Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-112/2022 15.03.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 03 fevral 2022-ci ildə məhkəməyə müraciət edərək Cavabdeh 1000 (bir min) manat pulun və ödəmiş olduğu 30 (otuz) manat miqdarında dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, mən Babək rayonu, Nehrəm qəsəbə sakini Cavabdeh 24 noyabr 2021-ci il tarixdə bir baş iribuynuzlu düyəni 1000 (bir min) manata razılaşıb, ona satdım. Lakin həmin vaxt Telman maddi imkanı olmadığını bildirib, 1000 (bir min) manat pulu 25 yanvar 2022-ci il tarixdə ödəyəcəyinə dair öhdəlik götürüb, bu barədə öz xətti ilə mənə yazılı razılaşma verdi. 25 yanvar 2022-ci il tarixdən sonra mən dəfələrlə Telmanın mobil telefonuna zəng etdim, telefonlarımı açmadı. Bu səbəbdən də mən onu Babək Rayon Polis İdarəsinə şikayət etdim. Oradan mənə bildirildi ki, tələbiniz mülki iş olduğundan məhkəməyə müraciət edə bilərsiniz. Telman yenə də mənim telefon zənglərimə cavab vermir. Özümün həmin pula çox böyük ehtiyacım var. Telman birmənalı olaraq borcunu qaytarmır. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişəm. Hesab edirəm ki, artıq mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbim tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbim təmin edilməlidir. İddiaçı məhkəmədə iclasında verdiyi izahatında Əqil adlı şəxsin onların kəndində, Culfa rayonu, Qızılca kəndində meyvə-tərəvəz satdığını, özünün ilə bir illik dişi danası olduğunu və bunu satmaq istədiyini, Əqilin bunu hardansa öyrənib Telmana dediyini, 24 noyabr 2021-ci ildə Telmanın Əqillə onlara gəlib dananı almaq istədiyini, özünə toy edəcəyini, dekabr ayının 3-də pulunu qaytaracacığını bildirdiyini, Telmanın təklifi ilə razılaşdığını, dananı 1000 manata cavabdehə satdığını, dekabr ayının 3-ü tamam olandan sonra Telmanla əlaqə saxladığını, bu zaman cavabdehin ona qardaşının qəza etdiyini və özünün polis şöbəsində olduğunu, onu ötüşdürməyi xahiş etdiyini, özünün Telmana əlavə 10 gün əlavə vaxt verdiyini, lakin cavabdehin yenə də borcunu ödəmədiyini, onun barəsində polisə şikayət etdikdən sonra Telmanın borca dair ona sənəd verərək 25 yanvar 2022-ci ildə ona borcunu qaytaracağı barədə razılaşdıqlarını, Cavabdeh yenə də borcunu qaytarmadığından məhkəməyə müraciət etdiyini qeyd edərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla cavabdehin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən və işdə iştirak edən şəxsin izahatını dinləyən məhkəmə müəyyən edir ki, iddiaçının cavabdehə 24 noyabr 2021-ci ildə bir baş iribuynuzlu dişi dananı nisyə satması və həmin dananın ümumi olaraq 1000 manat qiymətləndirilməsi mülki işin mübahisəsiz hallarıdır. Qeyd edilənlərin işin mübahisəsiz halları olması iddia ərizəsinə əlavə edilmiş, iddiaçının tələbinin əsası kimi sübut olaraq iddia ərizəsində qeyd etdiyi və məhkəmə tərəfindən 04 fevral 2022-ci il tarixli, 2(079)-112/2022 nömrəli məktubla cavabdehə göndərilmiş, tərəflər arasında 05 yanvar 2022-ci ildə bağlanmış yazılı razılaşma ilə müəyyən edilir. İddiaçının tələbi isə özünün cavabdehə satdığı bir baş dişi dananın dəyərinin Cavabdeh alınaraq ona verilməsidir. İşin mübahisəli halını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin iddia tələbini əsaslı sayması ilə bağlı istinad etdiyi sübut iddiaçının məhkəməyə təqdim etdiyi və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübut olan tərəflər arasında borca dair bağlanmış yazılı razılaşmadır. Qeyd edilənlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim olunur. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla öncə onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri olmuş və onlar arasında mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Belə ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı ilə Cavabdeh arasında 05 yanvar 2022-ci ildə mövcud borcun etirafı haqqında mücərrəd müqavilə imzalanıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında 05 yanvar 2022-ci ildə bağlanmış borcun etirafı haqqında müqavilədən aydın olur ki, İddiaçı 24 noyabr 2021ci ildə Cavabdeh 1 baş dişi dana satmış və nəticədə cavabdehin iddiaçıya 1000 (bir min) manat məbləğində borcu yaranmış, Cavabdeh həmin borcu 25 yanvar 2022-ci ildə ödəməyi öhdəsinə götürmüşdü. Öhdəliyin icrasını sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda İddiaçı ilə Cavabdeh arasında 05 yanvar 2022-ci il tarixdə bağlanmış müqavilə üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də, o bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 05 yanvar 2022-ci il tarixli razılaşmadan isə aydın olur ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi yerinə yetirməməyə görə məsuliyyətdən azad edilməmişdir. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, iddia ərizəsinə əlavə edilmiş və tərəflər arasında bağlanmış yazılı razılaşmada cavabdehin 1000 (bir min) manat məbləğində borcunun olması qeyd edilib. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - Cavabdeh 1000 (bir min) manat məbləğində pul alınaraq İddiaçı verilməli; - Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-112/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-112/2022
15.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver