Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-189/2022 13.06.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X9 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə Yusif qızı, iddiaçının vəkil-nümayəndəsi X14 və X2nun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı gediş-gəliş yolunun müəyyən olunması və həmin yoldan istifadə olunmasına maneənin aradan qaldırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 30 mart 2022-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən Babək rayonunun Şəkərabad kəndində miras torpaq sahəsində inşa edilmiş hasarla və darvaza ilə bağlanmış, özünə məxsus evin giriş hissəsindən eni 5 metr 50 sm, uzunluğu 17 metr 35 sm olan gediş-gəliş yolu müəyyən olunmaqla, gediş-gəliş yoluna olan maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, iddiasını əsaslandıraraq bildirmişdir ki, anam X30 01 aprel 2011-ci il tarixdə vəfat etmişdir. Mülkiyyətimdə 1100 (bir min yüz) kvadrat metr torpaq sahəsi və onun üzərində inşa olunmuş tikililər yerləşir. Anamın vəfatından sonra, yəni 2021-ci ilin sentyabr ayının axırlarında qardaşım Cavabdeh miras torpaq sahəsindən evimə gedən əlli illik yolu bağlamışdır. Həmçinin həyətimdə uzun müddətli tikilini sökmüş (sanitar qovşağı daxil olmaqla), həyətimdəki ağacları kəsmiş, həyətə gələn suyun qarşısını kəsmişdir. Həmçinin razılığımız olmadan mirasdan evimə gedən darvaza qapısını sökərək yolu hörmüş, əvvəlcədən müəyyən olunaraq tikilmiş divarı sökərək yenidən evimə bitişik divar hörərək evimə girişi tamamilə məhdudlaşdırmışdır. Bildirirəm ki. evi inşa etdiyim 1980-ci illərdən 2021-ci ilin sentyabr ayına qədər miras torpaq sahəsindən gedib-gəlmişəm. X4 və mərhum X15 övladlarıdır. Məcbur qalıb qardaşım mərhum X15 bələyindən keçməklə evimə gedib-gəlirəm. Həmin yol isə gediş-gəliş üçün əlverişli deyildir. Başqa gediş-gəliş yolum yoxdur. Hazırda evimə qonşunun həyətindən daxil oluram, bu da onun hüquqlarını pozur. Tələbimin əsası kimi istinad etdiyim halları iddiama əlavə etdiyim fotoşəkillər bir daha təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsinin mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçid yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yol veriləndir, daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, iddia tələbinə “X10 miras qalmış torpaq sahəsindən hazırda faktiki olaraq istifadə edən Cavabdeh tərəfindən inşa edilmiş divarla bağlanmış gediş-gəliş yoluna yaradılmış maneələr aradan qaldırılmaqla X10 miras qalmış əmlakdan – Babək rayonu Şəkərabad kəndində yerləşən 1509.99 kvadrat metr torpaq sahəsindən İddiaçı məxsus evin giriş hissəsindən eni 5 metr 50 sm, uzunluğu 17 metr 35 sm olan gediş-gəliş yolunun müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə Yusif qızı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, qayınanam X1 və onun ölümündən sonra bizim Babək rayonu Şəkərabad kəndində yerləşən 1100 m2 torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən ana yola çıxışımız qaynım Cavabdeh faktiki olaraq yaşadığı X19 məxsus olmuş miras torpaq sahəsinin ərazisindən olmuşdur. X5 2008-ci ilin oktyabr ayında özünə məxsus torpaq sahəsindən 1100 m2 torpaq sahəsini bizə bağışlamışdır və bundan sonra daşınmaz əmlak ərim İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin ev mövcud olduğu vaxtdan 2 il bundan əvvələ qədər gediş-gəliş yolu miras torpaq sahəsinin ərazisindən olmuşdur. Lakin 2020-ci ildə miras torpaq sahəsinin Cavabdeh adına sənədləşdirilməsi zamanı iki qardaş arasında yaranan mübahisə zamanı Cavabdeh bizim illərdir istifadə etdiyimiz yolu divar çəkərək tamamilə bağlamış, qoyduğumuz hasarı özbaşına çıxarmışdır. Bundan sonra bizim ana yola çıxışımız tamamilə məhdudlaşmış, həyətimizə gələn suyun qabağı bağlanmışdır. Biz məcbur qalıb mərhum qaynım X20 məxsus evin həyətindən yola çıxırıq. Həyətə avtomobilin girməsi üçün ümumiyyətlə mümkün deyildir. Həyətin aşağı və yan hissələrində isə qonşuların evləri yerləşir. Onların həyətindən yola çıxmaq isə qeyri-mümkündür. Sözügedən hallar nəzərə alınmaqla iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirəm. İddiaçının vəkil-nümayəndəsi Vəkil2 izahatında bildirmişdir ki, İddiaçı mülkiyyətindən maneəsiz istifadə etməsinə iki ildir ki, qonşusu və eyni zamanda qardaşı Cavabdeh tərəfindən maneə yaradılır. Belə ki, illərdir iddiaçı və ailə üzvlərinin istifadə etdiyi yol cavabdeh tərəfindən divar hörülərək bağlanmışdır. Aralarında miras qalmış əmlakın sənədləşdirilməsi zamanı yaranmış mübahisəyə görə İddiaçı evinə gediş-gəliş yolu, həyətinə gələn su yolu ləğv olunmuşdur. Özbaşına iddiaçının darvazası sökülmüş, divar hörülmüş, ümumi yola çıxış isə yenə divarla bağlanmışdır. İllərdir həmin həyətdən yola iki çıxış mövcud olmuş, yuxarı qapıdan cavabdeh və ailə üzvləri özləri, aşağı qapıdan isə iddiaçı və ailə üzvləri istifadə etmişdir. Hazırda isə iddiaçı 1 metrdən az eni olan dar cığırdan keçib, digər qardaşı və qonşusu mərhum X15 həyətinə keçib onların qapısından isə yola çıxır. Həyətə avtomobil gətirmək isə ümumiyyətlə mümkünsüzdür. Mülki qanunvericiliyə görə əgər mülkiyyətçinin öz sahəsindən keçməklə ictimai yola çıxışı yoxdursa mənafelərinə daha az ziyan vuran qonşunun həyətindən zəruri yol və keçid ayrılmalıdır. Qonşulardan Cavabdeh iddiaçının evinə ən yaxın olmaqla və illərdir istifadə olunmuş yolun açılmasının mümkünlüyü nəzərə alınmaqla hər iki tərəfin mənafeyinə uyğundur. Bunun üçün kompensasiya ödənilməsinə iddiaçı tərəfin etirazı yoxdur. İddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 izahatında bildirmişdir ki, yerində müayinə zamanı müəyyən olunmuşdur ki, İddiaçı məxsus torpaq sahəsindən ictimai yola çıxış əvvəllər Cavabdeh faktiki istifadəsində olan mərhum X10 miras qalmış torpaq sahəsində yerləşib, sonradan həmin keçidin qapısı sökülərək divarla bağlanmışdır. Nəticədə İddiaçı həyətindən əsas yola çıxış üçün istifadə etdiyi yol bağlanmışdır. Həmin vaxtdan sonra iddiaçı və onun ailəsi X15 İddiaçı mülkiyyətində olan torpaq sahəsində tikdiyi eni 4,1 metr, uzunluğu isə 5,8 metr olan qaraj tikilisinin sol yan hissəsində boş qalan uzunluğu 1.2 metr, eni isə 0,7 metr olan keçiddən ictimai yola çıxış üçün istifadə edir. Həmçinin həmin qaraj tikilisindən sonra bələdiyyəyə məxsus olan torpaq sahəsi də X32 tərəfindən zəbt olunaraq hasara alınmışdır. İddiaçının torpaq sahəsində mərhum X32 tərəfindən tikilmiş qaraj tikilisinin söküləcəyi və zəbt olunmuş torpaq sahəsinin boşaldılacağı halda iddiaçı ictimai yola çıxış əldə edəcəkdir. X2 yazılı izahatında bildirmişdir ki, iddiayla bağlı həyətyanı torpaq sahəsinə tərəflərin iştirakı ilə yerində baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2008-ci il tarixdə X30, Cavabdeh, X8, X25, X21, X22 və X33ma məxsus 3309.99 kv.m həyətyanı torpaq sahəsi daşınmaz əmlakın Dövlət Reyestrində birgə mülkiyyət kimi qeydə alınmışdır. Babək rayon Dövlət Notariat Kontorunun xx.xx.2008-ci il tarixli, 4Ə2-322 qeydiyyat nömrəli bağışlanma müqaviləsi əsasında həmin torpaq sahəsinin 1100.00 kv.m İddiaçı, 700.00 kv.m hissəsi isə X23 verilmiş və yerdə qalan 1509.99 kv.m torpaq sahəsi X16 mülkiyyətində saxlanılmışdır. Həyətyanı torpaq sahələrinin naturadaki istifadə qaydası elektron taxometr vasitəsilə götürülmüş və idarə tərəfindən araşdırılmışdır. X3 naturada istifadə etdiyi torpaq sahəsinin 1335.98 kv.m, İddiaçı naturada istifadə etdiyi torpaq sahəsinin 1073.77 kv.m olduğu məlum olmuşdur. X6 torpaq sahəsinin bir hissəsi İddiaçı bir hissəsi isə X18 istifadəsindədir. İddiaçı isə kəsir torpaq sahəsi bir hissəsi X18, bir hissəsi isə X15 istifadəsindədir. İddiaçı məxsus həyətyanı torpaq sahəsinin gediş-gəliş yerləri Şimal hissədən, X19 məxsus həyətyanı torpaq sahəsinin gediş-gəliş yerləri Şimal və Şərq hissədən mövcuddur. İddiaçıun mülkiyyətində olan həyətyanı torpaq sahəsinin Şimal-Qərb hissəsində X32 “Qaraj” tikilisi inşa edərək İddiaçı gediş-gəliş yoluna çıxışına maneə yaratmışdır. Cavabdehin vəkil-nümayəndəsi Vəkil1 məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, Babək rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1999cu il tarixli qərarı ilə 0.02 ha həyətyanı torpaq sahəsi X30, Cavabdeh və Cavabdeh ailə üzvləri olan X25, X26, X22 və X11 ümumi mülkiyyətinə verilmişdir. X30 2008-ci ildə həmin torpaq sahəsindən 1100 m2 torpaq sahəsini oğlu İddiaçı bağışlamışdır. X30 2011-ci ildə vəfat etmişdir. Onun vəfatına qədər olan dövrdə və ondan sonra İddiaçı Cavabdeh və ailə üzvlərinin ümumi mülkiyyətində olan torpaq sahəsindən keçməklə ictimai yola çıxmışdır. Sonra aralarında X19 məxsus miras əmlakın vərəsəsi Cavabdeh adına sənədləşdirilməsi prosesi zamanı mübahisələr yaranmış, belə ki, İddiaçı müvafiq ərizəni verməkdən imtina etmiş, cavabdehə maneə yaratmış və bu məsələnin məhkəmə mübahisəsinə çevrilməsinə səbəb olmuşdur. Babək Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə mərhum X10 miras qalmış və Babək rayonu, Şəkərabad kəndində yerləşən sahəsi 1609.99 kvadrat metr olan, fərdi evin tikilməsi üçün verilmiş torpaq sahəsinin Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuş, qətnamədən hazırkı iş üzrə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətindən imtina olunmuş, qətnamə qanuni qüvvəsini almışdır. Bu zaman Cavabdeh özünə məxsus torpaq sahəsini iddiaçının torpaq sahəsindən ayıran divar hörülmüşdür. Bundan sonra iddiaçının həmin yerdən ana yola çıxışı bağlanmışdır. Buna baxmayaraq mütəxəssisin iştirakı ilə yerində baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçının ictimai yola çıxışı ona məxsus torpaqda digər qonşusu və qardaşı X32 tərəfindən yardımçı tikilinin, qarajın tikilməsi ilə bağlanmışdır. İddiaçının ictimai yola çıxışı yer quruluşu planında da həmin tikilinin yerində müəyyən olunmuşdur. İddiaçı illərdir öz torpaq sahəsində başqasının tikili ucaltmasına və istifadə etməsinə razılıq vermiş və ya buna göz yummuş, bundan uğradığı zərəri isə digər qardaşının-qonşusunun həyətindən yol istəməklə kompensasiya etmək istəyir. Halbuki həmin qaraj sökülərsə iddiaçı ana yola çıxış əldə edir. Oradan həyətinə rahatlıqla avtomobil girib-çıxa bilər. Qanunvericilikdə mülkiyyətçinin yalnız öz torpaq sahəsindən ana yola çıxışı olmadıqda qonşunun həyətindən gediş-gəliş yolu istəmək hüququnun mövcudluğu təsbit olunmuşdur. İddiaçı öz torpaq sahəsindən istifadə etməklə ana yola çıxa bilər. Bunun üçün həmin özbaşına tikili sökülməli, yaxud iddiaçı öz razılığı ilə ana yola çıxışını bağlamasının mənfi təsirinə dözməlidir. Bu səbəblərdən də iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirəm. İddiaçı, cavabdeh və cavabdehin vəkil-nümayəndəsi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarına əlavə olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-148B nömrəli şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1999-cu il tarixli qərarı ilə 0.02 ha torpaq sahəsi X30, Cavabdeh, X8, X25, X25, X26, X22 və X11 ümumi mülkiyyətinə verilmişdir. Mülki iş materiallarına əlavə olunmuş Babək Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(079)-22/2022 nömrəli qətnaməsi ilə mərhum X10 miras qalmış və Babək rayonu, Şəkərabad kəndində yerləşən sahəsi 1609.99 kvadrat metr olan, fərdi evin tikilməsi üçün verilmiş torpaq sahəsinin Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuş, qətnamə qanuni qüvvəyə minmişdir. Mülki iş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş torpaq sahəsinin plan ölçüsündən belə məlum olur ki, Babək rayonu Şəkərabad kəndində yerləşən 0.11 ha fərdi ev tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsi Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 06 sentyabr 2008-ci il tarixli, AA002460 inventar nömrəli torpaq sahəsinin plan ölçüsü əsas götürülməklə Babək rayon DNK-nın 13 oktyabr 2008-ci il tarixli, 4Ə2-322 qeydiyyat nömrəli bağışlama müqaviləsi əsasında İddiaçı məxsusdur. Sözügedən torpaq sahəsinin plan-ölçüsündən və yerində müayinə protokolundan belə məlum olur ki, iddiaçıya məxsus torpaq sahəsinin sağında Cavabdeh tərəfindən qəbul edilməsi faktı məhkəmə tərəfindən müəyyən olunmuş və Cavabdeh sahibliyində olan miras qalmış torpaq, solunda isə X20 məxsus torpaq sahəsi yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, İddiaçı torpaq sahəsi ictimai yola çıxış istiqamətində sözügedən torpaq sahələri ilə əhatə olunmuşdur. İddiaçıya məxsus torpaq sahəsinin sol tərəfdən əhatə olunduğu digər torpaq sahələrindən ictimai yola çıxış ümumiyyətlə mümkün deyildir. İddiaçıya məxsus torpaq sahəsinin aşağı-cənub hissəsində yerləşən X23 məxsus torpaq sahəsindən ictimai yola çıxışı isə həm iddiaçıya məxsus yaşayış evi ilə həmin gediş-gəliş yeri arasındakı məsafə, həm də həmin torpaq sahəsinin mülkiyyətçisi ilə qarşılıqlı mənafeyi və keçid münasibətləri nəzərə alınmaqla yolverilən deyildir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Babək rayon İdarəsi tərəfindən təsdiq olunmuş Babək rayonu Şəkərabad kəndində X19 və İddiaçı məxsus həyətyanı torpaq sahələrinin naturada istifadə olunan vəziyyəti ilə bağlı plan-sxemdən, X20 məxsus torpaq sahəsinin plan-ölçüsündən və yerində müayinə protokolundan belə məlum olur ki, X32 iddiaçıya məxsus torpaq sahəsinin gediş-gəliş yerlərinə çıxışının mümkün olduğu yerdə 5.86 metr uzunluqda, 4.05 metr endə qaraj tikilisi inşa etmiş, həmçinin qaraj tikilisinin qabağında qalan İddiaçı məxsus torpaq sahəsini və ondan sonra yerləşən iddiaçının ictimai yola çıxışını mümkün edən bələdiyyəyə məxsus torpaq sahəsini zəbt etməklə iddiaçının ictimai yola çıxışını bağlamış, bununla da iddiaçının qaraj tikilisi ilə yaşayış evi arasındakı yuxarıdan eni 0.70 metr, aşağıdan isə eni 1.17 metr olan cığırdan istifadə etməklə ictimai yola çıxmasına səbəb olmuşdur. Mülki iş üzrə məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, iddiaçı həqiqətən də əvvəllər Cavabdeh sahibliyində olan miras torpaq sahəsindən istifadə etməklə ictimai yola çıxmış, daha sonra həmin çıxış cavabdeh tərəfindən divar inşa olunmaqla bağlanmışdır. Buna baxmayaraq Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Babək rayon İdarəsi tərəfindən təsdiq olunmuş Babək rayonu Şəkərabad kəndində X19 və İddiaçı məxsus həyətyanı torpaq sahələrinin yerquruluşu planından da belə məlum olur ki, iddiaçının ictimai yola çıxışı öz torpaq sahəsinin şimal-qərb hissəsində yerləşir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbinə müvafiq olaraq tərəflərin hansı hüquqi münasibətdə olmalarını müzakirə edərək qeyd edir ki, iddia tələbinin hüquqi əsasını özgənin sahibliyində olan sahədən zəruri yol və keçidlə bağlı norma təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Normanın məzmunundan göründüyü kimi özgənin sahibliyində olan torpaq sahəsindən zəruri yol və keçid ayrılmasının başlıca şərti torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola keçidinin olmamasıdır. Məhkəmə araşdırması zamanı isə müəyyən olunmuşdur ki, iddiaçının öz torpaq sahəsindən ictimai yola çıxışı mövcuddur, həmin yol cavabdeh olan qonşu tərəfindən deyil, digər qonşu tərəfindən bağlanmışdır. Belə olan halda tələbin mülkiyyət və keçid münasibətləri nəzərə alınmaqla keçid verilməsinin X12 tələb edilməsi daha yolveriləndir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq məhkəmə qeyd edir ki, iddiaçının öz torpaq sahəsində yaradılmış maneələrin həmin maneələri yaradan şəxslər hesabına aradan qaldırılmaqla iddiaçının mülkiyyətindən maneəsiz istifadəsinin mümkün olduğu bir şəraitdə iddiaçının mülkiyyətindən meneəsiz istifadə hüququnun cavabdehin mülkiyyət hüququnun məhdudlaşdırılması hesabına təmin edilməsi “ədalətli balans” prinsipinin pozulmasına gətirib çıxarardı. Yekun olaraq məhkəmə bu nəticəyə gəlir ki, X10 miras qalmış torpaq sahəsindən hazırda faktiki olaraq istifadə edən Cavabdeh tərəfindən inşa edilmiş divarla bağlanmış gediş-gəliş yoluna yaradılmış maneələr aradan qaldırılmaqla X10 miras qalmış əmlakdan – Babək rayonu Şəkərabad kəndində yerləşən 1509.99 kvadrat metr torpaq sahəsindən İddiaçı məxsus evin giriş hissəsindən eni 5 metr 50 sm, uzunluğu 17 metr 35 sm olan gediş-gəliş yolunun müəyyən olunması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddia qaldırılarkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: X10 miras qalmış torpaq sahəsindən hazırda faktiki olaraq istifadə edən Cavabdeh tərəfindən inşa edilmiş divarla bağlanmış gediş-gəliş yoluna yaradılmış maneələr aradan qaldırılmaqla X10 miras qalmış əmlakdan – Babək rayonu Şəkərabad kəndində yerləşən 1509.99 kvadrat metr torpaq sahəsindən İddiaçı məxsus evin giriş hissəsindən eni 5 metr 50 sm, uzunluğu 17 metr 35 sm olan gediş-gəliş yolunun müəyyən olunması tələbinə dair iddiası rədd olunsun. İddiaçı tərəfindən iddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-189/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-189/2022
13.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver