduğundan torpağı bacısı Məlahətin adına sənədləşdirdiklərini, gələcəkdə bununla bağlı problem yaranacağını düşünmədiyini, orada əvvəlcə bacısı Məlahətə, sonra isə özünə ev tikdiklərini, Məlahət kirayədə yaşadığından onun evinin tikilib başa çatmasının heç bir il çəkmədiyini, cavabdehin yaşadığı evin tikilməsində özünün, atası Əhmədin, qardaşları Sərxan və Məmmədin iştirak etdiyini, amma əsas işləri atasının etdiyini, bununla bağlı aralarında pul söhbətinin olmadığını, bütün işləri təmənnasız etdiklərini, özünün həmin vaxt Məlahətin evində qalaraq ona köməklik etdiyini, öz evinin himi Məlahətin evinin himi ilə eyni vaxtda qazıldığını, oraya beton tökülsə də atasının imkanı olmadığından evin tikilməsini dayandırdığını, Məlahətin evinin tikintisi qurtardıqdan sonra 2012-ci ildə öz evinin tikintisinə başladıqlarını, orada iki otaq, bir salon, hamam-tualet, mətbəx tikdiklərini, həyətdə quyu qazdırdığını, onun tam istifadəyə verilməsinədək 1000 manat pul xərclədiyini, özünün əvvəl Dövlət Sərhəd Xidmətində çörək sexində işlədiyini, həmçinin ailə başçısını itirməyə görə pensiya və əlilliklə bağlı müavinət aldığını, evin tikilməsi zamanı yığdığı pulları hissə-hissə olmaqla atasına 10000 pul verdiyini, 8-9 ildir ki, həmin evdə yaşadığını, son zamanlar Məlahətlə atasının arasında olan mübahisəyə görə cavabdehin onu evdən çıxarmaq üçün məhkəməyə müraciət etdiyini, Babək Rayon Məhkəməsinin qətnaməsi ilə Məlahətin iddiasının təmin edilərək ailəsi ilə birlikdə evdən çıxarılmasının qət olunduğu, özünün evin sənədləşdirməsi ilə bağlı bacısına 470 manat pul verdiyini, Məlahətin isə torpaq sahəsini və evləri öz adına sənədləşdirdiyini, evin elektrik sistemini Babək rayonu, Şəkərabad kəndində yaşayan Hüseyn adlı şəxsin çəkdiyini, həyətində qazılan quyunun 13 metr olduğunu, onun hər metrini 30 manata qazdırdığını, içərisində isə truba vurdurduğunu, həmçinin evə işıq, qaz xətlərinin öz adına çəkildiyini qeyd edib, yekunda çəkdiyi 10000 manat məbləğində xərcin ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdeh isə məhkəmədə verdiyi izahatında özünün və mərhum əri Hacının universitetdə işlədiklərini, əvvəlcə Naxçıvan şəhərində kirayədə yaşadıqlarını, daha sonra isə yığdıqları pulla 2010-cu ildə Babək rayonu, Şəkərabad kəndində 4500 manata Məhəmməd adlı şəxsdən 3 sot torpaq sahəsi aldıqlarını, onun pulunu hissəhissə ödədiklərini, əvvəlcə 3000 manat, daha sonra isə 1500 manat verdiklərini, həmin pulun 3000 manatını əri Hacı ilə özünün verdiyini, 1100 manat hissəsini Məhəmmədə verməsi üçün ərinin atası Əhmədə verdiyini, qalan 400 manat isə özü tərəfindən torpaq sahibinin arvadına verdiyini, hazırda qeyd edilən torpaq sahəsində üç ev olduğunu, onların birində özünün, digərində Esmiranın yaşadığını, bir evi isə kirayə verdiyini, özü qaldığı evin iki otaq, bir salon, hamam-tualet, mətbəxdən ibarət olduğunu, onun tikilməsi ilə bağlı bütün tikinti materiallarının əri və özünün aldığını, 2012-ci ildə evin himini özü, atası, qardaşları, oğlu və ərinin qazdığını, evləri isə bütövlükdə atası Əhməd və qardaşları Sərxan, Məhəmmədin tikdiyini, Esmiranın qaldığı evin tikilməsində isə atası və qardaşlarından başqa digər ustaların işləmədiyini, atası Əhməd, qardaşları Sərxan və Məhəmmədin onun evini pul müqabilində tikdiklərini, hər iki evin himi eyni vaxtda qazılsa da, onların tikintisini ayrı həyata keçirdiyini, Esmiranın qaldığı evlə öz evinin bitişik olduğunu, onun qaldığı evin 2 otaq, bir salon, hamam-tualet, mətbəxdən və açıq eyvandan ibarət olduğunu, həqiqətən də evləri atası və qardaşlarının tikdiyini, bununla bağlı aralarında pul söhbəti olmadığını, onlar tikinti idarəsində bir günü 20 manata işlədiklərindən öz evinin tikilməsi zamanı da onların bir gününə 10-20 manat pul verdiyini, qardaşı Sərxanın banka olan borcunu bağladığını, ona işlədiyi günlər üçün 30 manat verdiyini, Esmiranın yaşadığı evin özünə məxsus olduğunu, onu atasına gələcəkdə kirayə verib dolanacaq yeri olsun deyə tikdirdiyini, buna görə də evə ayrıca işıq, qaz və su xətti çəkdirdiyini, hazırda kirayə verdiyi otağı isə Ramin adlı şəxsə tikdirdiyini, atasının ondan evin tikilməsi ilə bağlı pul istəmədiyini, evin suvağının qardaşının vurduğunu, dam örtüyünün isə mərhum əri Hacı dülgər işlədiyindən onunla birlikdə özünün vurduğunu, hazırda Esmiranın yaşadığı evin özünə məxsus olduğunu, oranın bacısı Naxçıvan şəhərində işlədiyi üçün yaşamaq məqsədi ilə ona verdiyini, Esmiranın əvvəlki əri Müseyib öldükdən sonra onun Babək rayonu, Gülşənabad kəndində atasına məxsus evdə yaşadığını, sonradan o, şəhərdə işə düzəldiyindən və Esmiranın kəndə gedib-gəlməsi çətin olduğundan hazırda yaşadığı evdə onun qalmasına icazə verdiyini, bir müddət sonra isə atası Əhməddə Naxçıvan şəhərində tikinti idarəsində işlədiyindən onun da Esmira ilə birlikdə həmin evdə qaldığını, daha sonra Esmiranın Asəflə ailə qurduğunu, onların birlikdə yaşamasından sonra atasının öz evinə qayıtdığını, hazırda Asəflə və atası Əhmədlə aralarında olan münasibətlər pozulduğundan onları evdən çıxarmağı qərara aldığını və bununla bağlı Babək Rayon Məhkəməsində iddia qaldırdığını, iddiası təmin olunsa da qətnamənin qanuni qüvvəyə minmədiyini qeyd edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş materiallarını, işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini bir-biri ilə əlaqəli şəkildə tədqiq edən zaman müəyyən olunur ki, iddiaçı tərəfindən xərc çəkildiyi qeyd etdiyi mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsinin 2010-cu ildə Babək rayonu, Şəkərabad kənd sakini Şahid2 alınması, həmin torpaq sahəsi üzərində mövcud olan bütün tikililərin cavabdehə məxsus olması, hazırda iddiaçının yaşadığı və cavabdehə məxsus olan evin tikilməsindən başlayaraq orada İddiaçı2 qalması, Cavabdeh iddiaçı və onun ailəsinin özünə məxsus evdən çıxarılması ilə bağlı iddia qaldırması və onun iddiasının təmin edilməsi, lakin həmin qətnamənin hələ qanuni qüvvəyə minməməsi işin mübahisəsiz halıdır. Bu halların mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: -tərəflərin məhkəmədə verdiyi izahatlardan, həmçinin məhkəmədə şahid qismində dindirilən Şahid2 ifadəsindən hazırda cavabdehin mülkiyyətində olan və Babək rayonu, Şəkərabad kəndində yerləşən torpaq sahəsinin 2010-cu ildə Şahid2 alınması; -mülki iş materiallarına əlavə edilmiş MH seriyalı, ******* nömrəli, 02 oktyabr 2018-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 30 dekabr 2020-ci il tarixli, 618 nömrəli məktubundan Babək rayonu, Şəkərabad kəndində yerləşən 343.58 kvadrat metr torpaq sahəsi və onun üzərində olan 133.45 kvadrat metr fərdi yaşayış evinin Cavabdeh mülkiyyətində olması; -tərəflərin məhkəmədə verdikləri izahatlardan iddiaçının yaşadığı və Cavabdeh mülkiyyətində olan evin tikilməsindən başlayaraq orada İddiaçı2 yaşaması; -iş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(079)-102/2021 nömrəli qətnaməsindən çıxarışın təsdiq edilmiş surətindən və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan Cavabdeh iddiaçı və onun ailəsinin özünə məxsus evdən çıxarılması ilə bağlı iddia qaldırdığını və onun iddiasının təmin edildiyini, lakin həmin qətnamədən apelyasiya şikayəti verildiyindən və hazırda mülki işin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatında olduğundan qətnamənin qanuni qüvvəyə minməməsi aydın olur. İddiaçı1 cavabdeh olan qızı Cavabdeh Babək rayonu, Şəkərabad kəndində yerləşən və cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin tikilməsi ilə bağlı gördüyü işlər və çəkdiyi xərclərlə bağlı ondan 33.500 (otuz üç min beş yüz) manat və digər İddiaçı2 Cavabdeh qarşı onun mülkiyyətində olan, lakin özünün yaşadığı evə çəkdiyi xərclərlə bağlı 10.000 (on min) manat məbləğində pul tələb etməsi mülki işin mübahisəli hallarıdır. Mülki işin mübahisəli hallarının hüquqi həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı1 Cavabdeh 33.500 (otuz üç min beş yüz) manat məbləğində pul tələb etməsini: - hazırda cavabdehin yaşadığı evin tikilməsi zamanı ora söküntü yerlərindən tikinti materiallarının alınıb gətirilməsi və yığılıb daşınmasında özünün fəhləlik haqqının 500 manat olması; - həmin evin suvağının, gəcinin özünün çəkməsi və dam örtüyünün vurulması ilə bağlı gördüyü işlərin dəyərinin 3000 manat təşkil etməsi; -qızı Esmiraya tikdiyi evin dəyərinin isə hazırda 40000 manat olması, onun 10000 manatının İddiaçı2 tərəfindən verilməsi, torpağı isə özünün alması və orada quyunun qazılması, evin tikilməsi ilə bağlı qalan xərci isə özünün çəkməsi ilə əsaslandırmışdı. İddiaçı2 isə Cavabdeh 10.000 (on min) manat pul tələb etməsini; -hazırda cavabdehin mülkiyyətində olan və özünün yaşadığı evin tikilməsi ilə bağlı yığdığı pulun həmin evin tikilib abadlaşdırmasına sərf etməsi ilə əsaslandırmışdı. Məhkəmə hər bir iddiaçının tələblərinin əsası ilə bağlı qeyd etdiklərini məhkəmədə araşdırılmış sübutlara əlaqəli və müqayisəli şəkildə tədqiq edərək ilk öncə onların nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normalara əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı1 tələbinin ümumi mahiyyətindən aydın olur ki, o, Babək rayonu, Şəkərabad kəndində yerləşən həm Cavabdeh yaşadığı evin tikilməsi zamanı özünün orada gördüyü işlərin haqqını, həm də qızı İddiaçı2 yaşadığı evin tikilməsi zamanı gördüyü işlərin və sərf etdiyi xərclərin haqqını tələb edir. Onun Babək rayonu, Şəkərabad kəndində yerləşən Cavabdeh yaşadığı evin tikilməsi zamanı özünün orada gördüyü işlərin haqqını tələb etməsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh həmin işlərin görülməsini iddiaçının əvəzli şəkildə həyata keçirməsini və həmin işlərin haqqının özü və ya əri Hacı tərəfindən verilməsini qeyd etsə də, İddiaçı1 ona verilmiş sübut sualına həmin işləri pul almaq niyyəti ilə etmədiyini, həmin vaxt bunları bir ata kimi qızına əvəzsiz etdiyini, hazırda həmin pulun ona ödənilməsini istədiyini bildirmişdi. Sonuncunun qeyd etdikləri digər iddiaçının izahatı ilə də təsdiqlənmişdi. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdu ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddi hüquq normasının tələbindən yola çıxaraq məhkəmə İddiaçı1 nəzərinə çatdırır ki, hazırki vəziyyətdə Cavabdeh onun qarşısında öhdəliyi yaranması üçün yuxarıda qeyd edilən əsasların hər hansı biri mövcud deyil. Onlar arasında qohumluq, ailə münasibətlərindən irəli gələn qarşılıqlı yardımlaşma münasibəti olmuşdu. Bu səbəbdən də edildiyi vaxt əvəz gözləmədən həyata keçirilən hərəkət, tərəflər arasında münasibətlərin pozulmasından sonra müvafiq əvəzin ödənilməsi ilə şərtləndirilə və qarşı tərəf üçün öhdəlik yaranması ilə nəticələnə bilməz. Buna gərə də məhkəmə belə hesab edir ki, İddiaçı1 Cavabdeh qarşı cavabdehin yaşadığı evin tikilməsi zamanı özünün orada gördüyü işlərin haqqını tələb etməsi əsaslı sayıla bilməz. İddiaçının tələbinin əsası kimi qeyd etdiyi Babək rayonu, Şəkərabad kəndində yerləşən qızı Esmiraya tikdiyi evin yerləşdiyi torpaq sahəsinin özünün alması, orada quyu qazdırması, tikilmiş evin dəyərinin hazırda 40000 manat olması, onun 10000 manatının İddiaçı2 tərəfindən verilməsi, qalan xərci isə özünün çəkməsinin, hüquqi həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı tərəf hazırda cavabdehin mülkiyyətində olan torpaq sahəsinin 2010-cu ildə Babək rayonu, Şəkərabad kənd sakini Şahid2 alındığını, onun dəyərinin yarısının, yəni 2000 manat məbləğində pul verdikərini qeyd etsə də, cavabdeh bunu qəbul etməmiş və torpağın dəyərinin özü və mərhum əri tərəfindən ödənildiyini bildirmişdi. İddiaçı tərəf tələbin qeyd edilən əsasının təsdiqi ilə bağlı torpağı aldığı şəxsin, yəni Babək rayonu, Şəkərabad kənd sakini Şahid2 şahid qismində dindirilməsini xahiş etmişdi. Məhkəmədə dindirilmiş Şahid2 verdiyi ifadəsində təqribən 2011-2012-ci illərdə özünə məxsus olan və Babək rayonu, Şəkərabad kəndində yerləşən 3.5 sot torpağı 4200 manata Məlahətin əri Hacıya satdığını, həmin vaxt Hacının ona pulu bütöv verməyə imkanının olmadığını, hərdən 1000 manat verə biləcəyini dediyini, özünün də bunu qəbul etdiyini, Hacının ona 2200 manat məbləğində pulu hissə-hissə verdiyini və həmin torpaq sahəsi ilə bağlı ona 2000 manat borcunun qaldığını, Hacı ilə danışığından onun həmin torpaq sahəsini özü üçün aldığını müəyyən etdiyini, torpağı Hacıya satdığı vaxt iddiaçı Əhmədi tanımadığını, Hacıdan torpağın pulunu verilməsini tələb edəndə onun torpağın bir hissəsini qayınatasına satdığını və pulu da onun ödəyəcəyini bildirdiyini, özünün Hacıya “torpağı Əhmədə yox sənə satmışam” dediyini, daha sonra isə Əhmədi görəndə ondan torpağın pulunu istədiyini, onun isə 2000 manat pulun 1500 manatını bir, 500 manatını isə ayrıca ona verdiyini, torpağın pulunu Əhməddən istəyəndə onun torpaq sahəsini Hacıdan qızı Esmiraya ev tikmək üçün aldığını dediyini, torpağın dəyəri üçün Məlahət və onun ərinin 3000 manat deyil, cəmi 2200 manat pul verdiklərini, bunun 500 manatının beh olduğunu, özünün yaşadığı evin demək olar ki, Esmira və Məlahətin yaşadığı evə bitişik olduğunu, Esmiranın evinin tikilməsi zamanı Əhməd və onun iki oğlunun iştirak etdiyini gördüyünü, onun oğlanlarından birinin adı Mamed olduğunu, digərinin adını isə bilmədiyini, onların həm Məlahətin, həm də Esmiranın evinin himindən başlayaraq dam örtüyünün hazırlanmasında iştirak etdiyini gördüyünü, Esmiranın evinin dam örtüyünün taxtalarının atılmasınadək Naxçıvanda yaşadığından və evləri arasında məsafə yaxın olduğundan onların həyətində aparılan tikinti işlərinin şahidi olduğunu, daha sonra üç il Bakı şəhərində qaldığını, Naxçıvana qayıtdıqda isə Esmira və Məlahətin həmin həyətdə tikilmiş evlərdə yaşadığını gördüyünü bildirmişdi. Şahidin ifadəsində qeyd etdiyi xüsusatlar hər iki iddiaçının izahatları ilə ziddiyyət təşkil etmədiyindən, onun həm İddiaçı2, həm də Cavabdeh ilə qonşu olması, yəni hər ikisinə qarşı eyni münasibətdə olmasını nəzərə alan məhkəmə Şahid2 ifadəsini sübut kimi qəbul edilən sayır. Onun ifadəsindən isə torpaq sahəsinin dəyərinin 2000 manatının İddiaçı1 tərəfindən verilməsi öz təsdiqini tapır. Cavabdeh isə iddia tələbinin qeyd edilən hissəsinin təkzib edilməsi ilə bağlı qeyd etdiyi əsaslarla bağlı məhkəməyə sübut təqdim edə bilməmişdi. İddiaçı2 hazırda üzərində ev tikilərək yaşadığı və Babək rayonu, Şəkərabad kəndində yerləşən torpaq sahəsinin dəyərinin cavabdeh və onun əri tərəfdən deyil, cavabdehin atası İddiaçı1 tərəfindən ödənilməsi və həmin torpaq sahəsinin İddiaçı2 üçün alınması öz təsdiqini tapdığından, həmin torpaq sahəsində olan evin tikilməsi ilə əlaqədar xərclərinin iddiaçılar tərəfindən çəkilməsi ilə bağlı məhkəmə bildirir ki, bu fakt onlar tərəfindən məhkəməyə təqdim edilmiş şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Belə ki, şahid Şahid4 məhkəmədə verdiyi ifadəsində atası Əhmədin, qardaşı Sərxanın və özünün ev tikilməsi işləri ilə məşğul olduqlarını, 2012-ci ildə hər üçünün Türkiyə Respublikasında işləyib Naxçıvana qayıtdıqdan sonra bacısı Esmiraya Babək rayonu, Şəkərabad kəndində iki otaq, bir aynabənd, hamam-tualet və mətbəxdən ibarət ev tikdiklərini, həmin evin tikilməsi ilə bağlı onun himinin qazılması, ora betonun tökülməsi, evin hörülməsi, dam örtüyünü vurulması və suvanması, həmçinin hasarın çəkilməsi işlərində iştirak etdiyini, bu işlərin görülməsi ilə bağlı bacısı Esmiradan hər hansı bir haqq almadığını, evdə işləyən zaman yemək içməyi ya anasının kənddən gətirdiyini, ya da Esmiranın bişirdiyini, Məlahətin evinin də tikilməsi zamanı müəyyən işlərin aparılmasında özünün iştirak etdiyini və ondan pul almadığını, Esmiranın evinin tikilməsi, materialların alınması ilə bağlı xərcləri atası Əhmədin çəkdiyini, bacısı Esmiranın motosikletlə gətirilən sementin dəyəri üçün 40 manat həmkəndlisi Abbasın evin tikilməsi ilə bağlı gətirdiyi quma görə bir dəfə 30 manat, bir dəfə isə 70 manat verdiyini gördüyünü bildirmişdi. Şahid X6 məhkəmədə verdiyi ifadəsində özünün quyu qazma işi görməklə ailəsini dolandırdığını, Babək rayonu, Yarımca kəndində yaşadığını, İddiaçı2 həyətində quyu qazdırmaq istədiyindən həyətində işləyən şəxslərə bununla bağlı usta axtardığını bildirmiş, onların isə iddiaçıya onun quyu qazdığını demiş və iddiaçının həyətində işləyən, adını tanımadığı bir şəxslə Esmiranın ona sifariş göndərdiyini, bundan sonra özünün iddiaçının həyətinə gedib quyu qazılası yerə baxdığını, onun qazılması ilə bağlı Esmira ilə onun hər metri üçün 30 manata razılaşdıqlarını, oğlanları ilə birlikdə təqribən 4-5 günə həmin quyunu qazıb təhvil verdiyini, quyunun dərinliyinin 12 metr olduğunu, yəni bu ölçüdə qazıldığını, daha sonra isə onun içərisinə truba vurulduğunu, İddiaçı2 quyunu qazmasına görə 360 manat, trubanın vurulmasına görə 150 manat pul aldığını, quyunu nə vaxt qazıldığını tam xatırlamadığını bundan başqa iddiaçının həyətində hər hansı başqa bir iş görmədiyini, quyudan suyun çıxarılması üçün nasosu, borunu, iddiaçının özünün aldığını, orada işləyən vaxt ev sahibi kimi Esmiranı bildiyini qeyd etmişdi. Məhkəmədə şahid qismində dindirilən Şahid3 ifadəsində əri Əhməd, oğlanları Sərxan və Məmmədin hər iki qızının evinin tikilməsində iştirak etdiyini, özünün tikinti işlərində iştirak etməsə də orada işləyən fəhlələrin yeməklərini bişirib verdiyini, demək olar ki, həm Məlahətin, həm də Esmiranın yaşadıqları evin çox işini əri və oğlanlarının həyata keçirdiyini, tikinti materialların pulunu isə Əhmədin verdiyini, ərinin və oğlanlarının gördükləri işlərlə bağlı nə Esmiradan, nə də Məlahətdən pul almadıqlarını, bunları bir ailə üzvü kimi köməklik məqsədi ilə etdiklərini, hazırda özünün qızı Məlahətlə ilə təqribən iki üç aydır küsülü olduğunu, buna səbəb isə onun Esmiranı evdən çıxarmasından qaynaqlandığını bildirmişdi. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində Babək rayonu, Şəkərabad kəndində alınan torpaqda əvvəlcə Məlahətə, sonra isə Esmiraya ev tikdiklərini, Esmiraya tikilmiş evdə özü, qardaşı Məmməd, atası Əhmədin usta kimi işləyib bütün işləri gördüklərini, həm Məlahətin, həm də Esmiranın evlərinin iki otaq, bir salon, hamam-tualet və mətbəxdən ibarət olduğunu, Esmiranın evinin himini atası ilə birlikdə özünün qazdığını, təməlini də tikdiklərini, evin hörülməsi işlərinin isə özü və atasından əlavə qardaşı Məmmədin də həyata keçirdiyini, evin təməlin daşla, hörgüsünün isə pirketlə aparıldığını, evin dam örtüyünün vurulması və suvağın çəkilməsi işlərinin də atası ilə birlikdə etdiklərini, Esmiranın hərbi hissədə çörək sexində işlədiyini, onun aldığı maaşla evin ərzağının alındığını, tikinti materiallarını isə atasının aldığını, özləri tikinti idarəsində işlədiyindən atasının söküntü materiallarından ucuz əldə etdiyini, qardaşı Məmmədin də bacısı Esmiranın evinin hörülməsində və suvanması işlərində iştirak etdiyini, torpaq Məlahətin adına olsa da evi Esmira üçün tikdiklərini, Esmiranın evin tikilməsi ilə bağlı Məlahətin ona pul vermədiyini qeyd etdi. Şahid7 məhkəmədə verdiyi ifadəsində X7 limanında növbəli iş rejimində işlədiyini, işdə olmadığı günlərdə isə fəhləlik və ya ustalıq etməklə ailəsini dolandırdığını, tərəflərin evi ilə özünün yaşadığı evin yaxın olduğunu, özünün qardaşının evi isə onlara daha yaxın olduğundan və onların həyətində işlədiyi zaman onu orada görüb evlərində işləmək üçün çağırdıqlarını, əvvəlcə Məlahətin evində, daha sonra isə Esmiranın evində işlədiyini, Məlahətin evində yerə beton verilməsi, otağa lominant vurulması, divarlara boya çəkilməsi işlərini gördüyünü, bu işlərin müqabilində Məlahətin ərinin ona qaz sobası və təqribən 180-190 manat pul verdiyini, onun evində işləməsindən təqribən bir il sonra isə Esmiranın evində işlədiyini, orada evin içərisinə beton verilməsi, mətbəxə gəcin vurulması, oranın boyanması, tavana lambir vurulması, həmçinin iki otağına lominant döşənməsi işlərini gördüyünü, bir otağın döşəməsinə lominantı Esmiranın qardaşı Məhəmmədlə birlikdə vurduğunu, bütün bu işlərin görülməsi üçün Esmiranın ona təqribən 200-250 manat pul verdiyini, bəzi günlərdə isə onun həyətində günəmuzd kimi işlədiyini və bir günü üçün on manat pul aldığını, gəcin vurulması üçün onun hər kvadrat metri üçün iki manat, lambir və lominantın vurulması üçün hər kvadrat metr üçün bir manat pul aldığını, bundan əlavə Esmiranın eyvanının şiferini özünün vurduğunu və oranın yerinə beton verdiyini, onun evini işləyən zaman gördüyü işlər üçün Məlahətin ona pul vermədiyini, həmin evin Esmiraya məxsus olduğunu bildiyini, Esmiranın mətbəxinin gəcini vuran zaman Məlahətin ona köməklik etdiyini, tikinti materiallarını kimin evində işləyibsə onun alıb verdiyini və ya əvvəldən evə yığdığını bildirmişdi. Şahid6 məhkəmədə verdiyi ifadəsində təqribən iki üç il öncə Esmiranın evində işlədiyini, Esmira onun arvadı ilə birlikdə işlədiyindən iş təklifini də onunla göndərdiyini, həmçinin iddiaçının əri Asəfin anasının bibisi nəvəsi olduğunu, özünün iddiaçının evində su çənindən mətbəx və hamam tualetə su çəkilməsi və eyvanda qaynaq işləri gördüyünü, su xəttinin çəkilməsi ilə bağlı Əhmədin ona 40 manat, qaynaq işlərinin görülməsi ilə bağlı 50 manat pul verdiyini, bu işlərdən savayı orada başqa iş görmədiyini, su xəttinin çəkilməsi ilə bağlı materialları Əhmədin Cahan Ticarət Mərkəzindən aldığını, qaynaq işlərinin görülməsi ilə bağlı materialların əvvəlcədən həyətə yığıldığını, onların kim tərəfindən alındığını bilmədiyini, əvvəllər Məlahətin evində işlədiyini həmin vaxt onun əri xəstə olduğundan gördüyü işlərin haqqını Məlahətin verildiyini, onun su xəttinin çəkilməsi ilə bağlı materialları Naxçıvan şəhərində yerləşən Fab mağazasından aldığını qeyd etmişdi. Yuxarıda qeyd edilən şahidlərin, həmçinin Şahid2 ifadəsindən müəyyən edilir ki, torpaq sahəsi yaxın qohumluq və ailə münasibətləri zəminində cavabdehin adına qeydiyyata alınsa da, onun üzərində olan və İddiaçı2 ailə isə birlikdə yaşadığı evin xərclərini Cavabdeh və onun əri tərəfindən çəkməmişdi. Həmçinin həmin ev tikilməsindən bu günədək orada İddiaçı2 yaşaması, ona sahiblik etməsi və evin kommunal xidmətlərinin də onun adına olması məhkəmə təsadüfü saymır. Cavabdeh isə Babək rayonu, Şəkərabad kəndində yerləşən 343.58 kvadrat metr torpaq sahəsi və onun üzərində olan 133.45 kvadrat metr fərdi yaşayış evinin öz adına qeydiyyata almasından və yaxın qohumluq münasibətlərindən yaranan etimaddan sui-istifadə edərək özü tərəfdən hər hansı bir xərc çəkilmədən iddiaçı tərəfdən inşa edilmiş 2 otaq, bir salon, hamam-tualet, mətbəxdən ibarət yaşayış evindən İddiaçı2 ailəsi ilə birlikdə çıxarmaqla həmin evi əldə etməyə, yəni əmlak vəziyyətini dəyişməyə və hüquqi əsas olmadan iddiaçıların hesabına əmlak əldə etməyə çalışmışdı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə isə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddia tələbinin məhkəmə araşdırılması zamanı isə Cavabdeh Babək rayonu, Şəkərabad kəndində yerləşən iddiaçıların çəkdiyi xərc hesabına inşa edilmiş və İddiaçı2 yaşadığı fərdi yaşayış evindən çıxarmaqla onu əldə etməsinə yönəlmiş hərəkətinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsasının olmasını sübuta yetirə bilməmişdi. Mülki Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinin tələbinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. İşin mübahisəsiz hallarından görünür ki, Babək rayonu, Şəkərabad kəndində yerləşən 343.58 kvadrat metr torpaq sahəsi və onun üzərində olan 133.45 kvadrat metr fərdi yaşayış evinin Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində daşınmaz əmlakın dövlət reyestrinin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası öz əksini tapmışdır. Həmin maddəyə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bundan əlavə bu norma “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 16.6-cı maddəsində öz əksini tapıb. Həmçinin həmin Məcəllənin 135.4-cü maddəsi ilə müəyyən edilir ki, torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Hazırki vəziyyətdə Babək rayonu, Şəkərabad kəndində yerləşən 343.58 kvadrat metr torpaq sahəsi Cavabdeh mülkiyyətində olduğundan, iddiaçı tərəfindən orada inşa edilmiş evin cavabdehdən tələb edilməsi onun mülkiyyət hüququna müdaxilə sayıldığından, daşınmaz əmlak isə təyinatına görə torpaq sahəsindən ayrıla bilmədiyindən onun tikilməsi ilə bağlı iddiaçıların cavabdehə qarşı olan çəkilmiş xərclərin geri qaytarılması barədə iddiasını əsaslı sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1094-cü maddəsində qeyd edilir ki, əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Mülki qanunvericiliyə görə, əmlakı əldə edənin bu əmlakın mülkiyyətçisi və ya sahibi olan şəxsin istifadəsindən iradəsinə zidd çıxdığı, əşyanı onu özgəninkiləşdirmək hüququ olmayan şəxsdən aldığını bilmədiyi və bilməli olmadığı, o cümlədən əmlakın dəyərini ödəməklə əldə etməsi müəyyən edildikdə, əldə edən vicdanlı sahib hesab olunur. Mülki işin araşdırılmış hallarından görünür ki, İddiaçı2 on ilə yaxındır ki, Babək Rayonu, Şəkərabad kəndində tikilmiş evdə cavabdehlə qonşuluqda yaşayır, həmçinin cavabdeh tərəf öz adına qeydə alınmış torpaq sahəsinin öz iradəsindən kənar çıxmağını sübuta yetirə bilməmişdi. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı1 və İddiaçı2 Babək rayonu, Şəkərabad kəndində yerləşən 343.58 kvadrat metr torpaq sahəsi üzərində olan və İddiaçı2 yaşadığı 2 otaq, bir salon, hamam-tualet, mətbəxdən ibarət fərdi yaşayış evinə çəkilmiş xərclərin qaytarılması tələbi əsasıdır. Çəkilmiş xərcin məbləğinə gəldikdə isə tikililərə çəkilmiş xərclərin onlara ödənilməsini müəyyən etmək xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmənin 26 aprel 2021-ci il tarixli qərardadı ilə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş və eyni tarixli qərardadla iş üzrə icraat dayandırılmışdı. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 08 iyun 2021-ci il tarixli, 120 nömrəli ekspert rəyində Cavabdeh məxsus olan, Babək rayonu, Şəkərabad kəndində sahəsi 343.58 kvadrat metr olan torpaq sahəsində yerləşən, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş **********26-10301 reyestr nömrəli, 20 sentyabr 2018-ci il tarixli, 1446 inventar nömrəli daşınmaz əmlakın texniki pasportu üzrə “B” literli tikili və həmin tikili ilə “İ” literli tikili arasında tikilmiş hasara, eləcə də həyətyanı sahədə qazılmış su quyusunun qazılmasından tam istifadəyə verilməsinədək (fərdi yaşayış evinin özülündən dam örtüyünə qədər istifadə edilmiş tikinti materialları, işçilik haqqı-usta və təmir xərci ilə birlikdə) çəkilmiş ümumi xərc bugünkü bazar (2021-ci il) qiymətlərinə uyğun olaraq ümumilikdə təqribi dəyərinin 16109,26 (on altı min bir yüz doqquz manat, iyirmi altı qəpik) manat təşkil etməsi, “D” literli (quş damı) tikilinin yerindən söküldüyünü, tikilinin hansı tikinti materiallarından inşa edildiyi, onun ölçüləri, hündürlüyü və həcmləri dəqiqliklə müəyyən edilmədiyindən qeyd olunan tikili üzrə çəkilmiş ümumi xərci müəyyən etməyin mümkün olmaması qeyd edilmişdi. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, təyin edilməsi və keçirilməsi zamanı prosessual pozuntu aşkar edilmədiyindən, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qismən qəbul ediləndir. Belə ki, ekspert rəyində su quyusunun qazılması və oraya 500-lük paslanmaz borunun salınması xərclərin 600 (altı yüz) manat olması, həmçinin su nasosunun ləvazimatları ilə birlikdə dəyərinin 125 (bir yüz iyirmi beş), quyunun içərisinə vurulmuş 500-lük paslanmaz borunun (üç metrlik) dəyərinin 210 (iki yüz on) manat olması göstərilsə də, məhkəmə bildirir ki, 12 metrlik boru paslanmaz boru və su nasosu ayrıla bilən yaxşılaşdırmalardır. Yəni iddiaçı tərəf həmin əşyaları özü ilə götürə bilər. Götürə bilən əşyanın isə dəyərini cavabdehdən tələb edilə bilməz. Bu səbəbdən də onların dəyəri ekspertin gəldiyi ümumi nəticəyə daxil edilməməlidir. Ekspert rəyində su quyusunun qazılması ilə bağlı xərclər və borunun dəyəri birlikdə qeyd edildiyindən, məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsindən isə İddiaçı2 tərəfindən ona su quyusunun qazılması müqabilində 360 manat məbləğində işçilik haqqının verilməsi müəyyən edildiyindən, ayrıla bilən yaxşılaşdırma olan paslanmaz borunun dəyərinin müəyyən edilməsi üçün 600 manatdan (ekspertin rəyindən göstərilən məbləğ) ustaya quyunun qazılması ilə bağlı verilmiş işçilik haqqının məbləği (360 manat) çıxılmalıdır. Ümumilikdə isə su nasosunun ləvazimatları ilə birlikdə dəyərini təşkil edən 125 (bir yüz iyirmi beş) manat və paslanmaz borunun dəyəri olan 240 (iki yüz qırx) manat ekspertin gəldiyi ümumi nəticəyə daxil edilməməlidir. Yəni ümumilikdə “B” literli tikili və həmin tikili ilə “İ” literli tikili arasında tikilmiş hasara, eləcə də həyətyanı sahədə qazılmış su quyusunun qazılmasından tam istifadəyə verilməsinədək (fərdi yaşayış evinin özülündən dam örtüyünə qədər istifadə edilmiş tikinti materialları, işçilik haqqı-usta və təmir xərci ilə birlikdə) çəkilmiş ümumi xərclərin dəyəri 15744,26 (on beş min yeddi yüz qırx dörd manat, iyirmi altı qəpik) manat qəbul edilməlidir. Müəyyən edilmiş xərclərin iddiaçıların hər birinə hansı məbləğdə geri qaytarılmasına gəldikdə isə İddiaçı2 özü tərəfindən 10.000 manat məbləğində pul yığıb evin tikilməsində istifadə etdiyi bildirsə də, məhkəmədə araşdırılmış sübutlardan onun evdə tikinti işlərinin aparılması zamanı alınmış sementin dəyəri üçün 40 (qırx) manat, tikinti qumunun alınması üçün 30 (otuz) və 70 (yetmiş) manat olmaqla 100 (bir yüz) manat (Şahid4 ifadəsindən), həyətdə quyu qazılması ilə bağlı usta haqqı olaraq 360 (üç yüz altmış) manat, quyunun içərisində borunun vurulmasına görə 150 (bir yüz əlli) manat (şahid X3 ifadəsindən) və evin təmir xərcləri ilə bağlı orada işləmiş Şahid7 200- 250 manat pul ödəməsi müəyyən olunur. Şahid7 ödənilmiş məbləğin ümumi orta qiymətini 225 (iki yüz iyirmi beş) manat əsas götürən məhkəmə qeyd edir ki, İddiaçı2 ümumilikdə yaşadığı evin tikilməsi və abadlaşdırması üçün çəkdiyi xərc məhkəmədə araşdırılmış sübutlara əsasən ümumilikdə 875 (səkkiz yüz yetmiş beş) manat təşkil edir. İddiaçı1 geri qaytarılmalı olan xərclərin məbləğinə gəldikdə isə o, quyunun özü tərəfindən qazılmasını bildirsə də, yuxarıda qeyd ediləndərdən də aydın olur ki, bununla bağlı xərcləri digər İddiaçı2 çəkmişdi. Tikilinin özülündən dam örtüyünə qədər istifadə edilmiş tikinti materialları, işçilik haqqı-usta və təmir xərci ilə birlikdə çəkilmiş ümumi xərcin 15744,26 (on beş min yeddi yüz qırx dörd manat, iyirmi altı qəpik) manat olması müəyyən edildiyindən bu xərclərin 875 (səkkiz yüz yetmiş beş) manat hissəsinin İddiaçı2 tərəfindən çəkilməsi öz təsdiqini tapdığından, həmin rəylə müəyyən edilən qalan 14869,26 (on dörd min səkkiz yüz altmış doqquz manat, iyirmi altı qəpik) manat hissə İddiaçı1 qaytarılmalıdır. Həmçinin həmin tikililərin yerləşdiyi torpaq sahəsinin alınması ilə bağlı 2000 manat məbləğində pul İddiaçı1 tərəfindən ödənildiyindən qeyd edilən məbləğdə pul da cavabdehdən alınaraq İddiaçı1 verilməlidir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı çəkilmiş xərclərin qaytarılması tələbi qismən əsaslı olduğundan, əsaslı sayıldığı hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan, iddia qaldırılan zaman İddiaçı1 tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasib olan, yəni 12 (on iki ) manat, 30 (otuz) qəpik miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 226.1-ci maddəsinin tələbinə əsasən məhkəmə bir neçə iddiaçının xeyrinə qətnamə çıxardıqda, onlardan hər birinə aid olan hissəni və ya tələb hüququnun müştərək olmasını göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - Cavabdeh 17744,26 (on yeddi min yeddi yüz qırx dörd manat, iyirmi altı qəpik) manat məbləğində pul alınaraq, həmin pulun 16869,26 (on altı min səkkiz yüz altmış doqquz manat, iyirmi altı qəpik) manat hissəsi İddiaçı1, 875 (səkkiz yüz yetmiş beş) manat hissəsi isə İddiaçı2 verilməli; -həmçinin 12 (on) manat, 30 (otuz) qəpik məbləğində dövlət rüsumu cavabdehdən alınıb İddiaçı1 ödənilməli; -iddia digər hissədə əsassız sayıldığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 17744,26 (on yeddi min yeddi yüz qırx dörd manat, iyirmi altı qəpik) manat məbləğində pul alınaraq, həmin pulun 16869,26 (on altı min səkkiz yüz altmış doqquz manat, iyirmi altı qəpik) manat hissəsi İddiaçı1, 875 (səkkiz yüz yetmiş beş) manat hissəsi isə İddiaçı2 verilsin. Həmçinin 12 (on) manat, 30 (otuz) qəpik məbləğində dövlət rüsumu cavabdehdən alınıb İddiaçı1 ödənilsin. İddia digər hissədə əsassız sayıldığından rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-105/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-105/2021
30.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver