Məhkəmə qərarları › İş №2(079)-147/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-147/2022

15.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-147/2022 15.04.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 23 fevral 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********39112 və **********39120 olan “Redmi note 9 pro” markalı mobil telefon üçün 700 (yeddi yüz) manat ödənilməmiş hissə və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, mənimlə Cavabdeh arasında bağlanmış 23 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh məndən İMEİ kodu **********39112 və **********39120 olan “Redmi note 9 pro” markalı mobil telefonu 8 ay müddətinə ödəmək şərtilə Culfa şəhərində yerləşən mənə məxsus mağazadan 800 (səkkiz yüz) manata almış, 800 (səkkiz yüz) manat pulu 8 ay ərzində hər ay 100 manat ödəyəcəyini öhdəsinə götürmüşdür, Cavabdeh 100 manat ilkin ödəniş etmişdir, lakin qalan 700 manat borcu bu günə qədər qaytarmamışdır, borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsi, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq cavabdeh borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə 05 oktyabr və 24 yanvar 2021-ci il tarixlərdə xəbərdarlıq məktubları göndərmişəm. Cavabdeh aramızda bağlanmış müqavilənin şərtlərini pozmuş, həmin borcu ödəməkdən boyun qaçırmışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul oluram, Culfa şəhərində telefon mağazası işlədirəm. Cavabdeh 23 yanvar 2022-ci il tarixdə mağazaya yaxınlaşaraq “Redmi Note 9 Pro” markalı smartfon tipli mobil telefonu almış və 8 ay müddətinə hər ay 100 manat olmaq şərtilə ödəniş edəcəyinə dair şəxsən yazılı müqavilə imzalamışdır. Həmin vaxt Mehdi “Teksun” firmasında ekspeditor vəzifəsində işləyirdi və Culfa şəhərinə ərzaq mağazalarına mal paylayırdı. Mən də buna güvənərək telefonu ona nisyə satmağa tərəddüd etmədim. Cavabdeh ilkin olaraq mənə 100 manat pulu nağd şəkildə ödəmiş, qalan 700 manatı isə müqavilədə nəzərdə tutulan müddətdən də xeyli müddət keçməsinə baxmayaraq ödəməmişdir. Telefonu cavabdehə satarkən aramızda təhvil-təslim aktı tərtib olunmayıb. Lakin telefonu cavabdehə satarkən orada həmin mağazada işləyən X2 - işçim də olub. Bununla bağlı 05 oktyabr 2021-ci il tarixdə və 24 yanvar 2022-ci il tarixdə cavabdehə borcunu ödəməsi barədə xəbərdarlıq məktubları göndərmişəm. Həmin xəbərdarlıq məktublarının cavabdeh tərəfindən alınması ilə bağlı qəbzləri də iddia ərizəsinə əlavə etmişəm. Cavabdeh ona dəfələrlə şifahi və yazılı şəkildə xəbərdarlıq olunmasına baxmayaraq qalan 700 manat puldan indiyə qədər bir qəpik belə olsun ödəniş etməyib. Telefonun istifadəsinə heç bir məhdudiyyət qoymamışam. Buna görə də mən məhkəmədə borcun cavabdehdən alınıb mənə ödənilməsi barədə iddia qaldırmışam. Sonda məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə sənədləri Cavabdeh rəsmi qaydada verilmişdir. Cavabdeh ünvanlanmış məhkəmə bildirişlərində onun iddianı etiraf edib-etməməsi, əgər qismən etiraf edirsə hansı hissədə etiraf etməsi, iddianı etiraf etmirsə onun etirazının əsaslandığı fakt və hallar, həmçinin istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını, olduğu halda vəsatətlərini (hakimə etiraz etmə, üçüncü şəxslərin və (və ya) başqa cavabdehin cəlb edilməsi, əsl olmayan tərəfin əvəz edilməsi, sübutların tələb edilməsi, şahidlərin çağırılması, ekspertizanın təyin olunması və s. barədə) yazılı şəkildə rəsmi qaydada məhkəməyə təqdim etməsi təklif edilmiş, əks halda işdə mövcud olan materiallar əsasında işə baxılaraq yekun qərar qəbul olunacağı barədə xəbərdarlıq olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə sözügedən hallarla bağlı heç bir münasibət bildirilməmişdir. Sözügedən halları nəzərə alan məhkəmə işə cavabdehin iştirakı olmadan və sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında baxmağı mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ifadə verən şahid X2 ifadəsində bildirmişdir ki, Culfa rayonu Culfa şəhərində İddiaçı məxsus telefon mağazasında illərdir və hazırda satıcı işləyirəm. 23 yanvar 2021-ci il tarixdə Cavabdeh mağazaya gələrək telefonlara baxdı. Onların arasından “Redmi Note 9 Pro” markalı smartfonu seçərək almaq istədiyini bildirdi. Biz onu rayona mal gətirən şirkət işçisi kimi tanıyırdıq. İddiaçıla alqı-satqı barədə şifahi razılaşdıqdan sonra yazılı müqavilə tərtib edildi. Müqaviləni İddiaçı tərtib etdi. Mehdi isə imzaladı. Daha sonra isə telefonu paketlədik və şəxsən mən alıcıya təhvil verdim. Həmin gün bizə 100 manat pul ödədi. Bunu nisyə kitabına saldıq. Bundan sonra Mehdinin ödəniş etdiyini görməmişəm. Mülki iş materiallarını iddiaçının izahatı, şahid ifadəsi və yazılı sübutlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə müvafiq olaraq tərəflərin hansı hüquqi münasibətdə olmalarının müəyyən edilməsi tələbinə müvafiq olaraq qeyd edir ki, tərəflər arasında alqı-satqı hüquq münasibətlərindən irəli gələn münasibətlər mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 6-cı maddəsinin mahiyyətindən irəli gələn müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur (329.3-cü maddə). MM-in 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Mülki iş üzrə müqavilə tərəfləri arasında əqdin yazılı formasından istifadə edilmişdir. MM-in 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əlavə edilmiş yazılı alqı-satqı müqaviləsindən məlum olur ki, Babək rayonu, Qoşadizə məhəlləsində qeydiyyatda olan Cavabdeh və ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı 23 yanvar 2021-ci ildə “Redmi Note 9 Pro” markalı telefonu 800 manat qiymətinə ilkin 100 manat ödəməklə 08 ay müddətinə hər ay 100 manat ödəmək şərtilə satmış, Cavabdeh aylıq ödənişləri hər ayın 30-dək ödəyəcəyinə dair söz vermişdir. Cavabdeh razılaşmaya əməl olunmayacağı təqdirdə məhkəməyə müraciət edilməsinə etirazının olmadığını bildirmişdir. İddiaçı tərəfindən 05.10.2021 və 24.01.2022-ci il tarixlərdə cavabdehə borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq olunmuşdur. Razılaşmanın şərtlərindən belə məlum olur ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilələr bağlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflərin imzaları ilə hüquqi qüvvə alan hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilələr sözügedən mühüm şərtlərə əməl olunmaqla bağlanmışdır. Həmin məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında bağlanmış müqavilədən belə məlum olur ki, alıcı nisyə satın aldığı mala görə qalıq 700 manat ödənişi hər ayın 30-dək ayda 100 manat olmaqla həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmin məcəllənin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə müəyyən olunur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malı cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında hərtərəfli tədqiq olunaraq qanunla nəzərdə tutulmuş qaydada qiymətləndirilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı alğı-satqı müqaviləsindən irəli gələn öhdəliyini lazımınca icra edərək “Redmi note 9 pro” markalı mobil telefonu Cavabdeh vermişdir. Mülki iş üzrə məhkəmə icraatı gedişində cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə razılaşdırılmış pul məbləğinin (qiyməti) satıcıya ödənilməsini təsdiq edən heç bir etiraz və bu etirazın əsasında duran halları təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. MM-in 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırıldığını, məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğunluğunu və məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edildiyini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı 700 (yeddi yüz) manat pul tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar