Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-164/2022 27.10.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakların naturada bölünməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 10 mart 2022-ci ildə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 0,1394 kvadrat metr torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 96,36 kvadrat metr təşkil edən fərdi yaşayış evindən ona çatan ½ hissənin naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 1988-ci il tarixdə rəsmi nikaha düşərək ailə həyatı qurmuşuq. Birgə nikahımızdan üç övladımız dünyaya gəlmişdir. Cavabdehlə nikahımıza 19 aprel 2021-ci il tarixində qarşılıqlı razılığımız əsasında Babək rayon qeydiyyat şöbəsində son qoyulmuşdur. Bildirirəm ki, Cavabdeh ilə mənim adıma ünvan 2 ünvanında yerləşən 0.1394 kvadrat metr torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 96.36 kvadrat metr təşkil edən fərdi yaşayış evi birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə Babək Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(079)-331/2021 nömrəli qətnaməsi ilə 1/2 hissəsi Cavabdeh mülkiyyətində saxlanılmaqla, digər 1/2 hissəsinə mənim mülkiyyət hüququm müəyyən edilmişdir. Cavabdeh ilə mənim adıma ünvan 2 ünvanında yerləşən 0.1394 kvadrat metr torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 96.36 kvadrat metr təşkil edən fərdi yaşayış evi 03 mart 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən qeydiyyatdan keçərək, onun payı 1/2 hissə, mənim payım 1/2 hissə olmaqla daşınmaz əmlakın dövlət reyestrində 23/10 nömrəli reyestr kitabının 1949 nömrəli vərəqində qeydiyyata alınmış və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hal-hazırda cavabdeh mübahisəli torpaq sahəsi və yaşayış evi üzərində mülkiyyət hüquqlarımı sərbəst həyata keçirməyimə imkan vermir və beləliklə də mənim Azərbaycan Respublikası Konstitusiyası ilə təminat verilən mülkiyyət hüququm pozulur. Hazırda həmin torpaq sahəsi və yaşayış evinin hansı hissəsinin mənim, hansı hissəsinin isə Cavabdeh məxsus olması ziddiyyətli olduğundan və məhkəmə qaydasında naturada bölünmədiyindən aramızda mübahisə davam edir. Bununla bağlı mediasiya xidmətinə müraciət etsəm də, aramızdakı mübahisə orada öz həllini tapmamışdır. Hesab edirəm ki, artıq aramızdakı bu mübahisə məhkəmə qaydasında həll edilməlidir. Beləliklə də ünvan 2 ünvanında yerləşən 0.1394 kvadrat metr torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 96.36 kvadrat metr təşkil edən fərdi yaşayış evi faktiki olaraq cavabdeh tərəfindən istifadə olunduğuna görə torpaq sahəsindən və yaşayış evindən mənə çatacaq payımın naturada ayrılaraq mənə verilməsini tələb edirəm. İddiaçı məhkəmədə verdiyi izahatında 1988-ci ildə İsmətlə nikaha daxil olduqlarını, birgə nikahlarından 3 uşağın olduğunu, 2021-ci ilin aprel ayında boşandıqlarını, ünvan 2 ünvanında birgə nikah dövründə torpaq alıb ev tikdiklərini, İsmətin iddiası əsasında daşınmaz əmlaklar üzərində ½ paylarının müəyyən edildiyini, yaşayış evinin 2 otaq, 1 salon, 1 mətbəx, hamam-tualet, dəhliz, açıq eyvan və zirzəmidən ibarət olduğunu, hazırda həm özünün, həm də cavabdehin həmin evdə qaldıqlarını, torpaq şöbəsindən bölgü ilə bağlı evə nümayəndə gəldiyini, onların dediyi bölgü ilə əvvəl İsmətin razı olmasına baxmayaraq, sonradan razılıq vermədiyini, evdə olan otaqlardan birində cavabdehin, digərində isə özünün qaldığını, hazırda özlərinin yaratdığı şərti bölgü ilə razı olmadığı, ekspertin rəyində qeyd etdiyi şərtlərlə bölgüyə etiraz etmədiyini, həmçinin rəydə qeyd edilən mənzillərin hər hansı birinin ona verilməsinə fərq qoymadığını, mənzildə olan yardımçı sahələrin hamısının cavabdehə verilməsinə razı olmadığını, cavabdeh razı olduğu halda özünün yaşadığı otağı onunla dəyişə biləcəyini, həyətin vəziyyətinə uyğun olaraq, yəni kanalizasiya xəttinə görə özünə başqa bir tərəfdən hamam tualet tikmək imkanın olmadığını, bu səbəbdən də həmin hissəsini qarşı tərəfə güzəşt etmək istəmədiyini, bir dəfə evə gələndə qaldığı otağın qapısının açıldığını və əşyalarının bayıra atıldığını gördüyünü, indi də bu səbəblərə görə payının ayrılmasını istədiyini, əslində isə payının ayrılması barədə iddia qaldırmasının səbəbi cavabdehin evi ayırmaq istəməsindən qaynaqlandığını, hazırda İsmətin qızı və onun iki övladı ilə yaşadığını qeyd edərək, yekunda iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmədə verdiyi izahatında iddiaçı ilə 1989-cu ildə ailə qurduqlarını, birgə nikahlarından iki oğlan, bir qız övladının olduğunu, 2021-ci ilin aprel ayında aralarında bağlanmış nikahın pozulduğunu, öz tələbi əsasında ünvan 2-da yerlən evə və Nizaminin istifadə etdiyi maşına 1/2 hüququnun tanındığını, hazırda özünün və iddiaçının həmin evdə qaldıqlarını, evin iki otaq, bir salon, açıq eyvan, hamam-tualet, mətbəx və zirzəmidən ibarət olduğunu, evin iki otağında iddiaçının, bir otağında isə oğlu, qızı və iki nəvəsi ilə birlikdə özünün qaldığını, özünün iddiaçıya otağın birini ona verməsini, əvəzində pay verməsini təklif etdiyini, amma Nizaminin onun bu təklifini qəbul etmədiyini, iddiaçının əmisi qızı ilə nikaha daxil olmasına baxmayaraq, onlarla birlikdə yaşamadığını, ekspertin rəyində qeyd etdiyi bölgü ilə razı olmadığını, buna səbəb isə iddiaçıya münasibətdə özünün ailəsinin geniş olduğunu, bu səbəbdən həm mətbəxə, həm də hamam-tualetə ehtiyacı olduğunu, hazırda özlərinin yaratdığı bölgüyə uyğun evin bölünməsini istədiyini, bunu isə Nizaminin qəbul etmədiyini, hazırda özünün yaşadığı otağı qarşı tərəfə vermək istəmədiyini, əgər iddiaçı qəbul edərsə hamam-tualeti, mətbəxi özü götürüb əvəzində ona otaq vermək istədiyini, maddi imkanı olmadığı üçün həyətdə əlavə tikili apararaq hamam-tualet tikə bimədiyini qeyd edərək, yekunda daşınmaz əmlakların bölünməsinə etiraz etmədiyini bildirmişdi. Mülki iş materiallarını tərəflərin izahatları ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, ünvan 3 ünvanında yerləşən 0.1394 hektar həyətyanı torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 96.36 kvadrat metr təşkil edən fərdi yaşayış evinin tərəflərin paylı mülkiyyətində olması, hazırda hər iki tərəfin həmin daşınmaz əmlaklardan istifadə edərək orada yaşaması, onun bölünməsi barədə aralarında razılıq olmaması və onlar arasında bağlanmış nikahın pozulması mülki işin mübahisəsiz halıdır. Qeyd edilənlərin mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilən Babək Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(079)-331/2021 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən ünvan 1 ünvanında yerləşən 0,1394 kvadrat metr torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 96,36 kvadrat metr təşkil edən fərdi yaşayış evi üzərində tərəflərin ½ hüququnun tanınması, həmçinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan həmin daşınmaz əmlakların ½ hissəsinin İddiaçı və digər ½ hissəsinin isə Cavabdeh mülkiyyətində olması; -tərəflərin məhkəmədə verdiyi izahatlarından ünvan 3 ünvanında yerləşən 0.1394 hektar həyətyanı torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 96.36 kvadrat metr təşkil edən fərdi yaşayış evindən hazırda hər iki tərəfin istifadə edərək orada yaşaması və paylarının naturada ayrılması barədə mülkiyyətçılər arasında razılıq olmaması; -iddia ərizəsinə əlavə edilən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 221841 nömrəli, 19 aprel 2021-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflər arasında bağlanmış nikahın pozulması aydın olur. İddiaçının isə ünvan 1 ünvanında yerləşən 0,1394 kvadrat metr torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 96,36 kvadrat metr təşkil edən fərdi yaşayış evindən ona çatan payın naturada ayrılmasını tələb etməsi işin mübahisəli halıdır. İşin mübahisə halının hüquqi həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİİ və İV hissələri). Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Əgər bu hüququn subyekti birdən artıq olduqda əmlak üzərində ümumi mülkiyyət hüququ yaranır ki, bunun da növləri birgə və paylı mülkiyyətdən ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülki işin mübahisəsiz hallarından mübahisə predmeti olan daşınmaz əmlakların tərəflərin ümumi paylı mülkiyyətində olması və onların hər birinin payının müəyyən edilməsi öz təsdiqini tapır. İddiaçı isə mübahisə predmeti üzrə özünün payının naturada ayrılmasını tələb etdiyindən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.4-cü maddəsinə görə ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələrində isə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki işin məhkəmədə araşdırılması zamanı isə mülkiyyətçilər arasında ümumi paylı mülkiyyətdə olan əşyaların bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair razılığın əldə olunmaması müəyyən olunur. Bütün bu yuxarıda qeyd edilənləri ümumiləşdirdikdə məhkəmə iddiaçının öz mülkiyyət hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etməsində hər hansı bir qanuna zidd hal müəyyən etmir. Lakin yuxarıda qeyd edilən maddi hüquq normasının tələbindən də göründüyü kimi ümumi mülkiyyətin iştirakçısı olan mülkiyyətçinin öz payının naturada ayrılması tələbinin əsaslı sayılmasının zəruri olan şərtlərindən biri həmin əşyanın mülkiyyətçinin payına münasibətdə naturada ayrılmasının mümkünlüyüdür. Mübahisə predmeti olan daşınmaz əmlakın naturada bölünməsinin mümkün olubolmamasının müəyyən edilməsi isə xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmə iddiaçının vəsatəti əsasında 28 aprel 2022-ci il tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspert qarşısına ünvan 1 ünvanında yerləşən 0,1394 kvadrat metr torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 96,36 kvadrat metr təşkil edən fərdi yaşayış evinin 1/2 hissəsinin təcrid olunmuş qaydada ayrılaraq onun mülkiyyətçilərindən biri olan İddiaçı verilməsi texniki cəhətdən mümkün olub-olmaması və əgər ümumi mülkiyyətin naturada bölgüsü mümkündürsə bunun hansı qaydada aparılmalı olması suallarını qoymuşdu. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 21 iyun 2022-ci il tarixli, 126 nömrəli məhkəmə tikinki-texniki ekspertizasının rəyinin nəticə hissəsində qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 03 mart 2022ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,1394 kvadrat metr torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 96,36 kvadrat metr təşkil edən fərdi yaşayış evinin ½ (ikidə bir) hissəsi təcrid olunmuş qaydada ayrılaraq onun mülkiyyətçilərindən biri olan İddiaçı verilməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9-cu bəndlərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Ekspert bu nəticəyə gəlməsini isə əsaslandıraraq bildirmişdi ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X2 Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr idarəsi tərəfindən 10 avqust 2012-ci il tarixdə tərtib edilmiş texniki pasportda olan göstəricilərinə əsasən, tədqiq olunan ev 2012-ci ildə inşa olunmuş, bir mərtəbəli, zirzəmisi olan bir salon və iki otaqdan ibarət «A» literli fərdi yaşayış evidir. «A» literli fərdi yaşayış evinin ümumi sahəsi 96,36 kvadrat metr, o cümlədən yaşayış sahəsi 60,30 kvadrat metr, köməkçi (yardımçı) sahəsi 36,06 kvadrat metr olub, evin tərkibində sahəsi 28,61 kvadrat metr olan salon, sahələri 18,69 kvadrat metr və 13,00 kvadrat metr olan iki yaşayış otağı sahəsi 17,47 kvadrat metr olan dəhliz, sahəsi 11,20 kvadrat metr olan mətbəx, sahəsi 3,85 kvadrat metr olan hamam, sahəsi 1,58 kvadrat metr olan sanitariya qovşağı, sahəsi 1,96 kvadrat metr olan sanitariya qovşağına aid olan dəhliz və sahəsi 44,31 kvadrat metr olan açıq eyvan tikililərindən ibarətdir. Evin daxili hündürlüyü 2,90 metrdir. Fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpağın sənəd üzrə faktiki sahəsi 1394,10 kvadrat metr, o cümlədən tikinti altı sahə 169,28 kvadrat metr, digər sahələr 1213,14 kvadrat metr olub, həmin həyətyanı torpaq sahəsi iki tərəfdən yol ilə bir tərəfdən su yolu ilə bir hissədən isə qonşu torpaq sahələri ilə əhatə olunmuşdur. Tədqiqatın aparılması üçün iş üzrə tərəflərin və ekspertin iştirakı ilə tədqiq olunan fərdi yaşayış evinə və onun həyətyanı torpaq sahəsinə baxış keçirilmiş, ekspert tərəfindən ev üzrə müvafiq ölçü işləri aparılmış, tədqiqat obyektlərinin fotoşəkilləri çəkilərək zəruri olan məlumatlar əldə edilmiş və mülki iş materiallarından istifadə olunmuşdur. Baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan «A» literli fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi iki tərəfdən qonşu sahələrlə, bir tərəfdən küçə yolu ilə, bir tərəfdən isə su arxı və yaşıllıq zolağı ilə əhatə olunmuşdur. Həmin həyətyanı torpaq sahəsinin daxilində texniki pasportda öz əksin tapmış «A» literli fərdi yaşayış evi və «İ» literli hasar yerləşir. Tədqiq olunan həmin fərdi yaşayış evinin daxili tikililərinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, ev faktiki olaraq çay daşı, mişar daşı, tuğla və birket daşdan inşa olunmuş, zirzəmisi olan bir mərtəbəli fərdi yaşayış evidir. Həmin fərdi yaşayış evinin tərkibi bir salondan, iki ədəd yaşayış otağından, açıq eyvandan, sanitar qovşağından, hamamdan, mətbəxdən və ayrı-ayrılıqda yerləşən dəhlizlərdən ibarətdir. Fərdi yaşayış evinə və onun yerləşdiyi həyətyanı torpaq sahəsinə giriş-çıxış yolu isə həmin evin yan fasad hissəsindən texniki pasportda öz əksini tapmış dəmir alaqapı (darvaza) vasitəsi ilədir. Tədqiq olunan «A» literli fərdi yaşayış evinin ilkin vəziyyətini əks etdirən texniki pasportun surəti ilə mövcud vəziyyəti müqayisə olunarkən, «A» literli fərdi yaşayış evində iddiaçı və cavabdeh tərəfindən onların bir-birindən təcrid olunması məqsədi ilə orada müəyyən konstruktiv dəyişikliklərin, o cümlədən söküntü və təmir işlərinin aparıldığı, yəni texniki pasportda sahəsi 28,61 kvadrat metr olan salonun və sahəsi 18,69 kvadrat metr olan yaşayış otağının qapı boşluqları bağlanılmış və salonun daxilində olan pəncərə boşluğu qapı ilə əvəz edilərək həmin sahədə iddiaçı, digər sahədə isə cavabdehin hazırda istifadəsində olduğu müəyyən edilmişdir. «A» literli fərdi yaşayış evinin sənəd üzrə göstərilən tikililərinin ayrı-ayrılıqda sahələri, ölçüləri və hündürlüyü aşağıdakı kimi müəyyən olunmuşdur: -1 saylı açıq eyvanın sahəsi 44,31 kvadrat metr, hündürlüyü 2,90 metr - 2 saylı dəhlizin sahəsi, 17,47 kvadrat metr; - 3 saylı salonun sahəsi 28,61 kvadrat metr; - 4 saylı otağın sahəsi 18,69 kvadrat metr; - 5 saylı sanitar qovşağın sahəsi 1,58 kvadrat metr, hündürlüyü 2,90 metr - 6 saylı dəhlizin sahəsi 1,96 kvadrat metr - 7 saylı hamamın sahəsi 3,85 kvadrat metr - 8 saylı mətbəxin sahəsi 11,20 kvadrat metr - 9 saylı otağın sahəsi 13,00 kvadrat metr İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.9-cu bəndlərində və metodik vəsaitdə (Məmmədov M.N. «Məhkəmə tikinti-texniki ekspertizasının həlli metodları» Bakı- 2008) göstərilir ki, yaşayış otaqlarının hündürlüyü (döşəmədən tavana qədər olan məsafə) 2.5 metrdən və yardımçı tikili daxili koridorun hündürlüyü isə 2.1 metrdən az olmamalıdır. Mənzillərdə yaşayış - ümumi və yataq otaqları, yardımçı - mətbəx, dəhliz, hamam, tualet, koridor, şüşəbənd, təsərrüfat anbarı və s. tikililər nəzərdə tutulmalıdır. Yaşayış otaqlarının sahəsi 8 kvadrat metrdən az olmamalıdır. Yaşayış otaqlarının eni 2,2 metrdən az olmamalıdır. Yaşayış otağı tikintinin bir hissəsi olub, təbii işıq və istilik sistemi ilə təmin olunmalıdır. Mənzil küçəyə, həyətə, koridora, pilləkən meydançasına yolu olan, digər tikililərdən sırf arakəsmə və ya boşluğu olmayan divarla təcrid olunmuş tikililərdir. Evlərin (mənzillərin, tikililərin və s.) və torpaq sahəsinin tərəflər (mülkiyyətçilər) arasında bölgüsü yalnız təcrid mənzillər və sahələr şəklində aparılmalıdır, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, hamam, tualet və s.) tikililəri, torpaq sahələri və bu tikililərə (sahələrə) ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Aparılmış hesablamalar nəticəsində, tədqiq olunan «A» literli fərdi yaşayış evinin ümumi sahəsinin 96,36 kvadrat metr, o cümlədən yaşayış sahəsinin 60,30 kvadrat metr, yardımçı sahənin 36,06 kvadrat metr və həyətyanı torpaq sahəsinin 1394,10 kvadrat metr təşkil etdiyini nəzərə alaraq, evin və onun yerləşdiyi həyətyanı torpaq sahəsinin ½ (ikidə bir) hissəsinin hesablamaları aşağıdakı kimi müəyyən olunur: -Ümumi sahə üzrə 48,18 kvadrat metr (96,36 : 2) -Yaşayış sahəsi üzrə 30,15 kvadrat metr (60,30 : 2) -Yardımçi sahə üzrə 18,03 kvadrat metr (36,06 : 2) - Həyətyanı torpaq sahəsi üzrə - 697,05 kvadrat metr (1394,10 : 2) Həyətyanı torpaq sahələrinin (torpaqların, boş sahələrin və s.) tərəflər (mülkiyyətçilər, istifadəçilər) arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır, yəni bölgü zamanı, tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda nəqliyyat və piyada üçün giriş-çıxış yolları olmalıdır. Tədqiq olunan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin və onun həyətyanı torpaq sahəsinin planlı yerləşməsi, evin yaşayış və yardımçı tikililəri ilə təmin olunmasını, eləcə də fərdi yaşayış evinə mövcud vəziyyətdə evin müxtəlif hissəsindən giriş-çıxış (gedişgəliş yollan) yollarının olduğunu nəzərə alaraq, tərəflərin istifadələrinə verilmiş həyətyanı torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin faktiki vəziyyətinə görə, tərəflərin payına düşən ümumi, yaşayış və yardımçı sahələrinin yuxarıda göstərilən normativ sənədlərin bəndlərində nəzərdə tutulmuş texniki parametrlərə uyğun olmasını, yəni həmin paylara düşən sahə müvafiq bəndlərdə nəzərdə tutulmuş sahələrin bərabərlik təşkil etdiyi nəzərə alınmaqla, iddiaçı və cavabdehin ½ (ikidə bir) paylarına uyğun təcrid mənzillər şəklində ayrılması (bölünməsi) texniki cəhətdən mümkündür. Ekspert rəyində fərdi yaşayış evinin ½ (ikidə bir) hissədə payının bölünməsi (ayrılması) qaydasını isə aşağıdakı kimi müəyyən etmişdi; -Fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi tərəflərin (mülkiyyətçilərin) ümumi istifadəsində saxlanılmalı: - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X2 Xidməti tərəfindən verilmiş 10 avqust 2020-ci il tarixli, **********27-10301 nömrəli Daşınmaz əmlakın texniki pasportu üzrə «A» literli fərdi yaşayış evinin daxilində dəhliz tərkibində bir tərəfdən (sahəsi 44.31 kvadrat metr olan açıq eyvan tərəfdən) uzunu 3,42 metr, bir tərəfdən uzunu 5,34 metr, eni isə 2,00 metr arakəsmə inşa edilməli; - ümumi sahəsi 28,61 kvadrat metr olan salonun daxilində bir tərəfdən (sahəsi 44.31 kvadrat metr olan açıq eyvan tərəfdən) eni 3,12 metr, bir tərəfdən eni 2,31 metr uzunu isə 5,45 metr olan arakəsmə inşa edilməli; - sahəsi 6.83 kvadrat metr olan yeni yaradılmış dəhliz və sahəsi 17,15 kvadrat metr olan yeni yaradılmış salon üzrə (sahəsi 44.31 kvadrat metr olan açıq eyvan tərəfdən) 1-ci, sahəsi 10,64 kvadrat metr olan yeni yaradılmış dəhliz və sahəsi 11.46 kvadrat metr olan yeni yaradılmış salon üzrə 2-ci mənzil yaradılmalı; - yaradılmış 1-ci mənzil üzrə mətbəx sahəsinin daxilində qapı boşluğu bağlanmalı, sahəsi 13,00 kvadrat metr olan yaşayış otağının daxilində mətbəx sahəsinə keçid üçün qapı boşluğu açılmalı, - yaradılmış 2-ci mənzil üzrə aparılacaq konstruktiv dəyişikliklər zamanı salonun daxilində yeni yaradılmış sahəsi 11,46 kvadrat metr olan yaşayış otağının daxilində sahəsi 10.64 kvadrat metr olan dəhlizə qapı və salonun çöl divarında isə pəncərə boşluğu açılmalı, -2-ci mənzilin yaşayış və köməkçi sahələrinə giriş-çıxış üçün ayrılmış, yəni sahəsi 10,64 kvadrat metr olan dəhlizin daxilində mövcud olan pəncərə boşluğu sökülərək əvəzinə giriş-çıxış üçün qapı və pilləkən marşı quraşdırılmalı, -ayrılmış sahələrə düşən fərdi yaşayış evinin köməkçi sahələrinin tərkibində və ya onun yerləşdiyi həyətyanı sahənin münasib yerlərində yaradılmış mənzillər üzrə istifadələrində olmayan mətbəx, hamam və ayaqyolu təyinatlı köməkçi tikililər inşa edilməlidir. Məhkəmə ekspert qarşısına ünvan 1 ünvanında yerləşən 0,1394 kvadrat metr torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 96,36 kvadrat metr təşkil edən fərdi yaşayış evi naturada bölgüsünün mümkünlüyü barədə sual qoysa da, ekspertin rəyindən görünür ki, o, fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi tərəflərin (mülkiyyətçilərin) ümumi istifadəsində saxlanılmalı olduğunu qeyd etmişdi. Ekspert rəyinin nəticə hissəsində tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsinin texniki cəhətdən ayrılmasının mümkün olması qeyd edilsə də, rəyin nəticə hissəsində onun hansı qaydada bölünməli olması göstərilməmiş, həmçinin rəyin əsaslanma hissəsində ekspert ünvan 3 ünvanında yerləşən 0.1394 kvadrat metr torpaq sahəsinin tərəflərin (mülkiyyətçilərin) ümumi istifadəsində saxlanılmalı olduğu qeyd edilmişdi. Məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş sualların tam cavablandırılmaması müəyyən edildiyindən qeyd edilən məsələnin araşdırılması üçün məhkəmənin 18 iyul 2022ci il tarixli qərardadı ilə əlavə ekspertiza təyin edilmişdi. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 07 sentyabr 2022-ci il tarixli, 205 nömrəli məhkəmə tikinki-texniki ekspertizasının rəyinin nəticə hissəsində qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 03 mart 2022ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,1394 kvadrat metr həyətyanı torpaq sahəsinin ½ hissəsinin təcrid olunmuş qaydada ayrılaraq onun mülkiyyətçilərindən biri olan İddiaçı verilməsi Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-in «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə müvafiq olaraq mümkün olduğu müəyyən edilmişdir. Ekspert bu nəticəyə gəlməsini isə əsaslandıraraq bildirmişdi ki, həyətyanı torpaq sahəsinin ümumi sahəsi 1394,10 kvadrat metr təşkil edir, bu zaman həmin həyətyanı torpaq sahəsi üzrə 1/2 paylar 697,05 kvadrat metr müəyyən olunur. Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-in «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərində göstərilir ki, yaşayış evi ilə küçəni birləşdirən, piyadalar üçün nəzərdə tutulan yolun eni 1,5 metr, hərəkət (avtomobil) yolunun eni isə 2,50-2,75 metr olmalıdır. Həyətyanı torpaq sahələrinin (torpaqların, boş sahələrin və s.) tərəflər (mülkiyyətçilər, istifadəçilər) arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır, yəni bölgü zamanı, tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda piyada və nəqliyyat üçün giriş-çıxış yolu olmalıdır. Yuxarıda göstərilənlərlə əlaqədar, tədqiq olunan həyətyanı torpaq sahəsinin faktiki vəziyyəti, planlı yerləşməsi, iki tərəfdən küçə ilə əhatə olduğu, həyətyanı torpaq sahəsinin digər texniki göstəricilərini nəzərə alaraq tərəflərin sərəncamına düşən 1/2 hissə paylarının naturada bölünməsi texniki cəhətdən mümkündür. Həyətyanı torpaq sahəsinin 1/2 hissədə olan paylarının bölünməsi üçün aşağıdakı yenidənqurma işləri yerinə yetirilməlidir: - Tədqiq olunan həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yan fasad hissəsindən sağ istiqamətə doğru uzunu 13.28 metr, onun son nöqtəsindən həyətyanı sahənin yuxarı hissəsinə doğru isə 27,21 metr hasarı çəkilməklə, 1-ci və 2-ci mənzillər yaradılmalıdır (yaşıl və narıncı rəngdə ştrixlənmiş sahələr). Eyni zamanda mülkiyyətçilərin istifadəsinə ayrılmış həyətyanı torpaq sahələrinə giriş-çıxış üçün 1-ci mənzil üzrə mövcud olan hasar qapısı yerində saxlanılmalı, 2-ci mənzil üzrə ayrılmış həyətyanı torpaq sahəsinə giriş-çıxış üçün isə həyətin yuxarı hissəsindən hasar qapısı quraşdırılmalıdır (bax rəyə əlavə olunmuş plan-sxemə). İlkin ekspertiza tədqiqatı zamanı fərdi yaşayış evinin 1/2 payları üzrə bölgüsü aparılmışdır. Həmin fərdi yaşayış evi üzrə aparılmış bölgü nəticəsində, tərəflərin istifadəsində olan 1394,10 kvadrat metr həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin 180,96 kvadrat metr tikinti altı sahə olduğunu nəzərə alsaq, bölgü zamanı tərəflərin (iddiaçı və cavabdeh) 1/2 paylarından faktiki istifadəsində olan (plansxemdə yaşıl və narıncı rəngdə ştrixlənmiş sahə) həyətyanı torpaq sahəsindən hər birinə ayrı- ayrılıqda 606,57 kvadrat metr (1394,10-180,96=1213,14:2) təşkil edəcəkdir (bax plansxemə). Bu zaman, 1-ci və 2-ci mənzillər üzrə ayrılmış həyətyanı torpaq sahələrinə düşən tərəflərə onlara çatacaq 1/2 paydan 606,57 kvadrat metr ümumi sahələrin bərabər düşdüyü müəyyən olunur. Məhkəmə ekspert rəyini işin faktiki halları ilə qarşılıqlı şəkildə araşdıraraq belə hesab edir ki, onlar tərəflərin payı mülkiyyətində olan mübahisə predmetinin naturada bölünməsinin mümkün sayılması ilə bağlı sübut sayıla bilməz. Belə ki, ekspert rəylərində daşınmaz əmlakların texniki cəhətdən bölünməsinin mümkün olması qeyd edilsə də, işin mübahisəsiz hallarından görünür ki, həm fərdi yaşayış evi, həm də onun üzərində yerləşdiyi torpaq sahəsi tərəflərin paylı mülkiyyətindədir və hər birinin payı bərabərdir. Bu isə o deməkdir ki, fərdi yaşayış evinin hər bir sahəsi üzrə (həm yaşayış, həm də köməkçi sahələr üzrə) mülkiyyətçilərin payı təmin edilməlidir. Ekspertin rəyindən isə görünür ki, fərdi yaşayış evi üzrə tərəflərin hər birinə otaqlar, dəhlizdən pay verilməsi mümkün olsa da, köməkçi sahələr mətbəx və sanitar qovşağı üzrə onların payının təmin edilməsi həyata keçirilə bilmir. Məhkəmə onu da qeyd etməyi vacib hesab edir ki, tərəflərin daşınmaz əmlaklar üzrə payının təmin edilmədiyi hissə onların gündəlik tələbatlarının həyata keçirilməsi üçün zəruri olan hissəsidir. İşin məhkəmə araşdırılması zamanı isə tərəflərin fərdi yaşayış evinin qeyd edilən hissəsi ilə bağlı razılığa gəlməməsi müəyyən edilir. Bu tərəflərin məhkəmədə verdiyi izahatlar və cavabdehin məhkəməyə təqdim etdiyi 06 oktyabr 2022-ci il tarixli ərizə ilə öz təsdiqini tapır. Yuxarıda qeyd edilənlər isə özlüyündə ünvan 1 -da yerləşən sahəsi 96,36 kvadrat metr təşkil edən fərdi yaşayış evinin tərəflərin payı gözlənilməklə naturada bölgüsünü istisna edir. Eyni ünvanda yerləşən və mübahisə predmeti olan sahəsi 0,1394 kvadrat metr torpaq sahəsinin bölünməsinin mümkünlüyünə gəldikdə isə ekspertin rəyinin əsaslanma hissindən aydın olur ki, torpaq sahəsinin 180,96 kvadrat metr hissəsi tikinti altı sahədir, yəni fərdi yaşayış evi və həyətdə olan digər tikinti sahələri bu torpaq sahəsinin üzərinə düşür. Tərəflərin paylı mülkiyyətində olan fərdi yaşayış evinin naturada bölünməsi mümkün olmadığından, mübahisə predmeti olan torpaq sahəsi bu sahəni də əhatə etdiyindən məhkəmə iddia tələbini bu hissədə də əsaslı hesab etmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ünvan 3 ünvanında yerləşən 0.1394 hektar həyətyanı torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 96.36 kvadrat metr təşkil edən fərdi yaşayış evinin texniki cəhətdən ayrılması mümkün olmadığından İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakların naturada bölünməsi tələbi əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia əsaslı sayılmadığından İddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia rədd olunmalı; - İddiaçı Cavabdeh qarşı ünvan 3 ünvanında yerləşən 0.1394 hektar həyətyanı torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 96.36 kvadrat metr təşkil edən fərdi yaşayış evinə olan ½ payının naturada ayrılması tələbi əsassız sayılmalı; - İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia rədd olunsun. İddiaçı Cavabdeh qarşı ünvan 3 ünvanında yerləşən 0.1394 hektar həyətyanı torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 96.36 kvadrat metr təşkil edən fərdi yaşayış evinə olan ½ payının naturada ayrılması tələbi əsassız sayılsın. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-164/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-164/2022
27.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver