Məhkəmə qərarları › İş №2(079)-15/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-15/2023

26.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-15/2023 26.01.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh, şahidlər X1 və Şahid2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 19 sentyabr 2022-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 2800 (iki min səkkiz yüz) manat məbləğində borcun və ödəmiş olduğu 48 (qırx səkkiz) manat miqdarında dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, Babək rayonu, Nehrəm qəsəbəsində yaşayıram, ikinci qrup əliləm. Nehrəm qəsəbəsində heyvandarlıqla məşğul oluram. Özümün 170 baş xırdabuynuzlu heyvanım vardı. Onları saxlamaq üçün qış yemi lazım olduğundan pula ehtiyacım olduğu, həm də onları saxlamaqda çətinlik çəkdiyim üçün müəyyən hissəsini satmaq qərarına gəldim. Həmkəndlim Cavabdeh 2021-ci ilin iyununda mənim heyvan satdığımı eşidib, bildiyinə görə mənim heyvan otardığım örüş yerinə gəlib, heyvan almaq istədiyini bildirdi. Mən onunla bir baş heyvanı 100 (bir yüz) manatdan olmaqla razılaşıb, ona 2800 (iki min səkkiz yüz) manat dəyərində 28 baş heyvan satdım. Lakin o, həmin vaxt pulu olmadığını bildirərək mənə olan 2800 (iki min səkkiz yüz) manat məbləğində pulu hissə-hissə ödəyəcəyini bildirdi. Beləliklə biz razılaşdıq, Rəfail heyvanları götürüb apardı. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Rəfail mənə olan borcunu qaytarmaq istəmir. Mən bu barədə Babək Rayon Prokurorluğu və Polis İdarəsinə müraciət etdim, ancaq oradan mənə bildirildi ki, mülki mübahisə olduğu üçün məhkəməyə müraciət etməlisiniz. Halhazırda isə mənim telefon zənglərimə cavab vermir. Mən özümün həmin pula çox böyük ehtiyacım var. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişəm. Hesab edirəm ki, mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbim tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbim təmin edilməlidir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdi. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmədə verdiyi izahatında əri Cabirin heyvan saxlayıb, satmaqla məşğul olduğunu, 2021-ci ilin iyun ayı cavabdehin Cabirin yanına, yəni Babək rayonu, Nehrəm qəsəbəsində “kanalın üstü” adlanan yerə gedərək heyvan almaq istədiyini bildirdiyini, Cabirin cavabdehə “pulun var heyvan alırsan?” dediyini, Rəfailin isə ona “olmasa almaram” cavabını verdiyini, Cabirin özünə məxsus olan 31 baş heyvanı biri 100 manat müqabilində Rəfailə satdığını, cavabdehin 3 baş heyvanın pulunu verdiyini, 28 baş heyvanın isə pulunun qaldığını, aralarında olan razılaşmaya görə cavabdehin 28 baş heyvanın ümumi dəyərini təşkil edən 2800 manat pulu 10 gün ərzində qaytarmalı olduğunu, lakin Rəfailin həmin müddətdə pulu qaytarmadığını, cavabdehin bildirdiyinə görə pulun bir hissəsini baldızına, yəni Cabirin bacısı Şəfiqəyə, həmçinin 160 manat hissəsini Cabirin əmisi oğlu İlhama verdiyini dediyini, Rəfailin usta işlədiyini, onun İlhamın evində işləyən zaman İlhamın Rəfailə 160 manat verdiyini, cavabdehin isə həmin pulu ona deyil, Cabirə verməsini istədiyini, İlhamın Cabirə 160 manat pul verdiyini, lakin baldızı Şəfiqənin heyvanların satılması ilə bağlı onlara pul vermədiyini, Cabirin Rəfailə ona olan borcunun bacısı Şəfiqəyə verilməsini bildirmədiyini, cavabdehə satılan heyvanların baldızına yox, ərinə, yəni Cabirə məxsus olduğunu, tərəflər arasında alqı-satqı olan zaman onların yanında heç kimin olmadığını, Rəfailin heyvanları Cabirdən aldıqdan sonra qabağına qatıb apardığını, Cabirin heyvanları çöldə otaran zaman cavabdehin ona yaxınlaşıb heyvan aldığını, ərinin dediyinə görə onun kanalın üstündə heyvan otaran zaman cavabdehin ora getdiyini, cavabdehin satılan heyvanların pulundan 160 manatını İlhama, 160 manatını isə küçədə Cabirə verdiyini, ümumilikdə isə 31 baş heyvanın pulundan 3 baş heyvanın pulunu ödədiyini, İlhamın pulu 2022-ci ilin yay aylarında verdiyini, özünün baldızı Şəfiqə ilə 10 ilə yaxındır ki, küsülü olduğunu, cavabdehin Cabirə un almaq üçün 40 manat pul vermədiyi qeyd edib, yekunda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdi. Cavabdeh məhkəmədə verdiyi izahatında özünün iddiaçı tərəflə qonşu olduğunu, Cabirin bacısı Şəfiqənin də onlarla qonşuluqda yaşadığını, Cabirlə Şəfiqə boşanma ərəfəsində olduğundan iddiaçının bir müddət bacısı Şəfiqə ilə yaşadığını, iddiaçının bir az savadsız olduğunu, bu səbəbdən də pul tanımadığını, arvadı onun yanında olmadığından həmin ərəfədə ona ağbirçəkliyi, böyüklüyü bacısı Şəfiqənin etdiyini, bir gün iddiaçının bacısı Şəfiqənin Cabirin heyvanlarını satmaq istədiklərini ona dediyini, özünün isə Cabirdən heyvan almağı qəbul etdiyini, əslində isə bir növü onlara maddi cəhətdən köməklik olsun deyə üzə düşdüyünü, Cabirin İİ qrup əlil olduğundan və pulu yaxşı tanımadığından alqı-satqı barədə onun bacısı ilə danışdığını, həmin vaxt iddiaçıdan biri 40 manat olmaqla 12 baş və biri 60 manat olmaqla 2 baş çəpiş aldığını, bu heyvanların Cabirə məxsus olduğunu, ümumilikdə alacağı heyvanların dəyərinin 600 manat etdiyini, daha sonra özünün motosikletlə gedib çöldən heyvanları gətirdiyini, həmin vaxt Cabirin bacısı Şəfiqəyə zəng edərək “Rəfail gəlib heyvanları aparsın” dediyini, Şəfiqənin göstərdiyi heyvanları Cabirin çöldə ona verdiyini, özünün də heyvanları motosikletlə gətirdiyini, heyvanları alanda Şəfiqənin ona “evdə un yoxdur, 40 manat ver un alaq” dediyini, özünün də 40 manat əvvəldən verdiyini, daha sonra isə borcundan 300 manat pulu Müslüm adlı şəxsin yanında Cabirə verdiyini, pulu Cabirə vermədən öncə onun bacısına zəng edib pulu verib-vermədiyini soruşduğunu, bacısının isə ona pulu Cabirə verməsini bildirdiyini, qalan pulu isə iddiaçının əmisi oğlu İlhama verdiyini, pulun 100 manatını bir, 160 manatını isə ayrı verdiyini, İlhama pulu Cabirə verməsini dediyini, onun isə pulun 160 manatını Cabirin arvadı Şəfiqəyə verdiyini, 100 manatını isə Cabirə verdiyini, hazırda Cabirin arvadı Şəfiqə ilə bacısı Şəfiqənin küsülü olduqlarını, özünün sonradan öyrənməsinə görə iddiaçının heyvanları onlara yem almaq üçün deyil, Şəfiqə ilə Cabir boşanma ərəfəsində olduqlarından Şəfiqəyə heyvan çatmasın deyə satmaq istədiyini, iddiaçının nümayəndəsinin baldızından pulu ala bilmədiyini, bu səbəbdən də ondan istədiyini, özünün Cabirdən 28 baş deyil, 14 baş heyvan aldığını, onların da pulunu ödədiyini qeyd edərək, yekunda iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdi. İşdə işdə iştirak edən şəxslərin izahatarını, dindirilmiş şahidlərin ifadələrini, ümumilikdə məhkəmədə araşdırılmış sübutları bir-biri ilə qarşılıqlı və müqayisəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, İddiaçı ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanması, müqaviləyə əsasən iddiaçının cavabdehə heyvan satması, heyvanların satılması ilə bağlı yaranmış borca görə Şahid3 adlı şəxsə cavabdehin pul verməsi, Şahid3 isə ona verilən pulu iddiaçıya verməsi işin mübahisəsiz halıdır. Bu halların işin mübahisəsiz olması iddia tələbindən, iddiaçının nümayəndəsinin və cavabdehin məhkəmədə verdiyi izahatı ilə öz təsdiqini tapır. İşin mübahisəli halı isə iddiaçının cavabdehdən 2800 (iki min səkkiz yüz) manat pul tələb etməsidir. İşin mübahisəli halını ümumilikdə məhkəmədə tədqiq edilmiş sübutlar ilə qarşılıqlı və müqayisəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla məhkəmə ilik olaraq onu bildirir ki, tərəflər mülki hüquq münasibətləri, alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçının nümayəndəsi məhkəmədə verdiyi izahatında əri İddiaçı 2021-ci ilin iyun ayında biri 100 manat olmaqla ümumilikdə 31 baş heyvanı Cavabdeh satması, həmin heyvanların satılması ilə bağlı yaranmış borcdan cavabdehin onlara üç baş heyvanın pulunu ödəməsini, yəni iki dəfə 160 (bir yüz altmış) manat miqdarında pul verməsini (ümumilikdə 320 manat) və 28 baş heyvanın dəyərini təşkil edən 2800 manat borcun qaldığını bildirsə də, öz tələbinin əsası kimi qeyd etdiyi faktları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdi. İddiaçı tərəf öz tələbinin əsası kimi qeyd edilən halları sübut edə bilməsə də, Cavabdeh məhkəmədə verdiyi izahatında bildirmişdi ki, həqiqətən də iddiaçı ilə onun arvadının boşanma ərəfəsində olduğu zaman İddiaçı bacısı Şəfiqənin təklifi əsasında iddiaçıya məxsus olan 12 baş xırda buynuzlu heyvanın bir başını 40 manata, 2 baş xırda buynuzlu heyvanın bir başını isə 60 manata almış, ümumilikdə isə iddiaçıdan 14 baş heyvan almaqla onların dəyərini təşkil edən 600 manat pulu sonradan ona ödəməsi barədə razılaşmışlar. Məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə belə hesab edir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi qeyd etdiyi halları sübuta yetirə bilmədiyindən, məhkəmədə baxılan mübahisə ilə bağlı cavabdeh tərəfin qeyd etdiklərini əsas götürməlidir. Cavabdeh isə izahatından iddiaçıdan 28 baş deyil, 14 baş heyvan aldığını, onların dəyəri üçün iddiaçıya 2800 manat deyil, 600 manat ödəməli olduğunu və həmin borcu da hissə-hissə olmaqla iddiaçıya qaytardığını bildirmişdi. Yuxarıda qeyd edilən hallar isə özlüyündə tərəflər arasında heyvanların nisyə alqı-satqısı müqaviləsi bağlandığını təsdiq edir. Belə ki, İddiaçı məxsus heyvanların satması barədə təklifi Cavabdeh qəbul etməsi ilə tərəflər arasında şifahi formada alqısatqı müqaviləsi bağlanmışdı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Lakin məhkəmə onu da tərəflərin nəzərinə çatdırır ki, onlar arasında müqavilənin bağlanması hər bir tərəfin müqavilədən irəli gələn öhdəliyini icra etməsini özündə ehtiva etmir. Mülki qanunvericiliyin tələbinə görə hər bir müqavilənin özünə məxsus öhdəliyi və tərəflər üçün ondan irəli gələn hüquq və vəzifələri mövcuddur. İddiaçı tərəf müqavilədən irəli gələn öhdəliyinin icrasının yerinə yetirməsi, yəni 31 baş heyvanı cavabdehə təqdim etməsi ilə bağlı məhkəməyə sübut təqdim etməsə də, cavabdeh tərəf iddiaçıdan 14 baş heyvan aldığını qəbul etmişdi. Belə olan halda aldığı heyvanların dəyərini ödəməsi barədə sübut etmə yükü cavabdehin üzərinə düşür ki, o da bununla bağlı Şahid1, Şahid2 və Şahid3 şahid kimi dindirilməsini məhkəmədən xahiş etmişdi. Şahid2 məhkəmədə verdiyi ifadəsində iddiaçının onun qardaşı olduğunu, onunla və ailəsi ilə küsülü olduğunu, təqribən iki il bundan öncə qardaşı Cabirin arvadı Şəfiqədən ayrıldığını, həmin vaxt Rəfailin ona yaxınlaşaraq qardaşı Cabirdən heyvan aldığını dediyini, gələcəkdə nəsə problem olmasın deyə ona heyvanların sayını bildirdiyini, həmin vaxt özünün heyvanların dəyərini hesabladığını, onların dəyərinin 600 manat etdiyini, xatırladığına görə heyvanların sayının 14 baş olduğunu, heyvanların dəyərinin müəyyən edilməsi zamanı Cabirin orada olmadığını, bununla bağlı özü savadsız olduğundan nəvəsinin kağıza heyvanların sayını və dəyərini yazdığını, bunun birini Rəfailə digərini isə Cabirə verdiyini, özünün Rəfailə heyvan satmadığını, ondan 40 manat un almaq üçün pul istəmədiyini, lakin onun yanında un söhbəti olduğunu, yəni Rəfailin ona Cabirə 40 manat verdiyini dediyini, amma bu pulun Cabirə verilməsini görmədiyini, qardaşı ilə küsülü olduğundan bunu ondan soruşmadığını, Rəfailin bir dəfə ona zəng edərək Müslümə Cabirin borcu ilə bağlı pul verdiyini, ancaq miqdarını xatırlamadığını, Cabirlə Rəfail arasında olan heyvan alqısatqısı ilə bağlı cavabdehin ona heç vaxt pul vermədiyini qeyd etmişdir. Digər şahid X3 məhkəmədə verdiyi ifadəsində özünün Babək rayonu, Nehrəm qəsəbəsində “kanal” adlanan yerdə yaşadığını, bir gün küçəyə çıxanda Rəfaili məhləsində gördüyünü, ondan haradan gəldiyini soruşanda Cabirə pul verməkdən gəldiyini bildirdiyini, cavabdehin Cabirə şəxsən pul verməsini özünün görmədiyini, Rəfailin Cabirə nə qədər pul verməsini nə özünün soruşduğunu, nə də cavabdehin ona dediyini bildirmişdir. Şahid2 dindirilməsindən sonra cavabdeh 40 manat pulu iddiaçının bacısına deyil, onun özünə verdiyini bildirsə də, bunun təsdiqi ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdi. İddiaçının nümayəndəsi isə bu faktı qəbul etməmişdi. Digər şahidin dindirilməsindən sonra cavabdeh Müslümlə danışdığı vaxt Cabirin kanalın digər tərəfində olduğunu, yəni ikisinin durduğu yerdən iddiaçının göründüyünü bildirsə də, şahid Müslüm İmamquliyev bu faktı təsdiq etməmiş və həmin vaxt Cabiri orada görmədiyini qeyd etmişdi. Şahid3 göndərilmiş məhkəmə bildirişi onun Babək rayonu, Nehrəm qəsəbəsində yaşamaması səbəbindən məhkəməyə geri qaytarılmışdı. Cavabdeh isə onun hazırda Bakı şəhərində yaşadığını, ünvanını dəqiq bilmədiyini, iddiaçı tərəfin İlham tərəfindən onlara verilən pulu etiraf etdiyini bildirmişdi. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan aydın olur ki, həqiqətən də Nümayəndə İddiaçı qarşı ailə münasibətlərindən irəli gələn iddia tələbi olmuş, o Babək Rayon Məhkəməsinin icraatına 02 oktyabr 2020-ci ildə daxil olmuş, 08 fevral 2021-ci ildə isə iddiaçı tələbindən imtina etdiyindən iş üzrə icraata xitam verilmişdi. Dindirilmiş şahidlərin ifadələrinin sübut kimi qəbul edilməsinə münasibət bildirən məhkəmə qeyd edir ki, onların ifadələri iş üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün qəbul ediləndir. Belə ki, Şahid2 ifadəsindən tərəflər arasında 600 (altı yüz) manatlıq borc məsələsi olması müəyyən edilir. Heyvanların sayı cavabdehin dedikləri ilə üst-üstə düşür, yəni onun qeyd etdiyi saya uyğun gəlir. Cavabdeh Şəfiqənin ona “evdə un yoxdur, 40 manat ver un alaq” dediyini bildirsə də, şahid bu faktı təsdiq etməmiş, onun yanında Rəfailin 40 manat un pulu ilə bağlı söz dediyini, amma cavabdehin Cabirə 40 manat verməsinin şahidi olmadığını bildirmişdi. Bu səbəbdən də məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçıya 40 manat verməsi öz təsdiqini tapmır. Cavabdeh Cabirə borcu olduğu pulun 300 manat hissəsini Müslüm adlı şəxsin yanında ona verdiyini və iddiaçıya pul vermədən öncə onun bacısına zəng edib pulu verib-vermədiyini soruşduğunu bildirsə də, onun təqdim etdiyi şahidlər Cavabdeh qeyd etdiklərini təsdiq etməmişdi. Buna görə də məhkəmə cavabdehin iddiaçıya 300 manat qaytarmasının sübut edilmədiyini bildirir. İddiaçının nümayəndəsi məhkəmədə verdiyi izahatında Şahid3 tərəfindən onlara heyvanların satılması ilə bağlı cavabdeh tərəfdən verilməli olan borcdan 320 manat ödəniş edilməsini inkar etmir. İddiaçı tərəf məhkəməyə öz tələbini əsaslandıran halların təsdiqi ilə bağlı sübut təqdim etmədiyindən, məhkəmədə tədqiq edilmiş sübutlarla isə tərəflər arasında yalnız 600 (altı yüz) manat məbləğində borcun olması müəyyən edildiyindən, məhkəmə yekunda belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməlidir. Çünki yuxarıda qeyd edilənlərdən Cavabdeh İddiaçı 600 (altı yüz) manat deyil, 320 (üç yüz iyirmi) manat ödəməsi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi ilə müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddiaçının tələbini qeyd edilən maddi hüquq norması ilə əlaqələndirən məhkəmə bildirir ki, İddiaçı ona məxsus olan hüququnu ödənilməmiş əşyanın geri qaytarılması deyil, onun dəyərinin ödənilməsi istiqamətində istifadə etmişdi. Cavabdeh müqavilədən irəli gələn öz öhdəliyini lazımınca icra etməməsi öz təsdiqini tapdığından, məhkəmə İddiaçı cavabdehdən 2800 (iki min səkkiz yüz) manat məbləğində pulun alınıb ona verilməsini tələbini, qismən yəni 280 (iki yüz səksən) manat məbləğində pulun alınıb verilməsinə dair hissədə əsaslı sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Məhkəmə tərəfindən iddiaçının tələbi qismən əsaslı saydığından, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi, yəni 4 (dörd) manat, 80 (səksən) qəpik cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - Cavabdeh 280 (iki yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı verilməli; -iddia qalan hissədə əsaslı sayılmadığından rədd edilməli; -həmçinin Cavabdeh 4 (dörd) manat, 80 (səksən) qəpik manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 280 (iki yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Həmçinin Cavabdeh 4 (dörd) manat, 80 (səksən) qəpik manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar