Məhkəmə qərarları › İş №2(079)-115/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-115/2022

22.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-115/2022 22.04.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 800 (səkkiz yüz) manat borc məbləğinin və 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, 07 yanvar 2022-ci il tarixdə divan-kreslo yığdırmaq məqsədilə Naxçıvan şəhərində “Banu” restoranının yaxınlığında yerləşən mebel sexinə gedib orada divan-kreslo yığdırmaq istədiyini, ustanın kim olduğunu soruşmuş, həmin vaxt bir nəfərin yaxınlaşıb adının Rauf olduğunu və usta kimi özünün fəaliyyət göstərdiyini bildirmiş, həmin günü onunla birlikdə yaşadığı Qoşadizə məhəlləsində yerləşən evinə gəlmiş, divan-kreslonun qoyulacağı yerin ölçüsünü götürmüş və onunla 1300 (bir min üç yüz) manata razılaşmışdır. Həmin vaxt ondan ilkin ödəniş olaraq 800 (səkkiz yüz) manat almış və bildirmişdir ki, 20 yanvara kimi gətirib divan-kreslonu təhvil verəcək və həmin vaxt qalan 500 (beş yüz) manat pulu da alacaq. Lakin dediyi vaxtdan bir neçə gün keçməsinə baxmayaraq divan-kreslonu yığıb gətirib təhvil verməmiş, buna görə də öz xətti ilə yazıb borcu olduğunu etiraf etmiş, borcunu 01 fevral 2022-ci il tarixdə qaytaracağına dair öhdəlik götürmüşdür. Rauf yenə də gətirib borcunu qaytarmadığına görə dəfələrlə iş yerinə getmiş, hərdən bir bəhanə gətirib qaytaracağını bildirmiş və sonda telefon zənglərinə də cavab verməmişdir. Özünün həmin pula çox böyük ehtiyacı olduğunu, Raufun birmənalı olaraq borcunu qaytarmaq istəmədiyini, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında Babək rayonu, Babək şəhəri, Qoşadizə məhəlləsində yaşadığını, evinə divan-kreslo dəsti yığdırmaq istədiyini, 07 yanvar 2022-ci il tarixdə bu məqsədlə “Banu” restoranının yanındakı mebel sexinə getdiyini, orada Rauf adlı şəxsin ona divan kreslo ustası olduğunu dediyini, bundan qabaq onunla əlaqəsinin olmadığını, ona divan kreslo yığdırmaq istədiyini bildirdikdən sonra Raufla onun evinə getdiklərini, Raufun divan kreslo yerinin ölçülərini götürdüyünü və 1300 manata divan kreslonu yığdırmaq barədə razılaşdıqlarını, 800 manat pulu əvvəlcədən Raufa verdiyini, qalan 500 manatı isə divan-kreslonu təhvil aldıqdan sonra verəcəyi, Raufun isə divan kreslonu 20 yanvar tarixədək hazırlayıb təhvil verəcəyi barədə öhdəlik götürdklərini, yanvar ayının 15-i divan kreslonun keyfiyyətinə baxmaq üçün Raufa zəng etdiyini, amma Raufun cavab vermədiyini, yanvarın 17-dək Raufa dəfələrlə zəng etsə də, telefonlara cavab vermədiyini, buna görə Babək Rayon Polis Şöbəsinə müraciət etdiyini, Raufla əlaqə saxladıqlarını və Raufun yenidən yanvar ayının 20-si divan kreslonu təhvil verəcəyinə dair söz verdiyini, yanvar ayının 21-i yenidən əlaqə saxlamaq istəsə də telefonlara cavab verilmədiyini, 22 yanvar 2022-ci il tarixdə onun yeni iş yeri olan “Fab” boya sexinin yanında yerləşən mebel sexinə getdiyini, orada Raufa divan kreslonun materialını mənə göstər, əgər yığa bilmirsənsə, materialı ver, başqa ustaya aparım yığsın deyə təklif etdiyini, o da material olmadığını, divan-kreslonu isə hələ hazırlamadığını bildirdiyini, buna görə 25 yanvar tarixində borcunu etirafla bağlı ərizə yazaraq fevral aynın 1-nə qədər borcu ödəyəcəyini bildirdiyini, amma bu günədək cavabdehin nə onunla əlaqə saxlayıb, nə də puldan bir qəpik ödəniş etmədiyini, buna görə də məhkəməyə müraciət etməli olduğunu bildirmiş, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıya olan borcunu etiraf edərək bildirmişdir ki, İddiaçı 07 yanvar 2022-ci il tarixdə işlədiyim sexə gəlib 2 kreslo, 1 divan yığdırmaq istədiyini bildirdi, sifarişi qəbul etdim, bundan sonra birlikdə İddiaçı evinə getdik, divan-kreslonun qoyulacağı yerin ölçüsünü götürdüm, İddiaçılə 1300 manata razılaşdıq, həmi gün 800 manatı Xaliq mənə verdi, qalan məbləği isə sifarişi götürdükdə verəcəyini bildirdi, bundan sonra mənim işlərim pozulduğundan və bununla əlaqədar başqa şəxslərə də borcum yarandığından material olmadığından sifarişi hazırlayıb təhvil verə bilmədim. Daha sonra isə yazılı şəkildə borcum olması ilə bağlı üzərimə öhdəlik götürdüm. Hazırda da iddia tələbini etiraf edirəm, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasına etirazım yoxdur. Həmçinin mülki iş üzrə məhkəmə baxışı iclasında cavabdeh iddianın etirafı barədə ərizəsini məhkəməyə təqdim edərək, həmin ərizədə İddiaçı Babək Rayon Məhkəməsində ona qarşı pul tələbinə dair iddia qaldırdığını, hazırda ona 800 (səkkiz yüz) manat borcu olduğunu etiraf etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas yoxdur. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 800 (səkkiz yüz) manat pul alınaraq İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddiaçı iddia qaldırılan zaman ödədiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar