Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-183/2022 17.06.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı məcburi çıxarma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 28 mart 2022-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh onun mülkiyyətində olan Naxçıvan Muxtar Respublikası Babək rayon Gülşənabad kəndində yerləşən yeməkxana sahəsindən məcburi qaydada çıxarılması qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, iddiasını əsaslandıraraq bildirmişdir ki, mən Cavabdeh ilə 27 noyabr 1990cı il tarixdə nikahımızı rəsmiləşdirib ailə qurmuşuq. Bizim həmin nikahdan üç nəfər övladımız doğulmuşdur. Hal-hazırda müəyyən səbəblərdən aramızda olan nikahın pozulması barədə Babək rayon Məhkəməsində iddia qaldırmışam. Həmin mülki iş məhkəmənin icraatındadır. Biz nikahda olduğumuz müddətdə Naxçıvan Muxtar Respublikası Babək rayon Gülşənabad kəndində 100.25 ha torpaq sahəsi alıb üzərində yeməkxana binası inşa etmişik. Həmin yeməkxananı bağışlama müqaviləsi əsasında mən xx.xx.2021-ci il tarixdə **********26-06301 reyestr və ********** qeydiyyat nömrəsi ilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində qeydiyyatdan keçirib adıma çıxarış almışam. Lakin boşanma ərəfəsində olduğum ərim Cavabdeh həmin yeməkxananı mənim xəbərim və razılığım olmadan başqalarına icarə verib, aldığı icarə haqqını özü mənimsəyir, mənə vermir və mənimlə nikahda ola-ola yeməkxanada qeyri rəsmi saxladığı qadına xərcləyir. Mənə və övladlarıma həmin aldığı icarə haqqından bir qəpik olsun belə vermir. Mən mülkiyyətçi kimi ondan bu kimi hərəkətlərinə son qoyub, mülkiyyətimdə olan yeməkxananın icarə haqqını ondan dəfələrlə tələb etsəm də bundan boyun qaçırıb, birmənalı olaraq vermək istəmir. Qeyd edirəm ki, həmin yaməkxananın ½ hissəsi əvvəldən mənim mülkiyyətimdə olub, digər ½ hissəsini isə bağışlama müqaviləsi əsasında hədiyyə kimi əldə etmişəm. Hal-hazırda mənim mülkiyyətimdədir. Lakin qazancını Cavabdeh mənimsəyir. Məni mülkiyyətimdə olan yeməkxananı istədiyim kimi istifadə edib, işlətməyimə imkan vermir. Hesab edirəm ki, mübahisə yalnız məhkəmə qaydasında həll edilməlidir. Tələbimin əsası kimi istinad etdiyim fakt və halların siyahısı olaraq şəxsiyyət vəsiqələrinin surətini, doğum haqqında şəhadətnamənin surətini, çıxarışın surətini, qeydiyyat yerindən arayışları və dövlət rüsumunun qəbzini iddia ərizəsinə əlavə edirəm. İddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək mülki işə “Cavabdeh Naxçıvan Muxtar Respublikası Babək rayonu Gülşənabad kəndində yerləşən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus, sahəsi 100.25 m2 olan qeyri-yaşayış binasından məcburi qaydada çıxarılması” şəklində baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işə dəqiqləşdirilmiş iddia elementləri nəzərə alınmaqla baxmışdır. İddiaçı məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, Cavabdeh ilə 27 noyabr 1990-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçib ailə həyatı qurmuşuq. 1993-cü il tarixdən hazırki yeməkxananın yerləşdiyi torpaq sahəsini bələdiyyədən icarəyə götürüb müxtəlif məqsədlərlə istifadə edib qazanc əldə etmişdir. Əvvəllər maşınqayırma sexi olaraq istifadə etmiş, sonradan isə ictimai-iaşə obyektinə çevirmişdir. Yeməkxana sahəsini başa gətirmək üçün cavabdeh fərdi sahibkar olaraq müxtəlif kredit təşkilatlarından müxtəlif vaxtlarda kredit götürmüş, birgə səylərimiz hesabına həmin kreditləri bağlamışıq. Son beş il ərzində münasibətlərimiz korlanmağa başlamışdır. Belə ki, cavabdeh yeməkxana hazır olduqdan sonra başqa qadınları həmin yeməkxanada işlətmiş, evinə isə gəlməməyə başlamışdır. Artıq 5 ilə yaxındır ki, Cavabdeh həmin yeməkxanada yaşayır. Aramızda olan məhkəmə mübahisəsi gedişində cavabdeh yeməkxana sahəsini mənim adıma keçirmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə bağlanmış bağışlama müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdən etibarən Babək rayonu, Gülşənabad kəndində yerləşən Payız bələdiyyəsinə məxsus torpaq sahəsi üzərində icarə hüququ əsasında tikilmiş qeyri-yaşayış binası mənim mülkiyyətimə verilmişdir. Bunu çıxarış təsdiq edir. Lakin buna baxmayaraq cavabdeh əvvəlki qaydada yeməkxananı işlətməyə, orada yaşamağa davam etmiş, mənim və oğlumun ora girişimizə mane yaratmışdır. Bildiyim qədərilə cavabdeh yeməkxana sahəsini aylıq icarə haqqı 1500 manata başqa birinə icarəyə vermişdir. Həmin məbləğdən isə özü faydalanır. Həmçinin orada bağban və mühafizəçi kimi işləyir. Mən mülkiyyətimdə olan obyektdən istifadə etmək və fayda götürmək istəyirəm. Bunun üçün isə Cavabdeh məcburi şəkildə oradan çıxarılmasına ehtiyac vardır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasında izahat verərək bildirmişdir ki, iddiaçı mənim anam, cavabdeh isə atamdır. Babək rayonu Gülşənabad kəndində yerləşən qeyri-yaşayış binası 1998-ci ildən atamla anamın birgə səyləri hesabına tikilməyə başlanıb, həmin yeməkxananın tikintisində bütün ailə üzvləri iştirak edib. Yeməkxana Payız bələdiyyəsi ilə bağlanan icarə müqaviləsi əsasında cavabdehə verilmiş bələdiyyəyə məxsus torpaq sahəsində inşa edilib. 2013-cü ildə yeməkxana sahəsi tam hazır olduqdan sonra dövlət reyestrində atam Cavabdeh adına rəsmi şəkildə qeydə alınıb. Həmin vaxt restoran bir böyük salon və bir mətbəxdən ibarət olmuşdur. Hazırda orada 1 böyük zal və 4 kupe tikiliyə daxil olmaqla, 3 ədəd isə sonradan əlavə edilmiş taxta kupe var. Həmin taxta kupelər 2016-cı ildə cavabdehlə X6 arasında bağlanan ortaqlıq müqaviləsindən sonra tikilib. Cavabdeh 2013-cü ildən oranı müxtəlif şəxslərə icarəyə vermiş və həmin müddətdə özü yeməkxanaya nəzarət etmişdir. Atam 2016-cı ilədək yeməkxanadan gələn gəliri ailə üzvləri ilə, yəni bizimlə paylaşırdı. Ortağı Sənanla 1 il 10 ay oranı işlətdikdən sonra cavabdeh oradan gələn gəlirləri qeyri-rəsmi saxladığı qadın X5 ilə həmin yeməkxanada yaşayıb işləməklə mənimsəməyə başladı. Bundan sonra məhkəmədə cavabdehə qarşı qaldırdığımız iddiaya baxılarkən məhkəmədənkənar qaydada razılaşma əsasında yeməkxana sahəsi xx.xx.2021-ci il tarixdə anam İddiaçı bağışlandı və əmlak dövlət reyestrində iddiaçının adına qeydiyyata alındı. Hazırda da əmlak iddiaçının adınadır. Buna baxmayaraq iddiaçı həmin əmlakdan istifadə edə və faydalana bilmir. Çünki cavabdeh bağışlama müqaviləsindən əvvəl yeməkxana sahəsini icarəyə verdiyi şəxslərlə müqavilə münasibətlərini davam etdirir və ayda 1500 manat icarə haqqı alır. İddiaçıya isə gündəlik məişət xərclərini ödəmək üçün belə köməklik etmir. Həmin tarixdən əvvəl cavabdeh yeməkxana sahəsini Kəngərli rayonu, Xok kənd sakini Rəşad Məmmədova şifahi müqavilə əsasında 1500 manata icarəyə vermişdi, hazırda da yeməkxana onun istifadəsindədir. Cavabdeh oradan gələn gəlirdən özü faydalanır. Özü də halhazırda yeməkxanada yaşayır və oraya nəzarət edir. ir. Dəfələrlə cavabdehdən yeməkxanadan çıxmasını xahiş etsək də, o yeməkxanadan çıxmayıb. İddianın təmin olunmasını və iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması, cavabdehin yeməkxana sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirəm. Cavabdeh məhkəmə baxışı iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı ilə 27 noyabr 1990-cı il tarixdə nikahımızı rəsmiləşdirib ailə həyatı qurmuşuq. 1997ci ildən Payız bələdiyyəsinə məxsus torpaq sahəsini icarəyə götürüb müxtəlif məqsədlərlə maşınqayırma sexi və s. kimi istifadə etmişəm, daha sonra oranı yaşıllaşdırıb, bulağını təmizlədib, açdırmışam. Bütün bunları vergi ödəyicisi kimi qeydiyyata düşüb müxtəlif təşkilatlardan kreditlər götürərək etmişəm. 1998-ci ildə oranın təyinatının dəyişib yeməkxana sahəsi inşa etməyə başladım. Birgə nikah dövründə 2013-cü ildə Payız bələdiyyəsinə məxsus 1006.94 m2 torpaq sahəsi üzərində icarə hüququ əsasında Babək rayonu Gülşənabad kəndində 100.25 m2 ölçüdə qeyri-yaşayış binası – ictimai iaşə obyektini inşa edib başa çatdırdım. Yeməkxana sahəsini 2000-ci ildə Aqrar Bankdan 2000 manat məbləğində, 2010-cu ildə İqtisadi İnkişaf Nazirliyindən arıçılığın inkişafı üçün 10000 manat, 2013-cü ildə isə balıqçılığın inkişafı üçün isə 27000 manat məbləğində, 2012-ci ildə isə Naxçıvan MMC-dən abadlaşdırma işləri üçün 5000 manat məbləğində kredit götürərək inşa etmişəm. Həmin kreditləri restoranın təmir-tikintisinə sərf etmişəm. Hazırda həmin restoran “Körpü” Ailəvi Restoranı” adı ilə fəaliyyət göstərir. Yeməkxana sahəsinin üzərində yerləşdiyi 1006.94 m2 torpaq sahəsi 11 iyul 2013-cü ildə Payız Bələdiyyəsinin 11 iyul 2013-cü il tarixli, 7 nömrəli qərarı əsasında 15 il müddətinə icarəyə götürmüşəm. 2013-2016-cı illərdə oranı özüm işlətmişəm. Daha sonra 2016-cı il fevral ayının 10-dan Babək rayon Cəhri kənd sakini X6 ilə həmin restoranı şərik olaraq işlətmək barədə razılaşdıq. Restoranı 1 il ortağım, 1 il mən işlədirdim. Lakin daha sonra onunla münasibətlərimiz pozuldu və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin qətnaməsi əsasında X1 50000 manat məbləğində borcumun olması barədə qətnamə qəbul olundu. Hazırda həmin qətnamə hissə-hissə ödəmə şərti ilə icra olunur və mən ayda 1000 manat Sənan Novruzova pul ödəyirəm. Həmin vaxtadək iddiaçı ilə münasibətlərimiz normal idi. X3 adlı qadın işə düzəldi və mənə banklara olan borclarımın bağlanması üçün borc verdi. Bundan sonra mən gecə-gündüz restoranda qalıb borcumu ödəmək üçün işlədim, iddiaçı isə ona xəyanət etdiyimi düşünüb nikahın pozulması barədə məhkəməyə müraciət etdi. 2021-ci ilin sentyabr ayında aramızda olan məhkəmə mübahisəsi zəminində qarşılıqlı razılığa gələrək restoranı iddiaçının adına keçirdim. Bundan əvvəl yeməkxananı Kəngərli rayonu Xok kənd sakini X7 yazılı sadə müqavilə əsasında ayda 1500 manata icarəyə vermişəm. Hazırda da həmin müqavilə əsasında yeməkxananı X8 işlədir. Bunun qarşılığında isə ayda 1500 manat icarə haqqı mənə ödənilir. Özüm də yeməkxanada qalaraq oraya nəzarət edirəm, bağına baxıram, gecələr isə mühafizə edirəm. Hazırda orada 4 nəfər işçi-1 xadimə, 2 ofisiant və 1 kababçı işləyir. Onlarla əmək müqaviləsi bağlamışam, aylıq əmək haqlarını, həmçinin sosial sığorta haqlarını dövlət büdcəsinə ödəyirəm. xx.xx.2008-ci ildən etibarən yeməklərin satılması ilə əlaqədar xidmətlərin göstərilməsi üzrə vergi ödəyicisi kimi qeydiyyatdayam. Həmin VÖEN hazırda da aktivdir. Mənim yeməkxana sahəsindən çıxarılacağım halda iddiaçı oradan istifadə edə bilməyəcək, o vergi ödəyicisi deyildir. Həmçinin yeməkxana sahəsinin üzərində yerləşdiyi torpaq sahəsi üzərində icarə hüququ mənə məxsusdur. Sözügedən hallar nəzərə alınmaqla iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirəm. İddiaçı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə iddiaçının şəxsən iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin faktiki hallarını özündə əks etdirən iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş daşınmaz əmlakın texniki pasportundan belə məlum olur ki, Babək rayonu Gülşənabad kəndində yerləşən qeyri-yaşayış binası 04 oktyabr 2013-cü ildən etibarən Cavabdeh adına qeydiyyata alınmışdır. Qeyri-yaşayış binası 1 mətbəx, 1 bar, 4 otaqdan ibarət olmaqla tikinti altı sahə 117.39 m2, digər sahələr 889.55 m2 olmaqla 1006.94 m2 torpaq sahəsi üzərində yerləşir. Notarial qaydada təsdiq olunmuş daşınmaz əmlakın bağışlama müqaviləsindən belə məlum olur ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh Babək rayonu, Gülşənabad kəndində 0.1006 ha bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 100.25 kv/m olan qeyri-yaşayış binasını İddiaçı vermişdir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan belə məlum olur ki, Babək rayonu Gülşənabad kəndində yerləşən ümumi sahəsi 100.25 m2 olan qeyri-yaşayış binası xx.xx.2021-ci tarixdən etibarən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Azərbaycan Respublikası “Standartlaşdırma, metrologiya və patent üzrə Dövlət Komitəsi” tərəfindən verilmiş əmtəə nişanı şəhadətnaməsindən belə məlum olur ki, xx.xx.2010-cu il tarixdən Cavabdeh əmtəə nişanı sahibi olmaqla “kafe, restoran xidmətləri və mehmanxanaların idarə olunması üçün” “KÖRPÜ” nişanı əmtəə nişanı kimi Azərbaycan Respublikası əmtəə nişanlarının Dövlət reyestrində qeydə alınmış, xx.xx.2020-ci il tarixə qədər qüvvədə olmuşdur. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestri şöbəsinin bildirişindən əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddəti xx.xx.2030-cu il tarixə qədər uzadılmış və dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. Payız bələdiyyəsinin 11 iyul 2013-cü il tarixli, 7 nömrəli qərarı ilə Gülşənabad kənd sakini Cavabdeh ərizəsinə baxılaraq Cavabdeh istifadəsində olan yeməkxananın yerləşdiyi və əhatə etdiyi 0.12 ha torpaq sahəsi 15 il müddətinə ona icarəyə verilmişdir. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdeh barədə olan vergi məlumatlarından çıxarışdan belə məlum olur ki, Cavabdeh xx.xx.2008-ci ildən etibarən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır, hazırda da aktiv vergi ödəyicisidir. Məhkəmə araşdırması zamanı mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Babək rayonu Gülşənabad kəndində yerləşən ümumi sahəsi 100.25 m2 olan, Babək rayon Payız bələdiyyəsinə məxsus 0.1006 ha torpaq sahəsi üzərində icarə hüququ əsasında inşa edilmiş qeyri-yaşayış binası 04 oktyabr 2013-cü ildən etibarən Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, sözügedən əmlak xx.xx.2021-ci il tarixdə bağışlama müqaviləsi əsasında mülkiyyətçi Cavabdeh tərəfindən İddiaçı bağışlanmış, əmlak xx.xx.2021-ci ol tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda tərəflərin üst-üstə düşən və mübahisə doğurmayan izahatları əsasında müəyyən olunmuşdur ki, qeyri-yaşayış binası hazırda Cavabdeh sahibliyində və istifadəsindədir. Mülkiyyətçi tərəfindən cavabdehə qeyri-yaşayış binasından çıxması barədə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq çıxmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbinə müvafiq olaraq tərəflərin hansı hüquqi münasibətdə olmalarını müzakirə edərək qeyd edir ki, iddia tələbinin hüquqi əsasını mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi ilə bağlı norma təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu iddia əmlakına sahib ola bilməyən mülkiyyətçinin ona sahib olan qeyrimülkiyyətçiyə qarşı iddiasıdır. Mülki iş üzrə məhkəmə araşdırması gedişində vindikasiya hüququnun subyekti olan iddiaçı əşyanı tələb etmək üçün vindikasiya iddiasından istifadə etmiş, tələb olunan əmlaka mülkiyyət hüququnun mövcudluğunu sübut etmiş, cavabdeh olan subyekt isə iddianın qaldırıldığı anda əmlakın qanuni sahibi olduğunu sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan Hüquqlarının Ümumi Bəyannəməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Yekunda məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh Babək rayonu Gülşənabad kəndində yerləşən ümumi sahəsi 100.25 m2 olan, Babək rayon Payız bələdiyyəsinə məxsus 1006.94 m2 torpaq sahəsi üzərində icarə hüququ əsasında inşa edilmiş qeyri-yaşayış binasından məcburi qaydada çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilməli olduğundan iddia qaldırılarkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh Babək rayonu Gülşənabad kəndində yerləşən ümumi sahəsi 100.25 m2 olan, Babək rayon Payız bələdiyyəsinə məxsus 1006.94 m2 torpaq sahəsi üzərində icarə hüququ əsasında inşa edilmiş qeyri-yaşayış binasından məcburi qaydada çıxarılsın. İddiaçı tərəfindən iddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-183/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-183/2022
17.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver